525.Az

Dünya durduqca, həyat var olduqca...


 

Dünya durduqca, həyat var olduqca...<b style="color:red"></b>

Eşq, eşq! Haqdan gələn İlahilik, ululuq, ülvilik, ucalıq məşəli. Əzəli bilinməyən, sonu görünməyən, bitməz, tükənməz sonsuzluq, intahasızlıq. Eşqsiz dünya məhvərindən dönə bilər, həyat sönə bilər, bəşər ölə bilər...

Eşq, eşq! Doğan günəşdi, aylanan ay, sayrışan ulduzlardı. Dəryadı, ümmandı. Çöllü biyabandı, susuz səhradı.

Qaynar bulaqdı. Coşar çaydı, daşar seldi. Çaxar şimşəkdi, göy qurşağıdı. Laləzardı. Çəmənzardı, güllü-gülüstandı. Qürbətdi, həsrətdi, qəriblikdi, ayrılıqdı. Zərif duyğu, incə mətləbdi. Eşq tonqalında yanana Fərhad-Şirin hünəri, Leyli-Məcnun harayı, Əsli-Kərəm yanğısıdı. Qurbaninin Pərisi, Valehin Zərnigarı, Qəribin Şahsənəmi, Koroğlunun Nigarıdı. Daha kimlərin ərşə bülənt naləsidi...

Eşq, eşq! Dəlilik, divanəlikdi. Cana qəsddi, ölümlə-qalım arasında uçurumdu. Təklik, tənhalıq, tərkidünyalıqdı. Düyündü, tilsimdi, sirdi, sehirdi. Ahu-nalədi, sitəmdi, göynərtidi, səksəkədi. İnam, inamsızlıqdı. Dəli gülüşdü, qəh-qəhədi. Əzabdı, iztirabdı. Ehtirasları tarıma çəkən, vəcdəyə gətirəndi. Fəryaddı, haraydı, sinəsi dağlı, başı bəlalı, qolları bağlı, çarəsiz, kimsəsiz, ümidsizdi. Ah, daha nələr, nələrdi...

Günəşim, dağın arxasından çıx. Ayım, qeybə çəkilmə, gül camalını göstər. Mələyim, tələs göydən en, qəlbimə qonaq gəl, taleyimə nur ələ. Həsrət vüsal dəmində sevinir. Əqlimi əlimdən, huşumu başımdan alan gəlişin tanrıya da xoş gedər, mən zəlilinə də. Heç yazığın gəlmir?! Nə qədər gözəgörünməz olub, əfsanəyə, nağıla dönəcəksən? Gözəlim, boynu zəncirli, qolları bağlı, eşq dustağına, dəlisinə necə qıyırsan?!.

Əzizlərim! Dünya durduqca, həyat var olduqca, insanlıq yaşadıqca dupduru, bəmbəyaz, dümağ eşq də yaşayacaq, daha da ülviləşəcək, ucaldıqca ucalacaq. Tanrı kimi, günəş kimi, ay kimi, əbədi məşəl kimi.

 





03.06.2018    çap et  çap et