525.Az

Ruh yelkənli şair


 

Ruh yelkənli şair<b style="color:red"></b>

Tanınmış Azərbaycan şairi Barat Vüsalın yaradıcılığı mənə çox doğmadır.Şairin mətbuatda çap olunan məqalələrini,publisist yazılarını,radioda çıxışlarını  da maraqla izləyirəm.  Onun çıxışlarında,yazılarında hər dəfə yeni söz,yeni məna olur.

Bu ilin əvvəllərində Əməkdar incəsənət xadimi şair Barat Vüsalın AMEA-nın muxbir üzvü Nizami Cəfərovun redaktorluğu ilə “Ruh ğəmisi”  adlı kitabı çapdan çıxıb. Bu kitab oxucular tərəfindən maraqla qarşılanıb.Bu əsər ədəbiyyatımıza yeni ruh, yeni nəfəs gətirib.Şairin yeni yazdığı şeirlər poemalar,hekayələr,ballada və yeni seçdiyi mövzular yüksək poetik düşüncə tərzi ilə qələmə alınıb.O, heç kəsi təkrar etmir.O, ancaq öz qəlbinin səsini yazır.Şairin öz səsi,öz duyğusu, Nizami,Səməd Vurğun kimi klassiklərə söykənən ədəbi düşüncələri var.

İnsan həyatda nikbin ruhla yaşayıb yaradır.Bəzən İnsan ruh düşkünlüyünə düçar olanda ruh onu yenidən həyata qaytarır.İnsanın həyatında hər şey ruha,qismətə bağlıdı.Bunu insana Yaradan verir.Ona görə də şair Allahın adından öz könlünə üz tutur.

Ruhum,ağılım,Allahım!
Əvvəl- axırım Allahım,
Səni çağırıb Allahım,
Mən könlümə üz tutmuşam!
 
Şair ruhu göylərdə Yaradana,yerdə mənəvi nemətlər yaradan müdrik klassiklərin ədəbi duyğularına bağlanır.Dərin dəryalarda şairə ilham verən ruhun yelkənində bəşəri duyğularla yola çıxır,billur sularda ülvü hisslərə qoşulur.

Bir vaxt düzəltmişdim Nuhnan bir gəmi,
Zornan-gücnən, varnan-
yoxnan bir gəmi,
İndi düzəltmişəm Ruhdan bir gəmi,
Dur,mənim yanıma gəl,yola çıxaq. 

Vətən qayğıkeşliyi,türkçülük şair amalının səsidi, könül çırpıntılarıdı. Ruh insanı hünər göstərməyə, qələbə çalmağa, qəhramanlığa səsləyir. Harda inam,ruh yüksəkliyi varsa orada zəfər var.Torpaqlarımızın işğal olunması, xalqımızın öz doğma yurdundan qovulması şair qəlbini göynədir.Müzəffər ordumuza ruh verən xalqımızın vahid birliyi düşmən üzərində qələbə çalmağa inam yaradır.Şəhidlərin ruhuna bağlı qələbə əzmli ordu həmişə qalib gəlir.

Ruhsuz xalq qalib olmaz,
Haqqına talib olmaz.
Heç vaxt yurd məğlub olmaz,
Ruhunda bir ordu var!
Ruhumda bir ordu var! 

Şair müxtəlif janrlarda mənalı, insanı dünyəvi hisslərə bağlayan ,düşündürən poeziya nümunələri yaradıb.Qartalın qayada yanıqlı səsində,yarpaqların pıçıltısında,arıların sızıltısında musiqi səsi var.Saz,tar səsi var.Bağlarda cəh-cəh vuran quşların səsində dahi Üzeyirlərin musiqisinin ahəngi var, onu ruhun səsi ilə dinlə.

Sızlamır,saz çalır arı da,dinlə,
Könlünü yarıda –yarıda dinlə
Saza da qulaq as,tarı da dinlə,
Bir ruhun səsini eşitmək üçün. 

Şair azərbaycançılığa,türkçülüyə candan, qandan bağlıdır.Onun ürəyində Azərbaycan,arzularında türk dünyasının vahid birliyi,qüdrətli olması yaşayır.O bunu öz çıxışlarında, yazılarında təbliğ edir,yeni nəsli bu sahədə maarifləndirir, türkü bu müasir dünyada öz kökünə, türkçülük ənənələrinə qayıtmağa çağırır.

Bulağın gözünə dön,
Ocağın közünə dön.
Türk oğlu,özünə dön.
Millət özünə gəlsin! 

Türk Allaha yaxındır.Allaha çatan birinci səs türkün səsidir. Tanrı şairə qüdrətli səs verib.Quşlar şən yaşamaq üçün türk ellərinə üz tutur.Türklər tarixi yaradanlardı, yaşadanlardı.Türkün ziyalı qələmi göydən gəlib.Bu qələmi ilk dəfə Allah tutub.Ona görə də türk şan – şöhrətlidi,qüdrətlidi.

Tutan əldə şah tutubdu,
Qələm deyil,baxt tutubdu,
İlk dəfə Allah tutubdu
bu qələm Türkün qələmi
bu qələm İlkin qələmi!
 
Şairin yaradıcılığında qadın gözəlliyi, nəcibliyi,incəliyi,türk gözəlinin saf eşqi,məhəbbəti,sədaqəti,etibarı Yaradanın verdiyi ruha bağlıdı.

Çatma qaşlı,alma yanaqlı,şux qamətli,incə belli,şirin ləhcəli, vəfalı qəhrəman ana türk gözəlidi.Türk qadını öz sevdiyi yarı ilə at belində döyüşlərdə qılınc çəkib hünər göstərib.

İnsan ruhən sevir, sevilir, yaşayır.Şair eşqə bağlı sevgi yelkəni könüllər mülkünə nur səpələyir.İnsanı rühən gözəlləşdirir, saflaşdırır,nikbinləşdirir.Təbiət gözəlliyi, qadın gözəlliyi həyatın müqəddəs varlığıdır.Bunu insanlara Yaradan verir.Türk gözəli naz edir.Şairin şeirlərini özündən çox sevir.Çünki türk gözəlinin könlündə,ruhunda şairin şeir dünyası,onun əbədiyyata qovuşan sevgisi durur.

“Bir gözəl dedi ki...” şeirində şair deyir:

Qoysana eyləyim hələ naz, Barat,
Bu nazın axırı pis olmaz, Barat,
Sənə qurban olum, şeir yaz, Barat
Səndən çox sevirəm,şeirlərini!

Şairin “Ruh ğəmisi” kitabında təcnis janrında  bir neçə şeirləri çap olunub.Bu şeir janrı  bizə Qurbanidən,Xəstə Qasımdan, Aşıq Ələsgərdən və s.dən miras qalıb.Bu şeir növündə müasir şairlər az da olsa yazırlar.Oxucu çox vaxt bu şeir növündə yazılan   təcnisləri çətinliklə başa düşür.Şair Barat Vüsal bu çətin şeir janrını daha sadə dildə, mənalı və musiqiyə yatımlı edib.

O gün yaxalayıb dedim özünə,
Üzü olmayanın sözü, özünə
O qədər sayıqla özün-özünə,
Qədər deməyəni o qədər de ki! 

Yaxud

Sıçrayıb baxasan ata belindən,
Atan şeşbərini ata, belindən!
Oğullar gəlibdir ata belindən,
Nə ki, kişilər var, Koroğludandı! 

Şair Barat Vüsal ruhən dinə-imana bağlı, yeniliklərlə yaşayan şairdir.Zəhmət sevərdi, hədsiz təmiz adamdır.Sözü ilə əməli bir olan ziyalıdır.Özü demişkən, kişi kimi öz sözünü üzə deyir.Başqaları kimi şaha xoş gəlmək üçün dəridən, qabıqdan çıxmır.Çalışır Allah verən ruha bağlı olsun.

Şairin “Ruh gəmisi” kitabında əslində Ruhdu, Eşqdi, Könüldü oxucularına demək istədikləri.

Onun yaradıcılığı çox əhatəlidir.Onları bütünlüklə təhlil etmək mənim qələmimin gücündə deyil.Onu araşdırmaq,təhlil etmək, yazmaq vəzifəsi bizim çox hörmətli, görkəmli şairlərimizin,yazıçılarımızın,tənqidçilərimizin üzərinə düşür.

“Veto”-poema Monoloq 20-il bundan əvvəl 1993-cü ildə yazılıb.Vətən ağrılı bu əsəri həyəcansız oxumaq olmur.Bu poemanı oxuyanda insan qəmli düşüncələrə qərq olur.Könüllərə dərd gətirən Vətən nisgili insan qəlbini göynədir.Düşmənlə varlanmaq döyüşünə girən bəzi Vətən satqınları vətənə bağlı ruhdan,qürurdan uzaqdılar.O pul hərisləri Azərbaycan deyəndə,Azərbaycan haqda düşünmürlər.Özləri üçün düşünürlər.Vətənin bir milyondan çox qaçqını var, hara baxırsan şəhid qəbirləridir.Bu torpağı hamı qorumalı idi.Deməli idik ki,ana torpaq mərd dayan.Ölənəcən səni qoruyacağıq.Çox heyif ,gecikdik.Hazırda Vətən dardadı.Vətən torpağını azad etmək üçün hamı müsəlləh əsgər olmalıdı.

Vətən yaman hala düşüb.
Vətən hardan hara düşüb?
Ölək gəlin, itək gəlin.
Əldən gedən torpaqların
Köməyinə gedək, gəlin! 

Bunu bizə Vətənin yaraları, Vətənin dərdi-səri, anaların ah-naləsi, şəhidlərin ruhu deyir.

B.Vüsalın böyük şair Əli Kərimin xatirəsinə həsr etdiyi “Yarım santmetr”- balladası müəllifin yaradıcılığında  yeni bir uğurdur.Düşmən türkü, müsəlmanı doğma yurdundan qovub. Təkcə yarım santimetr torpaq qalıb işğal olunmamış.Buradansa tar,saz səsi,Muğamatın həzin avazı,şeirin könüllərə yol açan səsi gəlir.Bu səs xalqın səsidi.Qisas səsidi. Ruhun Vətən səsidi.Düşmən mətəəl qalır, vahiməyə düşür.Yarım santimetr torpağın gücünə bax,millətin qüruruna bax.

Bu, harda görünmüşdü,
Nəğmələri döyüşdü,
Düşməni məğlub etdi.
Yarımca santimetr
Hamıdan şanlı imiş,
Hamıdan canlı imiş
Yarımca santimetr!

Şairin “Təpəgöz” hekayəsi çox maraqlıdı.Adət-ənənələrə görə əsrlər boyu müdrik ağsaqallar yeni doğulan övladlara ad qoyublar.Hekayədə Elbaba Vətən, millət təəssübü çəkən el ağsaqqalıdı.Hər gün şəhidlərin  qəbrini ziyarət edir.Onların ruhuna dualar oxuyur.Vətən, torpaq satan Mürdəşir kişinin nəvəsinə  gedib ad vermək istəmir.Evdə qarısına deyir ki, elə adamların uşağının bircə adı olur:Təpəgöz!Elbabanı yandıran odur ki, o cür oğlan uşaqları millətin kişi kimi oğulları həlak olandan sonra doğulmağa başlayırlar. Türk adları elələrinə yaraşmır.

B.Vüsalın yaradıcılığında fransız sərkərdəsi Napaleon haqda yazılmış “Napoleonluq” essesi öz üslubu və mahiyyəti ilə  yenidir.

P.S. Bir vaxt bəşəriyyəti Ümumdünya Tufanından Allahın lütfi ilə Nuhun gəmisi xilas etmişdi.Barat Vüsal hesab edir ki, indi dünyamızı xilas etmək üçün Ruh gəmisinə böyük ehtiyac var! O, inanır ki, Ruh var olduqca insan yaşayacaq, qəlbi Allah sevgisiylə, torpaq, Vətən eşqi ilə aşıb-daşacaq,böyüyəcək və böyüdəcək!

...Ən böyük Vətəni Analar doğur,
Ən böyük Adamı şeir doğacaq!

Yunus Qaraoğlu

Qazax

 





15.07.2013    çap et  çap et