525.Az

Uşaqlıqdan ayrılmayan şair - Allahşükür Ağa


 

Uşaqlıqdan ayrılmayan şair - <b style="color:red">Allahşükür Ağa</b>

Sizə elə gəlməsin, haqqında danışacağım şair ya uşaqlar üçün yazır, ya da hələ də uşaqlıq əyləncələrindən ayrılmayıb.

Hərçənd, mən ona ali məktəbdə dərs deyəndə on səkkiz yaşına qədəm qoymuşdu, yeniyetmə gəncliyindən təzəcə ayrılmışdı və müəllim olmaq arzusuyla Pedaqoji İnstituta girmişdi. Çox tez onun poetik ruhunu duydum. Seminar məşğələsini də özüm aparırdım: obrazlı danışmağı xoşlayırdı. Bəlkə də özü gözləmirdi, soruşdum:

- Şeir yazırsanmı?

- Arabir, müəllim, - utancaq təbəssümlə cavab verdi.

- Gələn həftə yazdıqlarından  gətirərsən, - dedim və mövzunu davam etdirdi.

Tələbələr arasında tərpəniş oldu və zəng vuruldu. Təxminən ona qədər şeir vərəqlərini verdi və uzaqlaşdı.
Mən o vaxt Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialında ədəbiyyatı və pedaqogikanı tədris edirdim. Yazan gənclərlə dərnəyə oxşar bir şey yaratmışdım. Onlarla yaradıcılıq məsələlərilə məşğul olurdum. İstedadlı tələbələr vardı, bəzən ədəbi mübahisələrimiz də olurdu. Onlara fikir mübadiləsində sərbəstlik verirdim. Belə azad, emosional və intellektual düşüncəlilərdən biri də Allahşükür Ağa idi. Uzun boylu, iti baxışlı, hissə qapılmayan bir gənc. Aramızda səmimi ünsiyyət yarandı və mənə etibar elədiyi şeirləri haqqında fikrimi yazılı şəkildə verdim:

- Allahşükür, bu qeydlərimi oxu, ağlına batarsa, mənimçin xoş olar. İstəsən, müəllimdən bir yadigar kimi saxlarsan (o, sonralar dedi ki, nəinki saxlamışam, hətta çap etdirdim). Vaxt gəldi, Yazıçıların “Natəvan” klubunda şeir kitabının təqdimatı oldu, dəvət aldım. Söz alıb barəsində danışmağı özümə borc bildim. Artıq beş-altı ildən çoxdur ki, Allahşükür Ağanın mətbuatda çap olunan şeirlərini oxumaqdayam və qürurlanıram ki, poeziya yolunu əbəs tutmayıb, şeirdən-şeirə inkişaf edir, püxtələşir. Onu nəşr edən “Ədəbiyyat qəzeti”nə, “525-ci qəzet”ə, “Ədalət” qəzetinə minnətdarlığımı bildirirəm. Bölgəmizdə balalarımıza dərs deyən şair ruhlu bir müəllimə qayğı göstərirlər.

Poeziya mənim aləmimdə mübhəm hissdir, ilahi kədərdir, duyğuların qeyri-qrammatik qanunlarla bədii ifadəsidir; şeirə üz tutan kəs ən zəif şeirində  belə, poeziyanın bakirəliyini gözləməlidir. Necə ki, körpə-uşaq anasının arxasınca ağlayır, ona elə gəlir, anası bir daha qayıtmayacaq. Şair üçün də belə bir intizar gözləniləndir. Mən deyərdim Allahşükür Ağa şeir yazanda çox-çox uzaqlarda qalan uşaqlığını, oyuncaqlarını, bəzən uşaq dükanlarında “sahibsiz” qalan papaqlara, paltarlara həsədlə baxır ki, daha onlardan xeyli aralıdır və özünə sual verir: Sizlər darıxırsızmı? Cavabını özü verir:

Uşaq dükanlarında
Paltarlar qışqırır;
Ayaqqabılar tappıldayır,
Papaqlar atılıb-düşür.
Köynəklərin qolları əl eləyir.
Səsləri qıfılları silkələyir:
Buraxın bizi,
Hardasa üşüyürlər uşaqlar.

Uşaqlıqdan ayrılmağı heç kəs istəməz, xüsusilə, yeni-gənc nəsillə işləyən peşəkar müəllim-pedaqoq olsun. Bu, səbəbsiz olmur, onların təşvişli və həyəcanlı gələcəyini düşünən, həyat yollarında ağılla addım atmağını fikirləşən, bir sözlə, əxlaqca təmiz obrazlarını yaradan qələm sahibi üçün. Allahşükür Ağa şeirlərində hətta kvitentliyə varır, bir boşluq - kontinuum axtarır. Şair taleyində belə halların baş verməsi təbiidir. “Bayraq şəkli” şeirində bəlkə də sosial-ictima, informasiya barədə qərara gələrdi oxucu. Lakin müəllif uşaqlara, onların varlığına bəşəri məna verir:

Mən bayraq çəksəydim
o uşağın şəklini vurardım
Bütün ölkələrin bayraqlarına.
Kim istəməzdi bunu?
O uşağın balaca ayaqlarını
elə çəkərdim ki...
Yer üzündə bütün qumbaralar
Bir anda intihar edərdilər -
Generallar döşlərindəki ordenləri
Bir an içində qırıb atardılar.

Və qayıdır öz uşaqlığına, ürəyi oyuncaqlar istər, bu ştrixlər xəyali görünə bilər, unutmayaq ki, ştrixlər, obrazlar insan arzusundan alınır. Hərçənd, müharibələr bəşəriyyətin qırğını üçün o qədər adiləşib, dükanlarda “tanklar” satılır ki, balalar tanısınlar bu Allahsız maşını!

Tankın yadına düşər
Bir vaxtlar uşaq oyuncağı
olmaq arzusu.
Gülələrin yadına düşər
Uşaq barmaqlarına bənzəməyi.
Və Suriyaya uşaqların süd
şüşəsinə dəyib
qollarını üzməyi...

Bir az şeirin poetikasına varsam, poetik incəliklərin psixoloji həqiqətə çevrildiyini sezərdim, eləcə də valideynlər. Bircə müharibə ocağını alışdıranlardan savayı!

Allahşükür Ağa uşaq xarakterini şərtləndirən, onun yaradıcılığında sosial ritmlərlə səsləşən bir vida çiçəkləri kimi solan misralardır, - “uşaq bağçasında düzülən sıra”lardır. Bu fikirdə də gənc şair narahatdır.

Keçir küçələri, maşınlar durur,
Tutub bir-birinin əlindən, gedir.
Bir az isti-isti əsir küləklər,
Öpüb, körpələrin telindən, gedir.

Körpə cərgəsinə baxıb dayanar,
Əsgər sıraları bu saat, bu dəm.
Şəhərə ağappaq təmizlik yağar,
Uşaq əllərindən, uşaq  gözündən.

İlahi, nur elə, gur işıq elə,
Körpə fidanların sabahlarını.
Kiçik fidanlara bağışla, Tanrım,
Böyük adamların günahlarını.

Bu, mənim aləmimdə şair-ata yalvarışları deyilmi, Allaha üz tutur! Bu hissin qaynağı müəllifin duyğu azadlığından gəlir! Ona görə ki, körpə fidanların dava-dalaşsız boy atması istəyi şairdə  həyatın ziddiyyətli qütblərinə güclü meylindən irəli gəlir. Uşaqların səadəti üçün İlahi varlığa üz tutmaq etiraf edilmiş dahilikdir. Bu hissləri əsgərlər də yaşayırlar ki:

Alıb əllərindən oyuncaqlarını
Əsgərlər əlində avtomat durub.
Elə bil körpələr komandiridi,
Əsgər önündə farağat durub.

Şeir praktik-tarixi olayların yalnız zahiri əlaqələri və ardıcıllığı baxımından təsviri deyil, şairin reallığa, görünənə poetik - həyəcanlı, ehtiraslı yanaşmasıdır. Şairin zamanla ideoloji ixtilafıdır ki, uşaqların fantaziyasına güvəncidir, onlar böyüklərə verdikləri dolanbac suallarına cavab axtarırlar. Şair nə qədər ki, uşaqlığını yaxşı xatırlayır, onların hisslərinə şərik çıxır. Necə ki, A.Ağa “Yollar, ayaqlar” şeirində “özünü” tapır, uşaqlığını tapır.

Körpələr sevinir ayaqlarına,
Əyilib sevinclə ayağa baxır.
Elə bil yapışıb yolun ucundan,
Ayaqqabı kimi ayağa baxır.
 
Nə qədər yerisə - dünya o boyda,
Hələ süd qoxuyur dodaqlarından.
Özü bir qadından doğulub, ancaq
Dünyamız da onun ayaqlarından.

Yıxıla-yıxıla çəkdiyi cığır,
Birinci dəfədir düşür torpağa.
Onlar cığır salır, başladıq biz də
Körpə izlərini ayaqlamağa -

bu, mənim yozumumda uşaq ağılında olan yaşlıların davranış fəlsəfəsidir; yeni salınan izi, cığırı, yolu ayaqlamazlar, tapdalayıb keçməzlər. Fəqət, belə ağıl sahibləri iri ölçülü ayaqqabıları ilə zərif çiçəkləri də əzib keçirlər. Nə yaxşı şair pessimizə qapılmır, nə yaxşı!

Qoy qalxsın ayağa Vətən yolları,
Qırılan yolların xəyalı kimi.
Körpə ayaqları onun döşündə,
Asılsın sevginin medalı kimi.

Nə yaxşı, şair “axşam qoyub gəldiyi ayaq izlərini səhər qarşılayır, demək, yaşayır” - bu poetik tezisdir, quş onu da proqnozlaşdırır ki, bir müəllim kimi şagirdləri onun  izlərini: aşıladığı tərbiyəni, biliyi, savadı itməyə qoymayacaqlar, necə ki, mən özümü bu sırada görürəm, üstündən illər keçsə də.
Allahşükür Ağanın yaşadığı hisslər:

Bir ayaq ləpirim
Axşam yağan yaz yağışından
Bir ovuc su saxlamış içində.
Bir alagöz sərçə su içir
Ayaq ləpirimdən.

Başını yuxarı qaldırdıqca
Sərçənin duasını eşidirəm:
- Allah, sabahımız üçün də
Bir ayaq saxla.
Elə sevinirəm ki,
Əyilib baxıram ayaqlarıma...

Şeirdə müəllif öz aləmi üçün monoqrafiya - tənhalıq qorxusu duymur və şeirində quşlar içərisində sərçəni seçməsinə təsadüfi baxmır, bir rəmzi assosiasiya görür. Sərçə, axı, ən sədaqətli quşdur ki, yuva qurduğu məkanına, ona su, qida verən insanlara sadiqdir. Axı atalar da yerində deyib: “Can ver sərçəyə, qaranquş gəldi-gedərdir”. Məhz Allahşükür bu poetik surətində - eydetizmdə oxşarlıq - in-dentik çalar axtarmamışdır.

Şair Allahşükür Ağanın son şeirlərində sintetik estetika görmürəm (belə düşünürəm); mənəviyyatın katarsisini duyuram, lüzumsuz mətləbləri, süni hayqırtıları, qəliz poetik kölgələrdən uzaqlaşmağı hiss edirəm. Onda təbiətin dialektikasında yaşam inamı, bir parlaq işıq ümidi və bitkinlik aparıcı motivlərdir.
Mən “Ağaclar”, “Qış səhəri” şeirlərində bu hissi tapmaya bilərdimmi?

Səs kimi qalxıb yerdən
Göyə baxır  ağaclar.
Gah geyinir, soyunur,
Çox darıxır ağaclar.

Dayanıb qol-qanadlı,
Boylanır təkayaqlı.
Yanında beşotaqlı
Evdən qorxur ağaclar.

Budaqda bıçaq yeri,
Yadında ocaq yeri.
Altından çəkdik yeri,
Of, yıxılır ağaclar.

Hərçənd, təbiətə, onun lal “övladına” qarşı insanın yabançı məhəbbəti, şəxsi mənafeyi üçün izoterik niyyəti. İnsanlığına möhkəm hasar çəkilmiş iyrənc qəddarlığı...

Bu, essemi, yaxud resenziyamı janrlarla fərqləndirmək istəmədim və buna ehtiyac da duymadım. Mətləbin məntiqində hansı illərdəsə auditoriyada tələbəm olmuş, ilk şeirlərini  mənə - müəlliminə oxumuş şüvərək gəncin şeirlərilə mətbuat səhifələrində tanış olduqca bir də ona görə qürurlandım: o, poeziyaya şöhrət üçün, gündəlikdə qalmaq üçün gəlməmişdir, illərin qanadlarında bir vaxt desinlər: - Belə bir şair vardı, şeirləri onu yaddaşlardan sildi.

Belə düşünmək istəmirəm. O, şeir dünyasına günahsız, səadətini ana ağuşunda, ata qayğısında görürsə, unudularmı?! Mən də müəllimlik - pedaqoqluq illərimdə fəxr etmişəm ki, sağlam əqidəli və düşüncəli yetirmələrim olmuş və onları unutmamışam. Bəs mən özüm necə? Dahi filosof Hegel deməmişmi: Həyatda ən böyük dərd unudulmaqdır.

23.03.2018

 





17.06.2018    çap et  çap et