525.Az

Azərbaycan Turizm İnstitutunda məzun buraxılışı keçirilib


 

Azərbaycan Turizm İnstitutunda məzun buraxılışı keçirilib<b style="color:red"></b>

İyulun 10-da Azərbaycan Turizm İnstitutunda (ATİ) “Məzun 2013” adlı dördüncü buraxılış mərasimi olub. Azərbaycanın Dövlət himni ilə başlanan tədbiri ATİ-nin rektoru , tarix elmləri doktoru, professor C.Cəfərov açıb:  “Həyatımızda yadda qalan, unudulmayan, elə hadisələr, elə dönəmlər var ki, o günləri, o anları yenidən yaşamaq- yaşatmaq insana xoş gəlir. Bu günkü növbəti məzun törənimiz həyəcan və sevincin qovuşduğu günlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq sərəncamı ilə Azərbaycanda 2011-ci ilin Turizm ili elan edilməsi turizm sənayesinin inkişafının dövlətimizin strateji maraqlarının tərkib hissəsi olduğunu bir daha təsdiqləyib. Bu qərarı heç şübhəsiz ölkəmizdə turizmin inkişafı üçün böyük işlərin görülməsində müstəsna rolu vardır. Ali təhsil müəssisəsi olaraq, əldə etdiyimiz nailiyyətlər ölkə rəhbəri cənab İlham Əliyevin,  mədəniyyət və turizm naziri, həm də müəllim həmkarımız cənab Əbülfəs Qarayevin diqqət və qayğısı, nazirliyin, digər dövlət və özəl strukturların institutumuza səmimi münasibəti, ATİ kollektivinin birgə və məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olub. Əgər bu gün ATİ-nin bakalavr və magistr pilləsi üzrə 161 nəfər tələbəsi məzun adını qazana bilibsə, bu məhz bizlərə və sizlərə göstərilən böyük etimad və qayğının nəticəsidir. Onu da qeyd edim ki, bu ilki məzunlardan 15 nəfəri eyni zamanda Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin də diplomlarını əldə edib.”

C.Cəfərov çıxışında ATİ məzunlarının işlədiyi müəssisələrdən xoş soraqlarını aldıqlarını, bundan sevindiklərini dilə gətirib: “Sizlərə də ölkəmizin gələcəyi üçün müasir, bilikli mütəxəssis, layiqli vətəndaş olmağı arzu edirik! Min bir  zəhmətlə  böyüdüb boya-başa çatdırdığınız və 4 il əvvəl ATİ-yə etibar etdiyiniz övladlarınız bu gün artıq yüksək bilik və bacarıqlara sahib, ürəklərində Vətən sevgisi ilə Azərbaycanımızın xidmətindədirlər. Onlarla fəxr etməyə haqqınız var.. Bu gün dünənlə yaşamırıq. Bu gün isə sabah tarix olacaq. Gəlin bilik və səylərimizi birləşdirib daha yüksək uğurlar əldə edək. O zaman cəmiyyətə daha savadlı, daha yararlı vətəndaş ola bilərik. Bu düşüncə ilə sizi böyük həyat məktəbinə yola salırıq. Yolunuz açıq olsun!”

Dördüncü buraxılış məzun törənində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı və tövsiyəsi məzunlar tərəfindən alqışlara səbəb olub. 2012/2013-ci tədris ilinin bakalavr və magistr məzunlarına rəmzi diplomlar, ATİ və Avstriyanın İMC Krems Universitetinin məzunlarına ikili diplomlar təqdim olunub. Avstriyanın IMC Krems Universitetinin rektoru xanım Eva Verner çıxışında builki məzunların bilik səviyyəsindən və hazırlıqlarından razı qaldığını bildirib, məzunlara uğurlar arzulayıb. Məzun törənində Avstriyanın ölkəmizdəki səfiri xanım Silvia Mayer-Kaybiz, həmçinin Koreyanın ölkəmizdəki fövqəladə və  səlahiyyətli səfiri  Zoi Suk- İn iştirak ediblər.

Məzun gecəsində mədəniyyət və turizm nazirinin 1-ci müavini Vaqif Əliyev, nazir müavinləri Nazim Səmədov və Sevda Məmmədəliyeva, elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev, nüfuzlu otel və turizm sənayesi  müəssisələrinin məsul əməkdaşları iştirak ediblər. Günün proqramına uyğun olaraq böyük konsertdən əvvəl 2012/2013-ci tədris ili məzunlarından ixtisas, fakültə və institut birincilərinə plaketlər, institut birincisinə ATİ-nin “Tələbə Fəxri Kitabı” təqdim edilib.

Gecədə H.Əliyevin anadan olmasının 90 illiyi münasibətilə  Konstitusiya Məhkəməsinin təşkil etdiyi bilik olimpiadasında, o cümlədən   Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin və AzTV-nin birgə layihəsi olan “Mən Azərbaycanlıyam” bilik müsabiqəsində uğur qazanan  ATİ tələbələrinə dəyərli  mükafatlar  təqdim olunub.

S.ABDULLAYEVA

 





12.07.2013    çap et  çap et