525.Az

"Nursultan Nazarbayev. Həyat yolu" kitabı təqdim olundu


 

"Nursultan Nazarbayev. Həyat yolu" kitabı təqdim olundu<b style="color:red"></b>

Dünən Heydər Əliyev Mərkəzində Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin həyat və fəaliyyətindən bəhs edən "Nursultan Nazarbayev. Həyat yolu" kitabının təqdimat mərasimi keçirilib.
 
Təqdimatda Azərbaycanın tanınmış ziyalıları, ictimaiyyət nümayəndələri, qazaxıstanlı nümayəndə heyəti və jurnalistlər iştirak ediblər.

Əvvəlcə Nursultan Nazarbayev haqqında "Zamanla seçilmiş" adlı sənədli film nümayiş etdirilib.

Tədbirdə qeyd olunub ki, kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan Respublikası Prezidenti Dəftərxanasının rəisi Mahmud Kasımbekovdur.

Nəşrdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin həyat yolundan, xalqı və dövləti naminə apardığı mübarizədən bəhs olunur.

Kitaba ön sözü Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yazıb.

Nəşrdə Prezident Nursultan Nazarbayevin şəxsi arxivindəki sənədlər və şəkillər yer alıb.

Sonra Prezidentin köməkçisi Əli Həsənov, Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı, Milli Məclisin deputatı Cavanşir Feyziyev və başqaları çıxış ediblər.

Tədbirdə çıxış edən Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekov Prezident Nursultan Nazarbayevin salamlarını çatdırıb. Azərbaycanla bağlı hər şeyə Qazaxıstanda həssaslıqla yanaşıldığını deyən qonaq əsası Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulan möhkəm dostluq əlaqələrinin bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. Bildirilib ki, hazırda Qazaxıstanda 150 minə yaxın azərbaycanlı yaşayır və onlar cəmiyyətin bütün sahələrində təmsil olunurlar. Qazaxıstan nümayəndə heyətinin rəhbəri dostluq və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Şahanə MÜŞFİQ

 





14.06.2018    çap et  çap et