NOFƏLLƏ VURUŞANA BAX
Piri xəstəxanada növbətçi həkimmiş. Yanına ayağı sınmış bir xəstə gətirirlər. Tez ona lazımı tibbi yardım göstərir,ayağını gipsə qoyur.Sonra da sınığın başvermə səbəbini soruşur.Oğlan hadisəni təfsilatı ilə nəql edir:
-Bilirsiniz həkim,-deyir yaxınlıqdakı kəndə Leyli ilə Məcnunun kinosunu çəkənlər gəlmişdi. Soruşdular ki kim istəyir çəkilişdə iştirak etsin. Mən də həvəslə razılıq verdim. Dedilər ki,sabah atını min gəl,Nofəlin qoşunu ilə vuruşa gedəcəksiniz. Mən də səhər ora getdim. Amma döyüş yerinə catmamış atdan yıxıldım.
Pirni od götürür.Tez həkim yoldaşlarını otağa yığıb deyir:
- Bunu görürsünüz,Nofəlin qoşunu ilə vuruşa gedəndə yolda atdan yıxılıb. Buna deyən gərək a köpəy oğlu,sən heç atın belində otura bilmirsən,bəs o boyda sərkərdənin qoşununun üstünə hansı hünərlə gedirsən.
BU DA PUL DEYİL Kİ,
Piri polis rəisinin müavini imiş,polislərdən ibarət futbol komandası yaradır.Hansı komanda ilə yarışırlarsa qalib gəlirlər, komanda şöhrətlənir.Hər yerdə haqqında xoş sözlər deyilir.Bunu görən polis rəisi Pirini çağırıb deyir:
-Mənim də adımı yaz komandaya.Mən də oynayacam.
Piri onun futbol oynaya bilməməsini bilsə də əlacsız qalıb adını yazır.Oyun başlayır. Rəisə xoş gəlsin deyə kimin ayağına top gəlirsə rəisə ötürür.Rəis də,gah topa çata bilmir,gah da vuranda ofsaydda olur.Komanda uduzur.Əsəbiləşsədə Piri heç nə deyə bilmir.İkinci dəfə bir də oyunçular topu rəisə ötürəndə, özünü saxlaya bilməyib ucadan qışqırır:
-Ay zalım uşağı,topu mənə ötürün, vurum qol olsun.Top da pul deyil ki,rəisə verəsiz.
Rusiyanı zarazit etmƏyƏ bƏsdir
Piri eşidir ki, qardaşı oğlu Moskvada hərbi qulluqda olanda bir rus qızı ilə evlənib.Həmin qadından da iki oğlu olub.Xidməti başa vurduqdan sonra özü çıxıb gəlib, uşaqlar da qalıb orada. Bir gün qardaşı oğlunu yanına çağırıb soruşur:
-Əmi qurban, deyirlər əsgərlikdə olanda evlənmisən Moskvada iki oğlun var, eləmi? Oğlan utandığından başını aşağı salıb cavab vermir:
-Utanma, əmi qurban, lap yaxşı eləmisən. Vallah, bizim nəsildən ki,orda iki oğlan uşağı var, bütün Rusiyanı zarazit eləməyə kifayətdi.
Qarpızın Əmisisən
Uşaq vaxtı Piri eşidir ki, kolxozun bostanı var,qoruqçusu da anasının doğmaca əmisidi. Gedir bostana, deyir əmi mənə bir qarpız ver,susuzluqdan yanıram.Kişi özünü vurur eşitməzliyə.Piri nə qədər yalvarırsa kişi əhəmiyyət vermir. Əlindəki tüfəngi oynada-oynada çıxır yaxınlıqdakı çardağa. Piri xeyli gözləyir.Bir qədər keçmiş eşidir ki, çardaqdan səs gəlir. Bir az qulaq asıb tez qalxır çardağa. Görür ki, kişi namaz qılır.O, Pirini görcək əli ilə işarə edir ki, düş aşağı. Piri qəfildən tüfəngi götürüb dirəyir kişinin boğazına:
-Köpəy oğlu, kəlmeyi-şəhadətini oxu.
Kişi namazdan qalxıb başlayır yalvarmağa:
-Sənə qurban olum ay bala, axı mən sənin əminəm.
Piri tüfəngi onun xirtdəyindən çəkmədən:
-Uzatma, sənə dedim kəlmeyi-şəhadətini oxu, sən mənim yox qarpızın əmisisən.
Seyfəlidən başqa kişi yoxdu
Pirini rayon partiya komitəsinin birinci katibi seçirlər.Rayonun bədxahları aralarında məsləhətləşirlər ki, gəlin bu təzə katibi pərt edək. Dərhal qərara gəlirlər ki, bu işə dəli Seyfəlini də qoşsunlar. Onlar rayonda dəli kimi tanınan Seyfəlini çağırıb təlimatlandırırlar. Nə etmək lazım olduğunu ona öyrədirlər. Bir gün səhər katib işə gələndə Seyfəli əlində bir nəfəs aləti çala-çala onu qarşılayır. Katib heç nə demir, otağına keçib işi ilə məşğul olur.İkinci gün Seyfəli oynaya -oynaya katibi qarşılayır.Piri yenə də əhəmiyyət vermir. Üçüncü gün dəli kimi oxuya-oxuya katibin qarşısına çıxır.Piri də adəti üzrə onun yanından saymazyana keçib gedir kabinetinə.
Köməkçisini çağırıb pəncərədən Seyfəlini göstərib onun kim olduğunu soruşur.Köməkçi:
- O, dəlidi, yoldaş Piriyev.Ona hamı rayonda dəli Seyfəli deyir.
Piri köməkçiyə tapşırıq verir ki, axşam saat altıya rayonun bütün rəhbər işçilərini iclasa çağır.Köməkçi dərhal katibin tapşırığını yerinə yetirir.Axşam hamı iclasa yığışır.Piri içəri daxil olanda hamı özünü yığışdırır, sakitcə təzə katibə baxırlar.Piri təmkinlə söhbətə başlayır:
-Yoldaşlar mən cəmi üç gündür ki, bu rayonda birinci katib işləyirəm.Birinci gün işə gələndə Seyfəli nəfəs alətində çala-çala məni qarşıladı, ikinci gün oxuya-oxuya, bu gün də oynaya -oynaya.Yaxşı, çalan Seyfəli,oxuyan Seyfəli,oynayan Seyfəli. Mənə təəccüblü gəlir, bu boyda rayonda Seyfəlidən başqa kişi yoxdu?
Mehman Kazımlı