Ən gözəl çiləm
Gözlərindən süzülüb axır gecənin nəmi,
Udur balışlarımız ikimizin kədərin.
Ah nə gözəl çilədir, beləcə sevmək səni
Toxunmadan, dəymədən,
fəqət dərindən-dərin.
Eyni şəhərdə olmaq, eyni havanı udmaq,
Eyni bağda, bağçada gəzişmək axşam çağı.
Ah, nə gözəl çilədir, səni düşünüb yatmaq,
Xəyalına boyamaq pəncərəni, ortağı.
Ünvanını bilmədən, yollarını tanımaq.
Təsadüfən küçədə göz-gözə gəlmək də var.
Ah, nə gözəl çilədir sənsiz də, sənin olmaq
Ah, nə gözəl sehirdir sənə açan qapılar.
Karıxır sözlərimiz hisslərimiz dinəndə,
Qismətimdir gözünün
zülmətində boğulmaq.
Ah, nə gözəl çilədir dodaqların güləndə,
Ölüb-ölüb, təzədən gülüşündə doğulmaq.
Bu bayram
Bu bayram da sənsiz ötdü,
Qəmli ötdü, səssiz ötdü.
Bir olmadıq bu gecəni,
Bir gecə də bizsiz ötdü
Bu bayram.
Şamlar yanıb axdı gecə,
Gündüzümə çıxdı gecə,
Gözü yaşlı bir mən idim,
Bir də ki yiyəsiz küçə
Bu bayram.
Süfrəm dolu noğul, nabat,
Mən dadmadım, barı sən dad.
Papaq atan gen dolanma,
Gəl qapıma bir papaq at
Bu bayram.
Qulaq busan, busma məni,
Sözüm yox güldürəm səni.
Evimdə iki tənha var,
Bir mənəm, birdə səməni
Bu bayram.
Aldandın nəyə bilmədin,
Dərdini deyə bilmədin
Çox gözlədim gəlişini
Qapımı döyə bilmədin
Bu bayram.
Novruz tonqalı qalandı,
Hamı üstündən tullandı.
Atıldım dərdlərim yansın,
Səadətim düşüb yandı
Bu bayram.
lll
Ləpələndim dalğa-dalğa,
Sahilə vurdun dağıldım.
Sən məni hər öldürəndə,
Üzümə saldım doğuldum.
Yenə düşdüm alovuna,
Yer tapmadı qəlb ovuna.
Düşüb qəmin tilovuna,
Göz yaşlarımda boğuldum.
Ömrün çətin saatında,
Çapıram həsrət atında.
Sənin rəngsiz həyatında,
Sən demə mən də nağıldım.
Bəxtinin aynası kimdi?
Oduna yanası kimdi?
İçimdə bir şair dindi,
Axıb sözümə yığıldım.
lll
Bəxtim yenə payızdadır,
Xəzəl olub tökülürəm.
Məndən sənə yuva olmaz,
Kərpic-kərpic sökülürəm.
Yamadılar sözə məni,
Gətirdilər gözə məni.
Bir sənim yox dözə məni,
Sınağamı çəkilirəm?
Şər atdılar, şərə düşdüm,
Bir Allahsız yerə düşdüm.
Haqsızlıqdan üşümüşdüm,
Haqq olana bükülürəm.
Şeytanlar palçığa qatdı,
Mələklər təzədən yapdı.
Yaradan, üzlü yaratdı.
Əzildikcə dikəlirəm.
Təzad
Qəlbinə nə qədər kədər salırsan,
Məni ürəyinə salmırsan ancaq.
Ah necə qəddarsan, necə qəddarsan,
Qıymırsan, düşmənim olmursan ancaq.
Get də söyləmirsən, qal da demirsən,
Şah da eyləmirsən, qul da demirsən,
“Ömürlük qismətim ol” da demirsən,
Qapının ağzından qovmursan ancaq.
Şairlik edirəm məhəbbətimlə,
Arxanca düşürəm qətiyyətimlə,
Üzümə baxırsan lal həsrətinlə,
Həsrətli gözümə dolmursan ancaq.
Ya üşüt qışında, ya da ki yandır,
Arzunu bu qədər üzmə amandır.
Qəsdimə dürmüsan neçə zamandır,
Gəlib də canımı almırsan ancaq.
Telindən azadlıq qoxusu gəlir
Nəğmələn içimdə, oxuyum səni,
Qəmli notlarında buludlar dolsun.
Yenə xəyallardan toxuyum səni,
Ən əziz qonağım xəyalın olsun.
Onsuzda uzaqsan, bundan da uzaq,
Başqa uzaqlarmı tanıdacaqsan?
Pərvanə könlümə ən şirin yasaq,
Bir gün qanadımı yandıracaqsan.
Bilirəm sonunu, yenə də, ancaq,
Ruhum yollarında qəribsəyəcək.
Dəstəyin içində bir səs susacaq,
Bir ürək sükutu hərifləyəcək.
Yollayıb üstümə soyuq yelini,
Hicran xalısını sinəmə sərir.
Son kərə öpürəm siyah telini,
Telindən azadlıq qoxusu gəlir.
Azıb mənzilini ümid qatarım
Tamam sönməyibdir bu od, bu ocaq.
Bəlkə də bir ara közərəcəyik.
Hələ üşümürük, yanır oduncaq,
Hələ qəlbimizə isti əlcəyik.
Tamam sökülməyib korpülərimiz,
Keçməyə bir ümid yolu var hələ.
Hələ ki yağışdan gizlənirik biz,
Qarşıda leysan var, dolu var hələ!
Azıb mənzilini ümid qatarım.
Yarımçıq yolların bitəcəyi var.
Ayrılsaq özümü hara aparım?
Ünvan tapılmır ki itəndə yollar.
Hansımız haqlıyıq, hansımız haqsız?
Fikirdən yorulub artıq ürək də.
Bir quru çinaram qolsuz –budaqsız,
Məni yıxa bilər zəif külək də.
Bu ocaq getdikcə sönür, tükənir.
Kül yanmaz üstünə od atsaq da biz.
Ayrılıq gələcək, yol geri dönür,
O anı, o günü yubatsaq da biz!...
Bütün şeirlərim ayrılıq dadır
Bütün şeirlərim ayrılıq dadır.
Yazası bir sözüm qalmadı artıq.
Biz nəsə yaşadıq, nəsə yaşadıq,
Bir qısa ətəkli, kürəyi açıq.
Biz nəsə yaşadıq, olmadı adı.
Fahişə qadına bənzədi bəzən.
Biz onu min kərə küçəyə atdıq,
Sonra yaxaladıq kimləsə gəzən.
Getdi dodağının boyası gecə,
Şişkin gözlərində doğuldu sabah.
Biz nəsə incitdik elə indicə,
Biz nəsə yaşadıq ,ünvanı günah.
Bürün gödəkcənə soyuyub bahar.
Hisslərin zökəmi sağalmaq bilmir.
Dünən ikimizi gəzdirən yollar,
Bu gün ayağımın altına gəlmir.
Sənsiz yaşamağa alışıram mən.
Xəyalın tavandan gülür üzümə.
İçimdə bir sevgi can verir bədən.
İçimdə bir sevgi ölür, üzülmə.
Yandıracaq sözüm məni
Azad edin məni məndən
Öldürəcək özüm məni.
Öz özümün düşməniyəm,
Göz götürmür gözüm məni.
Bir əlimdə iti bıçaq,
Bir küncümdə məsum uşaq,
Xeyirlə şər toqquşacaq
Dözə bilmir dözüm məni.
Sərhədləri yarmağım var,
Körpüləri qırmağım var,
Bir yaralı barmağım var
Sızıldadır sızım məni.
Ovuluram ovum-ovum.
Atım yox atlını qovum.
Özümü kül edir odum,
Diz çökdürür dizim məni.
Qəflətdəyəm,dur deyən yox.
yumruqdayam vur deyən yox.
Sükutumu dinləyən yox
Tanımır ki səsim məni.
Məni mənə yasaq tutun.
Məni məndən qıraq tutun.
Sözü məndən uzaq tutun,
Yandıracaq sözüm məni.
İçimdə ağlayan şeir
Sənə də vaxt yetişəcək,
İçimdə ağlayan şeir.
Qoy bir az başım səngisin
Bu dünyanın dərd sərindən.
Birdə məni atıb gedən,
O qansızın əllərindən.
Qoy biraz başım səngisin.
Bir az ağladım gözümü,
Bir az incidim özümü.
Bir az daha çox ağrısın,
Dünən vurulan yaralar.
Bəlkə, onda səni yazmaq asan olar,
İçimdə ağlayan şeir.
Bu dünyada hər şey rəngdir,
Hər şey boya.
Hisslər boya,səslər boya.
Yaranışlar,ölümlər də,
Mərhəmətlər,zülümlər də,
Ədalət də adi rəngdir,
Xəyanətin adı rəngdir.
Nə rəngdədir bilirsənmi,
Ac körpənin çörək eşqi?
Nə boyaya boyanıbdır,
Kardeoloji xəstənin
Həyat eşqi, ürək eşqi?
Yada bir ana qəlbinin
Məsum eşqi, mələk eşqi,
Nə rəngdədir bilirsənmi ?
Duyursanmı nə təlaşla
Yaşayıram bunca zaman?
Hansı rəngdən hansı rəngə boyanıram?
İtirirəm, itirirəm, qazanmıram,
İçimdə ağlayan şeir,
Ağla, səni yazammıram.....