filologiya elmləri doktoru, professor
İsveçin Malmö şəhərində keçirilən “Eurovizion-2013” mahnı müsabiqəsi uğurla sona yetdi. “Eurovizion-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin çıxışı ölkəmizin ünvanına dünyanın hər yerindən təbriklər gətirdi. Doğrudan da, musiqinin dili yoxdur. Qəlbləri ehtizaza gətirən möhtəşəm musiqi diqqət və rəğbətə layiqdir. Azərbaycanın gənc ifaçıları Eldar Qasımov və Nigar Camalın əldə etdikləri nailiyyət nəticəsində ötən il, yəni “Eurovizion-2012” mahnı müsabiqəsi Azərbaycanda – “Bakı Kristall Zal”ının səhnəsində baş tutdu. Ekspertlərin rəyinə görə, “Eurovizion”un 58 illik tarixində Bakı büsatı daha maraqlı və yaddaqalan oldu. Bunu şərtləndirən səbəblərdən biri şəhər əhalisinin musiqisevər olması ilə bağlıdırsa, ikinci mühüm şərt təmsilçilərimizin həmişə beynəlxalq yarışmalarda, yəni özgə səhnələrində çox parlaq çıxışları ilə ilk onluqda olmalıdır. Həqiqətən də Bakıda keçirilən yarışma bütün dünyanı heyrətə gətirdi. Bu hadisənin üstündən bir il keçib, şəhərimizdə kahkaşanı gözləri ilə görən melomanlar hələ də Bakıdakı yarışmanın möhtəşəm təşkilindən, hazırlığın yüksək səviyyədə olmasından, yerli sakinlərin humanistliyindən, qonaqpərvərliyindən danışırlar. Bu yarışmada təmsilçimiz Səbinə Babayeva dördüncü yeri qazandı.
Builki müsabiqədə ölkəmizin təmsilçisi Fərid Məmmədov Dimitrios Kontopulosun bəstələdiyi “Hold me” mahnısını təqdim etdi.
Fərid Məmmədovun ifa etdiyi “Hold me “ mahnısının bəstəkarı Dmitrious Kontopulos bundan öncə Ukraynanı bu mötəbər musiqi yarışmasında təmsil edən Ani Lorakin, yunanıstanlı Sakis Ruvasın və digər müğənnilərin ifa etdikləri mahnıların da müəllifidir.
Azərbaycanlı təmsilçi geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirdi. Fərid Məmmədovun şousunda xüsusi şüşədə qızılgül ləçəklərinin yayılması diqqəti cəlb edən məqamlardan oldu.
Həzin səsi, gözəl ifa tərzi ilə seçilən Fərid Məmmədov “Eurovizion-2013” mahnı müsabiqəsinin favoritlərindən hesab olunurdu.
Jurnalistlər və bu müsabiqəni izləmək üçün Avropanın müxtəlif ölkələrindən gəlmiş fanlar təmsilçimizin şansını finalda yüksək qiymətləndirirdilər.
2009-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Fərid Məmmədov “Estrada və populyar musiqi” kafedrasının müəllimi, Əməkdar artist Cavan Zeynallının sinfində təhsil alır. Milli caz – estrada ifaçılığının tanınmış nümayəndəsi olan Cavan Zeynallı 1979-2000-ci illərdə “Qaya” dövlət ansamblının aparıcı üzvlərindən olub. O, müasir estrada oxuma üslubunun yaradıcılarındandır. Bu günə qədər C. Zeynallı bir çox Azərbaycan gəncini ecazkar musiqi dünyasının səmasına pərvazlandırıb. Doğma universitetin divarları Fəridin gərgin əməyinin şahididir. Cavan Zeynallının böyük musiqi təcrübəsi və istedadlı Fəridin seçdiyi sənət qarşısındakı məsuliyyəti bu gün öz səmərəli bəhrəsini verir.
Fərid Məmmədov 30 avqust 1991-ci ildə Bakıda anadan olub. İlk musiqi təhsilini Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində fortepiano şöbəsində alan Fərid artıq uşaq yaşlarından musiqiyə bağlanıb, məktəbdə keçirilən bütün tədbirlərdə həm pianoçu, həm də estrada mahnılarının ifaçısı kimi iştirak edib. Hər zaman öz üzərində böyük məsuliyyətlə çalışan Fərid hələ uşaq yaşlarından respublikamızda keçirilən bir çox müsabiqələrin, o cümlədən, “Şərq ulduzları” müsabiqəsinin iştirakçısı olub. Bu müsabiqə onun həyatında dönüş yaradıb. Belə ki, həmin gündən o, musiqi aləmində fəaliyyətini pianoçu kimi yox, estrada müğənnisi kimi davam etdirmək qərarına gəlir. 2000-ci ildən Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Bülbüllər” qrupunun solisti olan Fərid bu qrupun tərkibində dünyanın 55 ölkəsində festivallarda iştirak edib, bir çox festivallardan Azərbaycana gümüş medalla qayıdıb. O, dəfələrlə Ukrayna, Yalta, Türkiyədə Azərbaycan musiqisini layiqincə təmsil edib.
Fərid Məmmədov 2003-cü ildə Ukraynada keçirilən “Slavyan bazarı” müsabiqəsinin qalibi olaraq, qızıl medalla ölkəmizə dönüb. Dəfələrlə bir çox dövlət tədbirlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini təmsil edən Fərid ölməz sənətkarımız Şövkət Ələkbərovanın, Azərbaycanın görkəmli bəstəkarı Rauf Hacıyevin yubileyinə həsr olunmuş tədbirlərdə, Bakı-Tbilisi-Ceyhan Kəmərinin açılışında üstün ifa nümayiş etdirib. Bu tədbirlərdə Fəridin yaddaqalan çıxışı, gənc ifaçının böyük potensialından xəbər verirdi, onun uğurlu gələcəyinə inanan müəllimləri Fəridi daha çox çalışmağa, öz üzərində daha məsuliyyətlə işləməyə sövq edirdilər.
2012-ci ildə Gənclər və İdman Nazirliyinin dəvəti ilə Azərbaycana gələn dünya şöhrətli müğənni Robertino Loretti İctimai Kanal tərəfindən təşkil edilmiş bir proqramda Fərid Məmmədovu dinləyərək bu sözləri demişdi: “Mən Fəridi Çarls Avazoriyə bənzədirəm. Amma yox, mən düşünürəm ki, o, Çarls Avazoriyədən də istedadlıdır. Mən dünyada çox müsabiqələr gəzmişəm, çox səslər eşitmişəm. Amma Fərid Məmmədov kimi ifaçı görməmişəm”.
Fərid bir çox beynəlxalq festivalların diplomantıdır. 1997-ci lidən bugünə qədər bir neçə ölkədə keçirilən konsertlərdə solo ifa göstərib. 2000-ci ildə Rəşid Behbudovun Qızıl kitabına düşüb. 2012-ci il dekabr ayında Azərbaycan Gənclər və İdman Nazirliyinin Bişkekdə təşkil etdiyi tədbirdə ADMİU-nun uğurla təmsil edib. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri ilə “Bülbüllər” qrupunun tərkibində ifa etdiyi mahnılar Azərbaycan Dövlət Radiosunun qızıl fonduna daxil olub. 2013-cü ildə “Eurovision” milli seçim turuna qatılan Fərid finala çıxanlar arasında yer aldı. Uğurlu çıxışları bəyənilən Fərid Böyük Səhnəyə qonaq qismində də dəvət olundu.
Fərid Məmmədov pop formatında musiqilərin, həmçinin soul, ballada janrlarında mahnıların mahir ifaçısıdır.
Fərid Məmmədov “Böyük səhnə” müsabiqəsindən sonra daha da məşhurlaşdı. Təmsilçimiz bir sıra mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil etdi, mükafatlara layiq görüldü.
“Eurovizion-2013” müsabiqəsində Fərid Məmmədovun möhtəşəm şousu milyonlarla avropalının ürəyini fəth etdi. Zahirən sadə görünsə də, əslində mürəkkəb quruluşda təqdim edilən bu şouda təmsilçimizi səhnədə iki rəqqas müşayiət edirdi. Rəqqaslardan biri şəklində şəffaf qurğunun içində çox çətin akrobatik elementlər nümayiş etdirirdi. Azərbaycanın finalda çıxışı zamanı Malmö Arenanın səhnəsində düz üç dəqiqə ərzində sevginin, ehtirasın və istedadın harmoniyası hökm sürdü. Quruluşun ideyası məşhur rejissor Fokas Evangelinosa məxsusdur. Bir faktı da deyək ki, Fərid Məmmədov ilk kişi solo təmsilçimiz oldu. Final mərhələsində mahnı müsabiqəsinin qalib adını qazanmaq uğrunda 26 ölkənin təmsilçisi yarışırdı. Qalibi isə 39 ölkənin münsiflər heyəti və tamaşaçılar müəyyən etdi. Son nəticə isə möhtəşəm oldu. Fəridin uğuru bizim bir daha qürurlanmağımıza səbəb oldu. Bu gün Universitetimizin tələbəsi dünyanın diqqət mərkəzindədi. Bu da zəngin tarixi olan mədəniyyət məbədinin 90 illik yubileyinə əvəzsiz ərmağandır. Uzun illərdir ki, bu universitet milli mədəniyyətimizin xüsusi ilə musiqi sənətimizin təşəkkülü, inkişafı və təbliği sahəsində yüksək ixtisaslı kadrlar hazırlayır. Musiqinin tədrisi ilə məşğul olan mütəxəssislər tələbələrə onun həm nəzəri, həm təcrübi əsaslarını öyrədirlər. Burada ifaçılıq və tədqiqatçılıq birləşərək əsl uğurun təminatçısına çevrilir.
Qoy hər zaman adımız ucalardan gəlsin.