525.Az

Abel Məhərrəmov Bakıdakı forumdan danışdı


 

Abel Məhərrəmov Bakıdakı forumdan danışdı<b style="color:red"></b>

"Artıq ikinci dəfədir ki, Azərbaycanda beynəlxalq humanitar forum keçirilir. Bu forumun masştabı, onun əhəmiyyəti, dünya ictimaiyyəti tərəfindən qəbul olunması çox vacib və önəmli bir məsələdir".

Bunu 525.az-a açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin üzvü Abel Məhərrəmov deyib.

Rektor vurğulayıb ki, ötən ildən fərqli olaraq bu il forum iştirakçılarının sayı və tədbirə olan maraq da artıb:

“Dünən forumun ilk plenar iclası oldu və orada biz tarixi çıxışları dinlədik. Bir çox ölkələrdən olan sabiq dövlət başçılarının düşüncələrini eşitdik. Prezident İlham Əliyev çıxış edərək forumun taktikası və strategiyası barədə önəmli məlumat verdi. Dövlət başçısı forumun masştabı, gələcəyi barədə geniş danışdı.  

Eyni zamanda 11 nəfər Nobel mükafatçısı çıxış etdi. Bütün bunlar onu göstərir ki, artıq Azərbaycan sadəcə bir beynəlxalq humanitar forum keçirmir, ölkəmiz beynəlxalq müstəvidə humanitar düşüncələri önə çəkən bir mərkəz kimi özünü təsdiqlədi”.

Rektor deyib ki, forumda Azərbaycanın gələcəyə baxış məkanına çevrilməsi düşüncəsi ortaya qoyuldu: “Bu, çox vacibdir və sözügedən təklif sabiq dövlət başçılarından biri tərəfindən səsləndi. Azərbaycan artıq nəinki iqtisadi, sosial, humanitar baxımdan özünə diqqət cəlb edir. Hətta bütövlükdə dünya Azərbaycanı bəşəri dəyərlərə malik olan, gələcəyə baxış müstəvisindən çox inkişaf etmiş ölkə kimi qəbul edir”.

S.QARAYEVA

 





05.10.2012    çap et  çap et