525.Az

El ağsaqqalı


 

El ağsaqqalı<b style="color:red"></b>

Süleyman ƏLİSA

Hazırda Bərdə rayonunun Mehdili kəndində yaşayan el ağsaqqalı Hacı Lətif Salman oğlu Yahyayev Təklə tayfasındandır. Lətif kişi 1900-cu ildə Bərdə rayonu Xanağalı  sovetliyinin Təklə kəndində doğulub. Vaxtilə bu kənd indi Təklə yeri adlanan ərazidə –Qazaxlar və Mehdili kəndləri arasında yerləşirdi. Anası vəba xəstəliyindən erkən rəhmətə getdiyindən, atası isə “kulak” adı ilə həbsə alındığından balaca Lətif qoca nənəsi Məşədi Fatmanın və əmisi Fərmanın himayəsi altında yaşayıb. O, hələ uşaqlıqdan zəhmətə qatlaşıb, inqilabdan əvvəlki illərdə ata-babalarının Xoruzlu kəndindən olan köhnə dostu Gəray bəyin mal-qarasına baxıb, onun sərkarı olub. Gəray bəyin 40 nəfərə yaxın işçisini idarə edən Lətif hələ gənc yaşlarından öz işgüzarlığı ilə yerli camaatın hörmətini qazanır. Sovet hökuməti Gəray bəyi də həbs etdikdən sonra Lətif yenidən öz qohumlarının yanına qayıdıb yenicə yaranan “Baş sovet” kolxozunda işləməyə başlayır və bir qədər sonra məsul vəzifələrə irəli çəkilir.  Həmin illərdə uzaq qohumu Müşkünaz xanımla ailə qurur.

Elat camaatı heyvandarlıqla dolanmağa adət etdiyindən o zaman bir çox əzab –əziyyətə qatlaşır. Hətta yaylağa buraxılmadıqlarına görə neçə –neçə adam qızdırma  xəstəliyinə tutulur. Bakıdan gələn  həkim komissiyası belə qərara gəlir ki,  camaat uzun illər yaz-yay aylarını  yaylaqlarda keçirdiyinə görə bu prosesi  birdən –birə dayandırmaq olmaz. Ona görə də elə şərait yaradılmalıdır ki, camaat həmin aylarda yaylağa gedə bilsin. Çox keçmədən “Baş sovet” kolxozu maldarlıq –taxılçılıq kolxozuna çevrilir. Qaratəpədə bu kolxoz üçün əkin sahəsi ayrılır. Lətif kişi bu dəfə həmin kolxozda heyvandarlıq  sahəsində çalışmağa başlayır. Tezliklə kolxozun qoyunçuluq fermasına rəhbərlik ona həvalə edilir.

Tərəkəmələr taxıl əkini sahələrinə qoruqçu qoyub, qoyunu, mal-qaranı yazın əvvəlində dağlara aparardılar.Lətif kişi həmişə yaylaqda 2-3 alaçıq qurdurardı. Adətən ağ keçədən qurulan alaçıq qonaqlar üçün, qara alaçıqlar isə öz külfəti üçün hazırlanardı. Alaçıqlar qadınların gözəl əl işləri-toxumaları və işləmələri ilə bəzədilərdi. Onun məskunlaşdığı Qaraarxac yaylağı sıldırım qayalarla əhatə olunmuş düzənliklərdən ibarət idi. Yaylaqdakı Sarı bulağın suyu buz kimi soyuq olardı. Bulağın bir stəkan suyunu heç kim içib axıra çıxa bilməzdi...Lətif kişinin yurd yerindəki alaçıqlarından gül-çiçək ətri gələrdi. Orada otlar saralana qədər güllü-çiçəkli biçənək olardı. Heyvanlar, qoyun-quzular alaçıqdan bir qədər aralıda saxlanılardı. Dağa, yamaca çıxan uşaqlar dəstə-dəstə çiçəklər yığar, güllərdən və uzun otlardan çələng hörüb alaçıqdan asardılar. Yaylaqda da fermanın işçiləri briqadalara ayrılardı. Briqadalardan biri qoyun-quzulara, digəri isə iribuynuzlu heyvanlara baxardı. Hər briqadada 2-3 çoban çalışardı.

1939-cu ildə Lətif Salman oğlu  “Baş sovet” kolxozunun sədri seçilir. 1944-cü ildə isə təsərrüfatların birləşməsi nəticəsində əmək fəaliyyətini Puşkin adına kolxozda davam etdirir.

Mehdili kəndinin yerində əvvəllər Yayhabəyli, Mehdili və Diləli kəndləri olub. 1937-38-ci illərdə bu kəndlərin hər birində 20-25 ev vardı. Sonralar ağır vergi tətbiq olunduğundan camaat bir –birindən ayrı düşdü, qaçaqçılıq etdi və s. Müharibə illərində isə vəziyyət daha da pisləşdi. Hazırda Diləli və Yayhabəyli kəndindən burada yaşayan olmasa da, Mehdilidən cəmi 10 evin əhalisi bütün əzab –əziyyətlərə dözüb öz yurdlarını tərk etmədilər. Qeyd edim ki, indiki Mehdili kəndinin cənub hissəsi təklə torpaqları idi. Bu gün qonşu Hacalıda, Qazaxlarda və Bəcrəvanda, Soğanverdilərdə, Ərəbşərəflidə, Gərənədə və.s. kəndlərdə də təkləlilər yaşayırlar. Hacı Lətif kişinin qohum –əqrabası, dayıları-Hacı Qaraş, Hacı Atakişi, Hacı Qasım, əmisi Hacı Mirzə, Hacı Bilal, Tapdıq, Lələkişi və başqaları keçmişdən qonşu Qazaxlar kəndinin yuxarı hissəsində yurd salmışdılar. Onlar var –dövlətlərindən xeyriyyə işlərinə də sərf edərdilər. Hələ Lətif kişi təzə dünyaya gələndə dayısı Hacı Qasım Qaraarxacda körpü saldırmışdı. Həmin körpü Hacı Qasım körpüsü adlanırdı.

Cavanlıqda Lətif çox igid, qorxmaz, cəsur bir adam idi. Onun Səmənd adlı atı yaylaqda keçirilən yarışlarda həmişə öndə gedər və sahibinin başını uca edərdi. Ona görə də Yevlaxdan o tərəfə qız köçürən analar çox istəyərdilər ki, gəlinin gərdəyini Lətif kişi aparsın. Hamıdan öndə oğlan evinə gəlib çatan Lətif kişiyə müxtəlif hədiyyələr verərdilər. Bir gün qonşu kənddən 3 nəfər al-dil olub Səməndi oğurlamaq qərarına gəlir. Həmişə ayıq –sayıq olan Lətif  həmin gecə fürsəti əldən verməyib oğrubaşının atının cilovundan yapışır. Onun qolunu güllə ilə yaralasalar da, cilovu əldən buraxmır və atasını köməyə çağırır. Oğrubaşı atdan düşüb qaçmağa məcbur olur. Səhəri Lətifin adamları atı qabağa buraxaraq arxasınca gedib oğrubaşının evinə çıxır və ona yaxşı “dərs” verirlər.

Həmişə öhdəsinə götürdüyü işi bacarıqla yerinə yetirən, xeyirxah əməllər sahibi olan Lətif kişi özündən sonrakı nəslə Mehdili kəndi adlı bir miras qoyub. Tərəkəmə camaatı maldarlıqla məşğul olduğundan yayı yaylaqda, qışı qışlaqda keçirərdi. Sovet hökuməti qurulduqdan sonra isə onlar oturaq həyat tərzinə alışdılar. Lətif kişi həmin illəri belə xatırlayır: “1948-1949-cu illərdə Lənbəran kəndində qoyunçuluq fermasının müdiri idim.  Xanağalıdakı ferma müdiri özünə qəsd etdiyindən oradakı mal-qaranı da mənə təhvil verdilər. Bir ilə yaxın  həmin kənddə yaşadım. Ətraf əraziyə, məhsuldar torpaqlara çox yaxşı bələd idim. Ona görə də qonşu Mehdili kəndinə gəlib orada məskunlaşmağa qərar verdim. O zaman cəmi 5-6 evdən ibarət  kənddə nə su, nə işıq, nə yol vardı. Müxtəlif səbəblərdən yerli camaat dağılışıb getmişdi. Mən həmin 5-6 ailəni bir yerə yığıb söz verdim ki, kənddə hər şey olacaq. İlk növbədə artezian quyusu qazdırıb kəndə su çəkdirdim, kəndin yollarını bərpa etdirdim və s. Yavaş-yavaş qohum-əqraba ətrafıma yığışmağa başladı.” Vaxtilə 100 evli Təklə adlanan Mehdili kəndi gündən –günə böyüyür, inkişaf edir. Lətif kişinin əsasını qoyduğu Mehdilidə bu gün bir çox sosial obyektlər fəaliyyət göstərir.

Lətif kişinin və onun həyat yoldaşı Müşkünaz xanımın xəmri necə deyərlər, bir yerdə yoğrulmuşdu. Kiminsə toyunu eləmək, kiminsə yasını yola vermək və digər xeyirxah işlər onların hər ikisinin qanındaydı. Aclıq illərində Xanağalı kəndindəki kasıb bir ailədə iki əkiz uşaq doğulmuşdu. Müşkünaz xanım yetim Usubun ailəsinə necə kömək etmək barədə Lətif kişi ilə  məsləhətləşib onlara bir sağmal  inək göndərdi ki, ailə qışdan sağ –salamat çıxsın.

O vaxtlar hazır paltar satılmırdı. Edilxan adlı bir dərzi tikiş maşınını ulağa yükləyərək oba –oba gəzər, adamların üst – başını təzələyərdi. Hərdən o, Lətif kişinin evində adamları  qəbul edib yola salardı. Tezliklə Müşkünaz xanım da bu sənətə yiyələndi və İrəvandan alıb gətirdiyi  Zinger adlı tikiş maşını ilə övladlarına pal-paltar  tikməyə başladı. Xeyirdə- şərdə qohumlardan elə bir adam olmazdı ki, onun tikdiyi paltardan geyinməsin. Hətta obadakı qohumların qızları gəlinlik paltarlarını da Müşkünaz xanıma tikdirərdilər. Təzə gəlinləri qonaq çağırıb onlara qızıl onluq, yaxud damazlıq inək bağışlamaq bu ailədə adət halını almışdı. Onlara gələn balaca qızlara isə ya ipək yaylıq, yaxud şal hədiyyə verilərdi.

Lətif kişi  və  Müşkünaz xanım qonaq –qara sevən adamlardı. Həyətlərində böyük ağ samovar daim qaynar olardı. Hər gün bir qarış ağ sac yuxası bişirilərdi. Ona görə də arandan və ya kənardan yaylağa gələnlər birinci növbədə onların alaçığını soraqlayardı.

Lətif kişinin və Müşkünaz xanımın əvvəlcə 5 qızı dünyaya gəlib. Hamı deyirdi, Lətif kişini qız basıb. Qara qızlar yetimin çörəyini yedi qurtardı. Mənsumə nənə hətta  onlara gələndə hölündən  çörək də yeməzmiş. Mələk nənə bacıları bulaq başına göndərib tapşırardı ki,   çay  daşını, çaylaq daşını bir –birinə vuraraq desinlər: Ağ daş, qara daş, allah bizə bir qardaş. Sanki beş bacının duası qəbul olundu. Lətif kişinin ailəsində oğlan uşağı dünyaya gəldi. 40 gün ərzində qohum –əqraba  50 qurban kəsdi. Göz aydınlığına gələn  aşıqlar öz dəstəsiylə bir həftə yaylaqda qalıb çalıb oxudular. Müşkünaz xanım sonra yenə üç qız, bir oğlan dünyaya  gətirərək Qəhrəman ana oldu.

Lətif kişi və onun ailəsi axırıncı dəfə 1986-cı ildə Qaraarxac yaylağında olub. Sarıbulaq dərəsinin yanı onların yurd yeri idi. Sarıbulağa tez –tez tanınmış adamlar gələrdi. Həmişə qonaq-qaralı olan Salmanovlar ailəsinə bir dəfə xalq şairi Bəxtiyar Vahabzadə təşrif gətirmişdi. Bəxtiyar müəllim Kəlbəcər rayonunun rəhbər işçiləri və Bakıdan gələn həkimlərlə birlikdə Lətif kişinin qonağı olmuşdu. Çay süfrəsi arxasında çoxlu söhbət eləmişdilər. Şair onları yaylaqda necə dolandıqları barədə sorğu-suala tutmuş və burdan maraqlı təəssüratlarla ayrılmışdı. Şairin gəlişi, onunla görüş Lətif kişi və onun ailəsi üçün əsl bayram olmuşdu.

Yaylaq həyatı ilə bağlı şirin xatirələr söyləməkdən doymayan Lətif kişi arada dərindən köks ötürür, bir vaxtlar at oynatdığı yerlərin indi erməni tapdağı altında qaldığına görə təəssüf hissi keçirir. İşğal altında olan torpaqlarımızı geri qaytarmaqdan ötrü xalqımızı birliyə səsləyən Lətif kişi deyir:”Vaxtilə erməni quldurları ilə mübarizə aparan Sultan bəy Quşçu Pilək davasında Təklə camaatını da köməyə çağırmışdı. Təkləlilər bir dəstə atlı ilə onun köməyinə gedirlər. Çalbığ Məhəmməd, Fərman Yayha oğlu, Fərman Bəylər oğlu, Kazım və başqaları da onların arasında idi. Təkləlilər silah-sursat almaq məqsədilə Sultan bəyə 800 qoyun da aparmışdılar. Başıkəsiyin ətəyində yığıncaq keçirən Sultan bəy Andronikin dəstəsinin Zabux dərəsindən Qarabağa keçmək niyyətində olduğunu və bu məqsədlə çoxlu döyüşçü topladığını bildirdi. Elə oradaca köməyə gələn qonşu kəndlərin bir çox sakininə silah-sursat paylandı. Bu zaman nədənsə Təklə camaatı yada düşmədi. Arada inciklik yaranmasına baxmayaraq təkləlilər həm döyüş zamanı, həm də yaralıların döyüş meydanından çıxarılmasında fədakarlıq göstərdilər. Ermənilər Zabux dərəsində böyük itkiyə məruz qalıb geri çəkildilər. Döyüşdən sonra Çalbığ Məhəmməd Sultan bəyə demişdi:”Təkləlilərə barmaqarası baxmayın, bizə patrondaş verilməsə də döyüşdə axıradək iştirak etdik”.

Lətif kişi kimi Müşkünaz xanım da kolxoz quruculuğunun fəal iştirakçılarından olub. On övlad böyüdüb, boya-başa çatdıran Müşkünaz xanım onların təhsilinə də xüsusi diqqət göstərirdi. O, Xocalı hadisələri zamanı bir ağbirçək kimi oğlu İsgəndərin dəstəyi ilə kənd camaatını bir yerə yığıb rayondakı peşə məktəblərində məskunlaşan qaçqınlara hər cür köməklik edərdi. Bundan əlavə  Qəhrəman ana kimi zamin duraraq neçə –neçə adamı həbs olunmaqdan qurtarmışdı. 2002-ci ildə İsgəndərin vaxtsız vəfat etməsi  Müşkünaz xanımı və ümumiyyətlə, Salmanovlar ailəsini çox sarsıtdı. Atasının xeyirxah əməllərini davam etdirən İsgəndər Mehdilidə orta məktəbin tikintisi üçün böyük təşəbbüs göstərmiş və bununla əlaqədar sənədlərin təsdiqi üçün dəfələrlə aidiyyəti orqanlara  müracıət etmişdi. O, kəndə yeni artezian quyusu qazdırmış, yolları abadlaşdırmışdı. Atası ilə birlikdə rayon rəhbərliyinə müracıət edərək qəbirstanlıq üçün aldığı ərazidə abadlıq işləri gördükdən sonra özünün ora “ilk səfər” etməsi onu tanıyıb bilənlər üçün, bütün təkləlilər üçün çox dəhşətli bir hadisə idi. Bundan sonra üzü gülməyən Müşkünaz xanım  2009-cu ildə dünyasını dəyişdi. Onun dəfni zamanı Lətif kişi özü qəbirə girib həyat yoldaşını torpağa tapşırdı. Yaşının bu vədəsində dəfn və yas mərasimlərini özü axıradək yola verdi. Heç kim inanmırdı ki, yorulub-usanmaq bilməyən Lətif kişinin 109 yaşı var...

Ondakı həyat eşqi doğrudan  da insanı heyrətə gətirir. Lətif kişi 1997-ci ildə 97 yaşında Həcc ziyarətinə getmişdi. O, Azərbaycandan həcc ziyarətinə gedən ən yaşlı insan kimi bu gün də xatırlanır. Kənd camaatı müşkül bir məsələ ilə qarşılaşanda ona üz tutur. Lətif kişi də qabağa düşüb camaatın problemlərini rayon rəhbərliyi qarşısında qaldırır, əksəriyyətinin həllinə nail olur. El ağsaqqalı kimi küsülüləri barışdırır, kimsəsizlərə əl tutur. Çətinliyə düşən insanlar onun qapısını döyür, ondan kömək umur, məsləhət alırlar. Onu bu yaşa çatdıran qəlbindəki, canındakı həyat eşqidi. Və yəqin ki, bir də  camaatın alqışı, duasıdı.

 





17.07.2013    çap et  çap et