Xalq yazıçısı Anarın yeni qələmə aldığı “Keçən keçdi, olan oldu” adlı xatirə-romanı çapa hazırlanır. Romandan bir parçanı “Səhər-səhər” rubrikasında oxucularımıza təqdim edirik.
1991-ci ildə Azərbaycan öz milli müstəqilliyini bərpa edəndən sonra ötən illərin bir çox dəyərlərinə, anlayışlarına, ədəbi faktlarına münasibət yerli-dibli dəyişdi. Unudulmuş, daha doğrusu, sovet rejiminin unutdurmağa məhkum etdiyi adların, əsərlərin üzə çıxarılması, mədəni devriyyəyə qaytarılması, əlbəttə, müsbət haldır. Cəfər Cabbarlının bioqrafiyasının da sovet dönəmində qaranlıqda qalmış səhifələri - Cümhuriyyət dövründə ictimai-siyasi və ədəbi fəaliyyəti işığa çıxarıldı, “Ədirnənin fəthi”, “Trablis müharibəsi” pyesləri, milli və türkçü ruhlu şeirləri nəşr olundu. Amma nə yazıq ki, mənəvi həyatımızda daim yer alan “yelləncək” prinsipi burda da özünü göstərir, yəni bir tərəfə yönəlmə tamam əks tərəfə gedişlə əvəz olunur. Bir yana əyintinin yerini başqa yana əyinti tutur. “Ağa qara deyilirdisə, indi də “qaraya ağ” deyilir. Bu prinsip bir çox hallarda bəzi müəlliflərin Cəfər Cabbarlıya çağdaş münasibətində də özünü biruzə verir. Cəfər Cabbarlının ədəbi-ictimai fəaliyyətinin bəzən yalnız vaxtilə “Müsavat” partiyasının üzvü olmasıyla, millətçilik və türkçülük ruhunda yazılmış əsərləriylə səciyyələndirir, yaradıcılığının böyük və mühüm hissəsi - sovet dövründə yazdıqları ya nəzərə alınmır, ya da - daha betər - tamam tərs yozulur.
Çox dəyərli araşdırmaları, kitabları olan, mənim də hörmət bəslədiyim nisbətən cavan tarixçilərimizdən biri Cəfər Cabbarlı haqqında yazır ki, “Böyük dramaturq heç bir zaman sovet ideologiyasını qəbul etmədi və sonadək bütün əsərlərində istismarçı bir rejimə qarşı etiraz səsini ucaltdı”.
Cəfər Cabbarlı hansı istismarçı rejimə qarşı, hansı əsərində etiraz edib görəsən - “Sevil”də, “Almas”da, “Yaşar”- da? Axı, tarixçinin bu iddiaları bu və başqa pyeslərin konkret mətnləriylə heç cür düz gəlmir. Hətta bütünlüklə sovet ideologiyası qəliblərinə uyğun yazılmış və Cabbarlının ən zəif mətnlərindən olan “Firuzə” hekayəsini də əcaib-qəraib şəkildə şəhr edir. (Əslində, müəllif bunu heç hekayə kimi yazmamışdı, “Pravda” qəzetində dərc edilmiş oçerki Azərbaycan türkcəsində hekayə kimi nəşr olunmuşdu. Tarixçi isə bu oçerk-hekayəni belə şərh edir ki, guya, burda dəyişib təzədən qurulan Bakının tanınılmaz şəkildə yeniləşməsi tərənnüm olunmur, qəbristanlığın yerinə park salınmasına qarşı etiraz var. Cabbarlının mətni belədir:
“Atamın da qəbrini tapmadım. Bu əbədi sükut dünyasının yerində geniş, qəşəng bir park əmələ gəlmişdi, atamın qəbrinin üstündə isə bir çiçəklik salmışdılar. Çılpaq qumlu düzlər iki günün içərisində çiçəkli bir bağa dönür, qəbristanlıq mədəniyyət və istirahət parkına çevrilir”. (sözlərin altını mən cızdım - A.)
Məqalə müəllifi isə bu mətndən belə nəticə çıxarır:
“Təbiidir ki, hansı bir kəs öz atasının qəbrinin dağılmasına sakit və razılıqla qəbul edər ki? C.Cabbarlının əsərlərinin əksəriyyəti belə maraqlı məqamlarla doludur”.
Bu üsülla dünyada hər şeyi tərs çevirib əksini sübut etmək olar.
Cəfər Cabbarlı nadir istedad sahibi idi, alovlu azəri türk vətənpərvəri idi, yaradıcılığına da məhz o dövrdə, bu ideallarla və ideyalarla başlamışdı. Sovet quruluşu elə ilk illərində onu həbsə atdı, əqidəsindən döndərməyə cəhd etdi, sonra isə öz ideoloji məqsədləri üçün istifadə etməyə çalışdı. Böyük sənətkar kimi Cəfər Cabbarlı, əlbəttə, əqidəsindən dönmədi, amma bu əqidəni mövcud rejimin çızdığı çərçivələr daxilində, onun qarşıya qoyduğu tələblərə az-çox uyğunlaşdıraraq şah əsərlərini yaratdı.
Gənclik çılğınlığıyla yazılmış ilk səhnə əsərlərini (bura “Ədirnənin fəthi” və “Trablis müharibəsi”ndən başqa, “Vəfalı Səriyyə”, “Solğun çiçəkər”, “Nəsrəddin şah” pyesləri də daxildir) və o dövr şeirlərini qiymətlənirsək də, ədalət və həqiqət naminə deməliyik ki, Cəbbarlının ən əsas, ən güclü səhnə əsərləri (“Aydın” və “Oqtay Eloğlu”ndan başqa) sovet dövründə və sovet idealları ruhunuda yazılmışdır. “1905-ci ildə”, “Sevil”, “Almas”, “Yaşar”, “Dönüş”, hətta müəyyən anlamda “Od gəlini” dediklərimə sübutdur. Amma burda bir mühüm və bəlkə də həlledici cəhəti xüsusi vurğulamaq lazımdır. Sovet ideologiyası və sənət prinsipləri əsasən bu əsərlərin baş qəhrmanlarının simasında təcəssüm olunur. Cabbarlının pyeslərində isə bu qəhrəmanlar (əsərlərə ad vermiş Baş qəhrəmanlar!) həmin əsərlərin bədii cəhətdən ən zəif, ən sönük obrazlarıdır - Eyvaz Əsriyan, Almas, Yaşar, hətta müəyyən dərəcədə Sevil canlı surətlərdən çox müəyyən ideyaların sxematik ruporlarıdır. Sovet ədəbiyyatı qarşısında qoyulan mütləq müsbət qəhrəman tələbinə Cabbarlının fitri istedadı başqa personajlar, canlı, ətli-qanlı, dip-diri insan surətləri yaratmaqla cavab verirdi. Və bu canlı obrazlar əsərin mənfi qəhrəmanları olurdu, onların mahir rəssam fırçasıyla, yağlı boyayla çəkilmiş dolğun portretləriylə müqayisədə baş “müsbət qəhrəmanlar” solğun plakat kimi görünürdü. Bu mənada Cəfər Cabbarlı sənəti doğrudan da sovet ideologiyası tərəfindən ram olunmamışdı. Bura pyeslərin ifadəli, canlı xalq dili, duzlu yumoru, gərgin və kəskin süjet quruluşu əlavə olunduqda Cabbarlı teatrı səhnəmizin əbədi sərvətinə çevrildi, əlçatmaz zirvəsinə yüksəldi. Hələ Cəfər Cabbarlının dilimizə qazandırdığı yeni sözləri, kəlmələri, onlarla yeni kişi və qadın adlarını demirəm.
Cəfər Cabbarlı bu sözün hər mənasında zəmanəsinə bağlı sənətkar idi. “Sevil” pyesi öz vaxtında qadın azadlığı uğrunda mübarizədə rol oynamışdısa, neçə-neçə qadının çadranı atmasına səbəb olmuşdusa, bu günün özündə də bu problem aradan qalxmayıb. Qadınların, o cümlədən, gənc qadınların çadrayla qapanmaq meyillərinin artdığına görə yox, ona görə ki, sevilləri müti ev qadını kimi saxlamağa çalışan və kənarda edilyalara əylənən balaşların da, növbənöv əbdüləlibəylərin də kökü kəsilməyib. Əsriyanların, Volodinlərin qup-quru təbliğat şüarlarını bir qırağa atsaq, erməni-müsəlman ədavətinin köklərinə varmaq, ənənəvi rus siyasətinin bu işdə barmağını görmək baxımından “1905-ci ildə” pyesi bu gün daha aktual səslənir. “Atan kazaklardır!” - əfsus ki, bu gün də belədir. Bazar iqtisadiyyatına keçdiyimiz şəraitdə haram pulların gücüylə harınlaşmış dövlət bəylərin kasıb mühəndis aydınların namusuna belə təcavüz etdiyinə şahid oluruq. Bu gün belə Altunbəylər sənəti və sənətkarı var-dövlətləriylə alçaldacaqlarına və ənamlarıyla şirnikdirib ələ alacaqlarına inanırlar. Niyə də inanmasınlar? “Olmasın bir quyunun gəliri” şantan qadını Sussannaya qol da düzəltdirmək olar. Sənətimizin, teatr həyatımızın bugünkü mənzərəsi bizi “Oqtay Eloğlu” dövrünə də, “Dönüş” mərhələsinə də qaytarmırmı?
“Oqtay Eloğlu” pyesindən bir replika həmişə atamı riqqətə gətirirdi. Ədəbiyyat tariximizə yaxşı bələd idi. Nəsiminin, Xətainin, Füzulinin, Vaqifin, Vidadinin, Seyid Əzim Şirvaninin, Aşıq Ələsgərin, Sabirin bir çox şeirini əzbər bilirdi. Amma yada saldığı bəzi ifadələr, cümlələr onu elə təsirləndirirdi ki, bəzən gözləri dolurdu. Belə mətnlərdən biri Sabirin “Ey dərbədər gəzib, ürəyi qan olan çocuq, Ey ehtişami-milləti talan olan çocuq” beyti, biri Hadinin “Qoymuş miləl imzasını ovraqi həyata, yox millətimin xətti bu imzalar içində” misraları, biri də bayaq dediyim kimi Cəfər Cabbarlının pyesindən Oqtayın sözləri idi:
“Səfil xalq, nə bağırırsan. Səndə sənətkar bir qadın yox, varsansa yarat, yaratmırsansa sus, uzan öl”.
Rəsul Rza yazır:
“Cəfər Cabbarlı ilə harda, necə tanış olduğumu yada sala bilmirəm. İndi xatirələrimin vərəqlərini çevirib uzaqlarda qalmış illəri, ayları və günləri bir-bir yoxladıqca mənə elə gəlir ki, biz onunla həmişə tanış idik”.
Rəsul Rza da, Hüseyn Mehdi kimi, başqa azapçılar kimi Cəfər Cabbarlını yerli yersiz (daha çox yersiz) tənqid edərmişlər, atamın da çap olunmuş bir məqaləsində sərt sözlər var. Amma elə həmin illərdə “Sevil” və “Yaşar” tamaşalarını mətbuatda yüksək qiymətləndirib. 1931-ci ildə oktyabrın 22-də “Gənc işçi” qəzetində dərc olunmuş retsenziyada Rəsul Rza yazırdı:
“Yaşar” əsərindən danışmaq, bugünkü Şura türk dramaturgiyasının əhəmiyyətli bir müvəffəqiyyətindən danışmaq deməkdir, əsərin tamaşaya qoyulması sağlam və müvəffəqiyyətli bir işdir”.
Elə həmin 1931-ci il noyabrın 24 də, yenə də “Gənc işçi” qəzetində yazırdı:
“Ümumiyyətlə, “Sevil” pyesinin qoyuluşu Türk İşçi teatrının bir müvəffəqiyyəti və irəliyə doğru addımı hesab edilməlidir”.
Hər halda, görünür, Cəfər Cabbarlı azapçılara ehtiyatla yanaşırmış. Atamın xatirələrində də bu etiraf olunur:
“Cəfərin “1905-ci ildə” pyesinin yanılmıramsa, elə birinci tamaşasından sonra qəzetlərin birində kəskin retsenziya çıxmışdı. Bu məqalənin müəllifi Cəfəri dünyanın bütün mövcud olan və olmayanlarında günahlandırırdı. Üç-dörd yoldaşla Kommunist küçəsiylə üzü yuxarı gedirdik. Cəfərə rast gəldik. Dayandıq. Salamlaşdıq. Cəfər çox hərarətlə danışmağa başladı. - Mən nə yazsam, tənqidi əvvəlcədən hazırdır - deyirdi - Siz də susub durusunuz. Cəfəri tənqid edəndə maşallah təbiniz rəvan olur. Ancaq...
Görünür, danışmağa çətinlik çəkirdi. Bəlkə də bu bir çəngə pambıq kimi adamın boğazına soxulan Bakı küləyinin təsirindən idi. Bəlkə də daxili bir həyəcan onu sakit danışmağa qoymurdu. Söhbətimiz xeyli sürdü. Mən məqalədən çox narazı olduğumu dedim. Elə bil Cəfərin gözlərində bir maraq oyandı. Diqqətlə üzümə baxdı. Elə bil məni birinci dəfə görürdü. Bəlkə də bu sözü gözləmirdi. Çünki o zamanlar bizlərdən də tez-tez Cəfərin əsərləri haqqında haqlı-haqsız mülahizələr yürüdənlər var idi. Ancaq mənim dediklərim həqiqət idi, məqalə elə insafsız, ədalətsiz və qərəzlə yazılmışdı ki, ədəbiyyata yaxın olmayanlar da bunu hiss edirdilər. Bir neçə gündən sonra Azərbaycan Dram teatrında çağırdığımız disputda məqalə müəllifini suya salıb çıxartdıq. Onda sağ-salamat yer qoymadıq. Cəfər son dərəcə riqqətlənmişdi. O, gənclərin bu müdafiəsindən çox məmnun qalmışdı. Sonra bir söhbət zamanı dedi ki, “düzü, mən elə bilirdim elə siz də o məqaləçinin fikrini müdafiə edəcəksiniz. O, “məqaləçi” sözünü bir acı təbəssümlə dedi”.
Bu söhbəti atamın da dilindən eşitmişdim. “Məqaləçinin” adını da deyirdi, amma mən bu adamın adını faciəvi taleyinə görə çəkmirəm. Bir də atam xatilərində yazdığı “suya salıb çıxartdıq”, “onda sağ-salamat yer qoymadıq” sözlərinin yerinə çox daha sərt və kobud ifadələr işlədirdi.
Atam Cəfər Cabbarlının onu “Dönüş” tamaşasına dəvət etdiyini də xatırlayır:
“Oxucu soruşa bilər ki, o zaman Cəfər Cabbarlı tanınmış bir dramaturq, on-on beş illik ədəbi təcrübəyə malik olan bir yazıçı idi. Rəsul Rza isə yenicə ədəbi mühitə ayaq basan, cəmi-cümlətanı beş-on şeirin, üç-dörd hekayənin və bir neçə məqalənin müəllifi idi. Necə olurdu ki, Cəfər onunla ədəbi mübahisələrə girişir və əsəri haqqında ondan rəy eşitmək istəyirdi? Əvvəla, ona görə ki, C.Cabbarlı son dərəcə təvazökar bir adam idi. O, əsərləri haqqında ən adi adamların rəyini dinləyirdi. İkincisi, o zaman Azərbaycan Proletar Yazıçılar assosiasiyasının böyük nüfuzu vardı. Mən də bu təşkilatın aktiv üzvlərindən biri idim. Dəfələrlə tamaşaların ictimai baxışı zamanı bizim nümayəndələri gözləyir, pərdəni açmırdılar. Bəli, belə vaxtlar vardı”.
Tamaşa qurtarandan sonra atam ona xas olan sözü şax üzə demək adətiylə Cəfər Cabbarlıya “Dönüş”ün başqa əsərlərindən zəif olduğunu söyləyib.
“Cəfər həyəcanla - yox, yox - dedi - “Dönüş” mənim bu vaxtacan yazdığım və bundan sonra yazacağım əsərlərimin hamısından yaxşıdır.
Birdən onun səsi dəyişdi. Gözləri elə bil ki, yaşardı. Qolumdan tutdu və alçaq bir səslə “ata, ana öz şikəst balasını bütün övladlarından çox istər” - dedi”.
Ədəbiyyatşünaslığımızda da “Dönüş”ü Cabbarlının zəif əsəri kimi qiymətləndirirlər. Amma şəxsən mən bu məsələdə nə ədəbiyyatşünaslığımızla, nə atamla, nə də Cəfər Cabbarlının özüylə razıyam. Məncə, “Dönüş” müəllifin digər əsərlərindən heç də zəif deyil, bu gün də öz əhəmiyyətini saxlamış canlı, oynaq, yumorlu bir pyesdir, teatr həyatından, aktyorların səhnədə və səhnə arxasında davranışlarından dəqiq müşahidələrlə dolu şıdırğı komediyadır. Teatr cəmiyyətində işləyərkən çox çalışdım ki, bu əsər yenidən səhnəyə çıxsın. Heyif ki, baş tutmadı.
Cəfər Cabbarlının ölüm xəbərini atamla anam Moskvada təhsil alarkən orada eşidiblər və bu acı xəbər onlara çox ağır təsir edib.
Nigar Rəfibəyli “Muşfiqi düşünərkən” adlı xatirələrində yazır:
“34-cü ildə unudulmaz sənətkarımız Cəfər Cabbarlının ölüm xəbərini Moskvada aldıq. Gəncliyimin fırtınalı illərində mənə böyük qardaşı əvəz etmiş, sevdiyim bir sənətkarın ölümü məni sarsıtmışdı. Bir neçə il sonra isə dostumuz, qardaşımız Müşfiqin itkisi ürəyimizdə yeni bir yara açdı”.
Anam danışardı ki, Cəfər nədənsə mənim aktrisa olmağımı, teatrda oynamağımı, kinoda çəkilməyimi istəyirdi. Dəfələrlə “məndə səhnə istedadı yoxdur” desəm də, israr edirdi.
Atam da ömrü boyu Cəfər Cabbarlının xatirəsini əziz tuturdu, onun ailəsiylə əlaqə saxlayırdı. Nazım Hikmət Bakıya gələndə onu Cabbarlının qəbri üstünə, sonra isə dramaturqun indi muzey olmuş mənzilinə apardı. Bu məclisdə mən də iştirak edirdim və Nazıma “Aydın” pyesindən parçalar oxuyanda böyük şairin dedikləri haqqında “Kərəm kimi” kitabımda yazmışam.
Cəfər Cabbarlıya yaxın adamlardan olan yorulmaz kino işçisi Məmməd Əlili xatırlayır:
“Cəfərin Rəsula münasibəti çox yaxşı idi. Bunu sonralar, Cəfər özü olmayanda da hiss elədim. Rəsulun anası rəhmətə getmişdi. Cəfərin həyat yoldaşı Sona xanım o vaxt bərk xəstə idi. Məni çağırtdırdı, dedi ki, mən dura bilmirəm, al bu pulu Cabbarlı ailəsi adından bir əklil düzəltdirib apar Rəsulgilə. Cəfərim Rəsulun xətrini dünyalarca istəyirdi”.
Cəfər Cabbarlının 70 illiyi keçiriləndə Rəsul Rza yubiley komissiyasının sədri oldu və təntənələrin layiqli keçirilməsi üçün əlindən gələni etdi.