|
|
|
|
Müsahibimiz tənqidçi Əsəd Cahangirdir.
Müsahibənin birinci hissəsi: “Vicdansızlıq çağdaş ədəbiyyatın ən böyük problemidir”
– Söz müsabiqədən düşmüşkən, söhbəti bu istiqamətdə davam etdirək.
– Müsabiqələrlə bağlı bir neçə ciddi problem görürəm. Birincisi, onların siyasiləşməsidir. Ədəbi-bədii dəyərlər qalır bir tərəfdə, yazıçının siyasi mövqeyinə qiymət verirlər. Məsələn, məncə, Milli Kitab Mükafatında Pərvizə birincilik verilməsi onun öz romanında siyasi müxalifətin ideyalarını dəstəkləməsi ilə bağlı idi. Jüri üzvlərindən Cəmil Həsənli hətta bunu açıq-aşkar etiraf etdi.
– Bəzən hətta dostlarınız haqqında belə fikrinizi açıq deməkdən çəkinmirsiniz. Onların sizdən inciyəcəyindən ehtiyat etmirsiniz?
– Mən tənqidçiyəm və bu, professional zərurətdir. Normal cəmiyyət adamı təhqir olmayan hər hansı bir fikrə tolerant yanaşmalıdır. Necə deyərlər, Platon dostumdur, amma həqiqət daha qiymətlidir. Pərviz bu sözlərimə görə gərək inciməsin. Birincisi, ona görə ki, mən onun konkret olaraq müsabiqəyə təqdim etdiyi romanından danışır, ümumən isə Pərvizi istedadlı şair və ləyaqətli insan sayıram, amma nəsri barədə bunu deməzdim. İkincisi, əminəm ki, bu sözlərlə mükafatı heç kəs ondan geri ala bilməyəcək (gülür). Üçüncüsü, söhbət sadəcə Pərvizdən yox, ədalət prinsipinin pozulmasından gedir.
Məncə, ədəbiyyatı siyasiləşdirməyə, Marksın məşum kölgəsini yenidən ədəbiyyat səması üzərinə salmağa lüzum yoxdur. Çünki bunun ən acı nəticələrini sovet dövründə artıq görmüşük. Baxın, siyasi müxalifətin liderləri – İsa Qəmbər, Əli Kərimov və qeyriləri hansı yazıçıları dəstəkləyir? Ancaq özlərinə siyasi baxımdan sərf edənləri. Fərqində deyillər ki, bu adam, doğrudan da, yazıçıdır, ya yox, təki iqtidarı söysün. Bəlkə də, bununla onlar kütləni aldada bilirlər. Amma fərqində deyillər ki, ədəbiyyatın içində olan, ondan xəbəri olan adama bu cür “dəstək” necə qəribə görünür. Bir sözlə, necə siyasi müxaliflik edirlərsə, o cür də ədəbiyyat siyasəti aparırlar.
– Axı o yazıçıların arasında görkəmli qələm adamları da olub, məsələn, Sabir Əhmədli, yaxud Ramiz Rövşən.
– Məncə, Ramiz Rövşənin siyasətçilərin dəstəyinə yox, onların Ramiz Rövşənin dəstəyinə ehtiyacları var. Sabir müəllimə gəlincə, onun yerinə olsaydım, belə dəstəklənməyi özüm üçün təhqir sayardım. Çünki bu dəstəyin arxasında yalançı bir nəzakət pərdəsinə bürünmüş kullanmaq siyasəti var. Siyasətçi öz siyasəti ilə məşğuldur, qoy olsun, bu, onun işidir, ədəbiyyatçı fərqində olmalıdır ki, neobolşevizm ədəbiyyata heç nə verməyəcək. İndi də bu müsabiqələr... Bəzi jüri üzvlərinin iqtidarın siyasətindən narazılığı var, burası aydındır. Amma gerçəkləşməmiş siyasi potensialı ədəbiyyat sahəsinə yönəltmək, siyasətdəki məğlubiyyətin qisasını ədəbiyyatda almaq absurddur. Bununla da onlar İkinci Cahan savaşındakı məğlubiyyətin heyfini memuarlarında çıxan alman generallarına bənzəyirlər.
– MKM-də jüri üzvlərinin əksəriyyəti ədəbiyyat adamı deyil, elə siyasətçi, tarixçi və sairdir. Onlar da, sizin dilinizlə desək, öz siyasətləri ilə məşğuldurlar. Onda bu nəticələrə niyə təəccüblənək ki?
– Mən təəccüblənmirəm, sadəcə faktı tənqidi registrasiyadan keçirirəm.
– Amma ola bilər ki, siyasətçi də ədəbiyyatı izləsin, gözəl bilsin və obyektiv qiymətləndirsin.
– Höte yazırdı: “Dostum nəzəriyyə quru bir şeydir, həyat ağacısa daim yaşıldır”. Sənin dediyin nəzəri baxımdan, ümumi prinsip etibarilə doğrudur. Bəs, konkret həyat faktına gələndə necə? Necə olmalıdır və necə var, fərqli şeylərdir. O jüri üzvlərindən elələri var ki, hətta mətnlərin üzünü açmırlar. Bir dəfə jüri üzvlərindən birindən soruşdum ki, müəllim, müsabiqəyə təqdim olunan əsərlər barədə fikriniz nədir? Dedi ki, bəyəm mən o müsabiqənin üzvüyəm? İndi bu sözdən hesabınızı götürün.
– Bəs, sizcə, müsabiqələrlə bağlı digər problemlər nədir?
– Seçim məsələsində daha bir ciddi problem yenə də istedadı bir qırağa qoyub yazıçıya yaşına – qoca, yaxud cavan olmasına görə önəm verilməsidir. Məsələn, MKM-də Elxan Qaraqana yer verilməsi daha çox müəllifin gənc olması ilə bağlı idi. Əlbəttə ki, Elxan öz yaşıdları olan nasirlər arasında dünya ədəbi-bədii fikrinə çıxışı olan, bəlkə də, yeganə gəncdir və konkret olaraq, ondan söz gedəndə komissiyanın rəyi ilə ədəbi məhsul üst-üstə düşürdü. Amma bu iki amil üst-üstə düşməyəndə, sadəcə yaş məsələsi meyara çevriləndə bu artıq zərərli bir təəssübkeşliyə – gəncbazlığa çevrilir.
– Bu nöqteyi-nəzərdən “Azadlıq radiosu”nun keçirdiyi müsabiqələr haqda nə deyə bilərsiniz?
– Gənclərə qayğı prinsipinin özü də, məncə, burda bəzən pozulur. Çoxlu sayda gənclər arasından ən yaxşısı yox, miyanə bir imza süni surətdə qabardılır. Aydın deyil ki, karnaval fiqurları düzəltmək nəyə və kimə lazımdır. Məsələn, ötən il Elmar Şahmarın bu müsabiqədə şeir üzrə birincilik qazanması hansı amillə bağlı idi? Çünki onun müsabiqəyə təqdim etdiyi şeir poetexniki yöndən təqlidçi və qurama bir şey idi. İdeya-məzmun baxımından da yeni heç nə demirdi. Yaxud bu dəfə Balayar Sadiqin şeirlərinin birinciliyə layiq görülməsi hansı məntiqlədir? Onun müsabiqəyə təqdim etdiyi şeirlər ifrat metaforizmi ilə makiyajı uzaqdan seçilən aktrisanı xatırladır. Balayar hətta gənc də deyil ki, bunu gəncbazlığa yozasan. Guya bu dəfə yaş məhdudiyyətindən kənara çıxdıqlarını sübut etmək istədilər, amma qaş düzəltdikləri yerdə vurub göz çıxardılar. Yenə ən vacib məsələ – əsərin bədii keyfiyyəti bir kənarda qaldı. Sizə bir fakt deyim: bu yaxınlarda AYB-nin keçirdiyi müsabiqənin nəticələri ilə bağlı məni “Azadlıq” radiosuna dəvət etmişdilər. Radionun əməkdaşı olan xanım görün nə deyir: olmazmı bir cavan adam da mükafat alsın? Və o xanım da mənsub olduğu idarə kimi qətiyyən fərqində deyil ki, mükafatı adamın yaşına yox, başına verirlər. Bəlkə, heç o cavanın müsabiqəyə təqdim etdiyi kitab mükafata layiq deyil, onda necə? Bu qəbil yanaşma hətta bəzi cavanlarda belə bir yanlış rəy formalaşdırıb ki, mükafatı yalnız biz almalıyıq, qocalar isə ümumən müsabiqələrə qatılmamalıdır. Bu qocalar bizdən nə istəyir, bəs deyil bəyəm, gedib otursunlar evlərində, nəvələrinə nağıl danışsınlar və sair və sair... Təsəvvür edin ki, belə qəribə münasibətin hədəfi olmamaq üçün istedadlı şairlərdən biri AYB-nin keçirdiyi müsabiqədəki iştirakını dayandırmaq istəyirdi. Yaxud dəfələrlə eşitmişəm ki, gənclər Qəşəm Nəcəfzadənin sayt müsabiqələrindəki ardıcıl iştirakını açıq-aşkar etirazla qarşılayırlar. Halbuki hər hansı müsabiqədə iştirak etmək onun da haqqıdır.
“Əkrəm Əylisli ermənilər tərəfindən ilk işğal olunmuş yazıçıdır”
– Bir dəfə Makedoniyalı İskəndərdən soruşurlar ki, Olimpiya yarışlarına qatılmaq istərdinmi? O, belə cavab verir ki, əgər rəqiblərim şahlar olacaqsa, hə. Məncə, gənclər qocaların sayt müsabiqələrindəki iştirakına qarşı çıxmaqla, onlara qarşı hörmətsizlik yox, əksinə, hörmət edirlər. Gənclər əlli yaşlı, 20-30 kitabı çıxmış şəxslərin ilk qələm təcrübəsi keçənlərlə bir sırada müsabiqəyə qatılmasını qocalara rəva görmürlər.
– Əgər kimsə özünü ədəbiyyatın Aleksandr Makedonskisi yox, sıravisi hesab edir və müsabiqəyə qatılırsa, ondan şahlıq tələb etmək doğru olmazdı. İkincisi isə qocalıq, yaxud cavanlıq sadəcə yaşla ölçülmür. Obyektiv zamanla birgə insanın içində subyektiv zaman da var. Gənclərlə birlikdə sayt müsabiqələrinə qoşulan qocalar da ola bilsin ki, sadəcə təqvimi yöndən qocalıb, amma daxilən böyüməyiblər. Onların içindəki saatın əqrəbləri 20-25 yaşın üstündə dayanıb. Çünki o mükafatları, təltifləri vaxtında ala bilməyiblər. İndi durub onlara deməliyik ki, siz müsabiqələrə qatılmayın?
– Subyektiv zaman anormallıq deyilmi? Necə ola bilər ki, 50 yaşın ola, amma özünü 20 yaşında hiss edəsən?
– Bəs, nəyisə normal, yaxud anormal hesab etməyin mütləq meyarı nədir? Ona görə, məncə, bu məsələdə, subyektiv-obyektiv zaman konsepsiyası ilə razılaşmaq lazım gəlir. Yəni, Anar demişkən, bircə həqiqət var, qəlbin həqiqəti. Kim özünü hansı yaşda sayırsa, demək, o yaşdadır.
– Sizcə, müsabiqələrdəki qoca-cavan söz-söhbətləri nədən qaynaqlanır?
– Həyatın özünün dialektikasından – nə qədər ki, zaman var və o dəyişir, belə söz-söhbətlər olub, həmişə də olacaq. Amma bizim dövrdə bu qarşıdurma daha kəskin xarakter alıb. Çünki biz iki dövrün kəsiyində – keçid epoxasında yaşayırıq. Dövrün özü dramatik, situasiyanın özü konfliktolojidir – keçmiş öz haqqını saxlamaq, gələcək isə öz haqqını qazanmaq istəyir. Və hər birinin də öz həqiqəti var. Sovet dövründə daha çox qocalar dəyərləndirilir, gənclərə imkan verilmirdi. Müstəqillik dövründə tam əks qütbə sıçramaq meyli hökm sürür – kompensasiya gedir. Guya qocalara məxsus nə varsa pis, gənclərə məxsus nə varsa, yaxşıdır. Mən bunların hər ikisini ifrat, zərərli təmayül hesab edirəm. Hər iki halda ədalət prinsipi pozulur, qızıl ortadan sağ, yaxud sola əyilmə baş verir. Bütün qocalar nə vaxtsa cavan olub, bütün cavanlar da nə vaxtsa qocalacaq. Zaman fani meyardır. Ədəbiyyatda nə qocanın, nə də cavanın zamanı yox, istedadın əbədiyyəti var.
– Bəs, sayt müsabiqələrindəki qoca-cavan qarşıdurmasının qarşısını almaq üçün nə etmək olar?
– Əvvəla, bu qarşıdurmanın qarşısını almaq lazım deyil, müsabiqə elə qarşıdurma deməkdir. Bunun günahı iştirakçılarda yox, müsabiqənin təşkilatçılarındadır. Əgər mükafatı yalnız qocalara, yaxud cavanlara vermək istəyirlərsə, onda zəhmət çəkib, yaş senzi müəyyən etsinlər ki, belə söz-söhbətlər də olmasın. Mübahisələrə yol açan digər məqam bəzi müsabiqələrin adıyla bağlıdır. Məsələn, məncə, seçilən əsərlərin məzmunu baxımından Milli Kitab Mükafatının fəaliyyəti öz adına uyğun gəlmir. Onun Milli Ədəbiyyat, Milli Nəsr, bir az da konkret desək, Milli Roman Mükafatı adlanması daha məntiqlidir. Çünki bu mükafatı ancaq nəsr əsərlərinə, özü də əsasən romanlara verirlər. Milli Kitab isə çox geniş anlayışdır, sadəcə nəsr, yaxud bədii ədəbiyyatla məhdudlaşmır. Onda gərək şairlərə, dramaturqlara, tənqidçilərə, fiziklərə, kimyaçılara, tarixçilərə və digərlərinə də mükafat verilə.
İkincisi, milli sözü özü də burda müəyyən təftiş predmetinə çevrilə bilər. Doğrudanmı, bu müsabiqədə yer alan əsərlər hamısı “milli” sözünün daşıdığı statusa uyğundur. Tutaq ki, Elxan Qaraqanın konturkultura xarakterli “A” romanı nəinki milli roman ənənələrinə uyğun deyil, əksinə, onu qeryri-milli adlandırmaq daha düzgün olardı. Və mən burda qeyri-milli sözünü qətiyyən neqativ anlamda işlətmirəm. Yaxud Şəhriyar Del Geraninin “İlin gənc yazarı” nominasiyası üzrə mükafat alan, saysız-hesabsız vulqarizmlərlə dolu “İntiharın hörükləri” romanının milliliyi, görəsən, nədədir? Bu kitab əsasında Azərbaycan dilindəki söyüşlərin ensiklopediyasını yaratmaq olar. İndi mən o jüri üzvlərindən soruşmaq istəyirəm – bizim milliliyimizi müəyyənləşdirən söyüşdürmü? Siz bununla yerdə qalan gəncləri hara dəvət edirsiniz?
Odur ki, indiyə qədər yer alan əsərləri nəzərə alsaq, bu mükafatı Yeni Roman Mükafatı, Yeni Azərbaycan Romanı Mükafatı, Ən Yeni Roman Mükafatı, yaxud Eksperimental Roman Mükafatı adlandırmaq daha dəqiq olardı.
– Belə çıxır ki, milli sözü bu müsabiqənin qeyri-milliliyini pərdələmək üçün sadəcə bir maskadır?
– Qeyri-milli bir az yumşaq, neytral sözdür, antimilli demək daha doğru olardı.
– Çox qısa və mücərrəd oldu.
– Müasir dünya postmodern dünyadır. Buna uyğun olaraq, imperiyalar yox, postimperiyalar zamanı gəlib. Klassik müstəmləkələr dövrü ötən əsrdən bitib. Superdövlətlər indi torpaqları yox, beyinləri işğal edir. Bir millətin ziyalısının başına dəri keçir, onu manqurta çevir, o millət olacaq sənin kölən. Əsas prinsip budur. Beyinlərin işğalında ən güclü silahlardan biri də ədəbiyyatdır. Çünki obrazlı şüur forması olduğundan yaddaşda daha yaxşı qalır. Ona görə xarici güclər müəyyən xərclər çəkərək müsabiqə oyunları qururlar ki, hər hansı xalqın arasından özlərinə sərf edən yazar fiqurları yaratsınlar. Sonra lazım gələndə o yazarların diliylə desinlər ki, Quran ilahi kitab deyil, şeytan vəsvəsəsi və ya Məhəmmədin uydurmasıdır, Türkiyə ölülər səltənətidir, Amerika dünyanın cənnətidir, ermənilər bizi bağışlayın, Qarabağ sizindir və sair və ilaxır. Artıq “inkişaf etmişik”, “sivil xalqıq”, özümüzün də kollaborasionist yazarımız var. Ona görə bütün bunlara nümunə kimi uzağa gedib, əfqan, pakistan, hətta türk ədəbiyyatından adlar çəkməyəcəm. Məsələn, Əkrəm Əylislinin “Daş yuxular” romanı tarixi də təhrif edir, millətin də haqqını inkar edir, Allahı da danır. Bu roman Azərbaycan ədəbiyyatının ermənilər tərəfindən işğalının başlanğıcı, Əkrəm Əylisli isə ilk işğal olunmuş yazıçıdır. Beyinlərin işğalı torpağın işğalından daha qorxuludur.
“AYB-ni söymək, doğrudanmı istedadın göstəricisidir?”
Amma etiraf edək ki, “Daş yuxular” şok effekti doğurdu və rezonans yaratdı. Mən belə bir romanı gözləyirdim, bu haqda dəfələrlə yazmışdım da. Çünki “Azadlıq” radiosunun götürdüyü ədəbi siyasətin sonucunda məhz belə romanlar yazdırmaq durur. Amma mən bu romanı bir qədər gec, təxminən 5-6 ildən sonra, özü də hər hansı bir cavan, tutaq ki, Seymur Baycan, yaxud Əli Əkbərdən gözləyirdim. Sadəcə, Əkrəm Əylisli öz sevimli və “istedadlı” cavanlarının bostanına girdi. Və bunun özü də onun daxili saatının 20, 25, 30, 35 yaşda durduğunu göstərir – bir sözlə, 40-ı keçməyib.
Amma hər ziyanın bir xeyri də var. Bu romanın hesabına ədəbiyyata, söz adamına yuxarıdan aşağı baxan məmurlar axır ki, ədəbiyyatla maraqlandılar. Demirdiniz ki, ictimai rezonansa səbəb olan bir dənə də olsun roman yoxdur? Bu da sizin üçün ictimai rezonans! Hələ gələcəkdə neçə-neçə belə şeylərin yazılması da istisna deyil! Son iyirmi ildə ilk dəfə olaraq, Milli Məclisdə hansısa bir roman müzakirə predmetinə çevrildi. Hamı başa düşdü ki, sözlə oynamaq olmaz, hamı anladı ki, ədəbiyyat necə güclü silahdır. Amma bu başa düşülmədi ki, bu silaha sahib durmasaq, erməni onu bizdən alıb özümüzə qarşı çevirəcək. Və hətta artıq çeviribdi də. “Daş yuxular” avtoqoldur. Əkrəm Əylisli isə sevgili ermənilərinə tərəf keçib Azərbaycanla döyüşən Məcnundur.
– Sizcə, Əkrəm Əylisli bu əsəri yazmağa hansısa qüvvələr tərəfindən təhrik edilib?
– Mən Şerlok Holms deyiləm, ona görə bu haqda konkret heç nə deyə bilmərəm. Amma Əkrəm Əylislinin məhz sözügedən dalğada şüurunu itirməsinə, daş yuxuya getməsinə şübhə yoxdur. Hələ bir görün o, “Azadlıq” radiosunda özünün daşnakpərəst mövqeyinə necə haqq qazandırır: “Bir nəfər yazmışdı ki, biz bilsəydik Azərbaycan xalqının şüurunda bizə bu qədər rəğbət və hörmət var, biz Dağlıq Qarabağın Azərbaycandan çıxmasını istəməzdik, biz azərbaycanlılarla bir yerdə yaşayardıq. Mən də bu əsəri bu məqsədlə yazmışam”. Alqışlar, alqışlar! Ermənilər Əkrəm Əylislinin romanını oxuyub, daş yuxulardan oyanacaq, “həqiqətdən” agah olacaq və Qarabağı bizə qaytaracaq. Problem həll oldu! (gülür). İkincisi isə Əkrəm Əylisli nahaq yerə xalqın adından danışır, öz şüurunu “Azərbaycan xalqının şüuru” ilə adekvatlaşdırır. Azərbaycan xalqı heç vaxt Əkrəm Əylisli kimi düşünməyib və düşünmür də. Romanın istər ziyalılar, istərsə də xalq tərəfindən kəskin etirazla qarşılanması da bunu sübut etdi. Əgər Azərbaycan xalqının şüurundan söz gedirsə, hansısa “Daş yuxuları” yox, “Əsli və Kərəm”i əsas götürmək lazımdır. Nə qədər ki, cadugər qara keşişlər var, Əslinin düymələri açılmayacaq. Azərbaycan xalqının məsələyə münasibətdə son sözü budur. Və nəzərə alın ki, “Əsli və Kərəm” tragik finalla bitən, demək olar ki, yeganə xalq dastanımızdır. Yalançı optimizmlə xalqın onsuz da zəifləmiş mübarizə əzmini qırmaq, onun başının altına erməni yastığı qoymaq lazım deyil. “Daş yuxular”dakı oyanış saxtadır, o mahiyyətcə oyadan yox, div yuxusuna gedən romandır.
– Sizcə, AYB üzvlüyündən çıxan gənclərə Əkrəm Əylislinin təsiri var?
– İstər birbaşa, istərsə də dolayısı ilə Əkrəm Əylisinin həmin gənclərə təsiri şübhəsizdir. Gənclərin əksərinin Əkrəmə münasibəti səmimidir, onu doğrudan da, böyük yazıçı hesab edirlər. Bunun üç səbəbini görürəm: birincisi, bu, onların ədəbiyyat təsəvvürlərinin məhdudluğundan irəli gəlir. Çünki Əkrəm Əylisli bircə yaddaqalan obraz belə yarada bilməyib. Onun Buzbulağının buzları qlobal istiləşməyə dözməyib əriyir, gilənar ağacı quruyub, nəğməkar bibisi isə erməni nəğməsi oxuyur. Əlli ildir ki, onun işi-peşəsi sözlə, dillə oynamaqdan ibarətdir. Bu cür poetik nəsr dili özü də getdikcə arxaik, bayağı, şablon görünməyə başlayır. Nəzərə alın ki, bu sözlərin əksərini mən hələ 1994-cü ildə yazdığım “Söz” essesində demişəm. Yəni nə onda mən AYB-də çalışırdım, nə də Əkrəm Əylisli “Daş yuxuları” yazmışdı. İkincisi, Əkrəm Əylisli təkcə bahalı içkilərlə yox, həm də özünün yalançı səmimiyyəti, məqsədyönlü sadəliyi ilə də gənclərin beynini dumanlandırır. Üçüncüsü, AYB-dən narazı cavanlar Əkrəmin timsalında özlərinin xaç atalarını görürlər.
– Özü də son romanında xaçpərəst olduğunu etiraf etdi.
– (Gülür). Gənclərin ona olan münasibətindən fərqli olaraq, Əkrəmin gənclərə münasibəti qeyri-səmimidir. O, vaxtilə Azərbaycan jurnalında cavanları dərc etməsini əldə bayraq etmək, “Aqşin Füzulidən böyük şairdir” tipli avantürüst fikirlər sərgiləməklə özünə “gəncliyin dostu” imici qazanır, gənclərin şöhrət hissi ilə oynayır və bu dalğa üstündə AYB taxtına əyləşmək istəyir. Əslində isə o, gənclərin, xüsusən də gənc nasirlərin heç birini ciddiyə almır. Gənclər onun üçün sadəcə kullanma alətidir. Gəncləri AYB-yə qarşı qaldırmaq Əkrəm Əylislinin son 20 ildəki fəaliyyətinin ana xəttini təşkil edir. Fikir verin, onun favoritlər siyahısında AYB-yə qarşı çıxmayan bir nəfər də olsun gənc yoxdur. Doğrudanmı, Əkrəm Əylisliyə elə gəlir ki, istedadlı olmağın meyarı AYB-ni söyməkdən ibarətdir. Bəs, AYB olmasaydı, görəsən, o, istedadı hansı tərəzidə çəkərdi?
“Allahı tanıyan adam heç kimə ölüm arzulamaz”
– Sizcə, öz müsahibəsində “Füzulinin olduğu məclisdə Anar “padavatçı” ola bilər”, yaxud “Ayxan Ayvaz nəinki Anardan, hətta onun atası Rəsul Rzadan da istedadlı adamdır” deyən Şərif Ağayar da Əkrəm Əylislinin xəttini davam etdirir?
– Bu müsahibəsi göstərir ki, deyəsən, Şərif sadəcə AYB-dən yox, vicdandan da çıxarılıb. Özü də hələ ilk qələm məşqləri edən bir gənci poeziyada mərhələ yaradan görkəmli bir şairdən üstün tutacaq qədər. Hətta düşmən saydığın adama da hörmətlə yanaşmaq olar. Özü də bu adam sıradan bir köşə yazarı yox, Azərbaycan ədəbiyyatının simvoluna çevrilən görkəmli bir yazıçıdırsa.
AYB-dən çıxarılması ilə bağlı çoxsaylı açıqlamalarında Şərifin dərin sarsıntısı hiss olunur. O dərəcədə sarsıntı ki, o hətta sözünə yiyəlik edə bilmir. Əgər, doğrudan da, bu qurum Şərif üçün önəmsiz idisə, bəs, bu sarsıntı nə üçündür? Əgər bu, doğrudan da, tragediyadırsa, onu şouya çevirmək nəyə lazım? Əgər sən bu qurumun “irtica yuvası” olduğunu birinci dəfə ordan öz ərizənlə çıxanda bilirdinsə, niyə yenidən ora qayıdırdın? Və bütün bunlardan sonra sənin özünəbəraət xarakterli çoxsaylı açıqlamalarına necə ciddi yanaşmaq olar?
Füzuli məsələsinə gəlincə, məncə, dahi şairin məclisində çay paylamaq heç də aşağılayıcı bir şey deyil. Vay ondan ki, səni ümumən o məclisə buraxmayalar. Məncə, realist Şərifin Füzulinin metafizik dünyasına girişi yoxdur. Füzulinin əsasında ilahi eşq durur. Şərif üçün isə ilahi eşq kitablardan oxuduğu bir anlayışdır. Sevən adam söyməz. Onun bütün mərifətsiz çıxışları da burdan doğur. Mən mərifət sözünü burda adi, məişət anlamında yox, sırf sufi istilahı anlamında işlədirəm.
Şərif öz müsahibəsini Allahın adıyla başlayıb, Allahın adıyla da qurtarır. Amma Allahını sevən onun yaratdıqlarına da sayğı duyar, heç kəsə ölüm arzulamaz, insandan başqa tale amilini də nəzərə alar. Başa düşər ki, nə olmalıdırsa, o da olur. Şərif isə “Niyə belə oldu?” – deyə özünə sual vermək, özünütəhlillə məşğul olmaq əvəzinə başqaları ilə çomaq davasına çıxır, eynilə hekayələrindən birinin qəhrəmanı kimi. Şərifin on gün ərzində müxtəlif saytlara, qəzetlərə verdiyi müsahibə və açıqlamalarında bircə yerdə də olsa, etiraf məqamına rast gəlmirsən. Belə çıxır ki, hamı günahkardır, bircə Şərifdən başqa. Hamı istedadsızdır, bircə Şərifdən başqa. Vaxtilə onun haqqında yazdığım məqalədəki bir fikri təkrar etməli olacam: nə qədər ki, məhkəməni özünün yox, başqalarının üstündə qurursan, özünü müttəhim yox, hakim rolunda görürsən, bu çıxarılmaların sayı-hesabı olmayacaq. Yuxarıdan gələn işarələrə diqqət et. Həm də sadəcə Mədəniyyət Nazirliyi, yaxud AYB yox, lap yuxarıdan gələn işarələrə. Sən axı Füzulidən danışırsan.
– Bu günlərdə Milli Kitab Mükafatının qalibləri elan olundu. Bu nəticələr haqqında nə düşünürsünüz?
– Əvvəlki illərlə müqayisədə, budəfəki nəticələr, məncə, daha obyektivdir. Mərhum Zakir Sadatlının birincilik qazanması həm ədalətli, həm də insani addım oldu. Onun Əfqanıstan olaylarından bəhs edən və birbaşa, canlı müşahidələr əsasında yazılan “Əfqanıstan uçurumu” romanı həm dilinin mükəmməlliyi, həm də təsvirlərin realizmi ilə oxucunu həm düşündürür, həm də dərindən həyəcanlandırır. Təəssüf ki, müəllifin dünyasını dəyişməsi romanın ikinci hissəsinin yazılmasına imkan vermədi. Amma elə bu halında da onu kamil avtobioqrafik roman nümunəsi saymaq olar. Bu, Azərbaycan ədəbiyyatında Əfqanıstan mövzusunda yazılan hələlik ən ciddi əsərdir. Romanın yeganə zəif cəhəti onun adıdır. Pərvinə, Malik Dursunova da münasibətdə, məncə, komissiya obyektivlik mövqeyindən çıxış edib. Komissiyanın işində yeganə paradoksal nəticə Şəhriyar Del Gerani məsələsi ilə bağlıdır. Ədəbiyyatda azadlıq adı altında söyüşə yol açmaq lazım deyil.
– Sizcə, ədəbiyyatı idarə etmək olar? Azadlıq, demokratiya və plüralizm dövründə bu prosesin qarşısını almaq mümkündürmü?
– Kant deyir ki, tarixin mahiyyətində azadlıq ideyası durur. Amma məncə, bu, gerçəklik yox, Kenisberq dahisinin arzusudur və arzu olaraq da qalır. Məsələn, demokratiya siyasi azadlıq yox, sadəcə, azadlıq oyunudur. İnsan siyasətdə, dində, elmdə azad deyil. Buna görə ədəbiyyatı özünün guya azad olmasına dair təsəlli kimi uydurub. Amma ədəbi azadlıq abstraksiyadan başqa bir şey deyil və kimlərsə bundan cəmiyyətin başı altına yastıq qoymaq məqsədilə istifadə edirlər. Bütün ədəbi təşkilatlar, saytlar, mükafatlar ədəbiyyatı idarə etməyin fərqli formalarıdır. İdarəetmə tabeçilik münasibətləri üstündə qurulur, demək, burda azadlıq ola bilməz. Götürək, “Azadlıq” radiosunun “Oxu zalı”ının ədəbi siyasətini. Sizcə, adını azadlıq qoyan bu sistemdə azadlıq var?
– Sizcə, yoxdur?
– Əlbəttə ki, yoxdur və ola da bilməz. Və mən bunun günahını sadəcə olaraq “Azadlıq” radiosunun üstünə yıxmıram. Sadəcə, qoy ordakılar xalqa mənəvi azadlıq ideyası gətirmək kimi böyük və əsassız iddialarından əl çəksinlər. Azadlıq nəinki “Azadlıq” radiosunda, dünyanın heç bir yerində yoxdur. O, ancaq cənnətdə ola bilər. Məncə, cənnət ruhun mütləq azadlığı, cəhənnəm isə mütləq əsarətidir. Dünya bu ikisi arasında orta yer tutur. Burda hər şey kimi, azadlıq da ancaq nisbi ola bilər. Azadlıq yer üzündə cənnət qurmaq istəyən insanın fəlsəfəsi, eyforiyası, sadəcə, bir ideyadır. Və bu ideyaya aludə olmaq özü də bir əsarət, yalana tabe olmaqdır. Bunun, doğrudan da, belə olduğunu ən dərindən hiss edən filosof yox, yazıçı olub. Bütün yaradıcılığı boyu ideyaların əsarətindən danışan Dostoyevskini nəzərdə tuturam. Onun dahiyanə öncəgörənliklə dediklərinin həqiqliyi elə Dostoyevskinin öz Vətənində tarixi təsdiqini tapdı – kommunist rejimi! Görün, onlar azadlıq ideyaları ilə insanlara nələr vəd etdilər, amma bütöv xalqları hansı dəhşətli əsarətə sürüklədilər? Bu, o qədər də uzaq keçmişdə olmayıb və bizim əksərimiz bunun canlı şahidləriyik.
Söhbətləşdi: Ramil ƏHMƏD