525.Az

O, kübar olduğu qədər də gözəl idi


 

O, kübar olduğu qədər də gözəl idi<b style="color:red"></b>

Tamara xanım Şərifli son dərəcə kübar, həm də gözəl bir xanım idi. 80 yaşının tamamında yenə də həmin gözəlliyi çöhrəsində idi.

Əslində, Tamara xanım vəfatından bir həftə əvvəl elmi fəaliyyəti haqqında bəzi qeydləri və fotosunu verərək, bəlkə lazım olar, - dedi. Amma ömrün tamamı yetəndə əcəl heç nəyi gözləmir. Həftənin birinci günü - 23 aprel günü işə gələndə Tamara xanımın gecə ürək ağrısından vəfat etdiyi xəbərini eşitdik. Beşinci gün hər kəslə halal-hümmət edib evinə getmişdi. Özünün verdiyi həmin yazı vəfatının 40-cı gününə hazırlandı. Oxuduğunuz bu yazını deyirəm.

Tamara xanım Şərifli ilə 10 il eyni şöbədə çalışmışıq. Onun elmi fəaliyyətinin əsas istiqaməti  rus və Ukrayna ədəbiyyatlarının araşdırmaları üzərində idi. 2009-cu ilin bayram əhval-ruhiyyəli Növruz günləri idi. Tamara xanımın çox narahat, pərişan halda oturduğunu görüb, hal-əhval tutduqda kövrəldi. "3-4 gündən sonra atamın 100 illiyi tamam  olacaq, amma heç kimin yadına düşmür. Bu məni ağrıdır. Vaxt vardı onun hörməti, nüfuzuna, şəxsiyyətinə sayğı yerdən-göyəcən idi, amma indi elə bil belə insan olmayıb".


Tamara xanım, bu qısa zaman üçün nə edə bilərik? - deyə soruşanda, "atam haqqında yazdığım, amma hələ nəşr etdirmədiyim kitabımdan bir yazı çap edilərsə, o da kifayətdir". Danışdıq, razılaşdıq, səhəri günü atası haqqında dediyi yazını (professor Dilarə Seyidzadə ilə həmmüəllif) gətirdi. Rəsmi mətbu orqanlarımızın birində, iri formatda, 1 qəzet səhifəsi  boyunca mart ayının 20-də - atasının ad günündə "Görkəmli alim, pedaqoq və elm təşkilatçısı" adlı məqalə dərc edildi. Uşaq kimi sevinirdi, kövrəlmişdi, amma bu dəfə sevinc kövrəkliyi idi. Həmin yazı vasitəsilə görkəmli alimin tərcümeyi-halına bələd olduqdan sonra həmkarımızın haqlı giley-güzarını dərk elədik. Azərbaycan tarixi elmində öz elmi əsərləri ilə dərin iz buraxmış görkəmli tarixçi-alim, şərqşünas, tarix elmləri doktoru, professor Məmmədəli Xəlil oğlu Şərifli (1909-2009) təkcə tarix sahəsində deyil, həm də ədəbiyyat, dilçilik, poeziya, astronomiya sahəsində geniş bilikləri olan alim idi. O, 1943-1952-ci illərdə Azərbaycan SSR EA Tarix İnstitutunda əvvəlcə direktor müavini, sonra direktoru vəzifələrində çalışmışdır. Azərbaycanın orta əsrlər tarixinə dair bir neçə monoqrafiya və 150 elmi məqalənin, "IX əsrin II yarısı - XI əsrlərdə Azərbaycan feodal dövlətləri" monoqrafiyanın, 3 cildlik "Azərbaycan tarixi"nin, həmçinin, "Azərbaycanın tarixi coğrafiyası" kitablarının müəllifidir.

 "Mənim doğum tarixim yanvarın 20-nə təsadüf etdiyindən 1990-cı ildən bəri həmin günü qeyd etmirəm", desə də, institut rəhbərliyi Tamara Şəriflinin 80 illiyini mart ayında yüksək səviyyədə qeyd etdi.

Tamara Məmmədəli qızı Şərifli Bakı şəhərində doğulsa da (1938-2018), atası Göyçay rayonunun  Bığır kəndində anadan olmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi, atası professor M.Şərifli elmi və pedaqoji fəaliyyəti ilə yanaşı, ölkəmizi diplomatik sahədə də təmsil edirdi. 1945-1949-cu illərdə o, "SSRİ-nin Xarici Ölkələrlə Mədəni Əlaqələr Ümumittifaq Cəmiyyəti"nin xətti ilə İranda xüsusi ezamiyyətdə olmuş, Təbriz şəhərində səfirlikdə və mədəniyyət evinin direktoru vəzifələrində işləmişdir. Bununla əlaqədar olaraq Tamara xanım ilk təhsilini Təbrizdə almışdır. O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra həmin il sentyabrın 16-da Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi əlaqələr şöbəsinə baş laborant vəzifəsinə qəbul edilmişdir. 1965-ci ildə o, müsabiqə üzrə İnstitutun aspiranturasına daxil olmuşdur,  daha sonra "Müharibədən sonrakı dövrdə Azərbaycan-rus ədəbi əlaqələri" (1945-1965-ci illərin nəsr əsərləri əsasında) mövzusunda namizədlik (iyun, 1970),  "Azərbaycan-rus ədəbi əlaqələri (1960-1970-ci illərin nəsr əsərləri əsasında)" mövzusunda doktorluq (sentyabr, 1991) dissertasiyalarını müdafiə edib.

T.Şərifli 1968-ci ildə aspiranturanı vaxtında bitirdiyinə görə İnstitutun Ədəbi əlaqələr şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1978-ci ildən böyük elmi işçi vəzifəsində çalışıb. O, Azərbaycan-rus ədəbi əlaqələri sahəsində bir sıra elmi işlər yazmış, redaktə və çapa hazırlanmasında yaxından iştirak edir və bu işlər haqqında mütəxəssislərin yaxşı rəyləri vardır. O, həmçinin, Şıxəli Qurbanovun rəhbərliyi ilə iki cildlik "Böyük dostluq" (1964-cü il) adlı ədəbi-bədii məcmuənin tərtibində fəal iştirak etmişdir. Bu sahədəki elmi-tədqiqat işlərini - "Gücümüz dostluqdadır" və "Azərbaycan sovet nəsrində beynəlmiləlçilik motivləri" monoqrafiyalarını göstərmək olar.

Eyni zamanda, "Müasirlik və müasirimiz 60-cı illərin Azərbaycan və rus nəsrində" mövzusunu əhatə edən "60-cı illərdə Azərbaycan-rus ədəbi əlaqələri" kitabını nəşr etdirmişdi. "V.Mayakovski və Azərbaycan ədəbiyyatı" məcmuələrinin redkollegiyasının müəlliflərindən biridir. Bundan əlavə, o, "Azərbaycan-rus nasirlərinin yaradıcılığında mənəvi-əxlaqi axtarışlar", "A.Blok Azərbaycan tərcümələrində", "Kənd qəhrəmanı - müasir nəsrin qəhrəmanıdır", "60-70-ci illərdə Azərbaycan nəsrində beynəlmiləlçilik mövzusu", "A.Fadeyev və Azərbaycan ədəbiyyatı", "L.Tolstoy və Azərbaycan ədəbiyyatı", "N.Tixonov və Azərbaycan ədəbiyyatı" kimi elmi məqalələrin müəllifidir.

Tamara xanımın Azərbaycan-rus ədəbi əlaqələri ilə paralel Azərbaycan-Ukrayna ədəbi əlaqələrinin tədqiqi sahəsində məhsuldar və səmərəli elmi işləri vardır. T.Q.Şevçenkonun həyat və yaradıcılığına həsr olunmuş konfranslarda müntəzəm çıxış edib. T.Şevçenko ensiklopediyasında "Şevçenkovskiy slovnik" (Kiev, 1979) 20-yə yaxın məqalələri çap olunub. Kiyevdə çıxan "Radyanska literaturo znavstvo" jurnalında "T.Şevçenko və Azərbaycan ədəbiyyatı", "T.Şevçenkonun əsərləri Azərbaycan dilində" bir sıra başqa məqalələr ilə çıxış edib. Azərbaycan EA-nın "Xəbərləri"ndə və dövrü mətbuatda çıxan bir sıra məqalələri, Bakıda və Kiyevdə keçirilən elmi sessiya və T.Şevçenkoya həsr olunmuş XXIII, XXIV, XXV, XXVI, XXVII konfranslardakı (Bakı, Kiyev, Nejin, Vinnitsa, Zaporojye şəhərlərində) məruzələrini xüsusi qeyd etmək lazımdır.

1986-1990-cı illərdə T.Şəriflinin elmi fəaliyyətində diqqəti cəlb edən əsas elmi işi "Azərbaycan-rus ədəbi əlaqələri"  (1960-1970-ci illər) monoqrafiyasıdır. "Müasir Azərbaycan nəsri çoxmillətli sovet ədəbiyyatının bədii axtarışları kontekstində" 200 səhifəlik işini çalışdığı İnstitutun arxivinə təqdim etdiyini bildirmişdi. Bununla yanaşı, çap olunmamış monoqrafiyalarının - "İssledovanie xudojestvennıx iskaniy v azerbaydjanskoy i russkoy proze v 60-70-e qodı", "Azerbaydjanskaya proza 60-70-x qodov v russkoy literaturno-kritiçeskoy mısli", "İssledovanie xudojestvennıx poiskov v azerbaydjanskoy i russkoy proze 60-x qodov", "Sovremennaya russkaya literatura  (proza, poeziya, dramaturqiya)" - əlyazmalarını öz arxivində saxladığını da deyirdi.

O, Azərbaycanın müxtəlif ali məktəblərində (ADU, M.F.Axundov adına pedaqoji İnstitut, Təfəkkür Universiteti, Avropa liseyi və s.) filoloji-linqvistik və pedaqoji metodik, həmçinin, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, rus dili, rus ədəbiyyatı, Azərbaycan-rus ədəbi əlaqələr və sair fənlərdən mühazirələr oxumuş və dərs demişdi.

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə Humanitar Elmlər Bölməsi filologiya üzrə elmlər doktoru Tamara Məmmədəli qızı Şəriflinin çoxillik məhsuldar elmi fəaliyyətini nəzərə alaraq "Fəxri fərman" ilə təltif  etmişdi. Ömrünün son gününə qədər AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsində baş elmi işçi vəzifəsində çalışdı.

Ziyalı bir ailədə doğulub boya başa çatmış, yüksək təhsil alaraq ailəsinin, Vətəninin şərəfini həmişə yüksək tutan Tamara xanım Şəriflinin əziz xatirəsi onu tanıyan bütün həmkarlarının, kitablarından faydalanan tədqiqatçıların qəlbində daim yaşayacaq, ehtiramla anılacaqdır! Məkanın cənnət, torpağın yumşaq olsun, əziz Tamara xanım!

 





31.05.2018    çap et  çap et