525.Az

Etnik baxımdan zəngin bölgələrimiz- Quba


 

Etnik baxımdan zəngin bölgələrimiz- <b style="color:red">Quba</b>

Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümummilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir.

Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələri əl-ələ, çiyin-çiyinə dostcasına, qardaşcasına yaşayırlar. Ölkənin bütün bölgələrinə səpələnərək yaşayan etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil edirlər. Tarixi proseslərin nəticəsi bir sıra xalqların məskunlaşmasında da özünü göstərib. Buna müvafiq olaraq bəzi etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində isə sıx halda məskunlaşıblar. Azərbaycan ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə olsa da, bu etnik zənginlik çaları özünü bəzi bölgələrdə, bəzi rayonlarda daha qabarıq şəkildə büruzə verir. Yəni, bəzi ərazi vahidlərimizdə etnik rəng özünü daha tünd çalarda göstərir, bəzi etnik qruplar, bəzi xalqlar bir sıra rayonlarda daha kompakt şəkildə yaşayırlar.

(Əvvəli ötən sayımızda)

Etnik palitranı xatırladan Quba rayonunun bir sıra unikal kəndləri haqqında keçən yazılarımızda bəhs etmişdik. Bu dəfə isə rayonun Haput, Əlik və Yergüc kəndlərinin əhalisindən söz açacağıq. Bu xalqlar hamısı Şahdağ milli etnik qrupuna aiddir, aborigen əhalidir. 

Haput kəndi Quba rayonunun Əlik kəndinin inzibati ərazi vahidində yerləşir. Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini “hər” adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir.

Azərbaycan dilinin dialektlərində həm “hapıtdı” (hapıtmaq), həm də “hər” sözü “tələsik, vaxtından tez” mənalarında işlənir.

Mənbələrin verdiyi məlumata əsasən XIX əsrin ortalarında Göyçay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi.

Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin bir yarısını qışlaqda, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1-15-i arası isə yaylağa çıxarırlar.

Haputluların ana dili haput dilidir. Haputlular Qafqaz mənşəli, Qafqaz xalqlarının Şahdağ yarımqrupuna aid bir xalqdır. Əsasən Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdaş rayonlarında və Bakı, Sumqayıt şəhərlərində yaşayırlar. Kompakt halda Quba rayonunun Haput, İsmayıllı rayonunun Hacıhətəmli, Hapıtlı və Mollaisaqlı kəndlərində məskunlaşıblar. Qiyasəddin Qeybullayev qeyd edir ki, Qafqaz Albaniyasının sakinləri olan herlər indiki haputluların ulu əcdadıdır. Dindarları müsəlmandır. XIX əsrin 80-ci illərinə aid bir sənəddə haputluların sayı 997 nəfər göstərilib.

Qubanın digər unikal kəndlərindən biri də Yergüc kəndidir.  Kənd əhalisi zaman-zaman buradan köçüb başqa kənd və şəhərlərdə məskunlaşdığı üçün hazırda bu məkanda heç kim yaşamır. Digər Şahdağ etnoslu kəndlər kimi Yergüc kəndi də xüsusi dilə malikdir. Yergüc dili Xınalıq dilindən başqa bütün digər Şahdağ dil ailəsinə məxsus dillərə bənzəyir. Lakin əksər sözlərdə ən azından bir və ya bir neçə hərf fərqi var. Bəzən isə söz tamamilə digər xalqların istifadə etdiyi sözlərdən fərqli olur, onların istifadə etdiyi sözlərə qətiyyən bənzəmir. Bundan başqa, Yergüc dilində Xınalıq dilindəki sözlərə bənzər çox söz var və bu cəhət Yergüc dilini Buduq, Qrız, Əlik, Haput və Cek dillərindən bir az fərqləndirir. Yergüc, Qrız, Haput, Əlik, Cek və buduqlular öz ana dillərində bir-birləri çox rahat ünsiyyət saxlaya bilirlər.

Qubanın haqqında söz açacağımız növbəti yaşayış məntəqəsi Əlik kəndidir. Kənddə 60-a yaxın ev var. Kəndin əsas əhalisi olan əliklilərin ana dili əlik dilidir.X IX yüzillikdə Əlikdə yun şal istehsalı çox geniş yayılmışdı. Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin bir yarısını qışlaqda, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının əvvəllərində yaylağa çıxarırlar.

Adını çəkdiyimiz Şahdağ etnik qrupunun nümayəndələrinin yaşayış tərzi, toy və yas mərasimləri Azərbaycanın digər əhalisinin həyat ərzindən köklü şəkildə fərqlənmir. Lakin Şahdağ xalqlarını xarakterizə edən əsas cəhətlərdən biri onların ailə və məişət həyatı ilə bağlı adət-ənənələridir.

Şahdağlıların ailə tərkibi çoxuşaqlılığı ilə səciyyələnir. Vaxtı ilə burada böyük ailələr mövcud olub. 40-50 nəfərdən ibarət ailəyə ata başçılıq edib, ata olmayanda isə böyük oğul bu vəzifəni icra edib. Ümumiyyətlə, patriarxal münasibətlər üzərində qurulan ailədə kişi hakim mövqeyə malik olub, ailənin bütün təsərrüfatının, keçinəcəyinin təmin edilməsinə özü rəhbərlik edir. Qadınlara məxsus işlər ya ananın özü tərəfindən, ya da onun rəhbərliyi altında icra edilir. Bu ailələrdə tarixən böyüyə hörmət, ehtiram mövcuddur. Şahdağlı ailələr öz möhkəmliyi ilə də seçilir.

Qeyd edək ki, bu azsaylı xalqların hamısında son illərədək ailə-kəbin münasibətlərində endoqamiya – yəni öz tayfasına məxsus qohumlar arasında evlənmə adəti üstün idi. Əmioğlu ilə əmiqızının, yaxud xalaoğlu ilə xalaqızının, dayıqızı ilə bibioğlunun, yaxud dayıoğlu ilə bibiqızının kəbinə girməsi burada son dövrlərədək adi hal sayılıb. Bununla yanaşı, bu xalqlar arasında nikahın levirat (vəfat etmiş qardaşın arvadı ilə subay qardaşın evlənməsi), sororat (arvadı vəfat etmiş kişinin öz subay baldızı ilə evlənməsi) kimi qədim kəbin formaları da tətbiq edilib.

Şahdağlılar həmişə Azərbaycanın siyasi, ictimai və elmi həyatında fəalı iştirak ediblər. Şahdağ etnik qrupundan görkəmli alimlər, tədqiqatçılar, tarixçilər yetişib.

lll

Bütün bunlar göstərir ki, Tanrı Azərbaycan adlı bu məmləkətdən səxavətini və lütfünü əsirgəməyib, yeraltı və yerüstü sərvətlərlə yanaşı, bir ölkə ərazisində iç-içə qaynayaraq qarışan, bir respublikanını bərabərhüquqlu vətəndaşı kimi çiyin-çiyinə yaşayan dost xalqlar bəxş edib. Bu qiymətli bəxşişlərin qədrini bilmək, qorumaq hər birimizin mənəvi borcudur.

Sevinc MÜRVƏTQIZI

 





12.07.2013    çap et  çap et