525.Az

Ömür keçir, gün keçir...


 

Ömür keçir, gün keçir...<b style="color:red"></b>

Onu çoxdan tanıyırdım. Yetmiş-səksəninci illərdə qonşu Cəlilabad rayonunda qəzet redaktoru, sonra rayon partiya komitəsinin ikinci katibi vəzifələrində çalışdığı vaxtlar bir-iki təsadüfi görüşümüz olmuşdu.

Bilirdim ki, bu adam istedadlı bir jurnalistdir, nəinki Cənub bölgəsində, Azərbaycanda tanınan gözəl bir ziyalıdır. Baş redaktor kimi sıradan seçilməyən adi bir rayon qəzetini ümumittifaq miqyasında adı çəkilən, respublikada isə yüksək qiymətləndirilən bir səviyyəyə qaldıra bilib. Qısa bir müddət ərzində SSRİ Jurnalistlər İttifaqının ən yaxşı rayon qəzetləri üçün təsis etdiyi mükafata layiq görülən “Taxılçı” qəzetində standart, quru məqalələri canlı, isti, səmimi yazılar əvəz etmiş, tənqidi materialların, felyetonların sayı isə artmışdı. Bu yazıların satira hədəfləri xırda adamlar deyildi, vəzifə sahibləri idilər. Cəlilabad respublikanın qabaqcıl rayonlarından biri idi, təbii ki, yaxşı işlərlə yanaşı, bir çox mənfi hallar, neqativ meyillərdən də xali deyildi. Sonralar bütün bunlar Əlövsət Bəşirlinin bədii əsərlərində yer alacaqdı.

Ümumiyyətlə, Əlövsət Bəşirli Sovet dövrünün özündə belə dövrün stereotiplərinə tam uyğunlaşmayan, bəzən gəmidə oturub gəmiçi ilə dalaşan bir ziyalı idi. Müstəqillik dövründə isə o, artıq öz ritmini, axarını tapdı, illər boyu ürəyində gəzdirdiyi arzularına yetincə qələmini də bu ruhda köklədi. Ancaq bir fikrimi də gərək bildirim: məncə, Əlövsət Bəşirli tipli insanlar üçün sistem və quruluş önəmli əhəmiyyət daşımır. Ziyalılıq özünü həyatın, gerçəkliyin, cəmiyyətin bütün aspektlərində nümayiş etdirir. Bu baxımdan Əlövsət Bəşirli böyük Zərdabinin, Mirzə Cəlilin ənənələrini yaşadan xələflərdən biridir və bu onun yaradıcılığının təməl prinsipidir. Onun “Biz hara gedirik?” və “Qəsd” povestləri dediklərimə bariz nümunədir.

Səksəninci illərin sonları - doxsanıncı illərin əvvəllərinin Cəlilabad mənzərələri “Biz hara gedirik?” povestində bədii-publisistik şəkildə canlandırılır. Hakimiyyəti ələ keçirmiş, lakin onu idarə etməyə təcrübəsi və mənəvi haqqı çatmayan “bəylərin” yaratdığı hərcmərclik, xaos povestdə öz parlaq ifadəsini tapıb. Povest eyni zamanda, avtobioqrafik bir əsərdir, qocaman jurnalistimiz Əlövsət Bəşirlinin keçdiyi ömür yolunun bir çox döngələrini, burulğanlı, təlatümlü anlarını da gözlərimiz qarşısında canlandırır. “Biz hara gedirik?” povestində təsvir olunan hadisələr və insanlar mənə də yaxşı tanışdır, bu hadisələri mən Masallıda, Ə.Bəşirli isə Cəlilabadda izləmişik. Ancaq məndən fərqli olaraq, o, bu hadisələrdə fəal iştirak edib. Həmin povestdə sanki iki dünya üz-üzə gəlir - birincisi, özünü “bəylik” taxtında görən Miriş və Mirişlər, ikincisi isə Fəxri müəllim və Fəxri müəllimlər. Əsəri təhlil etmək fikrində deyiləm, amma nə yaxşı ki, Ə.Bəşirli o illərin hadisələrini, gerçək mənzərələrini təkcə “Biz hara gedirik?” povestində deyil, həm də “Qəsd” əsərində də olduğu kimi canlandıra bilib. “Qəsd”də Sovet dönəmindəki “kiçik padşahların” bariz mücəssəməsi olan Ağazadənin  bir rayon daxilində nələr törətdiyinin şahidi oluruq. Ağazadə (adı da simvolikdir!) kimdir? “O, öz şöhrəti, mənsəbi üçün hər şeyə razı olan “qəhrəmanları” sevirdi. Çiyin-çiyinə işlədiyi saf, ləyaqətli adamları ləkələməkdən, ümumi işin xətrinə heç bir şeyi əsirgəməyən, onu bəd niyyətlərdən uzaqlaşdırmağa çalışan ağıllı, savadlı, bacarıqlı mütəxəssislərə, məsul işçilərə, rəhbər kadrlara şər atmaqdan, hiylə işlətməkdən çəkinməyən belə adamların bəzən yüksək mənsəb ələ keçirdiklərini bilirdi” - bu adam bütün həyatını namuslu insanlara qarşı mübarizədə keçirir. Amma zülmün də sonu var. O gün gəlir ki, insanlıq simasını çoxdan itirmiş Ağazadələr karyeralarını da itirirlər.

Əlövsət Bəşirlinin bütün nəsr əsərlərindən işıqlı bir xətt keçir. Bu xətt dövrün, zamanın aparıcı meyillərini özündə əks etdirən, varlığında yaşadan MÜASİR  İNSANdır. Milli-mənəvi dəyərlərimizi, əsrlərdən əsrlərə keçən əxlaqi gözəllikləri, humanist keyfiyyətləri torpaq, hava, od, su kimi hifz edən bu insan bütün varlığı ilə Vətəninə-Azərbaycana bağlıdır. Bu müasir insan həyatda, yaşadığı mühitdə çoxlu çətinliklərlə, maneələrlə qarşılaşır, o, sarsılır, mənfiliklərə qarşı mübarizədə məğlub olmaq dərəcəsinə gəlir, amma son anda bütün mənəvi, iradi gücünü toplayıb hər bir imtahandan şərəflə çıxır. Onun “Adamsız adam”, “İnsan kimi”, “İblis xisləti”, “Yalqız”, “Üfüqdə qaralan dağlar” və s. hekayələrində müasir insanın mənəvi dünyası ilə tanış oluruq. Əlövsət Bəşirlinin böyük rəğbətlə təsvir etdiyi insanlar kökə, doğulduqları yurda bağlıdırlar. “Üfüqdə qaralan dağlar” hekayəsində müəllif general rütbəsinə çatmış Eldar Azəroğlunu kəndinə, elinə-obasına sadiq bir insan kimi təqdim edir: “Uşaqlıq çağlarını, ilk gənclik illərini xatırladı. Sonra tələbəlik həyatı. Hər il yayda tətilini kəndlərində, dağlar qoynunda keçirərdi. Hərbçi kimi lap uzaqlarda xidmət edəndə də bu adətinə xilaf çıxmadı. Məzuniyyət vaxtını ailəsi ilə doğma səfalı yerlərdə dincəldi... Üfüqdə qaralan dağlara eyvandan baxanda ömrünün ötən çağlarının nisgilini çəkib kövrəlsə də, təsəlli tapırdı ki, indi həmin yerləri, torpaqlarımızı qoruyanlar arasında onun dərs dediyi, hərbin sirlərini öyrətdiyi zabitlər də var... Qaş qaraldıqca üfüqdə uzaqlaşıb gözdən itən dağların nisgili qəlbində qövr edir, qeyri-adi bir istək baş qaldırırdı: kaş o doğma, səfalı yerlərdə pay-piyada gəzəydim, gül-çiçəyin ətrindən bihuş olub, bağın meyvəsini dərib, bulağın buz suyunu içə biləydim”.

Yurdsevərlik, doğulduğu torpağa bağlılıq Əlövsət Bəşirlinin xatirə və məqalələrində də öz əksini tapır. Müəllifin uşaqlığı Kürün sahillərində keçib. Odur ki: “Əsrarəngiz sükut içində qulağıma səs gəlir, Kürün səsi. Siz heç Kürün səsini eşitmisiniz? Mən çox eşitmişəm. Hər dəfə gözlərimi yumub diqqət kəsilmişəm: mənə elə gəlib ki, çox uzaqlardan qopub gələn bu səs... ulu babalarımın səsidir. Ana Kürün bərəkətli sahillərində yurd-yuva tikən, məskən salan, barlı-bəhrəli bağlar becərən, nəsilbənəsil torpaqla çarpışan, onu göz bəbəyi kimi qoruyan, uğrunda canlarını əsirgəməyən uluların səsi...”

Ömrün Kürün sahillərində ötüb keçən illərini xatırlayan müəllif mənsub olduğu nəslin şöhrətli insanlarını da yada salır. Doğma yerlərə baş çəkəndə xatirələr ümmanına qərq olur, Kür qırağında, yaşıllığa bürünmüş sahildə ata-baba yurdunu seyr edir. Qeyd edim ki, Ə.Bəşirli köklü bir nəslin nümayəndəsidir. Ata-anasının yeganə övladıdır, atası 1945-ci ildə müharibədə həlak olur, onu əsərlərində böyük məhəbbətlə yad etdiyi anası böyüdür və Əlövsət orta məktəbi qızıl medalla bitirir, ali məktəbə daxil olur, jurnalistika fakültəsində ustad müəllimlərdən elm və həyat dərsi mənimsəyir. Amma bütün varlığı ilə doğulduğu “şor Muğan torpağına”, Kürə bağlıdır.

Kür deyəndə bir də Əliağa Kürçaylı yada düşür. Ə.Bəşirli böyük ehtiramla xatırlayır ki, yaradıcılıq aləmində ilk xeyirxahı, qolundan tutan adam Əliağa Kürçaylı olubdur. Ə.Kürçaylının köməyi ilə o, Radio və Televiziya Komitəsində işə düzəlmişdi. Buna görə də yazır ki: “İllər keçdikcə müxtəlif ictimai işlərdə, məsul vəzifələrdə çalışsam da, hələ tələbə ikən qolumdan tutub mənə dayaq olan, xeyir-dua verən Əliağa Kürçaylının yaxşılığını unutmadım, onun xeyirxahlığa, insanpərvərliyə səsləyən, “vətən övladını sorğu-suala tutan” poeziyası ömrüm boyu yol-yoldaşım, sirdaşım oldu”.

Bu yerdə Əlövsət Bəşirlinin yaradıcılığında xüsusi yer alan xatirələrdən, portretlərdən danışmaq yerinə düşərdi. Mən elə düşünürəm ki, Məmməd Araz, Əliağa Kürçaylı, Cabir Novruz, Əlibala Hacızadə, Nahid Hacızadə, Oqtay Rza, Sahib Sailovun obrazını onun kimi təsirli, dolğun yarada bilən qələm sahibləri çətin tapıla. Onun şair-tərcüməçi Vilayət Rüstəmzadə, rejissor Əliqismət Lalayev, son dərəcə maraqlı və özünəməxsus şair Abbasağa Azərtürk, publisist Südabə Ağabalayeva haqqında yazıları hər şeydən əvvəl, məhz səmimiyyəti ilə seçilir. “Poeziyamızın Oqtay Rza ünvanı” məqaləsində Ə.Bəşirli özünəməxsus poetik nəfəsiylə seçilən Oqtay Rzanın uşaqlıq odrazının sonralar şair Oqtay Rzada aydın seçiləcək cizgilərindən söz açır. Məlum olur ki, Salyanda ədəbiyyat vurğunları, yaradıcılığa yenicə başlayan cavanlar rayon Mərkəzi kitabxanasına toplaşarmışlar. “Mən yaşıdlarımla kiçik qonşu otaqdan boylanıb Mərkəzi kitabxananın oxu zalına baxanda orada bizdən böyükləri-Əliağa Kürçaylını, Ağacavad Əlizadəni, Xəlil Rzanı görürdük. Oqtay onlardan 5-6 yaş kiçik olsa da, kitabxanadakı ədəbi birlikdə iştirak edirdi. Hələ beşinci sinifdə oxuyanda rayon qəzetində şeiri çap olunmuşdu. Bu balacaboy, civə kimi bir yerdə qərar tutmayan, xoşsifət oğlan mənə simsar görünürdü. İkimiz də atasız böyüyürdük. Onun ali təhsilli müəllim atası repressiya qurbanı olmuşdu”.

Ə.Bəşirlinin “Allahı qatil edənlər” (Aqil Abbas), “Sarı odalar” (İradə Tuncay) kitabları haqqında, Nahid Hacızadənin 75 illiyi münasibətilə qələmə aldığı yazılarında mənəvi borcdan doğan bir məsuliyyət hissi görürsən.

Əlövsət Bəşirlinin həyat və yaradıcılıq yolu onun qələm dostları tərəfindən də yüksək qiymətləndirilib. Müxtəlif yazılar içərisində biri daha çox seçilir. Bu, Əməkdar jurnalist Ələkbər Abbasov-Şəhrilinin “Əlövsət və Dilarə” dastansayağı yazısıdır. O, Əlövsət Bəşirli və Dilarə Vəkilova sevgisinin həyat amalına, birlik qayəsinə çevrilməsini səmimiyyətlə qələmə alır. Yeri gəlmişkən qeyd edək ki, yarım əsrdən artıq jurnalistikada külüng çalan bu ürək və əqidə yolçuları qələmlərini və imzalarını “Bizim dünya” kitabında birləşdiriblər. Həmin kitabı bir müasir sevgi dastanı kimi də vərəqləmək mümkündür. Ə.Bəşirlinin çox gözəl ailəsi var. Bu ailənin dörd övladı və nəvələri də daxil olmaqla hamısının başının tacı Dilarə xanım Vəkilovadır. Səməd Vurğun nəslini təmsil edən Dilarə xanım özü də istedadlı bir publisistdir. Tofiq Abdinin (Allah ona rəhmət eləsin) həmin kitabda Əlövsət Bəşirli və Dilarə Vəkilova ilə “Yazar ailələr” silsiləsindən bir müsahibəsi var. O müsahibədə, eləcə də Ə.Bəşirlinin “Ömrümün kitabı” xatirə-povestində bu iki insanın keçdiyi ömür yolu əks olunub. O yazıları oxuduqca fikirləşirsən ki, əsl Azərbaycan ailəsi belə olar! Və mən bu yazıda 80 yaşlı Əlövsət Bəşirliyə və Dilarə xanıma uzun ömür, cansağlığı, könül xoşluğu və əlbəttə, yaradıcılıq uğurları arzulayıram!

 





04.06.2018    çap et  çap et