525.Az

Üzündən oxunur içindəki duyğular...


 

MİLLƏT VƏKİLİ QƏNİRƏ PAŞAYEVAYA İSMARIC

Üzündən oxunur içindəki duyğular...<b style="color:red"></b>

Mən sənə anammı deyim, balammı deyim?

Mən sənə əmimmi, dayımmı deyim?

Harda varsan, ora - qədəm basdığın hər yer minillərin səhrası da olsa, gül bitirər, çiçək gətirər.

Mən sənə soydaşımmı deyim, qardaşmmı deyim?!

Ömrünü İNSANA - bəşərə, haqqa - həqiqətə nisar eləyən bir cəfakeşmi deyim?

Ya dastanlaşan, nağıllaşan bir iman əhlimi deyim?

Dolama yolların girdabında hara getdiyini bilməyən  kimsələrə yol göstərən, səmt uğurlayan qosqoca bir dərvişmi deyim?

Kökü bütün Türk ellərinin, Turan dünyasının ən dərin qatlarından  rişələnən  palıd budağısan bəlkə?

Boyu uzun Burla Xatunsanmı, anam?!

Ya ulu Tanrı payı Banu Çiçəksənmi?

Ya Dədəm Qorqud çırağı olub, "boy boylayan, soy soylayan" üzü nurlu bir ozansanmı?

Ağrıyan, göynəyən, qanayan yaralara məlhəm olmağa, paralanmış ürəklərə loğman olmağa can atırsan hər zaman.

Sazın Təbriz kökünə köklənib anam!

Sazın Dərbənd kökünə, Göyçə kökünə köklənib.

İçində bir Mete ruhu, Atilla ruhu bərqərardı.

Yarı canın Doğu Türküstanda!

Yarı canın Borçalıda...

Səsini dünyanın  çox yerində duymuşam!

Sözünü ər meydanlarından eşitmişəm dönə-dönə!

Və içim rahatlanıb. Qəlbim qürur zirvəsinə dönüb.

Harda var olubsan - orda haqqımızı, hüququmuzu, mənəviyyatımızı, tariximizi, mədəniyyətimizi, millətimizin haqlarını savunubsan.

Sən olan məclislər, sən olan tədbirlər o qədər  işıqlı və yaraşıqlı ki!

Sən çıxan kürsülər o qədər əzəmətli, o qədər qürurlu ki!

Çox nurlu bir yolun yolçususan, əfəndim!

Bəmbəyaz diləklərin elçisisən başdan-binadan.

Çox dəyərli bir qələm əhlisən.

Söz sərrafısan.

Bitməyən, tükənməyən, azalmayan, sozalmayan bir güc mənbəyi, qüvvət timsalısan.

Toy-düyünlərimizdə, kutlu bayramlarımızda göyərçin kimi qanad açıb uçduğunu, ağrılı-acılı günlərimizdə mükəddər bir heykələ döndüyünü görmüşəm.

Əlibəylidə əsgərlərimizə necə bağır basdığının canlı şahidi olmuşam.

Qarabağda bizə qurulan tuzaxlara dünyanın biganə qalmağına necə üsyanlar elədiyin gözlər önündə.

Yaxşıları yamanlardan seçməyən, düz niyyətliləri bəd niyyətlilərdən ayırmaqda aciz olan, "dovşana qaç, tazıya tut" - deyən  bu namərd və amansız gərdişin önündə qaya kimi, dağ kimi durmağı qadirsən. Və çox-çox həqiqətləri ruhunda təcəlla elətdirən bir milli fədaimizsən, anam!

Hər zaman Haqqa doğru yol alıbsan və Haqqın hüzurunda alnıaçıq, üzüağ olubsan. Şərdən, böhtannan, yalannan uzağ olubsan.

Və buna öz varlığına inandığın qədər inanıbsan. İstəklərinin bir gün öz meyvəsini verəcəyinə də ürəkdən-candan umudlanıbsan. Əzminə, iradənə, dözümünə lap çoxdan heyranam, əfəndim! Tanıdığın, bildiyin  hər kəsin kimliyini bir baxışdan anlayansan, bilirəm.


Ulu söz sultanlarımızın hüzurunda müntəzirsən.

Təkcə bütöv Azərbaycan vüsalına həsrət qalıb bu dünyadan nakam köçən şairlər şahı dədə Şəhriyarın bir divanəsi, aşiqisən, desəm, yanılmaram asla!

Qayğıdan, sayğıdan yoğrulubsan. Dinləməyi, anlamağı, dəyər verməyi özünə borc bilirsən.  Və bu borcu  yerinə yetirməyə qadirsən və qabilsən.

Sən insanlara və insanlığa hizmət üçün doğulubsan, anam! Bu ulu və ali muraz tək sənin öz  murazın deyil ha. Bu, Qadir Allahın istədiyidi. Bəzən deyirlər, sən heç özünü düşünmürsən.

Əsla!

Düşünürsən, fəqət insanlığın bir zərrəsi kimi. Və bunu da hər yoldan ötən anlamaz. Anlayan anlayar!

Həyatına, elinə, ulusuna, millətinə adayanlar  bəlkə də barmaqla sananar bu dünyada. Və nə mutlu ki, onlardan biri də sənsən.

Heç kəsə bənzəməyə çalışmadın.

Heç kəs kimi yol yürümədin.

Sən özünə bənzədin! Özün oldun!

Olduğun kimi oldun!

Üzündən oxunur içindəki duyğular.

Sən bir mahnı kimisən, anam!

Allah səni Azərbaycan avazında bir mahnı kimi oxuyub bu cahana. Özü də heç vaxt unudulmayan və yaddan çıxmayan bir mahnı kimi.

Nə qədər sevənin, nə qədər istəyənin var  bu məmləkətdə.

Nə qədər dəyər qazanıbsan ellər içində.

Ağır oturuşun, batman duruşun "bərəkallah" dedizdirib insan sərraflarına. Kökdən gələn, soydan gələn, əsildən-zatdan gələn bir nuranilik, piranilik oxunur hər addımında.

Səndən dəstir götürən, sənə bənzəməyə çalışan, örnəyi sən olan nə qədər puçur töküb, çiçək açanlarımız var.

Hələ bundan sonra nələr olacaq anam!

Çünki "Var millətimin imzası imzalar içində".

Hələ sən çox kürsülərə sinə gərəcəksən.

Hələ sən qeyrətinlə çoxlarına dərs verəcəksən!

Aslanın erkəyi-dişisi olmaz"-demiş dədələr.

Hələ çox meydanlarda kükrəyəcəksən.

Üçrəngli bayrağın başın üstə dalğalandıqca  "məsud yaşa"yacaqsan!

Hələ çox-çox muradımız çin olacaq sən görə-görə.

Hamı yığışacaq bir ocaq başına. Və hər  könüldə bir tonqal qalanacaq.

Yağıların niyyətləri yağmalanacaq.

Öncə Azərbaycan bir bədən, bir can olacaq.

Ay-ulduzun altında bir dünya - Turan olacaq!

Hələ bir az da alış-yan, anam!

Hər birimizin qəlbində vətən, millət və Yurd sevgisi çaylar kimi çağlasın.

Hələ bir az da alış-yan, anam!

Çünki:

Sən yanmasan, 
                    mən yanmasam,
                           biz yanmasaq,
Necə çıxar qaranlıqlar aydınlığa!!!

Dərviş Osman ƏHMƏDOĞLU
10 may 2018
Borçalı

 





24.05.2018    çap et  çap et