525.Az

Etnik baxımdan zəngin bölgələrimiz – İsmayıllı


 

Etnik baxımdan zəngin bölgələrimiz – <b style="color:red">İsmayıllı</b>

Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümummilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir.

Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələri əl-ələ, çiyin-çiyinə dostcasına, qardaşcasına yaşayırlar. Ölkənin bütün bölgələrinə səpələnərək yaşayan etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil edirlər. Tarixi proseslərin nəticəsi bir sıra xalqların məskunlaşmasında da özünü göstərib. Buna müvafiq olaraq bəzi etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində isə sıx halda məskunlaşıblar. Azərbaycan ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə olsa da, bu etnik zənginlik çaları özünü bəzi bölgələrdə, bəzi rayonlarda daha qabarıq şəkildə büruzə verir. Yəni, bəzi ərazi vahidlərimizdə etnik rəng özünü daha tünd çalarda göstərir, bəzi etnik qruplar, bəzi xalqlar bir sıra rayonlarda daha kompakt şəkildə yaşayırlar.

(Əvvəli ötən sayımızda) 

Azərbaycanın etnik baxımdan zənginliyi ilə seçilən bölgələrindən biri də İsmayıllı rayonudur. Bu yazımızda rayonun məşhur İvanovka kəndindən bəhs edəcəyik. İvanovka sovet dövründən ölkədə qalan tək kolxoz olması ilə də diqqəti çəkir. 1930-cu ildə İvanovkada o vaxtlar hər yerdə olduğu kimi “kolxoz” qurulub və o bu günki günə kimi öz fəaliyyətini davam etdirir. Kolxoz bacarıqlı işçi və uzaqgörənliyi ilə seçilən Nikolay Vasilyeviç Nikitinin adını daşıyır. O, kolxoza 1994-cü ilə kimi düz 41 il rəhbərlik edib. Hazırda kənddə 1000-ə yaxın təsərrüfat qeydə alınıb.

İvanovka İsmayıllı rayonunun mərkəzindən 12-14 km cənub-qərbdə, Acınohur ön dağlığında yerləşir. Kəndin əsası 1847 – ci ildə car hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulub. Kənd yaradıcısı İvan Perşinin şərəfinə bura onun adını daşıyır.

Kənddə ruslar, ukraynalılar, yəhudilər, tatlar, ləzgilər yaşayırlar. Lakin İsmayıllının İvanovka kəndinin adı çəkiləndə ilk yada düşən molokan anlayışı olur. Çünki buradakı əhalinin böyük əksəriyyətini məhz molokanların nəslinin davamçıları təşkil edir. Molokanlar haqqında həmişə mübahisəli məqamların olduğunu və oxucularımızın marağını nəzərə alaraq onların əslində kim olduğunu öyrənmək məqsədilə rusdilli mənbələrdə araşdırma apardıq. Molokanlar xristianlığın pravoslav qolunun təriqətlərindəndir. XVIII əsrin ikinci yarısında Rusiyada yaranıb. Onlar kilsəni və keşişləri inkar edir, ibadət mərasimi adi evlərdə keçirirlər. Molokan icmasına qocalar və ya seçilmiş şəxslər başçılıq edir. Molokan – rusca süd kimi pak sözlərlə qidalanan kəslərə deyirlər. Bunlar Çar tərəfindən “Andı, kilsəni, dini mərasimi və ali hakimiyyəti qəbul etməyən” insanlar kimi sürgün ediliblər. Ortodoks – pravoslav xristianların molokan təriqətinə sitayiş edən rusların əcdadları XVIII əsrdə dini inanclarına görə Həştərxana, Moloçnıye Vodı deyilən çayın sahilinə sürgün ediliblər. Uzun illər o çayın sahilində yaşadıqları üçün o vaxtdan bu dini təriqəti belə adlandırıblar. Digər versiyaya görə isə pravoslavlardan fərqli olaraq oruc – pəhriz vaxtı sadəcə süddən istifadə etdiklərinə görə özlərini belə çağırırlar. Molokanlar başqa protestant qruplarının təsirinə uymurlar və daha mötədildirlər, yeni təriqətlərin ardıcılları ilə müqayisədə öz təlimlərinin təbliğatına az meyllidirlər. Molokanlar özlərinin dini təliminin yeganə mənbəyi kimi Bibliyanı tanıyırlar. Həm də Bibliya kəlamlarını sərbəst şəkildə izah edir, bəzən onların mənasını tanınmaz dərəcədə təhrif edirlər. Molokanlar, hal-hazırda, yalnız özlərinin əsl dindarlar olduğunu bildirir, heç bir dini hekayəti, kilsə qərarını qəbul etmir, yalnız Bibliyanın göstərişlərinə əməl edirlər. Onlar kilsədə xüsusi səlahiyyətlərə malik şəxslərin iyerarxiyasını rədd edirlər. Molokanların kilsələri yoxdur, onların ehkamçılıq təlimi “Dini qaydalar” adlı kitablarda təsvir olunur.

Molokanlar XIX əsrin birinci yarısında çarizmin ruslaşdırma siyasətinin bir parçası olaraq Azərbaycana sürgün ediliblər. Onlar tez bir zamanda özlərinə yurd salıb qurub, qonşuları olan azərbaycanlılarla yaxın dost münasibətləri qurublar, qaynayıb-qarışıblar.

Hazırda, Azərbaycanda molokanlar, əsasən Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Gədəbəy və Qubada yaşayırlar.

Son bilgilərə əsasən, Azərbaycanda molokanların qeydiyyata alınmış 11 dini icması fəaliyyət göstərir. Onlardan ən böyükləri Bakıda (150 nəfərə yaxın) və Sumqayıtda (100 nəfərə yaxın) yerləşir. Üzvlərinin sayı 10 nəfərdən çox olmayan qalan icmalar Şamaxı, Qaradağ, Xızı, İsmayıllı rayonlarında fəaliyyət göstərir.

İvanovkalılar üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Çaxır, pendir və sair kimi məhsulları daxili bazarda öz yerlərini alıblar. Kənddə bir neçə sex, park və zavod (məsələn: Kirəmit zavodu) fəaliyyət göstərir.

İvanovka kolxozunun məhsulları paytaxtda da böyük rəğbətlə qarşılanır. Bakıda yerləşən İvanovka mağazasında bu kəndin ekoloji təmiz məhsulları satışa çıxarılır. Paytaxtın qarşısında uzun növbə olan və piştaxtası dolan kimi boşalan bu mağazasından bal, tərəvəz və süd – ağartı məhsulları əldə etmək olar. İvanovkanın ən məşhur brendi eyniadlı şərab, xama, günəbaxan yağıdır.

İvanovkanın çörəyi də məşhurdur. 2 – 3 kq ağırlığında olan kərpic formalı çörək uzun müddət xarab olmur. Mayalı xəmirdən bişirilən çörəyin hazırlanması da bir neçə gün çəkir. Təbii maya ilə xəmirin mayalanmasını uzun müddət gözləməli olurlar. İvanovkalıların çörəklə bağlı bir devizi var: “Xleb vsemu qolova”. Bu da təsadüfi deyil. Bərəkət çox önəmlidir. Hər qonağı duz – çörəklə qarşılayırlar. Böyük Vətən müharibəsindəki aclıq – səfalət çörəyə olan hörməti daha da artırıb. Kənddə geniş qeyd olunan bayramlardan biri də 9 May – Qələbə Günüdür. Veteranlar burada çox idi. İldən ilə sayları azalsa da, sağ olanlar və onların ailələri mütləq hər il hərbi parad kostyumlarını geyinir, medallarını taxır və Böyük Vətən müharibəsi abidəsinin önündə toplanırlar.

Kənddə məhsul bayramı da keçirilir. İvanovkadakı digər bayramların hamısı dini xarakterlidir.

Bir faktı da qeyd edək ki, İvanovkadakı Nikitin adına kolxozun qorunub saxlanması birbaşa ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Respublikaya ikinci dəfə rəhbərlik etdiyi dövrdə o, Nikolay Nikitini şəxsən qəbul edib. Görüş zamanı ulu öndər 200 ildən artıq bir müddətdə Azərbaycanın ağır və sevincli günlərində yerli əhaliylə birgə yaşayan, çiyin-çiyinə çalışan bu insanların kompakt şəkildə yaşamalarının təminatı kimi kolxozun saxlanmasını məqbul hesab eləyib. Hazırda İvanovkaya bu diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Prezident dəfələrlə İvanovkaya səfər edib.

lll

Bütün bunlar göstərir ki, Tanrı Azərbaycan adlı bu məmləkətdən səxavətini və lütfünü əsirgəməyib, yeraltı və yerüstü sərvətlərlə yanaşı, bir ölkə ərazisində iç-içə qaynayaraq qarışan, bir respublikanın bərabərhüquqlu vətəndaşı kimi çiyin-çiyinə yaşayan dost xalqlar bəxş edib. Bu qiymətli bəxşişlərin qədrini bilmək, qorumaq hər birimizin mənəvi borcudur.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





16.07.2013    çap et  çap et