525.Az

Bayburtdan Ərzuruma gedən yol... (davamı)


 

Bayburtdan Ərzuruma gedən yol... <b style="color:red">(davamı)</b>

Ərzuruma səfər zamanı Qarsqapı şəhidliyini və burada uyuyan Camal Paşanın məzarını ziyarət etmək imkanımız da oldu.

Şanlı ömür yolu keçən Camal Paşa 1872-ci ildə Midilli adasında dünyaya gəlib, 1890-cı ildə İstanbulda yerləşən Qülləli Hərbi Liseyinə daxil olub 1893-cü ildə hərbi məktəbi bitirərək qərargah yüzbaşı rütbəsinə yüksəlib. Birinci Dünya müharibəsində döyüşən Camal Paşa məğlubiyyətdən sonra 1918-ci ildə mühacirəti seçib. Öncə Berlin, daha sonra da Münix və İsveçrəyə getdi.

O, Osmanlıda yaşayan ərəblərin üsyanına səbəb olduğu üçün Divan-i Harb-i Örfi (Fövqəladə Hallar Məhkəməsi) tərəfindən qiyabi edama məhkum edilir. İsveçrədən Rusiyaya keçən Camal Paşa əfqan ordusunu modernləşdirmək üçün Əfqanıstanda olub. Bolşeviklərin siyasi görüşlərində meydana gələn ayrı-seçkiliklər Camal Paşanın da işini çətinləşdirdi, o da Tiflisə yerləşdi. Burada əsgəri xidmətini davam etdirməklə 21 iyun 1922-ci ildə Karakin Lalayan və Serqo Vartanyan adlı iki erməni terrorçusu tərəfindən öldürülüb. Ancaq bu sui-qəsdin Stalinin əmriylə Lavrenti Beriya tərəfindən hazırlandığına dair iddialar mövcuddur. Cənazəsi Doğu Cəbhəsi Komandiri Kazım Karabəkir tərəfindən Ərzuruma gətirilərək Qarsqapı Şəhidliyinə dəfn edildi. O, ömrü boyu m?nsub olduğu xalqın, ölkəsinin ərazi bütövlüyünü qorumaq uğrunda çalışıb. Sonda isə yüzillər boyu Türkün kölgəsi altında yaşayan, ancaq imperialistlər tərəfindən tarix boyu istifadə edilən erməni terrorçular tərəfindən şəhid edildi. Bu məzarlıqda yalnız Camal Paşa deyil, türk dünyasının qəhrəmanlıq səhifələrini yaradan və o səhifələrə adını yazan igidlər də uyuyur.

Ərzurumun “Oltu daşı”  

Ərzurumda “Oltu daşı” adlandırılan və maraqlı, qeyri-adi  bəzək əşyaları, aksessuarların satıldığı məkanda da olduq. Şəhərə gələn bütün turistlər buraya baş çəkir və yalnız Ərzurumda olan bu daşla bəzədilmiş hər hansı bir əşyanı alır.” Oltu daşı” yalnız aksesuar olaraq maraqlı deyil, onun həm də müalicəvi əhəmiyyəti var. Bölgənin Oltu mahalında çıxarılan və yarı qiymətli mədən xüsusiyyətində olan bu daşın stressə və romatizm ağrılarına qarşı müalicəvi təsirinin də olduğu bildirilir.

Qara, tünd qəhvəyi, sarı, nadir hallarda isə boz-yaşımtıl rəngdə olsa da, alıcılar daha çox qara rəngə üstünlük verirlər. Ümumiyyətlə “Oltu daşı” qadın bəzək əşyaları, təsbeh istehsalında əhəmiyyətli bir yerə malikdir. Əsrlərdən bəri bölgədə atadan oğula keçən ev-atelyelərdə əl və kiçik diametrli alətlər vasitəsi ilə istehsal edilir. Türkiyədə bu daşı qiymətli daşlar arasında mühüm yer tutur. 

“Oltu daşı” mədənin içində olduğu zaman çox yumşaq, hava ilə təmasda olandan sonra isə sərtləşir. İşlənməsi asan olan bu daş istifadə olunduqca parıldayır. 

“Oltu daşın” satıldığı bazar Ərzurum qala divarlarının aşağı – şəhərə tərəf olan hissəsində Taşhan adlı ərazidə yerləşir. Buranın Sultan Süleymanın sədrəzəmi Burada onlarla dükan məhz alıcılara oltu daşı təqdim edir. Şəhərin üç kümbəz adı ilə tanınan abidələri də turistlərin maraq göstərdiyi yerlərdən biridir. Üç gümbəzin ən böyüyün Əmir Səlcuqa aid olduğu zənn edilir. Bunun XII yüzilliyin sonu, XIV yüzilliyin əvvəllərində inşa edildiyi təxmin olunur. Digər gümbəzin kimə aid olduğu bilinmir, amma onların da 14-cü əsrdə qurulduğuna dair məlumatlar var. Kəsmə daşdan inşa edilən bu gümbəzlər səkkizbucaqlı, gövdəli, üzəri örtülü və iki rəngli  daşdan ibarətdir.

Bu gümbəzin səkkiz cəbhəsinin dördü üzündə bir cüt pəncərə var. Qapısı şimal istiqamətində olub, giriş qapısında çiçək və heyvan kompozisiyaları görülməkdədir.

Hər daşı tarix olan Ərzurumun təbii ki, qısa vaxt ərzində bütün tarixi abidələri, məkanları ilə ətraflı tanışlıq mümkün deyil. Amma gördüklərimiz oxuduqlarımızla tamamlanaraq, Ərzurumun şanlı tarixini bir daha gözümüz önündə canlandırdı.

Ərzurum yalnız yayı ilə göz oxşamır 

bura həm də qış turizminin məkanına çevrilməkdədir. Bunun üçün Ərzurumda bütün şərait yaradılıb. Belə ki, Palandökən dağı qış idman təsisləri son illərdə əhəmiyyətli nəticələr əldə edib. Bu xüsusiyyəti ilə Ərzurum Türkiyə sərhədlərini aşaraq dünyanın saylı mərkəzlərindən biri halına gəlib. İdman müəssisələrinin bölgə turizminə və iqtisadiyyatına əhəmiyyətli töhfələri var. Palandökən və Konaklı Kayak mərkəzlərini gəzərək maraqlı məlumatlar əldə etdik. Belə ki, Palandökən Kayak Mərkəzi şəhərdən 5, Hava Limanından isə 15 km məsafədə yerləşir. Palandökəni seçən hər bir turistin burada 6 ay kayak sürmək imkanı var. Ehtiyac olduğu təqdirdə süni yollarla bu vaxtı uzatmaq da olur.

Turistlər üçün qiymət məsələsi də olduqca əlverişlidir. Hər bir turistin büdcəsinə uyğun otel sifariş etmək mümkündür. Yazda isə bu qiymətlər daha münasibdir.

Digər kayak mərkəzi olan Konaklı ilə Hava Limanı arasındakı məsafə isə 24 km-dir. 2500-3100 metr yüksəklikdə yerləşən Mərkəz beynəlxalq  yarışlar üçün daha əlverişlidir. Mərkəzin müasir texniki imkanları hesabına 450-500 idmançını 5 dəqiqəyə yüksəkliyə daşıya bilmək imkanı var. Mərkəzdən günlük istifadə haqqı 20 Türk Lirəsidir. Burada otel olmasa da, kafe və digər xidmət növləri fəaliyyət göstərir. 

Ərzurumun hər tərəfindən görünən Atlama Mərkəzi 2010-cu ildə istifadəyə verilib. Eyni vaxtda 100-150 idmançının istifadə etdiyi Mərkəz insanlar üçün açıqdır. Süni qar yaratmaq imkanına malik Atlama Mərkəzi Türkiyədə təkdir və o da Ərzurumda yerləşir. Mərkəzi yaxınlığında otel də fəaliyyət göstərir.   

Ərzurumda 2009-cu ildə inşa edilən Buz Pateni Salonunun eni 30, uzunluğu isə 60 metrdir. Salonda eyni vaxta 100-150 adam idmanla məşğul ola bilir. Həmçinin 2000-dən çox tamaşaçı bu idman oyununu çox rahatlıqla seyr etmək imkanı əldə edir. Xüsusi ilə qeyd edək ki, Ərzurum Buz Pateni Salonu bir sıra beynəlxalq tədbirlərə də ev sahibliyi edib.

Ərzurumun qış turizmi daha çox inkişaf edib. Hər il şəhərə Rusiya, Ukrayna, Gürcüstan, Polşa və digər ölkələrdən 30-40 min turist gəlir. 2011-ci ildən etibarən qış turizmi üçün daha geniş imkanlar yaradılıb. 

Əlbəttə ki, bütün bunlar Ərzurumun zəngin mətbəxi ilə tamamlanır. Yayla şorbası, kəsmə şorbası, paça şorbası, müxtəlif növdə ət yeməkləri və xüsusilə son illərdə Ərzurumun simvoluna çevrilən Çağ kababı, burma şirinin dadından doymaq olmur.  Şəhərə gələn turitlərin ən çox sevdiyi yerlərdən biri isə tarixi Ərzurum evləridir. Burada gəzinti yorğunluğunu çıxarmaq üçün ideal məkandır. Hər şey insanın rahat və sərbəst istirahətinə hesablanıb. Nağılları xatırladan “Köhnə Ərzurum evləri”nin içərisi qədim əşyalarla bəzədilib. Folklor, sənət, qədim geyimlər, yerdə açılmış çay süfrələri,  təsərrüfat nümunələri və s. Şəhərin mərkəzində yerləşən bu evlər əvvəllər ayrı-ayrı şəxslərə məxsus olub. Şəhər böyüyüb inkişaf etdikcə bu evlərin sakinləri də başqa yerə köçməli olublar. Zaman-zaman bu köhnə evləri alan indiki sahibi isə onların qədimliyini və memarlıq görünüşünü dəyişmədən bir-birinə birləşdirib. Daha doğrusu birindən digərinə qapı açaraq turist məkanına çevirib.

Ümumiyyətlə, Ərzurumda ekoturizm, tarix və mədəniyyət, inanc və s. turizm növləri üçün geniş potensial var. Tarix və mədəniyyət abidələri ilə Ərzurum Türkiyənin digər şəhərlərindən heç də geri qalmır. Bütün bölgədə qədim şəhərin çoxlu sayda xarabalıqları, bürclər, qalalar, məqbərələr bu gün də qalmaqdadır. Həmçinin ərazidə ənənəvi xalq sənəti növləri geniş inkişaf etmişdir. Bu da turizm üçün maraqlıdır. 

Və son olaraq Ərzurumu qışda görənlərə bu cənnət məkanı yayda, yayda görənlərə isə qışda ziyarət etməyi tövsiyə edirəm. Çünki qışını görməsəm də, eşitdiklərim və oxuduqlarımdan buranın əsl qış istirahətini sevənlərin məkanı olduğu qənaətindəyəm. Yayına isə söz ola bilməz...

Pərvanə Sultanova
Bakı-Ərzurum-Bakı

 





12.07.2013    çap et  çap et