525.Az

Sürgün olunanların sorağı ilə- II məqalə


 

40 il Xəstə Hasan axtarışında

Sürgün olunanların sorağı ilə- <b style="color:red">II məqalə</b>

Aşıq İslamın əkdiyi şübhə toxumu məni 40 il Xəstə Hasanın həyat və yaradıcılığı ilə maraqlanmağa vadar etdi. Gah Türkiyəyə qayıdan İslam Ərdənərə məktublar yazdım, gah da Xəstə Hasanın şeirlərini bilən insanları, onun nəslindən olanları axtardım.  Neçə-neçə aşıqla görüşdüm. Onlardan Xəstə Hasan haqqında bilgi əldə etməyə, şeirlərini toplamağa çalışdım. Soraq ha soraq, Xəstə Hasanın nəsli ilə yaxından tanış olan, şeirlərini və haqqında yaradılmış dastanları gözəl bilən Aşıq İsgəndər Ağbabalını (Gülməmmədovu) tapdım. Nəticədə anladım ki, “Aşıq Ələsgər“ kitabının izahlar bölümündə verilən və kitabın sonrakı, təkmilləşdirilmiş nəşrlərində təkrarlananlar bir yanlışlığın məhsuludur. Belə ki, Misgin Bürcüdə 1848-ci ildə ölüb və onun Matenadaranda saxlanan şeir dəftərində “Aşıq Ələsgər”  kitabına daxil edilən şeir yoxdur. Misgin Bürcüyə aid edilən şeiri diqqətlə oxuduqda gördüm ki, bu başqa bir aşığın, Müsəmmə Misginindir. Hər iki addakı Misgin sözü araşdırıcılarımızı da, aşıqlarımızı da, oxucularımızı da çaşdırıb.

Türkiyədə, Gürcüstanda, Azərbaycanda çap olunan kitabları, qəzet və jurnalları oxudum. Topladığım şeirlər Xəstə Hasanın ustad bir sənətkar olduğunu, ədəbi oğurluğa ehtiyacı olmadığını göstərirdi. Əldə etdiyim şeirlər, məktublar və yazılar əsasında bir kitab, 5-6 məqalə yazdım, bir neçə məruzə hazırlayıb elmi konfranslarda oxudum, mətnlərini çap etdirdim. Amma  içimdəki Xəstə Hasanın nəslindən olanları görmək, onlardan bilgi toplamaq istəyi sönmürdü.

2007-ci il mayın 16-20-də Almatıdakı Abay adına Pedaqoji Universitetdə “Birinci Uluslararası Ortak Dəyərlər Simpoziumu” keçirilirdi. Simpoziumun təşkilatçısı balıkəsirli, Azərbaycan mühacirətinin Türkiyədəki ən gözəl araşdırıcılarından olan, dosent Səbahəddin Şimşiri idi. Mən də simpoziuma “Ahıskalı Hasta Hasanın şeirləri Kazakıstanda” mövzusunda məruzəmi göndərdim. Məruzəm qəbul edildi.

Naxçıvandan tanıdığım, milli azadlıq hərəkatı fəallarından olan və hal-hazırda Qazaxıstanın Almatı şəhərində yaşayan Elçin Abbaslı mənim Xəstə Hasan haqqında yazdıqlarımdan və onun nəslindən olanları görmək istəyimdən xəbərdar idi. Buna görə də simpozium günlərində maşın kirayələyərək Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı ilə məni Talqara – Xəstə Hasanın nəvə-nəticəsi ilə görüşə göndərdi.

Talqarda Aşıq İsgəndərin vasitəsilə tanış olub və məktublaşdığım Murtaza Tursunovla görüşdük. Gəncliyində aşıqlıq da edən Murtaza ixtiyar çağlarında mollalıq edirdi. O, Xəstə Hasanın yadında qalan şeirlərini və şeirləri ilə bağlı rəvayətləri makinada yazdırmışdı. Xeyli söhbətdən sonra suallarımızı cavablandırdı və yazdırdıqlarını bizə verdi. Gətirdiklərimi əməkdaşı olduğum AMEA Folklor İnstitutunun arxivində qeydiyyatdan keçirtdim və Xəstə Hasan mövzusunu mənim iş planıma daxil etdilər.

Xəstə Hasan və çağdaşları haqqında bir neçə məqalə yazsam da, radio-televiziyada dəfələrlə çıxış etsəm də, elmi konfranslarda məruzələr oxusam da onun haqqında kitab hazırlamağı  Almatı səfərindən sonra qətiləşdirdim.

Ayrı-ayrı aşıqlardan və çap olunmuş kitablardan, qəzet və jurnallardan topladığım şeirləri müqayisəli şəkildə sistemləşdirdim və 2012-ci ildə Bakıda “Axısqalı Xəstə Hasan. (Şeirləri və şeirlərinin yaranması haqqında söhbətlər)” adı altında çap etdirdim. Kitabın bir neçə nüsxəsini də Almatıda yaşayan dostum Elçin Abbaslıya göndərdim ki, həm özü oxusun, həm də Molla Murtazanın ailəsinə, Xəstə Hasanın nəslindən olanlara versin.

Kitab Azərbaycanda  sükutla qarşılandı. Elçin bəydən  isə xoş bir xəbər aldım. O dedi ki, kitabın bir nüsxəsini Qazaxıstan Axıska Türklərinin Milli Mərkəzinə verib. Milli Mərkəzin başqan yardımçısı Şahismayıl kitabın nəşrini maraqla qarşılayıb və qarşıdakı günlərdə toplantıları olacağını və toplantıda kitabın Almatıda nəşri məsələsinin də müzakirə ediləcəyini söyləyib. Mən Şahismayılı şəxsən tanımasam da, Milli Mərkəzin başqanı Ziyəddin Kasanov haqqında çox oxumuşdum.

Az sonra Elçin Abbaslı təkrar zəng vuraraq  “Axısqalı Xəstə Hasan” kitabının Almatıda nəşr olunacağının rəsmiləşdiyini,  kitabın nəşrinə “Ahıska” qəzetinin redaktoru Rövşən Məmmədoğlunun rəhbərlik edəcəyini, mətbəə xərclərini isə Xəstə Hasanın nəslindən olan iş adamı Abbasəli Paxralı oğlu İsmayılovun öz üzərinə götürdüyünü xəbər verdi.

Bu iki insanı görməsəm də, Rövşən Məmmədoğlunun fəaliyyətindən, onun təşkilatçılıq bacarığından xəbərim var idi. “Ahıska” qəzetinin bir neçə sayını gözdən keçirmək kifayətdir ki, onun təşkilatçılıq bacarığı haqqında fikir yürüdəsən. Qəzeti yüksək səviyyədə, üç dildə nəşr etməklə yanaşı, onu internet saytında da yerləşdirir ki, dünyanın hər yerində oxuya bilsinlər.

2013-cü ilin Novruz bayramı günlərində mənim yenidən üzərində işlədiyim “Axısqalı Xəstə Hasan” kitabı Almatıda 500 tirajla çap olundu. Həmin kitabdan bir neçə nüsxə də mənə göndərdilər. Kitabı görəndə təəssüf hissi keçirdim ki, tələskənlikdən bəzi qüsurlar da olub. Məsələn, kitaba yeni daxil etdiyim şeirlərin hansı səhifədə olduğu, kitabın Almatıdakı hansı nəşriyyatda çapı və s. göstərilməyib. Kitabın  nöqsanlarla yanaşı, uğurlu bir cəhəti də vardı ki, ora Xəstə Hasanın nəslindən olan bir çox adamın şəkli daxil edilmişdi. Rövşən Məmmədoğlu da axısqalıların diqqətini çəkmək üçün redaktoru olduğu qəzetinin hər sayında bir səhifə kitabdan parçalar verməyə başlayıb. Qəzetin oxucusu çox olduğundan kitaba maraq da artıb. Necə deyərlər, xatirələr oyanmağa başlayıb. İnsanlar bir yerə toplaşanda, bir-birlərilə görüşəndə Xəstə Hasandan, onun həyatından, şeirlərindən danışmağa, ata-babalarından eşitdiklərini söyləməyə başlayıblar.

Beləcə. Xəstə Hasan mövzusu aktuallaşdı və mənim də Almatıya dəvət edilməyim gündəmə gəldi. Bir neçə dəfə telefon danışığından sonra şərtləşdik ki, 2013-ci ilin iyununda Almatıda olum. Beləcə, “Axısqalı Xəstə Hasan” kitabının yaranmasında böyük əməyi olan, birlikdə “Aşıq İsgəndər Ağbabalı” kitabını yazdığımız (Bu kitab da Xəstə Hasanın öyrənilmə tarixinə həsr olunmuş xatirələr və sənədlər toplusudur), xanımım Əzizə Ağaəli qızı ilə Almatıya uçduq.

Almatı
07-16.06. 2013

 





16.07.2013    çap et  çap et