525.Az

Tariximiz və irsiyyətimiz


 

Tariximiz və irsiyyətimiz <b style="color:red"></b>

Genetika cavan elmlərdəndir. Elmi əsaslarla genetik tədqiqatların tarixi hələ əsr yarıma çatmayıb. Empirik genetika bugünkü elmi genetikaya çox şey öyrədib, yol göstərib.

Əkinçiliyin, bitkiçiliyin, maldarlığın qədim tarixini izləsək, genetikanın rüşeymlərini orada tapa bilərik. Genetikanın müasir elmi üsullarla sürətlə inkişafı isə keçən əsrin 30-cu illərindən başlayır. Əsas vəzifəsi orqanizmlərin fərdi inkişaf qanunlarını öyrənib, onların irsiyyət və dəyişkənliyini idarə etmək üsullarını işləyib hazırlamaqla insana lazım olan yeni orqanizm formaları yaratmaqdan ibarətdir. Bu elmin tarixi hələlik qısa olsa da, onun həyatın bir çox istiqamətlərində çox böyük uğurlar qazandığını görürük: maldarlıq, bitkiçilikdəki nailiyyətlər göz önündədir.

İnsan genetikası üzrə tədqiqatlar “İnsan Genomu Layihəsi” (Human Genome Project) 1990-cı ildə başlayıb 2003-cü ildə bitib. Bu layihə təqribən 3,2 milyard nukleotid uzunluğunda olan insan dezoksiribonuklein turşunun (DNT) ardıcıllığının təyin olunması ilə nəticələnib. Nukleotid ardıcıllığının təyin olunması hazırda molekulyar tibdən başlamış insan təkamülünə qədər bir çox elm sahələrinin tədqiq olunmasında, mürəkkəb problemlərin öyrənilməsində tətbiqini göstərməkdədir. Bioarxeologiya və antropologiya kimi elm sahələrində də genetika öz qəti sözünü deyir. Son zamanlar unudulmuş ağ irqi mənsubiyyəti ifadə edən “Qafqazoid” termini elmi dildə yenidən istifadə olunmağa başlayıb.

Müsahibim, ABŞ-ın Ayova Universitetinin sitogenetika laboratoriyasının direktoru, Molekulyar biologiya üzrə fəlsəfə doktoru, Aqşin Fərhad oğlu Tağıyevdir.

Aqşin Tağıyev - 1963-cü ildə riyaziyyatçılar ailəsində, BDU-nun professoru Fərhad Tağıyev və riyaziyyat müəlliməsi Esmiralda Çələbiyevanın ailəsində anadan olub. Atası Fərhad Tağıyev Azərbaycanda ilk dəfə xaricdə yaşayıb-yaradan dünyamiqyaslı azərbaycanlı alimimiz Lütfi Zadəni alim kimi tanıtmış və təbliğ etmiş, onun Qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsindən BDU-nun riyaziyyat fakültəsində mühazirələr oxumuşdur. O, bu dahi alimin elmi kəşflərinin öyrənilməsi, işlənilməsi üçün onun şəxsiyyətinə olan dərin hörmət və məhəbbət hissi ilə Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasını təsis etmiş və bu akademiyanın ilk prezidenti olmuşdur. Lütfi Zadə haqqında 1997-ci ildə “Azərbaycan” nəşriyyatında çap olunmuş “Müasir elmi korifeyi” adlı ilk elmi-kütləvi  kitabçanın da müəllifi Fərhad Tağıyevdir.

Aqşin Tağıyev 1986-cı ildə Piroqov adına II Moskva Tibb İnstitutunun Tibbi-Biologiya fakültəsini bitirib. 1992-ci ildə Rusiyanın Tibb Akademiyasının nəzdində olan Hematoloji Elmi Mərkəzdə “Azərbaycanda beta-talassemiya mutasiyalarının spektri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1998-ci ildən ABŞ-da, Ayova Universitetinin Patologiya Departamentində əvvəl postdossent kimi, sonradan elmi-tədqiqatçı kimi çalışıb. Hazırda həmin universitetin Pediatriya Departamentinin Tibbi genetika bölümünün nəzdində olan Sitogenetika laboratoriyasında direktor, PhD, Adcunct Assistant Professor kimi çalışır. Aqşin Tağıyev, böyük əksəriyyəti ABŞ-da çapdan çıxmaqla, 42 məqalənin həmmüəllifidir (məqalələri www.researchgate.net saytında oxumaq olar). Məzuniyyətini ailəsi ilə bərabər həmişə doğma vətəni Azərbaycanda keçirməyi xoşlayır. Son dəfə onunla 2016-cı ilin oktyabr ayında görüşmüşəm. Hər görüşümüz zamanı onunla molekulyar biologiyada yenilikləri, müasir tibb elminin ən son nailiyyətləri barədə məlumatları öyrənirəm. Son görüşümüzdə isə ondan çox maraqlı faktı eşitdim: DNT və tarix.

Mövzu həm maraqlı, həm də bizim müharibə şəraitində yaşadığımız zaman üçün çox aktual olduğundan Aqşin müəllimdən bu haqda oxucularımıza məlumat verməsini xahiş etdim. İşlərinin çox olmasına baxmayaraq, o, həmin mövzuda məqaləni hazırlayıb göndərdi. Bu başdan bildirim ki, məqalə elmi dildə yazılmışdır. Lakin oradakı elmi faktlar biz azərbaycanlılara doğma torpaqlarımızda min illiklərlə məhz Azərbaycan ərazisində məskən saldığımızı inkar edilməsi mümkün olmayan sübutlarla şərh etdiyi üçün onun dərcini məhz “525-ci qəzet”də məsləhət bildim.

Qafqazlı irqi və ya “Qafqazoid” termini ilk dəfə alman filosofu Kristofer Meiner tərəfindən 1785-ci ildə “İnsanlığın Qısa Tarixi” (Grundri der Geschichte der Menschheit) əsərində işlədilmişdir. Həmin əsərdə Meiner kəllə sümüklərinin ölçülərini təhlil edərək ağ irqin Qafqaz tatarlarından, yəni müasir azərbaycanlılardan törəndiyi qənaətinə gəlmişdir. Maraqlıdır ki, bu fikir genom haqqındakı müasir biliklərlə necə uzlaşır?

Hazırda istənilən hər bir populyasiyanın törəmə tarixini DNT-nin dəyişkənliklərini - polimorfizmləri tədqiq etməklə aydınlaşdırmaq olar. Adətən belə tədqiqatları aparmaq üçün ana xətti ilə ötürülən mitoxondri DNT-də və ata xətti ilə ötürülən Y-xromosom DNT-də olan polimorfizmləri öyrənmək lazımdır. Mitoxondri hüceyrələrimizdəki orqanoidlərdən biridir. Mitoxondrilərin özünün də DNT-si var və o, nüvədə olan DNT-dən asılı olmayaraq çoxalır. Mitoxondrilər yumurta hüceyrəsi vasitəsi ilə anadan övladlara ötürülür. Ata xətti ilə ötürülən Y-xromosomun dünyada polimorfizmlərə görə bir-birindən fərqlənən 20-yə qədər növü - haploqrupu mövcuddur. Bu haploqruplar latın əlifbası ilə A-dan T-yə qədər işarələnib. Haploqruplar polimorfizmlərin hesabına şaxələnmə üsulu ilə Y-xromosomun törəmə variantlarıdır. Hər bir haploqrup da, öz növbəsində, subhoploqruplardan ibarətdir. Hər bir haploqrup müəyyən bir coğrafi məkanda törənib, sonradan isə şaxələnərək subhoploqrupların əmələ gəlməsinə səbəb olub və insan miqrasiyası ilə yarandığı məkandan başqa yerlərə yayılıb. Azərbaycanlılarda rast gəlinən Y xromosomlar 2003-cü ildə “Human Genetics” jurnalında İ.Nasidzenin çap olunmuş məqaləsinə əsasən E, C, K, P1, R1, R1a1, F, G, J2, I haploqruplara və subhaploqruplara aiddir.

Avropalılarda Y-xromosomun ən cox yayılan haploqrupları E, G, I, J, R və N-dir. Hal-hazırda Avropada yaşayan kişilərin 50 faizdən çoxu R haploqrup  buna aiddir. R haploqrupuna aid olan insanlara Avropadan başqa Qərbi Asiyada, Mərkəzi Asiyada, Cənubi Asiyada və Şimali Afrikanın Sahel regionunda da rast gəlinir. Avropalıların böyük hissəsi R1 subhaploqrupuna aiddir. Bu subhaploqrup, öz növbəsində, şərti olaraq R1a və R1b qruplara bölünür. R1a daha çox Avropanın şərqində, R1b isə qərbində yaşayan əhalidə rast gəlinir. 2014-cü ildə “European Journal of Human Genetics” jurnalında P.A.Underhillin birinci müəllifliyi ilə çıxan məqalədə R1a haploqrupu 120 populyasiya ilə müqayisə olunub. Bu nəticələrə əsasən, R1a-nın əsas ana şaxəsinə (M420) yalnız İran azərbaycanlılarında və türklərdə rast gəlinir. Bu da öz növbəsində, R1a daşıyıcılarının bu iki qrupdan törəndiyinə işarə edir. 2011-ci ildə N.M.Myersin birinci müəllifliyi ilə “European Journal of Human Genetics” jurnalında çıxan məqalədə, R1b haploqrupunun yayılması 118 Qərbi Asiya və Avropa populyasiyalarında tədqiq edilib. Bu haploqrupun da əsas ana şaxələri türklərdə aşkar olunub.

G haploqrupunun yayılması əkinçiliyin Asiyadan Avropaya yayılması ilə əlaqələndirilir. 2012-ci ildə S.Rootsinin məqaləsində G haploqrupunun İran azərbaycanlıları ilə bağlı olduğu göstərilir.

2000-ci ildə “American Journal of Human Genetics” jurnalında Z.H.Rosserin birinci müəllifliyi ilə çıxan məqalədə Avropada olan haploqruplar və dillər müqayisə olunur. Müəlliflər belə qənaətə gəlir ki, xalqlararası haploqrupların fərqi dil fərqləri ilə deyil, daha çox coğrafi sədlərlə əlaqədardır. Cengiz Cinnioğlu 2004-cü ildə “Human Genetics” jurnalında çıxan məqaləsində Avropada rast gəlinən haploqrupların və subhaploqrupların böyük əksəriyyətinin Türkiyədə yaşayanlarda olduğunu geyd edir. Tarixdən bildiyimiz kimi, insanlar təqribən 20 min il əvvəl əkinçiliklə bağlı oturaq həyat tərzinə keçiblər. Yuxarıda adı çəkilən məqaləyə və başqa mənbələrə əsasən, əhali artımı və münbit torpaqların axtarışı Y xromosom haploqruplarının və subhaploqruplarının Qərbi İrandan, Qafqazdan və Şərqi Türkiyədən Avropaya yayılmasına səbəb olub. Eyni zamanda, həmin məqalədəki nəticələr “gen axınının” bu regiondan şərqə doğru yönəlməsini də dəstəkləyir.

Türkdilli tayfaların Mərkəzi Asiyadan Qafqaza və Anadoluya ata xətti ilə gətirdiyi irsi informasiya azərilərdə və türklərdə, bir neçə mənbəyə əsasən, 5-10% təşkil edir. Oğuz tayfaları ilə bu regionlara ana xətti ilə gələn mitoxondri DNT-si isə bəzi mənbələrə istinadən 13-30%-ə qədərdir.

Haqqında danışdığımız Qafqazdan Avropaya “gen axını” məşhur ingilis dilçisi Kolin Renfryunun irəli sürdüyü Anadolu fərziyyəsini bir daha təsdiq edir. Müəllifə görə, Hindistandan Avropaya qədər böyük bir sahəni əhatə edən hind-Avropa dil qrupu da Anadoludan əkinçiliklə birgə yayılmışdır.

İran azərbaycanlılarının və qardaş türklərin Y xromosomları haqqında olan məlumatlara istinadən demək olar ki, azərbaycanlılar Qafqazın ən qədim xalqlarından biridir! Bunu A.Şonberqin (A.Schonberg) 2011-ci ildə “European Journal of Human Genetics” jurnalında çıxan məqaləsi də təsdiqləyir. Bu məqalədə Azərbaycan, gürcü, erməni, türk, İran (türk olmayan) populyasiyalarının mitoxondri DNT-sinin müqayisəli təhlili verilib. Məqalədəki nəticələrə istinadən, Türk və İran toplumu 600 nəsil əvvəl (məqalədə bir nəsil 28 il götürülüb, bu isə 16800 il deməkdir) parçalanıb. 86 nəsil sonra isə türklər iki qrupa - anadolulara və azərilərə bölünüb. Həmin məqalədə gürcülər və ermənilər sonrakı bölünmələrin nəticəsi kimi göstərilib.

Göründüyü kimi, genetika sahəsində çalışan görkəmli dünya alimlərinin tədqiqatları da sübut edir ki, müasir azərbaycanlıların genetik kökləri 17-25 min il dərinliyə gedir; onlar Qafqazda ən qədim məskunlaşmış etnoslardır, və müasir avropalıların böyük əksəriyyetinin genetik mənşəyi öz başlanğıcını buradan götürmüşdür.

Azərbaycanda müxtəlif iqlim zonalarının olmasını nəzərə alaraq, belə fərziyyə irəli sürmək olar ki, əkinçiliyin baş tutmaq ehtimalı qonşu regionlara nisbətən burada daha böyük idi. Təəssüf ki, Azərbaycan Respublikasında olan Y-xromosom haploqrupları kifayət qədər tədqiq olunmayıb. Bu istiqamətdə çalışan laboratoriyaların tədqiqatlarında da Azərbaycan Respublikasından alınmış DNT nümunələrinə lazımi qədər rast gəlinmir. Nəticədə azərbaycanlıların Qafqazda və regionda ən böyük və qədim xalq olmağına baxmayaraq, Azərbaycan genetik fondunun Avropa genetik fonduna təsiri qeyd edilmir. Bu çatışmazlıqdan erməni qrupları sui-istifadə edirlər. İranlı erməni alimlər azərbaycanlıların DNT nümunələrini tədqiq edərək üzə çıxardıqları nəticələri özlərinə əl verən şəkildə yayırlar. Sonra da həmin nəticələrə istinad edərək, azərbaycanlıların və türklərin kimliyini kiçiltməyə və öz ərazi iddialarına haqq qazandırmağa çalışırlar.

Azərbaycan molekular-bioloq tarixçilərimiz bir araya gəlib yuxarıda qeyd etdiyimiz arxeoloji və bioarxeoloji elmi tədqiqatları genişləndirməsələr, təbiidir ki, bizim 20-25 min illik tariximizə sahib çıxmasaq, başqaları ona sahib çıxacaqdır.

SÖZARDI: Aqşin Tağıyevin bu çağırışı AMEA-nın və ali məktəblərin bioloji elm sahəsi mütəxəssislərini düşündürməlidir.

Alman alimi Kristofer Meiner hələ 250 il bundan əvvəl apardığı elmi tədqiqatlarla müasir dövrdə yaşayan xalqların ta qədimdən ilkin yaşadıqları əraziləri dəqiq müəyyənləşdirməyə imkan verən fikirlər söyləmişlər. Müasir genetik tədqiqatlar XXI əsrdə alman filosofunun irəli sürdüyü müddəaları təsdiqləyir. Lakin bir şeyi bəşəriyyət heç vaxt unutmamalıdır ki, Yer kürəsi İnsanın məskən saldığı bir planetdir. Dünyaya gələn hər bir insan irqindən, dilindən, dinindən asılı olmayaraq ətrafındakı həmcinsləri ilə mehriban şəraitdə yaşamalı, yaratmalıdır. Axı səmavi dinlərin heç birində torpaq üstündə bir-birini öldürüb-öldürməmək yazılmayıb.

Aqşin Tağıyev

 





28.05.2018    çap et  çap et