|
|
|
|
Gəncə şəhərində, eləcə də Qərb regionunda fəaliyyət göstərən yeganə pravoslav məbədi olan Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin 130 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Pravoslav xristianlar, o cümlədən, Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandr İşein, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin kilsənin yubiley tarixinə həsr olunan dini ayinlərə qatılıblar.
Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev də pravoslav xristianları bu əlamətdar tarix münasibətilə təbrik edərək, ölkəmizdəki tolerantlıq ənənələrinin hər bir vətəndaşımız üçün qürur mənbəyi olduğunu xatırladıb.
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin Gəncədə Rus Pravoslav kilsəsinin uzunmüddətli fəaliyyət tarixini xalqlarımız və ölkələrimiz arasında dostluq münasibətlərinin bariz nümunələrindən biri olduğunu bildirib.
Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandr İşein də təbrik nitqi söyləyib. "Bu məbəd böyük sərkərdə, müqəddəs knyaz Aleksandr Nevskinin adını daşıyır. O, ruslara dostları yaxşı tanımağı, dostluğu qorumağı da vəsiyyət edib. Azərbaycan ilə dostluğumuz əsrlərin sınağından çıxıb və bu dostluq bizim üçün əzizdir" - deyə, o bildirib.
Qeyd edək ki, respublikamızın ikinci şəhərində pravoslav kilsəsini yaradılması tarixi iki əsrə gedib çıxır. Belə ki, Gəncə qalası 1804-cü ildə alındıqdan bir qədər sonra, bura xidmətə göndərilmiş rus hərbçiləri üçün 1815-ci ildə elə indiki kilsənin yerində ilk kiçik pravoslav məbədi tikilib. Sonralar bu tikili bir neçə dəfə rekonstruksiya olunub. Nəhayət, 1887-ci ildə kilsənin hazırkı möhtəşəm binası inşa edilib və məbədə Aleksandr Nevskinin adı verilib. Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin binasının tikintisi, həmçinin onun sonrakı illərdəki təmirləri üçün Azərbaycanın görkəmli xeyriyyəçiləri də ianələr ayırıblar.
Zakir MURADOV
Gəncə