Dünya gücləri ayrı-ayrı coğrafiyalarda siyasi-iqtisadi maraqlarını qoruyub saxlamaq üçün müxtəlif təzyiq və təsir vasitələrindən istifadə edir. Xüsusilə bu siyasət neft və təbii qaz ehtiyatları ilə zəngin olan müsəlman dövlətlərində özünü göstərir: insan hüquqları adı altında ölkələrin daxili işinə qarışılır, anti-demokratik imic formalaşdırılmağa çalışılır, ölkə din-məzhəb qarşıdurması, daxili savaş meydanına çevrilir.
Müəyyən qüvvələr müsəlman dövlətlərinə qarşı təzyiq vasitəsini daha da kəskinləşdirərək dünyaya böyük təhdid hesab olunan terror hücumlarını İslam dininə bağlayıb, dinə qarşı fobiya yaratdılar. Bu qüvvələr İslamı terror dini kimi tanıdaraq, dinin aşıladığı sülhpərvər düşüncələri beyinlərdən silməyə çalışırlar. Bu siyasi təbliğata terrorçuların özlərini "müsəlman" adlandırmasını isə arqument olaraq istifadə edirlər. Halbuki, İslam dininin mahiyyətində "terror" anlayışı yolverilməz hesab olunur. Dünyanın müxtəlif bölgələrində baş verən terror aktlarına nəzər salanda görürük ki, bu hücumların əksəriyyəti elə müsəlmanların yaşadığı ərazilərdə baş verir. Terror hücumlarına daha çox Türkiyə, İraq, Suriya, Əfqanıstan, Pakistan və Nigeriya məruz qalır.
Tarixi vərəqlədikdə isə başqa bir reallığın şahidi oluruq. Fakt budur ki, terror müsəlman ölkələrində yox, islamofobiya dalğasının hökm sürdüyü Qərbdə yaranıb. İlk dəfə Fransa inqilabından sonra yaranan terror zamanla siyasi alətə çevrilib. Qərbin bu psixoloji siyasətinə eyni kanallardan maliyyələşən bəzi media orqanları da "İslam və terrorizm", "Müsəlman barbarlığı" kimi başlıqlarla dəstək olmağa davam edirlər. Cəmiyyəti media vasitəsilə istədikləri istiqamətə yönləndirməyə çalışan dairələr İslama qarşı neqativ fikirlər yaradaraq, iki müxtəlif sivilizasiya - xristian və müsəlman dünyası arasında böyük bir uçuruma səbəb olur.
Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli hesab edir ki, İslamofobiya Qərb institutlarının əlində sadəcə, siyasi texnologiya vasitəsidir: "Yaxın Şərq və Aralıq dənizi hövzəsində layihələrini gerçəkləşdirmək məqsədilə bu qüvvələrə İslam dininə və onun daşıyıcılarına qarşı nifrət oyatmaq lazım idi. İslamofobiya siyasi təbliğat nəticəsində ortaya çıxan bir faktordur ki, bunun da acı nəticələrini açıq şəkildə görmək olur". E.Mirzəbəylinin fikrincə, müsəlman ölkələri daxili və xarici siyasətinə yenidən baxmalıdır: "Uzun illərdir fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatı ilk dəfədir ki, elm və texnologiyanın inkişafı ilə bağlı Astanada konfrans keçirdi. Bu günədək təşkilat elm və texnologiya amilini önə çıxarmamışdı. Bu da onu sübut edir ki, gerilikçilik və cəhalət İslam ölkələrini inkişafdan saxlayır və bütövlükdə din haqqında neqativ amillərin ortaya çıxmasına zəmin yaradır. Digər tərəfdən, İslamın demokratik mahiyyəti önə çəkilərsə, dinin aparıcı olduğu ölkələrin diplomatları ölkələrində hüququn aliliyini, ədalət və sosial ədalət prinsiplərinin qorunmasına dair addımlar atarsa, təbii ki, texnologiya islamofobiyadan istifadə olunmasının qarşısını müəyyən qədər alar". Politoloqun sözlərinə görə, Azərbaycan rəsmiləri İslam həmrəyliyi çərçivəsində keçirilən tədbirlərdə dəfələrlə bəyan edib ki, müsəlman ölkələrində mövcud olan problemlərin səbəbi cəhalət və xurafatdadır: "Dövlətimizin bu istiqamətdə atdığı addımlar, milli və mənəvi dəyərlərə sadiq qalmaqla dünyəvi dövlət kimi inkişaf yolunu seçməsi İslam ölkələri üçün nümunə olmalıdır".
E.Mirzəbəyli islamofobiya siyasətində bütün günahın Qərbin üzərinə atılmasının tərəfdarı deyil: "Hadisələrə real yanaşsaq, İslam ölkələri öz dinlərinə sadiq qalmaqla dindən siyasi vasitə kimi istifadə etməyə son qoymalı və texnoloji inkişaf yolunu seçməlidir. Qərblə informasiya savaşına hazır olmalısan ki, onların sənə qarşı olan təbliğatını alt-üst edəsən. İslam dövlətləri bu istiqamətdə addımlar atmalı və ölkənin texniki imkanlarını inkişaf etdirməlidir”.
İlahiyyatçı Fərid Abdullah isə qeyd edib ki, islamofobiyanın yaxın zamanlarda təsir gücünü itirəcəyi inandırıcı görünmür: "İslam tarixinə nəzər yetirdikdə görürük ki, anti-müsəlman siyasəti hər dövrdə özünü göstərib. Məzhəblərarası mübarizə, radikalizm və terrorizmi İslam dini ilə əlaqələndirmək cəhdləri bu siyasətin tərkib hissəsidir". İslam ölkələrində qarşı yeni təzyiq metodlarından istifadə edildiyini deyən ilahiyyatçı qeyd edib ki, "Əl-Qaidə", "Taliban" və İŞİD kimi terror təşkilatları da məhz İslam dinini gözdən salmaq, müsəlmanlara qarşı nifrət, qorxu hisslərini artırmaq üçün yaradılıb: "Halbuki, terror qruplarının törətdiyi cinayətlər də müsəlmanlara qarşıdır. Həmin terrorçular İslam dinində ən böyük cinayət hesab olunan insan ölümünə səbəb olur, uşaq, qadın qatilinə çevrilirlər. Ağıllı qərbli bunu anlayır və görür ki, müsəlmanlar terrorçuları öz dindaşları kimi qəbul etmir və onların qurbanlarına çevrilirlər. Bu terrorçular Hindistanda və ya Çində bütlərə qarşı mübarizə aparmırlar, müsəlman ölkələrində günahsız insanların qanına girirlər". F.Abdullahın sözlərinə görə, bu siyasətin nə qədər davam edəcəyini və bundan sonra müsəlmanların hansı siyasi oyunların qurbanlarına çevriləcəyini dəqiq söyləmək mümkün deyil: "Sivil, qüdrətli İslam ölkələri İslamın həqiqi mahiyyətini Qərb ictimaiyyətinə çatdırmalıdır". Din xadimi əlavə edib ki, bu siyasət gələcəkdə formasını dəyişib başqa şəkildə təzahür edə bilər: "Lakin kök ideologiya olduğu kimi qalacaq. Çünki islamofobiyanı yaradan amillər siyasi xarakterlidir. Hərçənd, zamanla bu amillər Qərb üçün də ciddi problemlərə yol açır. Son vaxtlar Avropanın üzləşdiyi miqrant problemi də məhz həmin çirkin oyunların nəticəsidir".
Zeynəb ƏKBƏR