Həmişə alın yazısına inanmışam. Bu dünyada heç nəyin təsadüfən baş vermədiyinə də əminəm. Günəşin çıxması, yağışın yağması, ildırımın çaxması, küləyin əsməsi də təsadüfi deyil. Deməli, dünyadakı bütün varlıqlar idarə olunur. Baş verən hər bir hadisə ulu yaradanın iradəsindən o yana deyil. Qismət, alın yazısı kimi başa düşdüyümüz bu incə məqam da, insanlara ərmağan olunan ilahi payıdır.
Yaqubla uzun müddət bir kollektivdə,bir idarədə çiyin-çiyinə işləməyimiz də tale işidir. 20 il əvvəl rastlaşdığım bu insanın o vaxt cəmi 40 yaşı vardı. Amma yaşından böyük göründüyündən ona bu yaşı vermək çətin idi. Bəlkə mənə elə gəlirdi. Amma Yaqubun ağsaqllara məxsus jestləri belə düşünməyimə əsas verirdi. Təmkinli və ağırtaxtalılığı dərhal hiss olunurdu. İlkin təəssüratım belə idi. Yaqubda köhnə kişilərə məxsus o qədər xüsusiyyətlər aşkarlamışdım ki...
Onunla ilk tanışlığımı xatırlayanda özümü 20 il əvvəlki kimi hiss edirəm. Cavan, qayğısız, hər şeyə biganə və qulp qoyan, atalı-analı gənc bir oğlan.Tale yolumu Dövlət Teleradio Verilişləri Şirkətindən salanda cəmi 22 yaşım vardı. İdman redaksiyasına yarımştat işə düzəlmişdim. Televiziya mühitinə yavaş-yavaş alışmağa başlamışdım. Günlərin birində redaksiyada məni bir nəfərlə tanış etdilər – “Tanış ol,Yaqubdur. Nuriyev Yaqub. Bundan sonra birlikdə işləyəcəksiniz” – Məlum oldu ki, yenicə tanış olduğum qaraqabaq həmkarım əvvəllər də bu idarədə, bu redaksiyada işləyib. Tez isinişdik. Bir az söhbət etdik. Peşəkar olması dərhal hiss olunurdu. Bundan sonra Yaqubla 16 il eyni redaksiyada çalışdıq.
Məlum oldu ki, ikimizi də eyni dərd birləşdirir. Yurd dərdi. Axı Yaqub Qərbi Azərbaycanın Zəngəzur mahalında – Sisiyan rayonunun Sofulu kəndində doğulub. Uşaqlığı, yeniyetməliyi Sofuluyla bağlıdır. Ailədə uşaqların sayı çox, qayğılar isə yetərincə bol olub. Atası Qəyibqulu kişi dünyadan vaxtsız köçdüyündən çiyninə böyük yük düşüb. Anasını fikir, əziyyət çəkməyə qoymayıb. Evin problemlərini rəhmətlik Nənəqız anayla birgə həll etməyə çalışıb. Sonradan həmin günləri xatırlayanda kövrəlirdi. Bacıların həyanı, qardaşların arxa dayağı olmaq hər qardaşın işi deyil. Yük çəkmək, böyük ailədə hər şeyin mizanını qoruyub saxlamaq Nənəqız ana üçün çətin olsa da, Yaqubu həmişə yanında hiss edib. Bəlkə elə rəhmətliyə əlavə ruh, həyat eşqi verən də Yaqubun ailəcanlığı idi. Qayğılar başdan aşsa da, bir amalı olub. Həm özü ali təhsil almalı, həm də qardaşlarına arxa dayaq durmalıdır. Yorulmadan işləməkdən, üstəlik ev qəhri çəkməkdən bir an belə usanmayıb. Qardaşları Yusiflə Məhərrəmin də əzmkar və mübariz ruhda tərbiyə olunmasında Yaqubun əməyi böyükdür. Sonralar ali təhsil dalınca Bakıya üz tutanda qayğılar birə beş artıb. Amma həyatın hər bir çətinliyinə sinə gərib. Dözüb, mübarizə aparıb, nikbinliyini qoruyub. Elə həyatını idman jurnalistikasına və pedaqoji fəaliyyətə bağlaması da onun özünə qarşı tələbkarlığının bəhrəsiydi.
Həddindən artıq diqqətciliyi Yaqubu başqalarından fərqləndirən cəhətdir. Tələbkarlığı məsuliyyətdən irəli gəlir. Təvazökarlığı tərbiyə aldığı ailədə formalaşıb. Alicənablığı kamilliyindən xəbər verir. Deməli, həyatını Azərbaycan idmanına bağlayan Yaqub Nuriyev ömrünün 60 ilini hədər verməyib. Özü deyir ki, “1975-ci ildə Azərbaycan radiosuna sadə bir qonaq kimi gəldim. Amma sən demə, taleyimi bura bağlayacaqmışam”.
Yaqub həm də söz adamıdır. Əlbəttə, uzun müddət dinləyicilərlə təmasda olan bir şəxs sözü cilalayıb, ona bəzək-düzək vurub, sağına-soluna keçəndən sonra efirə verib. Redaksiyaya gələn hər bir gənc əməkdaş onun qayğısını hiss edib. İndi televiziya kanallarında çalışan idman şərhçilərinin əksəriyyəti Yaqubun yetirməsidir. Dəfələrlə birlikdə şərhçilik etmişik. İstər milli komandamızın, istərsə də klublarımızın oyunlarının radio reportajını birlikdə aparmışıq. O qədər yükün altında cümlələrə fikir verir, canlı söhbətdə, iti danışıq prosesində peşəkarlıq köməyinə çatırdı. Səhəri redaksiya edilən zənglər, təşəkkür dolu məktubların hamısı Yaqub Nuriyev zəhmətinin bəhrəsiydi.
1999-cu ildə Azərbaycan-Portuqaliya oyununun canlı reportajı yadıma düşür. Görüşü Yaqubla birgə şərh edirik. Fasilədə işıqların sönməsi oyunun dayanmasına səbəb olur. Biz isə şərhçi otağında əyləşdiyimizdən nəyin baş verdiyini anlaya bilmirik. Efirə bağlanırıq və bir qədər sonra oyunun başlanacağını elan edirik. Futbolçular meydanda gözə dəymir. Bir az ilk yarı barədə, heyətlər haqqında danışırıq. Komandalar isə meydana çıxmır. Qonşu otaqlardakı şərhçilər də yerindədirlər. Az sonra nəyin baş verdiyini öyrənsək də, efiri dayandırmırıq. Bizim üçün ayrılan efir vaxtını dinləyicilərlə birlikdə oluruq və baş verənləri idman həvəskarlarına çatdırırıq. Efir qurtardıqdan sonra dilxorluğu hiss olunsa da biruzə vermir. “Eybi yox, sabah əvəzini çıxarıq!”-deyir.
Ertəsi Azərbaycan-Portuqaliya matçını birlikdə böyük ruh yüksəkliyi ilə şərh etdik.
Yaqubun pedaqoji sahədə də yetərincə təcrübəsi var. Neçə illərdir Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında dərs deyir. Azərbaycan Otüstü Xokkey Federasiyasının mətbuat xidmətinin rəhbəri də Yaqub Nuriyevdir. Deməli, Yaqub təpədən dırnağacan idman adamıdır. Aldığı nəfəs də idmanla bağlıdır. İdmana aid elə bir sahə tapılmaz ki, xəbərsiz olsun. Daim idmançıların yanında olan respublikanın əməkdar jurnalisti Yaqub Nuriyev bir neçə ildir idman jurnalistikasındakı fəaliyyətinə son qoyub.
Amma ürəyi daim sevdiyi peşənin yanındadır. Otüstü Xokkey Federasiyasının fəaliyyətiylə, görülən işlərlə, idmançılarımızın çıxışlarıyla bağlı yazılarından onun dəsti xəttini sezməmək olmur. Üslubu dərhal hiss olunur.
Məhtəvan adlı xanıma könül verib, sevib, evlənib. Toylarını doğma yurdda – Sofuluda ediblər. Azay əminin dağlara səs salan qara zurnasının səsi də hələ qulaqlardadır. Qəyubqulu kişinin ocağındakı toy üç gün davam edib.Nənəqız anaya göz aydınlığına gələnlər “qoşa qarısınlar,oğullu uşaqlı,nəvəli nəticəli olsunlar”-deyə xeyir-dua veriblər. İndi Yaqubun uşaqları da var, nəvəsi də, inşallah nəticəsini də görər. Üç övlad böyüdüb – Elxan, Nigar və Könül. Hər üçü də ali təhsil alıb. Həyat yoldaşı Məhtəvan bacı da Yaqubu seçdiyinə heç vaxt peşman olmayıb. “Ailəsinə bağlı adamdır” – deyir. Neçə illərdir həyatın hər bir üzünü görən Yaqub Nuriyev babalıq zirvəsinə də çatıb. Nəvələrsiz dayana bilmədiyi dərhal hiss olunur.
Yalanı sevmir, təvazökardır, insanlara biganə deyil, dostluqda möhkəmdir və sair.Yaqubun 60 illiyində haqqında yazmaq nə qədər xoş, onu xarakterzə etmək nə qədər gözəldir. 10 il əvvəl, 50 illiyini qeyd edəndə təbəssümlə deyirdi ki, “qocalığın astanasındayam”.
Əlbəttə ki, hər gün ömürdən gedir. 10 il necə keçdi, hansı sürətlə bu vaxtı arxada qoyduq, bu on ildə nələr dəyişdi, əslində fərqində deyilik. 20 il əvvəl saçında bir dənə də ağ tük olmayan həmkarımın başında indi qara tüklər barmaqla sayılası qədərdir. Necə də olsa aradan 20 il ötüb. Bizə qalan isə xatirələrdir.
Ad günün mübarək, ustad!
Vəli HƏSƏNOV