|
|
|
|
Səməd Seyidov: “Ermənistan tərəfi növbəti dəfə danışıqlardan qaçmasa, görüş baş tutacaq”
“Gələn həftə Strasburqda AŞPA-nın yay sessiyası çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətinin görüşü planlaşdırılır”. Bu barədə APA-ya Azərbaycan AŞPA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib.
“Əgər Ermənistan tərəfi növbəti dəfə danışıqlardan qaçmasalar, bu sessiya çərçivəsində iki ölkənin nümayəndə heyətinin görüşü planlaşdırılır”. Onun sözlərinə görə, bu görüş AŞPA prezidenti tərəfindən təşkil olunacaq.
Millət vəkili xatırladıb ki, bu ilin aprel ayında da belə bir görüşün keçirilməsi nəzərdə tutulsa da, Ermənistan nümayəndə heyəti görüşə gəlməyib: “Biz isə əlaqədən, hansısa dialoqdan, müzakirələrdən geri çəkilmirik. İndi Avropa Şurası Nazirlər Komitəsinə Ermənistan sədrlik edir. Buna görə Ermənistan danışıqlardan imtina etməməlidir”.
S. Seyidov onu qeyd edib ki, əgər Ermənistan nümayəndə heyəti yenə də belə bir görüşdən imtina etsə, onda Azərbaycan tərəfi bu məsələni AŞPA-da qaldıracaq.
Millət vəkili AŞPA prezidentinin adıçəkilən təşkilat çərçivəsində Dağlıq Qarabağ üzrə alt komitəsinin faktiki fəaliyyət göstərməməsi fikrinə də münasibət bildirib: “Hansısa bir qurumun mövcud olub-olmamaması bizim üçün əhəmiyyət kəsb etmir. Bizim üçün əsas məsələ Dağlıq Qarabağ məsələsinin hər zaman gündəmdə qalmasıdır. Ona görə, hər hansı bir qurum uğrunda mübarizə aparmağın mənası yoxdur. Lakin ideya və mövqe uğrunda mübarizə aparmaq lazımdır”.