Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanda Ukrayna mədəniyyəti günlərinin təntənəli açılışı olub.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açılış mərasimində çıxış edərək bildirib ki, Azərbaycanda Ukrayna mədəniyyəti günləri “2011-2015-ci illər üçün Ukrayna ilə Azərbaycan Respublikası arasında hərtərəfli əməkdaşlıq tədbirləri planı”na uyğun keçirilir. Bu plan 2011-ci il aprelin 28-də Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb.
Ə.Vəliyev onu da vurğulayıb ki, Ukrayna həmişə Azərbaycanın etibarlı tərəfdaşı olub. Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr uğurla inkişaf edir. Azərbaycan Ukraynada keçirilən bütün beynəlxalq mədəni tədbirlərdə iştirak edir. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti artıq neçə ildir ki, Ukrayna səhnələrində uğurla nümayiş etdirilir. Ukraynalı gənc ifaçılar vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsində mütəmadi iştirak edirlər.
Ukrayna mədəniyyət nazirinin müavini Timofey Koxan bu bayramın təşkil edilməsinə görə Ukrayna və Azərbaycan səfirliklərinə, eləcə də hər iki ölkənin mədəniyyət nazirliklərinə minnətdarlığını bildirib.
Ukrayna mədəniyyəti günləri P.Virski adına dünya şöhrətli Ukrayna akademik milli rəqs ansamblının çıxışı ilə başlanıb. Kollektiv “Polzunes” və “Qopak” Ukrayna xalq rəqslərini ifa etmiş, Ukrayna xalqının uzaq keçmişindən bəhs edən xoreoqrafik nömrələr göstərib.
Mədəniyyət günləri çərçivəsində “Ukrayna bu gün” adlı fotosərgi açılıb, “Kəhrəba mozaikalar” adlı unikal kulturoloji layihənin təqdimatı olub.
Tədbir iştirakçılarına “Nar ağacı” və “Buta ağacı” adlı kəhrəba mozaik pannolar təqdim edilib. Bu əsərlər məxsusi Bakı sərgisi üçün hazırlanmışdır. Ukraynalı rəssamlar Şəki Xan Sarayının naxışları və motivləri əsasında yaradılmış Dünya Həyat Ağacı mövzusunu özünəməxsus bir tərzdə təqdim ediblər.
Sərgidə kəhrəba mozaikalarla bərabər rəngli şüşədən installyasiyalar, vazalar, kəhrəba oyuncaqlar, “Oranta” və “Sofiya ağacı” kəhrəba mozaikalarının fotosurətləri də nümayiş etdirilir. Bədii sərgidəki eksponatlardan biri qədim tarixi olan kəhrəbadır.
Ukrayna sənaye üsulu ilə kəhrəba hasilatına görə dünyada ikinci yeri tutur. Bu sərgidə nümayiş etdirilən kəhrəba Rovno vilayətindəki Vladimires –Vostoçnı yatağında çıxarılır.
GÜNEL