“Avropa Parlamentinin son qətnaməsini əslində Avropada, eləcə də həmin qurumda bəzi dairələrin, hətta, bəzi deputatların Azərbaycana qarşı qərəzli mövqelərinin nümayişi kimi sayıram və belə addımları ümumiyyətlə, qəbuledilməz hesab edirəm”.
Bunu 525.az-a açıqlamasında Prezident Administrasiyası (PA) rəhbərinin müavini və beynəlxalq məsələlər şöbəsinin müdiri Novruz Məmmədov Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı son qətnaməsinə münasibətini bildirərkən dilə gətirib. PA rəsmisinin dediyinə görə, Avropa Parlamentində və Qərbin bəzi dairələrində sanki belə bir mövqe formalaşıb ki, Azərbaycana təzyiq göstərmək üçün hansısa məqam tapıb, onu ortalığa çıxarıb, dünyaya yaymaq lazımdır. N. Məmmədov bildirib ki, bu, heç şübhəsiz Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərir və əslində belə mövqe Azərbaycanın bu ölkələrlə əməkdaşlığına bütün sahələrdə heç bir yardım etmir: “İndi də Avropa Parlamentində “ İlqar Məmmədov məsələsi” adlı bir mövzunun ortaya çıxarılıb, onunla bağlı Azərbaycana müxtəlif bəndlərdən ibarət mövqenin bildirilməsi bizdə çox böyük təəssüf hissi doğurur. Biz əslində belə bir addımın özünü Avropada, kim nə cür düşünür-düşünsün, tam, demokratik prinsiplərə zidd olduğunu hesab edirik. Çünki 754 deputatı olan Avropa Parlamentində 5-6 nəfərin təsəbbüsü ilə Azərbaycandan xəbəri olmayan deputatların hansısa şəxsi maraqlar, qərəzli mövqe üzərində açdığı müzakirə nəticəsində 10-15 nəfərin səs verməsi ilə qəbul edilən bir “sənəd”in sonda həmin Parlamentinin qətnaməsi kimi təqdim edilməsi tam mənada demokratik prinsiplərə ziddir. Belə addımları və bu bəyanatın ruhunu da nəzərə alaraq, deyirik, siz deputatlar kimlərsiniz ki, Azərbaycana göstəriş , sərəncam verəsiniz, amiranə tonla danışasınız? Biz bu addımları, davranışları heç vaxt qəbul edə bilmərik. Bu, bir tərəfdən Azərbaycanın Avropa İttifaqı ilə, digər bir tərəfdən isə Avropa ölkələri ayrı-ayrılıqda əməkdaşlığına, çox yüksək səviyyədə əməkdaşlığına xələl gətirir, mane olur. Ona görə də biz öz mövqeyimizi bildiririk ki, Azərbaycan artıq elə bir dövlətdir ki, onunla yuxarıdan baxıb aşağıya danışmağa ehtiyac yoxdur”. PA-nın şöbə müdiri eyni zamanda qeyd edib ki, bizə ikinci Kreml lazım deyil: “Bu cür tonla, bu cür qərəzli mövqe ilə, guya ki, ədalət uğrunda mübarizə aparan bir tərəf kimi özlərini göstərməyə ehtiyac yoxdur. Mən doğrudan da, ədalət tərəfdarıyam. Hər hansı bir iradı, tənqidi qəbul etməyə hazıram. Azərbaycan da buna hazırdır. Amma həmin o qruplara, həmin o qurumlara sual edirəm, siz, doğrudan da, ədalət tərəfdarısınızsa, niyə bu 20 il ərzində Azərbaycanın işğal olunmuş əraziləri, Dağlıq Qarabağ ətrafındakı əraziləri ilə bağlı bir dəfə bir normal, ədalətli mövqe niyə bildirməmisiniz? Axı, Azərbaycanın həmin ərazilərinin 760 mindən yuxarı sakininin bütün hüquqları pozulub, indi necə ola bilər ki, onları görməyəsiniz? Kar, kor olmaq lazım deyil. Kar deyilsiniz, kor deyilsiniz. Amma necə ola bilər, bir dəfə də bunu etmirsiniz, bəyanat vermirsiniz? Keçən dəfə də demişəm- azərbaycanlı istəyir ki, atasının-anasının qəbrinə ayda bir dəfə gedib baxsın. İstəyir ki, özünün atasının oxuduğu məktəbdə oxusun, özünün ana-atasının evinin yanından keçən çaydan su içsin. Bunların hamısı ən yüksək səviyyədə elə insan hüquqlarına aid məsələlərdir. Ancaq təəssüflər ki, bir dəfə də olsun bununla bağlı mövqe bildirməyiblər. Ərazilərin işğalı, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Avropada bir adamın dilindən bir ədalətli mövqe eşitmək mümkün deyil. Ən son anda sadəcə, “sizin ərazi bütövlüyünüzü dəstəkləyirik” deməklə kifayətlənirlər. Axı, bu, ədalət deyil...” N. Məmmədovun fikrincə, belə olan halda Avropa dairələrinə, Avropa qurumlarına, Avropa ölkələrinə də inam azalır, onların səmimiyyəti sual qarşısında qalır: “Söhbət də bundan gedir. İndi onların belə bir addım atmadıqları halda, bunun tam əksinə olan addımlar atmalarına, yəni, hərdənbir toplaşıb Azərbaycana bu formada təzyiq göstərmələrinə ehtiyac yoxdur. Azərbaycan müstəqil dövlətdir. Müstəqil daxili və xarici siyasət kursu var və cəmi 22 il ərzində çox böyük uğurlar qazanıb. Bütün sahələrdə, siyasi sahədə də, iqtisadi sahədə də, təhlükəsizlik sahəsində də, mədəni sahədə də, idman sahəsində də bir çox ölkələrdən çox-çox qabaqdadır. Düzdür, müəyyən problemlər də var. Biz demirik ki, problemlər yoxdur, ancaq onların həlli üçün bu gün də addımlar atılır və bundan sonra da atılacaq. Bizim üçün bir nömrəli məsələ bu gün Azərbaycanın müstəqilliyini, suverenliyini qoruyub-saxlayıb, təmin etmək, Ermənistan-Azərbaycan münaqişəsini ədalətli həll etməkdir. Ancaq həmin qurumlardan biri də bununla bağlı Azərbaycana kömək etmək üçün addım atmır. Axı, bu, necə ola bilər? Axı, bunlar vacib məsələlərdir. Bunları edin, biz də görək ki, siz səmimisiniz, bizə kömək etmək istəyirsiniz. O zaman o biri iddialarınızı, o biri iradlarınızı da qəbul edərik. Amma onun əvəzində bir nəfər- İlqar Məmmədov haqqında bu cür səs-küy qaldırmaq düzgün deyil. Belə hallar keçmişdə də çox olub. Ancaq birmənalı demək istəyirəm ki, Azərbaycan artıq o vəziyyətdə deyil ki, onunla belə yüksək tonla, yuxarıdan müəyyən göstərişlə, amiranə ton ilə danışasan. Azərbaycan bunu qəbul etmir və etməyəcək”. PA rəsmisi daha sonra deyib ki, bəzən belə bir təəssürat yaranır ki, o millət vəkillərinin, deputatların başqa işi , sanki onların Avropada baş verən proseslərdən heç xəbərləri yoxdur: “İşsizlik də, islamafobiya da, faşizm də və digər məsələlər də, yəni, bir sözlə iqtisadi böhran həddindən artıq yüksək səviyyədədir. Onlarla bağlı qərar qəbul edin, mövqe bildirin, yayın. Polis zorakılığı bütün başqa ölkələrdən daha çox elə orada, daha çox Avropa ölkələrindədir. Bunlar haqqında isə heç kim heç nə demir. Necə olur, birdən-birə bir ölkədə qanun qoyurlar ki, tutaq ki, sən bu sözü işlətsən, sən ya yüksək səviyyədə cərimə olunacaqsan, ya da səni həbs edəcəklər. Bu, demokratiyadırmı? Necə ola bilər ki, özlərində olan eybəcərliklər haqqında heç kim heç bir şey demir onlara, özləri də baxmırlar...
Həmin bu bir qrup deputat ki, var yığışır, bəzən bəzi məmurlar da olur, onlar gərək özləri də bir dönüb baxsınlar ki, nə vəziyyətdədirlər. Düşünürəm ki, belə olan halda Azərbaycanla bu dildə danışmaq da düzgün deyil. İlqar Məmmədovla bağlı məsələyə gəlincə, Avropadan bura gələn rəsmilərin hamısı artıq son bir neçə ayda İlqar Məmmədov haqqında danışırlar. Ona görə ki, İlqar Məmmədov bunlara çox lazımlı bir “kadr”dır. Bizi məcbur etmək lazım deyil ki, bununla bağlı bütün məsələləri açaq, deyək. İlqar Məmmədov onların bir “əməkdaşı” idi. Deməli, bu “əməkdaş” sizin üçün bu qədər vacibdir ki, siz onu artıq Azərbaycan vətəndaşı kimi yox, özünüzə lazım olan bir insan kimi, kadr kimi istifadə etmək üçün bu qədər canfəşanlıq edirsiniz. Axı ,bu düz deyil? Biz də onda açıb bütün məsələləri ortalığa qoymalıyıq ki, bəsdirin, bunu etmək lazım deyil. Yəni, istəyirəm ki, həmin o qruplar da, müxtəlif dairələr də bundan sonra Azərbaycanla danışanda həm tonlarını bilsinlər, həm də həddi, çərçivəni müəyyənləşdirsinlər. Azərbaycan heç kimin əlinin altında oyuncaq dövlət deyil, olmayıb və heç vaxt da olmayacaq. Yaxşı olar ki, qarşılıqlı surətdə hörmət, əməkdaşlıq, dostluq və sair münasibətlərin üzərində hər bir şeyi quraq. Bu zaman biz də uğur qazanarıq və Avropanın özünün də, xüsusilə bu gün buna çox böyük ehtiyacı var. Çünki bir ölkəyə olan münasibəti başqa 200-yə yaxın ölkə də görür, bilir. Bunun da beynəlxalq münasibətlərə, proseslərə çox güclü təsiri var. Bu gün o görünməz, amma 3 ildən, 5 ildən, 10 ildən sonra isə mütləq görünəcək...”