525.Az

Sürgün olunanların sorağı ilə- I məqalə


 

Sürgün olunanların sorağı ilə- <b style="color:red"> I məqalə</b>

Qazaxıstanda sürgün olunan və sürgün olunmayan soydaşlarımızın sayı

   Azərbaycan Dövlət Diaspor Komitəsinin məlumatına görə Qazaxıstan Respublikasında 100 minə yaxın soydaşımız yaşayır. Qazaxıstan Axısqa Türklərinin Milli Mərkəzinin sənədlərində orada yaşayan axısqalıların  sayı 200 minə yaxındır. 1936-cı ilədək Axısqa türkəri ilə aramızda elə bir ayrı-seçkilik yox idi. Belə ki, Ömər Faiq Nemanzadə Axısqadan, Cəlil Məmmədquluzadə də Naxçıvandan gəlib Tbilisidə türkcə “Molla Nəsrəddin” jurnalını çap etdikləri kimi, Əhməd Pepinov da Bakıda satirik “Zənbur” jurnalını nəşr edir, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində işləyirdi. Azərbaycandan onlarla ziyalı da gedib Axısqanın müxtəlif kəndlərində müəllimlik edir, rəhbər vəzifələrdə işləyirdilər. Yəni 1937-ci ilədək axısqalılarla eyni millət sayılırdıq. Onda Qazaxıstanda yaşayan soydaşlarımızın sayı 300 mindən çoxdur. “Gizli miqrantlar”ı da bura əlavə etsək rəqəm bir az da artar.  Almatıda olarkən neçə-neçə insanın iki aydan bir Qırğızıstan sərhəddinə keçərək pasportlarını qeyd elətdirib geri döndüklərinin şahidi olduq. Qazaxıstanda yaşayanların siyahısına düşməyən belə miqrantlar illərdir orada yaşayır, işləyir, uşaqları da məktəblərdə təhsil alır.

Qazaxıstandakı soydaşlarımızı aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Sovet hökumətinin “qolçomaq”, “xalq düşməninin ailəsi” adı ilə sürgünə göndərdikləri və onların uşaqları. 2. “Vətən xaini” adı ilə sürgün olunanlar. 3. Xam torpaqlara yarı xoş, yarı güc işləməyə göndərilənlər və Azərbaycanı tərk edənlər. 4. 1990-cı ildən sonra Azərbaycanda dolana bilməyib Qazaxıstana gedənlər.

Sayları az olduğuna görə bölgüyə daxil etmədiklərimiz də var. Onlar Qazaxıstana rəhbər vəzifədə işləməyə göndərilənlərdir. 1920-50-ci illərdə Azərbaycandan Qazaxıstana on minlərə ailə sürgün edilirdisə, Novruz Rzayev, Üzeyir Şabanov və başqaları da yüksək rəhbər vəzifələrə işləməyə göndərilirdi.

Son illər Qazaxıstanda nəşr olunan sənədlər toplularında və araşdırma kitablarında sürgün olunan insanların adı, atasının adı, soyadı, yaşı göstərilən siyahılara, onların hansı kənddə yerləşdirildiyinə dair bilgilərə tez-tez rast gəlmək olur. Həmin kitablardan birindən Azərbaycandan sürgün olunanların siyahısının fotosurətini çıxardım. Təəssüf doğuran odur ki, həmin kitablarda sürgün olunanların hansı rayondan, hansı kənddən göndərildikləri haqqında bilgi yoxdur. Azərbaycanda da sürgün olunanlar haqqında sənədlər toplusuna rast gəlmədim ki, onları qarşılaşdıram. Belədə həm yollarda ölənlərin sayını müəyyənləşdirmək olar, həm də soydaşlarımızın haradan sürgün olunduqlarını.

Sürgün olunanların böyük bir qismi, incikliklərindən və ya Azərbaycandakı məmur özbaşınalığından qorxaraq geri dönməyiblər. Beynəlxalq təşkilatların qərarlarına və tövsiyələri ciddi əməl olunmadığı üçün Gürcüstan hökuməti Axısqa türklərinin vətənə dönmələrini hələ də əngəlləyir.

Qazaxıstan keçmiş Sovetlər Birliyində ərazicə Rusiya Federasiyasından sonrakı yeri tuturdu. SSRİ-nin respublikalarında rəhbər vəzifələrdə formal da olsa milli kadrlar yerləşdirilsə də, burada həmin qaydalar gözlənilmirdi. Rəhbər vəzifələrdə ruslar çoxluq təşkil edirdi. Hətta uzun müddət Nazirlər Sovetinin sədri, Ali Sovetin Rəyasət Heyətinin sədri və Mərkəzi Komitənin birinci katibi vəzifəsində ruslar işləyirdilər.

Qazaxlar hökumətin köçürma siyasətinə qarşı dəfələrlə üsyanlar qaldırsalar da, bu üsyanlar qan içində boğulmuşdu.

XX yüzilin əvvəllərində isə gözlənilən xalq üsyanlarının qarşısını almaq məqsədilə, Rusiyanın daxili işlər naziri və Baş naziri olmuş Stolipinin planı əsasında mərkəzi quberniyalardan aztorpaqlı rus kəndliləri Qazaxıstana köçürülərək onlara əkib-becərməyə məhsuldar torpaqlar verilmiş və burada məskunlaşmaları üçün lazımi şərait yaradılmışdır. Torpaqları əllərindən alınan əhalinin müqaviməti də qəddarlıqla yatırılmışdı.

Sovet hakimiyyəti illərində də yalnız Rusiyadan deyil, keçmiş SSRİ-nin hər yerindən on minlərlə ailənin bura sürgün edilməsinə baxmayaraq, bölgədə hər kvadratkilometrə düşən əhalinin sayı Ukrayna, Belarusiya, Güney Qafqaz, Özbəkistan və Tacikistandan çox-çox aşağı olub.  1928-32-ci illərdə kollektiv təsərrüfat yaratmaq adıyla əhalinin əlindən malı, mülkü alındığından 3-4 milyon insan acından, xəstəlikdən ölüb, az bir qismi də xarici ölkələrə köç etmək məcburiyyətində qalıb.

25-30 il sonra isə boşluğu doldurmaq məqsədilə Sovet hökuməti xam torpaqları abadlaşdırmaq adı altında  SSRİ-nin müxtəlif bölgələrindən Qazaxıstana yarı zor, yarı xoş insanlar göndərib, bu ərazilərdə şəhərlər, qəsəbələr, kəndlər saldırıb. SSRİ-nin dağılması ərəfəsində sürgün olunmuş almanlara Almaniya hökuməti sahib çıxıb, SSRİ dağılandan sonra isə rusların öz tarixi vətənləri olan Rusiyaya köçü başlanıb. Beləliklə, ölkədə yenə də işçi qüvvəsi qıtlığı yaranıb, Qazaxıstan hökuməti 1920-30-cu illərdə xarici ölkələrə köçmüş vətəndaşlarını və onların övladlarını geri qaytarmaq üçün bir sıra həvəsləndirici tədbirlər həyata keçirib. Kütləvi köçün qarşısını almaq üçün də bir sıra tədbirlər görülüb. Hazırda Qazaxıstanda 100-dən çox xalq yaşayır və onların əksəriyyətinin dərnəkləri fəaliyyət göstərir.

Qazaxıstanda yaşayan soydaşlarımızla görüşməyə, orada araşdırmalar aparmağa gənclik illərimdən maraq göstərsəm də, buna təxminən 35 il sonra nail ola bildim.

Almatıya getmək istəyimin tarixçəsi

Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin dördüncü kursunda oxuyanda, yəni 1972-ci ilin aprelində tələbə yoldaşım Osman Əhməd oğlu sevinc və qürurla kəndlərinə Türkiyədən  bir aşıq gəldiyini söylədi. Hər ikimiz gündüz oxusaq da dolanmaq üçün gecələr  işləməliydik. Bu xəbər o qədər gözlənilməz  oldu ki, dərsdən və işdən icazə almadan Borçalıya, Kür üstü Keşəli kəndinə  yollandıq. Öyrəndik ki,  Osmanın uzaq qohumu Qənbər çox çətinliklə, yəni məmurlara rüşvət verməklə dayısı İslam Ərdənəri qonaq gətirdə bilib.

   Qənbərin evi çox qələbəlik idi. Yalnız keşəlilər deyil, ətraf kəndlərdən, rayonlardan da İslam Ərdənəri görməyə, onu qonaq aparmağa gəlirdilər. O da məclislərdə olduqca maraqlı söhbətlər edirdi. Adamların çoxu da istər İkinci Dünya savaşında, istərsə də ondan əvvəl “itkin düşmüş”  əzizlərindən xəbər tutmaq istəyirdilər.  Qars şəhərinin yaxınlığındakı Ladıkars (Kümbətli) kəndində yaşayan İslam Ərdənər Türkiyədə yaşayan “itkinlər” haqqında xəbər verməklə kifayətlənmirdi. O, aşıqlarımızın ömür yollarından, şeirlərindən, dastanlarımızdan da şirin söhbətlər edirdi.

Bir dəfə məclisdə Xəstə Hasanın Göyçəli Aşıq Ələsgərə Xəstə Qasımın bağlamasını göndərdiyindən söz düşəndə o, qətiyyətlə bildirdi ki, burada bir yanlışlıq var. Çünki Xəstə Hasan Aşıq Ələsgərdən əvvəl yaşayıb. Dediklərini isbatlamaq üçün Xəstə Hasanın aşağıdakı “Divani”sini söylədi:

Abi çeşmə göllərində sona da bir, qaz da bir.
Süsən sünbül, mor bənəvşə, bülbül ötər yazda bir.
Vaqif dərddən xəbərdardır, Gövhərinin qiyməti yox.
Qul Qaranı, Qara Zülal, Aşığ Omar sözdə bir.
  
Qurbanı haqq aşığıydı, dayıma xamnan sökər.
Dəstinə alıp qələmi, xəddinə bir xədd çəkər.
Çöllü İsmail tacidi, cannan qasavvət tökər.
Kərəm ki yandı atəşə, od da birdi, köz də bir.
  
Molla Xəlis dəlalətdən içdi eşqin badasın,
Küftadıya pay verdilə ronnan da ziyadasın,
İrfanı dərya-ümmandı, keçmək olmaz adasın,
Aşıx Seyfi, Usta Polad, Dəli Tamı sazda bir.

İşdim eşqin badasını, həm oxuyam, həm yayam,
Böylə getməz bu rüzigar, həlbət gələr bir ayam,
Sənə min iki yüz on səkkiz, yox tarixin sayam,
Çox aşıxlar gəldi-getdi, Xəstə Həsən yüzdəbir.

“Divani”nin son bəndindəki “Sənə min iki yüz on səkkiz”in hicri tarixi olduğunu söyləyən İslam Ərdənər onu miladiyə çevirdi. Bunun da 1803-1804-cü il etdiyini və şeiri Xəstə Hasan ömrünün son çağında söylədiyini bildirdi. Aşıq İslam fikrini isbatlamaq üçün çox misal çəkdi. Xəstə Hasanın kitabda yazıldığı kimi irəvanlı deyil, Axısqanın Levis kəndindən olduğunu söylədi.  Amma nə mən, nə də məclisdəkilər onun dedikləri ilə razılaşdıq. Çünki “Aşıq Ələsgər“ kitabını çapa hazırlayan alimimizə hamımızın böyük etimadı vardı. İnana bilmirdik ki, o, səhv edər.

“Divani”də adıçəkilən aşıqların bir çoxu haqqında nə alimlərimizin, nə də məşhur aşıqlarımızın bilgisi var idi. İslam Ərdənər Xəstə Hasanın  bir neçə “Divani”sini, “Cığalı təcnisini” də söylədi. Onun söylədiyi şeirləri nə mən və mənim kimi universitetdə oxuyanlar, nə də məclisdə əyləşən aşıqlar və aşıq şeirinin vurğunları eşitmişdilər.

Aşıq şeirlərindən ibarət toplulara düşməyən, aşıqların məclislərdə oxuduğunu eşitmədiyimiz bu şeirlər diqqətimizi cəlb etdi və onları cib dəftərçələrimizə yazdıq. Bu şeirlər içərisində “Yüzdə bir” divanisi daha çox diqqətimi çəkdi. Aşıq Ələsgərin:

Qasım “qaf”nandı, Həsən “hey”nən,
Xeyir çəkməz ustadından deyinən,
İşim yoxdu seyyidnən, bəynən,
İxtiyarımdadı qalan məxluqat,
Daimül-övqat. 

misralarının, eləcə də şeirə kitabın sonunda folklorçu alimlərimizin yazdığı izahların da cazibəsindən çıxa bilmirdim. İslam Ərdənərin söylədikləri də çox məntiqli və inandırıcı görünürdü. Beləcə o, içimə bir şübhə toxumu əkib Türkiyəyə döndü.

Almatı

07-16.06. 2013

 





15.07.2013    çap et  çap et