525.Az

Fikrət Sadıqın “Hazırcavab”ı nəşr olunub


 

Fikrət Sadıqın “Hazırcavab”ı nəşr olunub<b style="color:red"></b>

Bugünlərdə şair Fikrət Sadıqın “Hazırcavab” kitabı işıq üzü görüb. Kitabda qocaman şairin atmacaları, deyimləri, zarafatları, kəsə sözləri və miniatür şeirləri toplanıb.

Kitab müəllifin oxuculara müraciətində toplunun yaranmasından söz açıb: “ Hayıfım gəlir bu atmacalara-kəsə sözlərə. Yeri gələndə orda-burda, küçədə, avtobusda, qatarda, evdə, işdə, iclasda...dilimdən düşmür. İstədim bunları bir yerə yığım. Üç-dörd adamın yanında dediyim bu sözləri, qoy minlərcə adam eşitsin. Mən də bilim ki, zarafatlarım itib-batmayıb. Bu kitabçada toplanan atmacalar ömrüm boyu dediklərimin mində biridir, yadımda qalanlardır. Unutduqlarım göy qübbəsinə yazılıb: inanıram ki, onlar da nə vaxtsa yağışlarla, qarlarla yerə qayıdacaq. Gələcəyin adamlarına bu günlərdən danışacaq”.

Kitabın ön söz müəllifi Kamil Vəli Nərimanoğlu “İbrət dolu atmacalar, zərif zarafatlar” yazısında Fikrət Sadıq kimi incə şairin, novator söz ustasının dilindən qopan zarafat və atmacaların öz əyarı olduğunu vurğulayıb: “Bu atmacaların böyük çoxu ibrətli, fəlsəfi qayəsi, mayası olan örnəklərdi. Bu da təbiidir. Bu atmacalar xatirədir, yaddaşdır. İtirdiyimiz insanları, gözəl sənətkarları yada salan, dirildən bu dil inciləri şəxsən mənim üçün çox qiymətlidir. Azərbaycan türkcəsinin harmoniyasını, dadını-tamını gözəl hiss edən şair təsadüflər və qeyri-təsadüflər üzərində qurulmuş bir sıra atmacalarında özünün dil həssaslığını, dil sənətkarlığını nümayiş etdirib”.  

Topludakı əsərlər iki bölmədə təqdim olunub.

Sevinc MÜRVƏTQIZI

 





16.07.2013    çap et  çap et