525.Az

Etnik baxımdan zəngin bölgələrimiz- İsmayıllı


 

Etnik baxımdan zəngin bölgələrimiz- <b style="color:red">İsmayıllı</b>

Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümummilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir.

Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələri əl-ələ, çiyin-çiyinə dostcasına, qardaşcasına yaşayırlar. Ölkənin bütün bölgələrinə səpələnərək yaşayan etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil edirlər. Tarixi proseslərin nəticəsi bir sıra xalqların məskunlaşmasında da özünü göstərib. Buna müvafiq olaraq bəzi etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində isə sıx halda məskunlaşıblar. Azərbaycan ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə olsa da, bu etnik zənginlik çaları özünü bəzi bölgələrdə, bəzi rayonlarda daha qabarıq şəkildə büruzə verir. Yəni, bəzi ərazi vahidlərimizdə etnik rəng özünü daha tünd çalarda göstərir, bəzi etnik qruplar, bəzi xalqlar bir sıra rayonlarda daha kompakt şəkildə yaşayırlar.

(Əvvəli ötən sayımızda)

 

Etnik baxımdan zəngin bölgələrimizdən biri də İsmayıllının Lahıc qəsəbəsidir. Lahıc qəsəbəsi Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaradıb.

Lahıc aşırımı möhtəşəm Niyaldağ silsiləsinin suayırıcındadır. Hündürlüyü təqribən 1700 metrdir, dar və çətin keçiləndir. Yollar təhlükəli olsa da, il boyunca buraya avtomobillə getmək olur. 7 dağ arxasında salınmış Lahıcda bütün Şərq şəhərlərindəki ənənələrə xas bir cəhət var. Tarixən burada 7 dağ əhatəsində 7 məhəllə, 7 bulaq, 7 məscid, 7 hamam və sair mövcud olub. Lahıcda hər şey 7 rəqəmi ilə bağlıdır.

Lahıcın daxil olduğu İsmayıllı rayonu e.ə. IV əsrdən Azərbaycanda mövcud olmuş Albaniya dövlətinin ərazisinə daxil idi. I –V əsrlərdə Albaniya dövlətinin paytaxtı bu rayonun qonşuluğunda yerləşən Qəbələ şəhəri idi.

Erkən orta əsrlərdə indiki Lahıc ərazisində müxtəlif tayfalar məskunlaşıb. Məskunlaşanlar içərisində irandilli tayfalar üstünlük təşkil edib. Lahıcın 1500 illik tarixi var. Lahıc qəsəbəsinin yaradılmasını lll – Vll əsrlərə aid edirlər.

Tarixi mənbələrdə Lahıc “Əl-Axbaz”,”Lancan”, “Əl-Əycan”, “Layican” adları kimi qeyd olunub. Bir çoxları “Lahıcı” tayfa adı ilə əlaqələndirir, digərləri İranın Layican əyalətindən gəlib həmin adı qoruyub saxladıqlarını güman edirlər. Deyilənlərə görə, Lahıc Sasanı şahı I Keyxosrov tərəfindən salınıb. Onun idarəçiliyi dövründə İran – Turan müharibələri gedirdi və I Keyxosrov hakimiyyətdən əl çəkərək İranı tərk edib Lahıca gəlir. Lahıcın gözəlliyi, iqlimi, təbiəti şahı cəlb etdiyindən, ömrünün axırına qədər Lahıcda qalmağı qərarlaşdırır. İranın Lahican əyalətinin şərəfinə bu yerləri Lahıc adlandırır. Hətta Lahıcın köhnə qəbirstanlığında Keyxosrovun qəbri olduğu güman edilir.

Lahıc qəsəbəsində tatlar yaşayır. Tatlar IV əsrdə Sasanilər tərəfindən Azərbaycan ərazisinə köçürülmüş irandilli əhalinin nəsilindən olanlardır.

Tat sözü türk dilində “yad”, “özgə” deməkdir. Tat dili fars dilinə yaxın olmaqla, Hind-avropa dil ailəsinin İran dil qrupuna aiddir. Etnik mənşəyinə görə əhali tat olsa da, özlərini “lahıclı” adlandırırlar. Lahıc sakinləri də eynən Azərbaycandakı bəzi dağlı etnik qruplar kimi özlərinə məxsus dildə danışırlar. Bu nə fars, nə tat, nə də talış dilidir. Bu, lahıc dilidir. Yerli leksikondakı sözlərin yalınz bir hissəsi fars kəlimələrinə uyğun gəlir.

Lahıc qədim sənətkarlıq mərkəzi kimi inkişaf edib. XVIII-XIX əsrlərdə qəsəbə mis qablar və silah istehsalının əsas mərkəzlərindən biri sayılırdı. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb.

Məmulatlar yüksək zövqlə və mürəkkəb naxışlarla bəzədilirdi. XIX əsrin ortalarında Lahıcda 200-dən artıq sənətkar emalatxanaları fəaliyyət göstərirdi. Burada 127 növ peşə istiqamətləri olub.

1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.

Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkməçilərin, çarıqçıların və sair ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarının bəzəyidir.

1717-1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu. XIX əsrin birinci yarısında Rusiyanın İjevsk silah zavodunda Lahıc ustalarının təcrübəsindən istifadə olunub.

Lahıcda azərbaycanlılar və tatlarla yanaşı, rus, erməniəsillilər, yəhudi, ləzgi və digər xalqların nümayəndələri də yaşayır.

Lahıc həm də Azərbaycanın əlverişli turizm potensialına malik bölgələrindəndi. Hazırda da buraya İrandan, Rusiyadan, Yaponiyadan, İtaliyadan, İspaniyadan və başqa ölkələrdən turistlər axın edir.

Lahıc qəsəbəsinin ən möhtöşəm abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evi hesab olunur. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahicın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa edilib. Binaya giriş iki tərəfdən mümkündür: Bədəvan məscidi (bu məscid də xeyriyyəçi Hacı Paşanın şəxsi vəsaiti hesabına inşa olunub) tərəfdən, ikincisi Girdiman çayının sol sahili istiqamətdən.Bu binanı Lahıc camaatı “Hacılar həyəti” də adlandırırlar.

Lahıc Tarix-Mədəniyyət qoruğu elan olunduqdan sonra Hacı Paşa evi dövlət tərəfindən qorunan abidələrin siyahısına (səhvən Hacı Qurban evi kimi) daxil edilib. Lahıca gələn istər yerli olsun, istər də xarici turistlər olsun, bu qədim abidəyə baxmamış buranı tərk etmirlər.

Lahıc bir çox məşhur yetirmələri ilə də tanınır. Məsələn,  yazıçı Manaf Süleymanov, inqilabçı Əli Bayramov və digərləri.

Lahıcla bağlı daha bir şərəfli tarixi məqam qəsəbə əhalisinin bir müddət Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmmədəmin Rəsulzadəyə sığınacaq verməsidir. M.Ə.Rəsulzadə Qızıl Ordu Bakını işğal etdikdən sonra 3 ay boyunca bolşevik təqibindən qaçaraq Lahıcda gizli sürgün həyatı yaşayıb. O dönəmdə Ərəb əminin evində gizlənib. Deyilənlərə görə, qırmızı terrordan qorxmayan kənd camaatı AXC liderinə burda olduğu müddətdə çox böyük hörmət və ehtiram göstərib.

lll

Bütün bunlar göstərir ki, Tanrı Azərbaycan adlı bu məmləkətdən səxavətini və lütfünü əsirgəməyib, yeraltı və yerüstü sərvətlərlə yanaşı, bir ölkə ərazisində iç-içə qaynayaraq qarışan, bir respublikanın bərabərhüquqlu vətəndaşı kimi çiyin-çiyinə yaşayan dost xalqlar bəxş edib. Bu qiymətli bəxşişlərin qədrini bilmək, qorumaq hər birimizin mənəvi borcudur.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





15.07.2013    çap et  çap et