AMEA-nın "Xəbərlər" (humanitar elmlər) jurnalının 2017-ci ilə aid birinci nömrəsi çapdan çıxıb.
Jurnalda Azərbaycan ədəbiyyatı tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr, folklorşünaslıq, dilçilik və sənətşünaslıq bölmələri əhatə olunub.
Ədəbiyyatşünaslıq bölməsinə 18 məqalə daxil edilib. Bu məqalələr Azərbaycan ədəbiyyatı tarixinin qədim, orta əsrlər, XVII, XVIII və XX əsrlər dövrünə aiddir.
XII əsr Azərbaycan ədəbiyyatı Zəhra Allahverdiyevanın "Nizami Gəncəvinin "Məxzənül-əsrar" poeması və Xacu Kirmaninin "Rövzətül-ənvar" əsərinin ədəbi-fəlsəfi qaynaqları", Lalə Əlizadənin "Mücirəddin Beyləqani qəsidələrində bəzi tarixi faktların izləri", Ülkər Zakirqızının "Azərbaycanın XII əsr ərəbdilli elmi-ədəbi mühiti", Təhminə Bədəlovanın "Əbdi bəy Şirazi Nizami Gəncəvinin bədii sözünün qüdrəti barədə", Hürnisə Bəşirovanın "Nizaminin müasiri məşhur Xaqani Şirvani" məqalələrini ehtiva edir.
"Xəbərlər" jurnalında Erkən yeni dövr ədəbiyyatı üzrə bir məqalə - akademik İsa Həbibbəylinin "Klassik Azərbaycan poeziyasında yeniləşmə prosesləri və Saib Təbrizi" özünə yer alıb. "Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi və inkişafı mərhələləri" konsepsiyasının müəllifi olan İsa Həbibbəyli məqalədə XVII əsr klassik Azərbaycan poeziyasında baş verən yeniləşmə prosesinin elmi-nəzəri və ədəbi-estetik əsaslarını, onun metodoloji zəminini tədqiqat predmeti edib və Saib Təbrizinin XVII əsr Azərbaycan ədəbiyyatındakı yerinə əsaslı diqqət yetirib.
Jurnalda XVIII əsr Azərbaycan ədəbiyyatına aid bir məqalə - Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin əməkdaşı Güllü Seyidlinin "Şakir Şirvaninin Nadir şahın döyüşlərinə həsr edilmiş "Əhvali-Şirvan" poeması"nın təhlili verilib.
XX əsr Azərbaycan ədəbiyyatına aid 7 məqalə verilib. Bunlardan dördü Azərbaycan ədəbiyyatı tarixçiliyi (XX əsr), biri müasir Azərbaycan ədəbiyyatı (müstəqillik dövrü), biri folklor (XX əsr) və biri Cənubi Azərbaycan ədəbiyyatı haqqındadır.
Orta əsrlər ədəbiyyatı üzrə 4 məqalə jurnalda özünə yer alıb. Bunlardan biri türk, üçü isə Azərbaycan ədəbiyyatına aiddir.
Xuraman Hümmətovanın "Hakim Süleyman Atanın ədəbi-fəlsəfi irsi" məqaləsi təsəvvüf ədəbiyyatı, Sevinc Bayramovanın "Əhməd bin Həsən Çarpərdinin "Şərh əş Şafiyə əsərinin Bakı poeması" şərhlər, Almaz Ülvinin (Binnətova) "Azərbaycan klassikləri Əbdürrəhman Caminin "Baharıstan" təzkirəsində" məqaləsi Azərbaycan sənətkarları, Təhminə Bədəlovanın "Əbdi bəy Şirazinin Nizami Gəncəvi bədii sözünün qüdrəti barəsində" məqaləsi dahi sənətkarın poeziyası haqqındadır.
Ədəbiyyat nəzəriyyəsi bölməsi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məmməd Əliyevin "Məhtimqulu şeirinin qafiyə zənginlikləri" məqaləsi ilə başlayıb. "Ədəbiyyat nəzəriyyəsi: elmi prinsip və ideoloji məqsəd paralelliyi (A.V.Baqrinin "Ədəbiyyat biliyinə başlanğıc" /1930/ dərsliyi əsasında)" məqaləsi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri professor T.Məmmədindir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı Qədim Qubadov gəraylı janrının klassik ədəbiyyatımızdakı mövqeyinə diqqət yönəldib.
"Xəbərlər"də özünə yer alan məqalələrin bir istiqaməti də ədəbi əlaqələrlə bağlıdır. Bu baxımdan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Töhfə Talıbovanın "Azərbaycan-Türkmənistan ədəbi əlaqələri müstəqillik dövrünün ilk illərində (1993-2003)" məqaləsi də faydalıdır.
"Xəbərlər" jurnalında dilçiliklə bağlı 5 məqalə verilib.
Jurnalda özünə yer almış digər məqalələr incəsənət və onun fəlsəfəsi ilə bağlıdır...
"Xəbərlər" dərgisində 2016-2017-ci illərin xronikası da verilib ki, bu da AMEA-da keçirilmiş elmi-nəzəri və mədəni tədbirlərin salnaməsini öyrənmək baxımından əhəmiyyətlidir.
ŞAHANƏ