525.Az

Bütün dövrlərin ölməz şairi


 

Bütün dövrlərin ölməz şairi<b style="color:red"></b>

XX əsr türk xalqları ədəbiyyatı tarixində qeyri-adi istedad sahibləri olduqca çoxdur. Onların arasında qızıl imperializmin qəzəbinə tuş gələn və 1937-ci və sonrakı illərdə məhv edilən milli şair və yazıçılar var.
 
Belə ədiblər mənsub olduqları xalqın bağrından çıxmış, onun hiss və həyəcanlarını qələmə almış, onun dərdləri ilə yaşamışlar. Çarizm dövründən daha ağır milli zülm, daha qəddar müstəmləkə üsul-idarəsi, daha amansız mənəvi terror, ağlasığmaz işkəncə və təqib, ədəbiyyatda qatı senzura, bir sözlə, bolşevizm onları insan və sənətkar kimi buxovlamaq və bir qayda olaraq yox etməyə çalışmışdır. Belə ədiblərə misal olaraq bizdən Hüseyn Cavidi, Əhməd Cavadı və Mikayıl Müşfiqi, özbəklərdən Aybeki və Batunu, qazaxlardan Saken Seyfullini və Əhməd Baytursunu, tatarlardan Bəkir Çobanzadəni və yüzlərcə, bəlkə də minlərcə başqasını göstərmək olar.

Məşhur qazax şairi Mağcan da onlardan biridir.

Mağcan Cumabayev 25 iyun 1893-cü ildə Akmolla vilayətinin Qızılyar qəzasının Sarıayğır rayonundakı Sasıkkul kəndində anadan olmuşdur. Atası Beken varlı bay idi, qəzaya rəhbərlik edirdi. Onun bir neçə arvadı, çoxlu övladı vardı. Mağcanın anası özbək qızı idi. Beken balaca Mağcanın ağlını və fərasətini xüsusi olaraq qiymətləndirir və onun gələcəyinə böyük ümid bəsləyirdi. Odur ki, onu əvvəlcə kənddəki mollaxanaya, sonra isə 1906-10-cu illərdə Qızılyar mədrəsəsində oxumağa göndərdi. Atasının fikrincə Mağcan bundan sonra ruhani olmalı və mollalığa başlamalı idi. Ancaq Mağcan Ufadakı məşhur "Aliyə" mədrəsəsinə getdi və bir müddət orada oxudu. Bir il sonra onu başqa bir təhsil ocağında görürük. Mağcan Omskda rus müəllimlər seminariyasına daxil olur. Oğlunun bu addımını bəyənməyən atası Mağcandan üz döndərir və maddi dəstəyini kəsir. Mağcan bir xeyriyyəçinin sayəsində təhsilini davam etdirə bilir və 1917-ci ildə seminariyanı qızıl medalla başa vurur. O, burada məşhur alim, türkoloq, maarifçi və ictimai xadim, "Qazax" qəzetinin redaktoru Əhməd Baytursunla, şair Saken Seyfullinlə, Şərq və Qərb mədəniyyətinin bilicisi Miryaqub Dövlətovla ünsiyyət qurur, rus dili vasitəsilə rus və Qərb ədəbiyyatını dərindən öyrənir, rus simvolistlərindən Balmont, Merejkovski, Bryusov və Blokun yaradıcılığı yaxından tanış olur.

1912-ci ildə Uralsk şəhərində "Qazaxıstan" qəzetinin mətbəəsində buraxılan "Üzük" adlı topluda Mağcanın "Qazaxların keçmiş vəziyyəti" adlı şeiri çap olunur. Bundan ruhlanan şair 1913-cü ildə Qazanda "Şolpan" ("Dan ulduzu") adlı ilk kitabını nəşr etdirir. Bu kitab qazax ədibləri arasında sonsuz maraqla qarşılanır. Mağcan geniş kütlələr arasında tanınır, onun şeirləri dillər əzbəri olur.

1917-ci ildə fevral burjua inqilabı və oktyabr sosialist inqilabı baş verdi. Rusiya imperiyası qarışdı, vətəndaş müharibəsi başlandı. Milli ucqarlar mərkəzin nəzarətindən çıxdı. 5-13 dekabr 1917-ci ildə Orenburqda qazax ziyalıları "Alaş" partiyasının rəhbərliyi altında muxtar "Alaş-Orda" dövlətini elan etdilər. Əsas məqsəd vətəndaş müharibəsinin qarşısını almaq, əhalini qırğından qorumaq idi. "Alaş Orda" rəhbərləri Leninlə, Stalinlə, digər bolşevik liderləri ilə danışıqlar aparır, eyni zamanda, Kolçakın adamları ilə də görüşürdülər. Buna baxmayaraq, bu qurum həm bolşeviklərin, ağqvardiyaçıların hədə və hücumlarına məruz qalırdı. 1920-ci ildə bolşeviklər ultimatum verərək ona son qoydular. Söz vermələrinə baxmayaraq, partiyanın və dövlətin bütün rəhbərləri dərhal öldürüldü, yaxud sonradan repressiyaya uğradı. 1920-ci ilin aprelində Bakıda da eyni proses təkrar olundu.

Bütün qazax ziyalıları kimi, Mağcan da milli qazax dövlətinin qurulmasını arzulayırdı. Odur ki, "Alaş" partiyasının çağırışına qoşulur, onun tədbirlərində, o cümlədən, qurultayında yaxından iştirak edir.

Mağcan 1917-ci ildə Petropavlovskda ən varlı adamlardan biri olan Şokan Tastemirovun qızı, gözəl Zeynəblə evlənir. 1919-cu ildə Zeynəb doğuş zamanı ölür, 9 ay sonra isə onun oğlu Əzəmət tələf olur.

Qazaxıstanda sovet hökuməti qurulduqdan sonra Mağcan öz təşəbbüsü ilə Omskda və Petropavlovskda qazax müəllimləri üçün kurslar açır, müdavimlərə yardım məqsədilə "Pedaqogika" adlı xüsusi dərslik yazıb nəşr etdirir, ölkə üçün müəllim kadrları hazrlamağa başlayır.

1919-cu ildə Omsk dəfələrlə gah qırmızıların, gah da ağların əlinə keçir. Mağcan burada həbs edilir. Nəhayət, bolşeviklər möhkəmlənirlər. Mağcan Qızılyarda çıxan ilk qazax mətbu orqanı "Bostandık tuğı" ("Azadlıq bayrağı") qəzetinin redaktoru olur.

Mağcan xarizmatik xarakterə sahib idi.  Onun ikinci evliliyi qeyri-adi şəkildə baş vermişdi. 1922-ci ildə yaxın adamlarından birinin toyunda elə dostlarının yanında sevgilisi Züleyxa Kamala evlilik təklif edir. Hamının gözlədiyinin əksinə olaraq Züleyxa rədd cavabı verir. Onda Mağcan deyir: "Mən Çelyabinskə gedib iki həftə orada gözləyəcəyəm. Əgər Züleyxa gəlməsə, ondan sonra heç vaxt evlənməyəcəyəm".  İki gün sonra Züleyxa onun dalınca gedir və bir daha ondan ayrılmır, Mağcanın vəfalı həyat yoldaşı, sirdaşı və silahdaşı olur.  

Gənc şair 1922-ci ildə Türküstan Xalq Komissarları Sovetinin sədri Turar Rıskulovun və Türküstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Sultanbəy Xocanovun dəvəti ilə Daşkəndə gəlir, buradakı Qazax-qırğız institutunda çalışmağa başlayır. Gənc ailə burada dörd il şad-xürrəm yaşayır. Mağcan Daşkənddə ən gözəl əsərlərini yazır. "Batır Bayan" adlı romantik poemasını da burada tamamlayır. Poemada iki qardaş əsir kalmık qızına vurulur, axırda qardaşlardan biri digərini öldürür. Mağcan Daşkənddə çıxan "Ağ yol" qəzetində, "Sana" və "Şolpan" jurnallarında öz əsərlərini çap elətdirir.

Mağcanın adı-sanı Qazaxıstan sərhədlərini aşır, RSFSR maarif komissarı Anatoli Lunaçarskiyə çatır. 1923-cü ildə onun dəvəti ilə Moskvaya gedən şair məşhur Şərq Xalqlarının Kommunist Universitetində Şərq dilləri müəllimi vəzifəsinə təyin edilir. Həmin dövrdə məşhur türk şairi Nazim Hikmət də bu universitetin iqtisadiyyat və ictimai həyat fakültəsində oxuyurdu. 

Mağcan Rusiyanın paytaxtında eyni zamanda, tanınmış şair, nasir, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, rus simvolizminin banilərindən biri olan Valeri Bryusovun (1873-1924) rəhbərlik etdiyi Ali ədəbi-bədii institutda oxuyur. Mağcanı "qazaxların Puşkini" adlandıran Valeri Bryusov onun haqqında belə yazmışdı: "Yüksək poetik istedad sahibidir. Bu, Allah vergisidir... Üstəlik, riyaziyyatı, musiqini və təsviri sənəti də gözəl bilir".

Mağcan burada məşhur rus şairləri Osip Mandelştam, Mixail Svetlovla, Sergey Yeseninlə, Vsevolod Rojdestvenski ilə tanış olur. Milli ucqarların şairlərinə bir az yuxarıdan baxan Osip Mandelştam ona öz ustadına heyran olan şagird kimi (Mağcandan iki yaş böyük olsa da) dərin hörmət və ehtiramla yanaşırdı. Onlar tez-tez Tver küçəsindəki (1932-ci ildən Qorki küçəsi) məşhur "Peqas tövləsi" və "Domino" kafelərində görüşür, dərdləşirdilər. Həmin dövrdə şairlər kafesi kimi məşhur olan bu əyləncə yerlərinə rus imajinistləri və simvolistləri, o cümlədən, Yesenin, Dunkan, Klyuyev, Tairov və başqaları da gəlirdilər. Mağcan onların çoxu ilə dost idi.

Mixail Svetlov onun haqqında belə deyir: "Mən Mağcanı çox yaxşı tanıyırdım. Bryusov onu çox tərifləyirdi. Moskvanın ən adlı-sanlı, özündəndeyən şairləri onun qabağında dillənə bilmirdilər. Osip Mandelştam fərəhlə deyirdi ki, bu stepli şairin ilham atı daim yəhərlidir. Bu, adam deyil, kentavrdır. Poeziya arqamakı onun altında şahə qalxır. Mandelştam ona Maq, mən isə Jan deyə müraciət edirdim".

İnstitutun buraxılış gecəsində Mağcan öz zərif hərəkətləri, gözəl şeirləri və rəqsləri ilə hamını, o cümlədən, tədbirdə iştirak edən Lunaçarskini, Klara Setkini və başqa qonaqları əfsunlayır.

Mağcan Moskvada olduğu dövrdə bir sıra əsərləri qazax dilinə çevirir. Maksim Qorkinin "Şahin nəğməsi"ni, Mamin-Sibiryakın "Ağ at" əsərini, Getenin, Bayronun, Lermontovun, Fetin, Koltsovun şeirlərini tərcümə edir.

Təhsilini başa vuran Mağcan 1927-ci ildə arvadı ilə birlikdə Qazaxıstana qayıdır. İki il sonra həbs edilərək 10 il müddətinə azadlıqdan məhrum olunur. Məhkəməyə qədər Butırka həbsxanasında saxlanır, sonra Kareliyaya və Arxangelsk vilayətinə göndərilir. 1934-cü ilə qədər orada qalır, çox ağır şəraitdə yaşayır.

Həyat yoldaşı Züleyxa Mağcanın məktublarına əsasən gəlib onun qaldığı həbsxananı böyük çətinliklə tapır, onunla görüşür. Rusca yaxşı bilməyən, yol-iz tanımayan Züleyxa dəfələrlə həyatını təhlükəyə ataraq 7 ildə Mağcanı 14 dəfə ziyarət edir. Qatarla, at arabası ilə, maşınla, piyada, hətta çayla axıdılan taxta-şalban barjasının üstündə həbsxanaya gedib-gələn Züleyxa olmazın əziyyətlər çəkir. Bir dəfə barjanın üstündə az qala Şimal dənizinə gedəcəkdi, onu son anda görərək qayıqla xilac edirlər. Züleyxa Le-ninqraddan həbsxanaya orta tibb təhsili kitabları və proqramları   daşıyır, nəticədə Mağcan imtahan verərək həbsxanada feldşer ştatına keçir, vəziyyəti bir qədər yüngülləşir. O, sürgündən  Züleyxaya göndərdiyi məktubunda yazır: "Mən səni necə əzablara düçar elədim. Görəsən, nə vaxtsa bunların əvəzini çıxmağa imkanım ola-caqmı?.."

Mağcan Züleyxa vasitəsilə Maksim Qorkiyə və onun Qırmızı Xaç Cəmiyyətində işləyən arvadı Yelena Peşkovaya məktub yazıb kömək istəyir. Y.Peşkovanın vəsatəti ilə SSRİ Ali Sovetinin rəyasət heyəti 14 may 1934-cü ildə şairin məhkumluq müddətini 7 ilə endirir, 2 iyun 1936-cı ildə Mağcan Cumabayev siyasi məhbuslar həbsxanasından buraxılır.

1936-cı il sentyabrın 1-də Mağcan yeddiillik məktəbə rus dili və ədəbiyyatı müəllimi kimi işə qəbul edilir. Eyni zamanda, pedaqoji texnikumda dərs deyir. Ancaq 1937-ci ilin yanvarında işdən çıxarılır. 3 ay sonra Alma-Ataya gedir və 30 dekabr 1937-ci ildə yenidən həbs edilir. Bu zaman Maksim Qorki həyatda deyildi. Mağcan 11 fevral 1938-ci ildə mənhus üçlüyün qərarı ilə ölümə məhkum edilir və 19 mart 1938-ci ildə Alma-Atada güllələnir. Türküstan hərbi dairəsi hərbi tribunalının 8 iyun 1960-cı il tarixli qərarı ilə Mağcan Cumabayevə ölümündən sonra bəraət verilir.

Mağcan cəmisi 45 il yaşadı, lakin öz qısa ömründə qazax ədəbiyyatında silinməz izlər qoydu. Bayron belə sənətkarları nəzərdə tutaraq demişdi: "Şairin həyat yolu başa çatanda onun şöhrət yolu başlayır". Böyük qazax ədibi Muxtar Auezov hələ 1927-ci ildə onun haqqında yazmışdı: "Mən qazax şair və yazıçılarından, əlbəttə, Abayı sevirəm. Abayın yaradıcılığı mənim bütün varlığıma və canıma lap uşaqlıq çağlarımdan hopmuşdur... Ondan sonra Mağcanı sevirəm. Onun avropavari təbiiliyini və poetik düşüncəsinin parıltısını sevirəm. Qazax şairlərinin aul həyat tərzi mühitində doğulan şair qeyri-adi cazibəsi və zəkası ilə Avropa mədəniyyətinin, dünya poeziya məbədinin zirvəsinə çatmışdır. Onun poetik fərdiliyi o qədər böyük və unikaldır ki, öz zəmanəsinin çərçivəsini aşır. İndiki şair və yazıçılardan yalnız Mağcanın poetik sözü gələcəyə can atır və gələcək nəsillərin yaddaşında ləyaqətlə qalacaq. Mən əminəm və şübhə etmirəm ki, ondan başqa bizlərdən heç kəs ədəbiyyatda qala bilməyəcək".

Görkəmli şair Sabit Mukanov isə belə yazırdı: "Qazax şeir dilinin zənginləşməsinə, onun təsvir imkanlarının genişlənməsinə hələ heç kim Mağcan qədər kömək edə bilməmişdir. Qazax ədəbiyyatı tarixində Abaydan sonra heç kim Mağcanı keçə bilməz".

Mağcanın öz sağlığında onu sevənlər qədər sevməyənlər də vardı. Ölümündən sonra onun şeirlərini öz adına çıxan bəzi ədəbi juliklər, cızmaqaraçılar ifşa edilmişdi. Onlar öz qəbahətlərinə belə haqq qazandırdılar:  "Biz onun şeirlərini bu şəkildə qoruduq, unudulmağa qoymadıq".

Xalq onu heç vaxt unutmadı. Lakin Mağcanın əsərlərini toplamaq və nəşr etmək məsələsi xeyli uzandı. Bu işdə də birinci dərəcəli rolu bədbəxt həyat yoldaşı Züleyxa oynadı. O, Moskvaya və başqa şəhərlərə gedərək müxtəlif kitabxanalarda saxlanan qəzet və jurnalları vərəq-vərəq yoxladı, əsərlərin üzünü köçürdü, çünki Mağcanın sağlığında çap olunmuş hər şey məhv edilmişdi. Nəhayət, Züleyxanın yığdığı əsərlər üç cild halında nəşr edildi. Şairin tam hüquqi və mənəvi bəraəti isə Qazaxıstanın dövlət müstəqilliyindən sonra baş tutdu. Yazıçı S.Bakenov Züleyxa xanımın və Mağcanın nəsillərə örnək olacaq məhəbbəti haqqında "Səda-qət" adlı povest yazmışdır. Əslində, bu əsəri tam hüquqla "Mağcan və Züleyxa" adlandırmaq olardı. Çünki bu, Züleyxanın Yusifi Mağcan idi.

İndi məlum olur ki, Züleyxa xanım sovet dövründə tez-tez Qazaxıstan Yazıçılar İttifaqına gedərək Mağcanın əsərlərinin nə zaman nəşr ediləcəyini soruşurmuş. Böyük şair və vətəndaş Oljas Süleymenov hər dəfə ona əl altından maddi yardım göstərirmiş. Qazax xalqının şanlı oğlu Dinməhəmməd Kunayev Mağcanın şeirlərini əzbər bilir və məhdud məclislərdə oxuyurmuş.

Mağcan qeyri-adi dərəcədə istedadlı şairdir. Onu həm imajinist, həm futurist, həm simvolist, həm də dekadentçi adlandırmışlar. Bu hökmlər hamısı düz, hamısı yanlış, hamısı da şərtidir. Mağcanın stili, şeirlərinin məzmunu və forması orijinal və xeyli fərqlidir. Ona qədər qazax ədəbiyyatında belə şeylər yox idi. O, klassik Şərq üslubunda yazmırdı, yazdıqları tam Avropa stili də deyildi, onda Mayakovskinin təsiri hiss olunmur, Abayın da təsiri bariz deyil, o, Mağcandır.

Mağcanın şeirlərində üç, dörd misralı bəndlərlə yanaşı, yalnız ona xas olan altılıq, hətta on birlik də var. Bu şeirlərin qafiyə quruluşu da fərqlidir. Məsələn, bu altılığa baxaq:

Haydı, tez ol, Sərsəmbay,
Dan sökülür, anam vay!
Qırda açaq səhəri,
Təp-təp-təp!
Kaş olmazdı bu məktəb,
Kaş görməzdim şəhəri!

Puşkinin "Yevgeni Onegin" romanında istifadə etdiyi "Puşkin strofası"na bənzəyən on birlik də çox orijinaldır. Burada misraların öz aralarında müəyyən şəkildə qafiyələnməsi şeirə gözəl bir dinamika, canlılıq və oynaqlıq verir: 

Çox uzaqda yağız çöl,
Çöl içində tənha yol.
O yolla bir qəhrəman
Bütün gecə yürümüş,
Onu kədər bürümüş,
Söküləndə qızıl dan,
Ölüb getmiş naməlum,
Dənf eləmiş yellə qum.
Canım üzüldü buna,
Ölüm, bir ağı söylə,
Ağla məni də böylə.

Mağcanda forma ilə yanaşı, məzmun da xüsusi rol oynayır. Burada əsas məsələ duyğudur. Şeirlərin süjetli olub-olmamasına baxmayaraq, duyğu ön plandadır. Şairin "Yaylıq" şeiri buna ən parlaq misaldır. Cəbhədəki yarı üçün yaylıq tikən və onu göz yaşları ilə naxışlayan gənc qızın hiss-həyəcanı oxucunu can evindən vurur:

Payız saralan qayın,
Mən də soldum, saraldım,
Girdi buluda ayım,
Yandım, öldüm, qaraldım...

Sevgilisinin qazdığı səngərə, eyni zamanda, həm də məzar kimi baxan qızı (əslində: şair) qəfil keçidlə bizi heyrətə salır: 

Qoy qazdığı bu səngər
Boyuna dar olmasın.
Yağıya olsun məzar,
Ona məzar olmasın.

Nəhayət, yaylıq bitir, hazır olur, ancaq qızın da gözündə yaş qalmır, bitib-tükənir:

Bitdi, bitdim özüm də,
Axirətlik yoldaşım.
Yaş qalmadı gözümdə
Naxış oldu
göz yaşım...

Mağcanın "Cəmilə" şeiri də insanı kövrəldir, yandırıb yaxır, oxucu bu yazıq, zavallı qızı öz bacısı, dərdini öz dərdi dilir, onunla birlikdə ağlamaq istəyir:

Ah, yazıq qız qardaşım,
Gəl qaralar bağlayaq,
Ağla, axsın göz yaşın,
Gəl bərabər ağlayaq,
Cəmilə!

Kənddən şəhərə gəlib internatda oxuyan uşağın öz doğma auluna, geniş qırlara, sərin bulaqlara duyduğu həsrət və sevgi, şəhərlilərin həyat tərzinə bəslədiyi dərin nifrət bu şeirin məğzini təşkil edir. Uşaq birinci imkanda bu yerlərdən gün doğmadan bir daha dönməmək şərtilə qaçır.

Mağcanın yaradıcılığında milliyyətçi şeirlər də az deyil. Onun faciəsi də məhz bununla əlaqədar idi. Daima qardaşlıqdan, beynəlmiləlçilikdən, xalqlar dostluğundan dəm vuran saxta bolşevik-sovet quruluşu milli düşüncəli insanları, hələ-hələ şeir-sənət adamlarını əsla bağışlamırdı. Vaxtilə yazdığı milli səciyyəli əsərlərinə görə Mağcanla da haqq-hesab çəkdi. Bunlar ana vətən, doğma dil, türklük, Türküstan, Türkiyə haqqında yazılan səmimi şeirlər idi. Başqa xalqlara, dövlətlərə, o cümlədən də Rusiyaya qarşı deyildi. Elini-obasını, xalqını, soydaşını, qardaşını sevmək qəddar, qaniçən, xain, alçaq, şərəfsiz bolşeviklərin lüğətində cinayət idi və cəzalanmalı idi. Vəssalam! Məsələn, Mağcan belə bir şeir yazmışdımı?

Göy tanrısı Tanrının
Varlığı yox, nəsli yox,
Yer tanrısı Teymurun
Kökü türkdür, əsli ox.

Yazmışdı. Bu nə cəsarətdi! Təbii olaraq ölməli idi. Bəs bu misralar nə deməkdi? Bunu yazan asılmalı idi:

Millət adı gələndə
Qanım qaynayır mənim,
Millətimə qurbanam,
Əynimdədir kəfənim!

Bolşeviklər Allahsız, kitabsız olduqları üçün insanı dar ağacından asırlar. Haqlı olaraq! Keçmiş şanlı tarixindən, əzəmətindən yazırsansa, deməli, millətçisən. Millətçilərə ölüm! Yaşasın beynəlmiləlçilər!

Neçə çətin dar dərədən keçmişəm,
Sıçrayaraq düz çıxmışam Altaya,
Bir batıram, ürək, qeyrət sahibi,
Qırda durub yay çəkmişəm Xıtaya. 

Buna bax, dilinə bax, arzusuna bax hələ:

Təmiz, dərin, iti, oynaq, şən dilim,
Dağılmış türk gənclərini bağrına
Ağ əlinlə yığıb topla sən dilim.

Bir də Türküstanı vəsf edir, tərənnüm edir... Olmaz!

Türküstan iki dünya eşiyidir,
Türküstan ər Türkün beşiyidir.

Üstəlik, Türkiyə ilə həmrəylik ifadə edir, bizim tarixi rəqibimizə qardaş deyir. Bizim mehriban sovet ailəmizdə yaşayır, başqasını qardaş adlandırır! Zavallı bolşeviklər belə şairləri asmayıb neyləsinlər? Belələri gəlib zorla deyirlər ki, məni as!

Asın! Siz asarsınız, biz yüz-yüz ölər, min-min doğularıq!

Ramiz ƏSKƏR
BDU türkologiya kafedrasının müdiri, professor 

 





14.06.2018    çap et  çap et