525.Az

İlham Əliyev: "Biz XXI əsrin enerji tarixini birlikdə yazırıq"


 

"HƏYATA KEÇİRİLƏN LAYİHƏLƏRİN ARXASINDA DÜŞÜNÜLMÜŞ SİYASƏT VƏ GÜCLÜ İRADƏ DAYANIR"

İlham Əliyev: "Biz XXI əsrin enerji tarixini birlikdə yazırıq"<b style="color:red"></b>

Azərbaycanın təşəbbüskarlığı ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi" layihəsinin 4 elementindən 3-ü artıq tamamlanıb.

"Şahdəniz-2" yatağından hasil olunan təbii qaz Cənubi Qafqaz Boru Kəməri vastiləsilə Gürcüstandan keçərək Türkiyədə Trans-Anadolu Qaz Boru Kəmərinə (TANAP) ötürülüb. Bununla Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirmək gücündə olduğunu tam sübuta yetirib.

Qaz boru kəmərinin istismara verilməsi münasibətilə Türkiyənin Əskişəhər şəhərində təşkil olunan təntənəli açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir: "TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub. Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılıb və bir çox tədbirlər keçirilib: "Ancaq əfsuslar olsun ki, onların heç bir nəticəsi olmayıb. Belə olan halda Türkiyə və Azərbaycan yeni bir layihə irəli sürmək qərarına gəlib. Bunun adını da biz birlikdə qoyduq - TANAP. TANAP üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Rəcəb Tayyib Ərdoğan və mən imzaladıq. O gün həmin imzalanma mərasimində biz bugünkü günü görmək arzumuzu ifadə etdik və Allah bizə bunu nəsib etdi. Biz bu illər ərzində böyük işlər gördük. TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir".

İlham Əliyev vurğulayıb ki, Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir: "Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi iki həftə bundan öncə - mayın 29-da Bakıda təşkil edilib. Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. "Şahdəniz-2" qaz yatağının işlənilməsi, - o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, - Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan "Cənub Qaz Dəhlizi" icra edilmiş olacaq. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın".

Prezident deyib ki, "Cənub Qaz Dəhlizi" enerji təhlükəsizliyi layihəsidir: "Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Cənub Qaz Dəhlizinin önəmi məhz bundadır - enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaq. "Cənub Qaz Dəhlizi" həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir".

Ölkə rəhbəri əlavə edib ki, bu böyük işlərin icrasında SOCAR, BOTAŞ və BP şirkətləri iştirak ediblər, onlar TANAP-ın səhmdarlarıdır: "Mən onlara öz təşəkkürümü bildirmək istəyirəm. Bu işlərdə iştirak etmiş bütün şirkətlərə təşəkkürümü bildirmək istəyirəm ki, onlar bu böyük işi yüksək keyfiyyətlə və qısa müddət ərzində görə biliblər. Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq, işbirliyi formatını təşkil edir. Əgər işimizin əvvəlində - 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün qeyd etdiyim kimi, yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi bu layihədə iştirak edəcək. Biz çalışmalıyıq ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görək və bizim əhatə dairəmiz daha geniş olsun... Bir daha demək istəyirəm ki, bu gün tarixi bir gündür. Bu günün mümkünlüyü ancaq və ancaq güclü siyasi iradə nəticəsində olub. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi. Əlbəttə, bir daha demək istəyirəm, Türkiyənin xarici sərmayə üçün çox gözəl ölkə kimi özünü təqdim etməsi imkan verib ki, Türkiyəyə böyük yatırımlar qoyulsun. Son illər ərzində təkcə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulub, növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaq".

TANAP-ın əhəmiyyətindən danışan Milli Məclisin deputatı Azay Quliyev qeyd edib ki, "Trans-Anadolu Qaz Boru Kəməri" Azərbaycanın strateji layihəsidir. O, "Trend"ə bildirib ki, bu layihənin açılışı ölkə tarixində böyük bir hadisədir: "TANAP Azərbaycanın Avropanı Asiya ilə birləşdirən çox mühüm enerji layihəsidir".

Deputat qeyd edib ki, bu layihənin təkcə iqtisadi yox, eyni zamanda, çox böyük siyasi və təhlükəsizlik baxımından əhəmiyyəti var: "Prezident İlham Əliyev bundan əvvəl TANAP haqqında belə bir fikir səsləndirmişdi: "TANAP Avropanın enerji xəritəsini tamam dəyişəcək". Həqiqətən də bu gün Avropanı alternativ enerji ilə təmin edən çox böyük potensiala malik TANAP-ın açılışı tarixi hadisədir və əminəm ki, bu layihə Azərbaycanın həm iqtisadi gücünün, həm beynəlxalq aləmdə olan nüfuzunun artmasına, həm də təhlükəsizliklə bağlı gündəmdə olan məsələlərin həllinə öz töhfəsini verəcək. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir".

Deputat Elman Nəsirov isə qeyd edib ki, Cənub Qaz Dəhlizinin 4 mühüm elementi sırasında mühüm yer tutan TANAP-ın istismara verilməsinin həm böyük iqtisadi, həm də böyük siyasi əhəmiyyəti var. O, APA-ya bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev TANAP layihəsinin istismara verilməsi mərasimində çıxışında xüsusi ilə vurğulayıb ki, TANAP-ın istismara verilməsi tarixi məna və əhəmiyyət kəsb edir. Bu, eyni zamanda, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının nümunəsi kimi qiymətləndirilə bilər. Dövlət başçısı onu da qeyd edib ki, bu, ilk növbədə iki dövlətin əməkdaşlığının birbaşa nəticəsidir. Prezident xüsusi vurğulayıb ki, Azərbaycan-Türkiyə əlaqələri öz inkişafının elə bir mərhələsinə çatıb ki, əslində, bu, bütün dünya dövlətləri üçün nümunədir. Həqiqətən də bu gün dünya dövlətləri arasında etimadsızlıq mühiti formalaşıb. Bu reallıqda dövlətlər arasında əlaqələrin necə olması barədə suala düzgün cavabı əslində, Azərbaycan-Türkiyə dostluğu və əməkdaşlığı verir. Bu nöqteyi-nəzərdən TANAP-ın istismara verilməsi bir daha Azərbaycan-Türkiyə xalqları, dövlətləri və liderləri arasındakı dostluq və qardaşlığın təntənəsidir. Dövlət başçısının da vurğuladığı kimi, TANAP-ın istismara verilməsi ilə həm Azərbaycan, həm də Türkiyə dünyanın enerji tarixini birgə yazır. Çünki bu gün dünya dövlətlərinin təhlükəsizliyi həlledici amildir. Bu kontekstdə yanaşdıqda, iki dövlətin əməkdaşlığı nəticə etibari ilə dünyanın enerji xəritəsini dəyişir və bu prosesdə çox mühüm əməkdaşlıq mühiti formalaşır. Əgər Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi çox mühüm strateji layihələrin reallaşdırılmasında 3 dövlətin strateji əməkdaşlığı ön plana çıxırdısa, Cənub Qaz Dəhlizinin reallaşmasında Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya kimi 7 dövlətin əməkdaşlığından söhbət gedir. Eyni zamanda, Balkanlardan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro kimi dövlətlər də bu prosesin potensial iştirakçısıdır. Beləliklə, çox geniş arealda əməkdaşlıq mühiti formalaşır".

Deputat qeyd edib ki, prezident İlham Əliyev mərasimdə TAP layihəsinin 72 faiz icra olunduğunu da nəzərə çatdırıb: "Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi və onun mühüm elementi olan TANAP ilk növbədə enerji təhlükəsizliyi, o cümlədən, azad rəqabət, enerjinin şaxələndirilməsi layihəsi kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan üçün enerji təhlükəsizliyi ilk növbədə enerji marşrutlarının şaxələndirilməsidir. Avropa İttifaqı üçün enerji təhlükəsizliyi isə ilk növbədə enerji mənbələrinin şaxələndirilməsi ilə bağlıdır. Yəni hər iki tərəf -  həm Azərbaycan, həm də Avropa dövlətləri əslində burada şaxələndirmə siyasətinə üstünlük verdiklərini nümayiş etdirir. Bu gün həqiqətən də Azərbaycan Avropa üçün yeni alternativ enerji mənbəyi kimi çıxış edir. Təsadüfi deyil ki, bu gün Avropanın ən böyük meqalayihəsi Cənub Qaz Dəhlizi hesab olunur. Biz hazırda tarixi anları yaşayırıq.  Azərbaycan prezidenti və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan da layihəyə belə qiymət verdilər. Çıxışlarında vurğuladılar ki, TANAP-ın istismara verilməsi tarixi hadisədir, bu, regionun, Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir, sabitliyə, təhlükəsizliyə xidmət edən addımdır".

E.Nəsirov bu layihənin reallaşdırılması sahəsində Azərbaycan-Türkiyə münasibətlərində yeni bir mərhələ açıldığını diqqətə çatdırıb: "Bu gün ikitərəfli formatda əlaqələrimiz ən yüksək səviyyəyə qalxmış olur. Onu da qeyd edim ki, son illər Azərbaycan tərəfdən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulub və bunun yaxın illərdə 20 milyard dollara çatdırılması əsas hədəflərdən biridir. İlk növbədəTANAP-ın, uzunluğu 1850 km olan bu kəmərin işə düşməsi, 1-2 ildən sonra TAP-ın reallaşması sayəsində Azərbaycan ilkin olaraq 16 milyard kubmetr qaz ixrac edəcək. Bu həcmin 6 milyard kubmetrini Türkiyə, 10 milyard kubmetrini isə Avropa ölkələri alacaq. Növbəti mərhələdə isə ixrac həcminin 37 milyard kubmetrə çatdırılmasından söhbət gedir və bu, bizim ən mühüm hədəflərimizdən biridir. Prezident İlham Əliyev çıxışlarında onu da dəfələrlə qeyd edib ki, Cənub Qaz Dəhlizi ona görə uğurlu layihədir ki, biz enerji siyasətinin əlində alət olmadıq. Enerji siyasətinin əlində alət olduqda, problemlər yaşanır və bu layihələrin heç bir perspektivi olmur. Biz bu layihəni həyata keçirməklə bütün dünyaya həm də onu göstərdik ki, Azərbaycanın təşəbbüskarı olduğu istənilən layihə həyatda təsdiqini tapır. Bu, həm Azərbaycanın dünyada, beynəlxalq aləmdə imicinin möhkəmlənməsinə xidmət edən, həm də bizi beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanıdan layihədir".

Deputat Tahir Mirkişili isə qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsində ən mühüm element məhz TANAP xəttidir: "Çünki Azərbaycan-Gürcüstan sərhəddinə qədər daha əvvəl işə düşmüş Cənubi Qafqaz boru kəməri var idi. Türkiyə ərazisindən çəkilən kəmər isə tamamilə yeni və kifayət qədər də ambisiyalı, mürəkkəb bir layihədir".

Deputat hesab edir ki, layihənin həyata keçirilməsində Azərbaycan prezidenti İlham Əliyevin birbaşa siyasi nüfuzu və eyni zamanda, Azərbaycan-Türkiyə münasibətlərinin çox mühüm əhəmiyyətini önə çəkmək lazımdır: "TANAP-ın reallaşmasına 7 milyard dollardan çox vəsait sərf olunub. Bu layihədə 10 minə yaxın insan çalışıb. Layihənin tamamlanması ilə Azərbaycan qazının artıq Türkiyəyə ixracı reallaşmaqdadır".

Ceyhun ABASOV

 





14.06.2018    çap et  çap et