|
|
|
|
Tanınmış yazıçı və tərcüməçi Kamran Nəzirli bugünlərdə Belarus şəhəri Poloçkda “Sözün diplomatiyası” adlı beynəlxalq müzakirəyə, həmçinin Belarus Yazı Günü münasibətilə təşkil olunan bayram tədbirlərinə qatılıb.
Müzakirədə maraqlı çıxışı ilə diqqət çəkən yazıçı səfər təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərkən deyib: “Belarusda kitaba, ədəbiyyata böyük önəm verilir. 1994-cü ildən bəri hər il ənənəvi olaraq Belarus Yazı Günü keçirilir. Bayram tədbirləri çərçivəsində beynəlxalq ədəbiyyat konfransları, kitabla, ədəbiyyatla bağlı müzakirələr təşkil edilir. Bu, böyük bayramdır.
İnsanlar bu bayrama xüsusi hazırlaşırlar. Belə tədbirlərdə dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş tanınmış alimlər, ictimai xadimlər, yazıçılar və şairlər də iştirak edirlər. Şəxsən mənim üçün bu tədbir xüsusi özəllikləri ilə yadda qaldı. Məni tədbirə Belarus İnformasiya naziri dəvət eləmişdi.
Müzakirədə və bayram tədbirlərində mənimlə bərabər Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahova da iştirak edirdi. “Dəyirmi masa”da mənim də çıxışım maraqla qarşılandı, yerli mətbuat orqanları, televiziya və radiolar bizdən müsahibə götürdülər”.
Tədbirin sonunda K.Nəzirliyə Belarusun informasiya naziri xanım Liliya Ananiçin imzasıyla xüsusi təşəkkür məktubu təqdim edilib, bundan əlavə, ədibimiz Belarus Yazıçılar İttifaqına üzv qəbul olunub: “Belarusda olduğum günlər ərzində bir sıra görüşlərim də oldu. Belə ki, Belarus informasiya nazirinin müavini, ədəbiyyatımızın və mədəniyyətimizin yaxın dostu Ales Karlyukeviçlə iki ölkənin ədəbi əlaqələrinin bundan sonrakı inkişafı üçün perspektiv planlarımızdan danışdıq. Belarus Yazıçılar Birliyinin sədri, Rusiya Yazıçılar İttifaqının həmsədri, çoxcəhətli ictimai fəaliyyəti ilə Ginnesin rekordlar kitabına düşmüş Nikolay Çerqineçlə xüsusi görüşüm oldu, ona Azərbaycan dilinə tərcümə etdiyim müəllifi olduğu “Oğullar” kitabını təqdim etdim.
Bundan başqa Belarus Dövlət Uşaq Nəşrlər Evinin direktoru, “Vyaselika” və “Busya” uşaq jurnallarının baş redaktoru, tanınmış yazıçı Vladimir Lipski, Belarus Yazıçılar Birliyində tərcümə və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri professor İvan Çarota ilə də görüşdüm. MDB üzrə Ədəbiyyat Portalının redaktoru Anatoli Matviyenko ilə, Rusiyadan gəlmiş “Roman qazeta”nın baş redaktoru Yuri Kozlovla, çeçenistanlı şair, yazıçı, tərcüməçi dostum Adam Axmatukayevlə, Litvanın tanınmış naşiri və yazıçısı Yaronimas Lauçyusla, Moldova-Belarus Cəmiyyətinin sədri, moldovalı şair Yuri İvanovla, fransalı tərcüməçi və alim Jan Qaranyonla, Almaniyadan gəlmiş tərcüməçi, alim Franz Blumla, ukraynalı alim, sosioloq Qleb Kudryaşovla və digər ölkələrin nümayəndələri ilə də həm ikitərəfli, həm də çoxtərəfli ədəbi əməkdaşlıq sahəsində söhbətlərim oldu. Uzun illər Belarusda yaşayan həmyerlimiz dünya şöhrətli rəssam, heykəltəraş Kamil Kamalla görüşdən və onun boya ilə çəkdiyi orijinal əsərlərindən aldığım təəssürat isə daha unudulmaz idi”.
CAVİD