525.Az

Arxadan vurulan zərbə...


 

Arxadan vurulan zərbə...<b style="color:red"></b>

Kinorejissor Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü" filmi  ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
 
Zaman-zaman Azərbaycan xalqına, azərbaycanlılara şər, böhtan atan, onun şanlı tarixi keçmişini şübhə altında almağa və ləkələməyə çalışan çox adamlara rast gəlmişik və həmişə də bu adamlar adətən ya bədnam qonşularımızın nümayəndələri olublar, ya da ki onların havadarları, "quyruq bulayanları" olublar. Bu da başqaları tərəfindən adi hal kimi qarşılanıb, çünki düşmən düşmənə şər atar, böhtan atar, düşmən düşməni bu və ya digər vasitələrlə təhqir edər və s..  Amma bütöv bir xalqa, millətə şər atmağa çalışan, onun tarixi keçmişinə ləkə yaxmağa cəhd edən insan həmin xalqın öz nümayəndəsi olduqda, ona qan verən, can verən, onu qoynunda bəsləyib böyüdən və məhşurlaşdıran xalq olduqda buna nankorluqdan başqa digər bir ad vermək olmaz, bunu "çörəyi dizinin üstündə"likdən başqa ayrı cür adlandırmaq olmaz! Xalqa xəyanətin, millətə xəyanətin "buynuzu" olur məgər!

İctimaiyyəti hiddətləndirən və bu təhqirlərə qarşı sərt çıxışlar etməyə vadar edən əsas amil ondan ibarətdir ki, "sapı özümüzdən olan balta" elə bir dona girib ki, sanki Qaradağlı, Xocalı, Ağdaban qətliamları, bütövlükdə Qarabağda, Şamaxıda, Qubada, Bakıda  törədilən vəhşiliklər bu insanın gözləri qarşısında baş verməyib, onun xalqına qarşı törədilməyib! İnsan nə dərəcədə nankor, nə dərəcədə vicdansız ola bilər ki, öz doğma xalqına, millətinə qarşı törədilənləri doğma xalqının ayağına yazmağa cəhd etsin! Göz görə-görə "ağa qara desin"! Buna vicdansızlıqdan başqa ayrı ad vermək olmaz! Sual oluna bilər: uzun illər bir xalqın çörəyini yeyən, onun suyunu içən və onun xeyir-duası ilə böyüyüb boya-başa çatan və onun "görkəmli nümayəndəsinə" çevrilən, onun ən yüksək fəxri adlarını daşıyan, bu gün də onun "çörəyini yeyən" insanı bu addımı atmağa nə vadar edib? Nədən belə bir "xadim" bu yola qulluq etməyə, başqa bir nankor xalqa yarınmağa başlayıb? Buna heç cür başqa ad vermək olmaz! Belə anda gərəkdir ki, hər şeyi öz adı ilə çağırasan, hissiyyata qapılıb güzəştə getməyəsən.

Güzəştə getməkdən danışarkən bir neçə il  bundan əvvəl Rüstəm İbrahimbəyovun "Milli şura" yaradaraq, öz əlaltıları vasitəsilə xalqa öz "cılız ideyalarını sırımağa" çalışdıqları vaxtlar yada düşür və heyfslənirsən ki, nə üçün o vaxt xalq onu ifşa edib öz sıralarından çıxarmadı, Azərbaycan Dövləti çox səxavəliliklə ona verdiklərini geri almadı! Çox təəssüf, bunu etmədik. Azərbaycan xalqına nankor çıxan, onu layiq olmadığı tərzdə təqdim etməyə çalışan birisi həmin xalqın fəxri adlarını, digər titullarını və təltiflərini daşımağa layiq deyil! Bu birmənalı olaraq belədir və mütləq bu haqda tədbir görülməlidir: onun bütün fəxri adları və titulları geri alınmalıdır. Əgər bu gün bizim tələbimizlə Azərbaycan  höküməti bunu etməzsə, cələcək nəsillər bizi bağışlamaz və başqalarına görk olmaz! Əgər biz bunu bir neç il öncə Rüstəm İbrahimbəyov Moskvada oturub xalqa çamur atmağa çalışanda etsəydik, bəlkə də bu gün bu hadisələr baş verməzdi. Necə deyərlər "Qara yaranı kökündən kəsib atmaq lazımdır ki, kök- rışa atmasın, birdəfəlik məhv olsun". Əgər bütöv bir xalqa qarşı bu şər və böhtanları başqa xalqın nümayəndəsi atsaydı, yaxud bu hərəkəti  Xocalı faciəsini kitablardan oxuyan bir əcnəbi  etsəydi, bəlkə də onu başa düşmək olardı, amma bu nankorluğu Xocal soyqırımı gözləri qarşısında törədilən, uşaqların, qocaların, qadınların amansızcasına qətlə yetirilməsini öz gözləri ilə görən birisinin bu vəhşilikləri xalqımızın adına yazmağa cəhd göstərməsini heç cür başa düşmək olmur. İnsan nə qədər nankor, nə qədər, vəhşi və nə qədər vicdansız olmalıdır ki, bütöv bir xalqa və onu böyüdüb boya-başa çatdıran, qoynunda bəsləyən xalqa belə böhtanlar atsın!

Bir Azərbaycan vətəndaşı kimi, bir elm adamı kimi, bir ziyalı kimi bəyan edirəm ki, belələrinin adının bizim sıramızda getməsini mən şəxsən özümə və minlərlə mənim kimi vicdanlı elm adamlarına və ziyalılara təhqir hesab edirəm.

Xalqımızın fədakar oğullarının və qızlarınin bu gün bütün dünyanı gəzərək tutarlı faktlarla dünya ictimaiyyətini erməni vandallarının xalqımızın başına gətirdiyi bəlalara  inandırmağa çalışdığı bir vaxtda bu uğursuz cəhdi "arxadan vurulan zərbə" hesab edirəm. Bizim hər il 10-larla beynəlxalq kitab sərgilərində, elmi konfranslarda və digər tədbirlərdə kitablarla, digər əyani vəsaitlərlə başımıza gətirilənləri dünya ictimaiyyətinə sübut eetmək istədiyimiz bir zamanda, bu cəhdə "arxadan vurulan zərbə" və "düşmən dəyirmanına su tökməkdən" və "xalqa xəyanət"dən  başqa nə ad vermək olar?

Daha doğrusu, Xalqa xəyanətin, millətə xəyanətin "buynuzu" olur məgər?

 





30.05.2018    çap et  çap et