525.Az

Jurnalistlərin VI qurultayına sözardı


 

Jurnalistlərin VI qurultayına sözardı<b style="color:red"></b>

Şamil Vəliyev,
BDU Jurnalistika fakültəsinin dekanı,
filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist,

Cahangir Məmmədli,
BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor

Azərbaycanda formalaşmış yeni jurnalistika sistemi artıq özünün ciddi inkişaf prosesini keçirməkdədir. Ölkədə söz və mətbuat azadlığının bütün istiqamətlərdə hüquqi bazaya malik olması göz qabağındadır. Azərbaycan Respublikasının KİV haqqında  qanunları ən ciddi beynəlxalq ekspertlərin rəyindən keçmiş, onların içərisində bəziləri Avropa standartlarını da qabaqlamışdır. Jurnalistikada inkişaf parametrləri istər nəzəri nəşrlər və nəzəri fikir təsərrüfatı baxımından, istərsə də bu nəzəriyyənin tətbiqi istiqamətində tamamilə yeni biçimdə özünü göstərməkdədir. Ölkədə müstəqilliyin təsdiqi ilə dərhal meydana çıxan yeni tipli qəzet nəşrləri çox politralı bir görsənişlə Avropa media standarlarını qəbul etməyə başladı. Milli jurnalistikamız bir tərəfdən klassik ənənələrimizin zəngin yaradıcılıq irsindən, digər tərəfdən beynəlxalq jurnalistikanın dünyada qəbul olunmuş prinsiplərindən faydalanaraq öz inkişaf istiqamətini müəyyənləşdirdi və yeni media modelləri, yeni yaradıcılıq  konsepsiyaları ilə fəaliyyət göstərməyə başladı. Qəzetlərimizin, TV və radio kanallarının yeni tipoloji sistemi yarandı. Demokratik media elə bir müstəqillik qazandı ki, hətta hakimiyyətə “opponent” anlayışı altında qəzet dünyası meydana gəldi. KİV sisteminin tipoloji palitrası tənqid jurnalistikasını ifadə edən qəzetlərlə, partiya, regional, sahə mətbuatı ilə zənginləşən print mediasına, müxtəlif tipli teleradio kanallarına sahib oldu. Əlbəttə, geniş ponoramlı media sistemində heç də hər şeyin yerli-yerində olduğunu, jurnalistikaya dair hüquqi məsuliyyətin, peşə etikasının və digər yaradıcılıq tələblərinin tam yerinə yetirildiyini iddia etmək fikrindən uzağıq. İstər print mediası sahəsində, istərsə də elektron informasiya vasitələrində yaradıcılıq prinsiplərinin təkmilləşməsi, peşəkarlığın yüksəlməsi kimi bir sıra halların tam formalaşmasına vaxt lazımdır. Hər halda bu gün heç kim inkar etməz ki,  Azərbaycan jurnalisti öz əqidəsinə, yaradıcılıq platformasına uyğun olan  media orqanı tapmaqda və öz fikrini müstəqil ifadə etməkdə çətinlik çəkmir. Qəzetlərimizin iqtidar, müxalifət, müstəqil istiqamətləri üzrə  fəaliyyət prinsiplərinə bölünməsi onların hər birinin öz işidir və bizim mükəmməl qanunvericilik bazamız ölkə jurnalistinin maksimum müstəqil olmasına şərait yaratmışdır. Bu sahədə ortaya çıxa biləcək opponentlərimizə hakimiyyətə müxalif  jurnalistikanı, hakimiyyətyönlü medianı sübut kimi misal çəkə bilərik. Sərt, kəskin, heç nə ilə  hesablaşmadan yazmaq istəyən jurnalistin də, difirambalara “ehtiyacı” olan jurnalistin də əlinin asanca çata biləcəyi tribunası vardır. Bu da jurnalistikamızın inkişaf göstəricilərindən biri kimi qeyd olunmalıdır.

Azərbaycan jurnalistlərinin bu günlərdə  keçirilən VI qurultayı, əslində, bir tərəfdən Mətbuat Şurasının hesabatı idisə, digər tərəfdən qeyd etdiyimiz inkişaf tempinin bir daha nümayişi idi. Yeni dönəm jurnalistikası zamanında keçirilən əvvəlki beş qurultayın qaldırdığı məsələlər və bu barədə müzakirələrin gedişi ilə altıncı qurultayın məzmununu müqayisə edərkən sonuncunun xeyrinə çox böyük irəliləyişin şahidi olduq. Jurnalistlərin 2003-cü ildə keçirilən birinci qurultayında prosesin gedişi on iki saatdan çox – gecəyə qədər davam etdi. O zaman qoyulan məsələlər ətrafında müzakirələr xeyli dərəcədə xaosla müşahidə olunurdu. Qurultay nümayəndələrinin vahid fikrə gəlmələri ətrafında səsli-küylü, bəzən də, pis mənada, ipə-sapa yatmaz məqamlar çıxırdı ortaya. Amma bununla belə, o zaman qurultayda   demokratik ab-havaya qulluq etməli olan, media-cəmiyyət münasibətlərinin ictimai tənzimləmə mexanizmi rolunu oynayacaq Mətbuat Şurası, onun nizamnaməsi, Azərbaycan “Jurnalistlərinin Peşə Kodeksi”  və  s. kimi mühüm əhəmiyyət kəsb edəcək qurum və sənədlər yaradıldı.

VI qurultayıda Azərbaycanda jurnalistikanın on il bundan əvvəlki və bu günkü inkişafını ölkə prezidentinin qurultaya göndərdiyi təbrik məktubundan da hiss etmək olurdu. Əgər on il bundan əvvəl Azərbaycan jurnalistlərinin iqtisadi çətinlikləri, sosial şəraitləri ciddi narahatlıq yaradan bir problem kimi ortaya qoyulurdusa, bu gün istər jurnalistin yaradıcılıq prinsipləri, istərsə də iqtisadi, sosial problemləri ətrafında artıq həll olunmuş faktlar mövcuddur. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu tipoloji xarakterindən asılı olmayaraq ictimai rəydə yeri olan hər bir qəzet redaksiyasına həyata keçirdiyi layihələrin mahiyyətini nəzərə almaqla 10 min manatdan 60 min manata qədər vəsait ayırmaqdadır. Prezidentin yaratdığı bu fondun vəsaiti qəzetlərə fəaliyyət istiqamətinə görə heç bir fərq qoyulmadan təqdim edilir. Fondun hər il keçirdiyi müxtəlif statuslu, müxtəlif mövzulu neçə-neçə yaradıcılıq müsabiqələrində qalib jurnalistlərin mükafatlandırılması müntəzəm hal almışdır.

VI qurultayda hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təkcə son üç ilin fəaliyyəti üzərində deyil, həm də şuranın tarixi inkişaf prosesinin gedişini izləyən bir məruzə ilə çıxış etdi.

On il bundan əvvəl Mətbuat Şurasının təsis qurultayında söz və mətbuat azadlığının tam formalaşması bir arzu kimi qoyulurdusa, bu günkü qurultayda şura sədri bu azadlığın jurnalistikamıza, yaradıçılığa təsirindən danışırdı. Görünəni o idi ki, dünən mətbuatı, jurnalist müstəqilliyini bunlara qarşı müxtəlif qüvvələrin hücumundan qorumaq missiyasını öhdəsinə götürən Mətbuat Şurasının bu gün xeyli dərəcədə mətbuatın hədəfə aldığı, təhqir, böhtan və s. kimi etik normalara zidd hərəkətinə qarşı durduğunun şahidi oluruq.

Mətbuat Şurasının sədri indiyə qədər görüləcək işlərin xülasəsi içərisində mediadan olan şikayətlər və bu şikayətlər ətrafında müzakirələrin müsbət nəticələrini təqdim etdi. Etik normaları pozan qəzetlərin “Qara siyahısı”nın effekti barədə söz açdı. Jurnalistikanın qarşıda dayanan problemlərinə toxundu. Ən maraqlı məsələ isə VI qurultayın tribunasındakı çıxışlarda qoyulan problemlərlə bağlı oldu. Doğrusu, bizi də bu yazını qələmə almağa vadar edən  həmin çıxışlarda qoyulan elmi-praktik-nəzəri fikirlər oldu. Hər şey qurultayda iclasa  sədrlik edən Rəşad Məcidin və digərlərinin “jurnalistikamızın patriarxı” adlandırdıqları professor Şirməmməd Hüseynovun çıxışından başladı. Şirməmməd müəllim öz cıxışında jurnalistin vətəndaşlıq mövqeyini ön plana çəkdi. Professor bu məsələni ona görə önə çəkdi ki, son vaxtlar bəzi “media mütəxəssisləri” də daxil olmaqla, bir sıra adamlar “jurnalist yaradıcılığının Qərb standartları” pərdəsi altında “informasiyanın vətəni yoxdur, jurnalist əlinə keçən hər bir informasiyanı – dövlətin və dövlətçiliyin əleyhinə olsa belə, mediaya çıxarmalıdır” kimi millət və xalq üçün, ölkə və dövlət üçün təhlükəli bir tendensiyanı müdafiə etməyə başlamışlar. Klassik jurnalistikamızın əvəzolunmaz tədqiqatçısı Ş.Hüseynov bu nəzəri tendensiyanın nə qədər ziyanlı olduğunu vətəndaş-jurnalistin ən böyük və klassik nümayəndəsi olan Üzeyir Hacıbəylidən gətirdiyi sitatla heçə endirdi. Ü.Hacıbəylinin üzünü millətə tutub dediyi sözləri Şirməmməd müəllim jurnalistlərə müraciətlə təkrarladı: “Biz... dövləti və ictimai işlərə girişməgə məcburuq. Bu cürə işlərə kənardan baxmağa və biganə qalmağa həqqımız yoxdur, çünki biz daha özgə vətənin ögey oğlu degilik. Öz vətənimizin doğma oğluyuq. Vətən də bizimdir, hökumət də bizimdir, cəmaət də bizimdir. Bugündən boylə hər bir əmri məhz hökumətin boynuna atmaq, “hökumət özü bilər” demək, hökuməti təkbaşına buraxmaq, hökumətə əldən gələn köməgi etməmək mənafei-milliyə və istiqlaliyyətimizin və həm da şan və şərəfimizin təmin və təyidi yolunda işləməmək, müstəqil yaşamaq iddiasında olan bir millət üçün günahdır. Boylə günah ki, onun cəzası istiqlal və istiqbaldan məhrum olmaq dərəcəsində ağır və ağırlığı qədər də şayani-yas və kədərdir ”.

Ş.Hüseynov müstəqil qəzetlərin fəaliyyət prinsiplərinin klassik nümunəsinə misal kimi yenə də Üzeyir bəyə müraciət etdi və göstərdi ki, azadlıq və demokratiya anlayışlarından sui-istifadə edərək ictimaiyyətdə ziddiyyətlər yaradanlar Üzeyir bəyin mətbuat və jurnalistika haqqında tövsiyələrini unutmamalıdır. AXC dövrünün parlaq salnaməsi olan “Azərbaycan” qəzetinin redaktoru Ü.Hacıbəyli deyirdi: “ Qəzetəmizin firqə və partiya xaricində rəsmi bir orqan olduğu hər kəsə məlumdur. Hər günkü möhtəviyyatdan məlum olduğu üzrə vətən abadlığı, millət səlamatlığı, cəmaət tərəqqisi, dövlət intizamı ilə bərabər istiqlal  və genə də istiqlal şüarlarını virdi-zəban edib də bunun hüsulində əlindən gələn qədər çalışmaqda olan qəzetəmiz bu dairədə yazılmaqda olan məqalələrə sütunlarını bir ananın balasına qarşu açdığı qucağı kimi kəmali-meyl və məhəbbətlə açıbdır, vəssalam!”

Şirməmməd müəllim çıxışının son cümlələrini Üzeyir bəyi improvizə edərək belə bitirdi: “ Bu vətən də bizimdir, bu millət də bizimdir, bu dövlət də bizimdir. Bizim əsas işimiz dövləti, milləti, vətəni yaşatmaqdır”. Bütün qurultay iştirakçılarının bu sözlərə, bu fikirlərə çaldıqları sürəkli alqışlar jurnalistin hər kəsdən əvvəl vətəndaş olmağını birmənalı olaraq qəbul etdiklərinin emosional ifadəsi idi. Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun çıxışı üçün Ş.Hüseynovun fikirləri prelüdiya rolunu oynadı.

Bizə elə gəlir ki, nəinki Azərbaycan media əməkdaşları, habelə bütövlükdə ölkənin ədəbi-bədii yaradıcılıq mühitindəki hər kəs Əli Həsənovu məsul olduğu sahəyə dair aydın konsepsiyası, elmi-nəzəri yanaşma tərzi olan bir şəxsiyyət kimi tanıyır. Bu elmi yanaşma onun indiki spontan çıxışında da özünü göstərdi. Əli müəllim təxminən iyirmi dəqiqəlik çıxışında jurnalist-vətəndaş, jurnalist-dövlətçilik, jurnalist-millət, jurnalist-vətən, jurnalist-Azərbaycan və nəhayət, jurnalist-peşəkar  kimi önəmli məsələləri müzakirəyə gətirdi. O, Azərbaycan media mühitinin müasir durumuna dair, ölkədə söz və mətbuat azadlığına dövlət maraqları haqqında bir sıra elə nəzəri konsepsiyalar irəli sürdü ki, bu arqumentlər qarşısında həmin fikirlərin elmi əsaslarına inanmamaq mümkün olmadı. Hətta jurnalistikanın nəzəri məsələləri ilə müntəzəm məşğul olan, dünya mətbuatının nəzəri modelləri ətrafında tədqiqatlar aparan bu sətirlərin müəlliflərindən biri bundan sonra öz dərsliklərində tam olaraq medianın Azərbaycan modelinə istinad edəcəyini bildirdi. Çünki qurultayda mediaya dair dövlət konsepsiyasının ifadəçisi olan Əli Həsənov çox aydın və səmimi şəkildə Azərbaycanın müasir geosiyasəti şəraitində jurnalistin vətəndaşlıq mövqeyinin yeni konsepsiyasını təqdim etdi. Bu konsepsiya, hər şeydən əvvəl,  dövlət maraqları ilə bağlıdır. Əli müəllimin belə bir fikrinə heç cür opponentlik etmək olmaz ki, hakimiyyət gəldi-gedərdi, dövlət əbədidir. Ona görə hakimiyyəti nöqsanlarına görə bütün istiqamətlərdən tənqid etmək olar və lazımdır, ancaq dövlət maraqlarına, dövlətçiliyin inkişafına, müstəqilliyimizə zərər vura biləcək yazıları mətbuatda görmək adamda təəəssüf hissi doğurur. Bu çıxışdakı ciddi məsələlərdən biri vaxtilə Azərbaycanda guya “diplomatik fəaliyyət” göstərmiş xarici adamların ölkədən getdikdən sonra dövlətçiliyimizə qarşı, onun dayaqlarının sarsıdılmasına xidmət etmək məqsədi güdən yazılarının milli mətbuata çıxarılması ilə bağlı oldu. Əli Həsənovun problemə elmi yanaşmasından bir misal: “Əlbəttə, onların hamısı diplomat deyil. Onların arasında xüsusi xidmət orqanlarının nümayəndələri var ki, Azərbaycana başqa məqsədlərlə gəlirlər. Bəziləri öz missiyasını başa vurmamış hüquq-müdafiə təşkilatlarının üzvü kimi fəaliyyət göstərməkdə davam edir... Onların anti-Azərbaycan fəaliyyəti olduğu kimi, bir az da şişirdilərək qəzetlərimizin səhifəsinə daşınır. Bu proses iqtidarı vurmaq məqsədilə həyata keçirilir. İqtidar bu gün var, sabah yoxdur, hər birimiz yerimizi dəyişə bilərik, amma bu dövlət bizimdir. Jurnalistin ilk vəzifəsi insanları məlumatla təmin etməkdir. Amma jurnalist eyni zamanda bu ölkənin vətəndaşıdır. Biz peşəmizi məgər milli dəyərlərimizdən üstünmü tutmalıyıq? Təəssüflər olsun ki, Azərbaycan jurnalistikasında bəzən hakimiyyətlə dövlətin maraqlarını ayırd etməyənlər var”.

Bu qurultaydan sonra Azərbaycan mətbuatında məsələnin bu tərzdə qoyuluşuna dair müxtəlif fikirlərə rast gəldik. Paradoksal şərhlərlə rastlaşdıq. Əlbəttə, Azərbaycan və onun müstəqilliyinin müqəddəsliyi barədə düşünənlərin böyük əksəriyyəti bu fikirləri birmənalı olaraq dəstəklədi. Ancaq təəssüf ki, bu tezisin opponentləri də tapıldı. Belə məqamda adamın xəyalına dünyaya demokratiya dərsi deyən Avropanın Ərəb varidatına sahib çıxmaq üçün yaratdığı “Ərəb baharı” və bu “baharı” haqlı- haqsız müdafiə edən Avropa mətbuatı düşür. Özünü demokratik medianın ən böyük göstəricisi hesab edən “BBC”- nin Liviyada minlərlə insanın öldürülərək gizli şəkildə torpağa basdırıldığını iddia etməsi və sonradan bu iddianın fakta əsaslanmadığının sübutu kimi bir hadisə düşür yadımıza. Fransanın keçmiş prezidenti Sarkozinin Qəddafiyə olan milyardlarla dollar borclarını qaytarmamaq üçün Liviyanı odlara qalamağa başcılıq etməsi faktı yada düşür. Moldova ombudsmanının Yerevandakı çıxışında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi həqiqətini dilə gətirməsi ilə onun işğalçı ölkədə və “doğma” Moldovada başına acılan oyunları xatırlamaq və elə bu anda bizim “Xəzər” TV-nin cəsarətli reportyoru Nəcəf Həsənovun Moldovaya  yollanması, orada səfərdə olan Ermənistan prezidentinə bu barədə cəsarətli sualı, Ermənistanın Azərbaycana vurduğu yaraları dilə gətirən moldovalı ombudsmanla görüşü, ətraflı müsahibəsinin elə vətəndaş-jurnalist konsepsiyasına əsl nümunə olduğunu    qeyd etmək istərdik. Elə bu anda yenə qayıdaq vətəndaş-jurnalist konsepsiyasına:  Əlbəttə, Azərbaycan jurnalistikasındakı müasir problemlərin hər biri haqqında mübahisə etmək, müzakirə açmaq mümkündür. Lakin dövlətə və dövlətçiliyə bağlı bu sayaq faktlara göz yummağın, bəzən onlara “dəstək” olmağın yalnız fəsadları barədə danışmaq olar.

Əli müəllim konkret misallara müraciət edir: “Freedom House”da, digər təşkilatlarda olan bəzi adamlar Azərbaycandan qisas alır. “Human Rights Watch”da olan Rebecca Vincent gündə “Əl-Cəzirə” telekanalında danışır. Vaxtilə ABŞ səfirliyində işləmiş, sonradan ordan uzaqlaşdırılan bir xanımdır. Nədənsə o, bütün fəaliyyətini Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı qurub.

“Eurovision” mahnı müsabiqəsi zamanı İsveçrədə həmin xanım bir toplantı təşkil etmişdi. Demişdi ki, Bakıda keçirilən bu mahnı müsabiqəsi ləğv edilməlidir və Azərbaycan xalqı belə bir tədbir keçirməyə layiq və qadir deyil. Buradan bir qrup mətbuat nümayəndəsi ilə birlikdə İsveçrəyə getdim və o qadına bildirdim ki, sənin ölkənin mən səviyyəli hansı məmuru dünya mediası qarşısında belə açıq şəkildə dialoq aparır? Yoxdur belə nümunə. Qadın mənə dedi ki, Azərbaycan dövlətinə qarşı müharibə elan edib və bunu sona qədər davam etdirəcək. Mən ona dedim ki, cavabını alacaqsan. Azərbaycan dövləti yalnız öz xalqının qarşısında öhdəlik daşıyır”.

Əli Həsənovun bu fikirlərini Azərbaycan media mühitində özünün müstəqil mövqeyi ilə seçilən Azər Həsrət də güclü arqument və faktlarla təsdiq etdi. O, təəssüflə göstərdi ki, bizim bəzi qəzetlərimizin Azərbaycan dövlətçiliyinə qarşı yönələn materiallarını Ermənistan jurnalistləri sadəcə tərcümə ilə dünyaya yayırlar.

Azər Həsrətin gətirdiyi bu danılmaz fakt bir daha sübut etdi ki, hakimiyyətə zərbə məqsədi ilə dövlətdən intiqam almaq olmaz.

Biz jurnalistin vətəndaşlıq mövqeyinin qoyulmasını niyə yeni konsepsiya adlandırdıq? Çünki demokratik dəyərlərin təzəcə formalaşdığı dünənki Azərbaycanda jurnalistikaya dair nəzəri və praktik fəaliyyət istiqaməti daha çox “Qərb standartları”na söykənirdi. Bu günkü təcrübə göstərir ki, bu “standartlar”ın çoxu Qərbin özündə bəzən kağız üzərindədir. Belə olmasaydı Rusiyanın ən demokratik mətbuat orqanlarından biri olan “Komsomolskaya pravda” müntəzəm olaraq Türkiyə turizmi əleyhinə seriya yazılarla çıxış etməzdi; Fransa mətbuatı, heç olmasa, bircə yazı ilə “erməni soyqırımını” etiraf etməyən vətəndaşa qarşı  cəza tədbirini nəzərdə tutan qanuna qarşı üsyan edərdi. Demokratiyanın beşiyi sayılan Fransa və onun mətbuatı bu sərsəm qanun layihəsinin prezident seçkilərində namizədlərin hər dəfə seçici dəstəyi vasitəsinə çevirməsinə qarşı çıxmadı. Bütün bunlar və sadalamağa ehtiyac duymadığımız yüzlərlə fakt göstərir ki, güc dövlətlərinin hamısında mətbuat bizim pərəstiş etdiyimiz “Qərb standartları”na özlərinə sərf edən gözlə baxır.

Qurultayda yadda qalan məqamlardan biri yazıçı-publisist, Azərbaycan jurnalistikasının problemlərini öz yaradıcılıq fəaliyyətindən hiss edən Aqil Abbasın jurnalist təhsili ilə bağlı səslənən fikirləri oldu. Aqil Abbas Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsilin klassik ənənələri ətrafında dayandı və bu klassik ənənələr sırasında əvvəllər mövcud olmuş yaradıçılıq imtahanlarının bərpasının çox zəruri olduğunu qeyd etdi. Millət vəkilinin fikrincə, bu günkü Jurnalistika fakültəsi Bakı Dövlət Universitetinin nəzdində ayrıca institut kimi formalaşdırılmalı və bu instituta qəbul zamanı dünya praktikasına söykənən müstəqillik vermək lazımdır. Qurultay nümayəndələri Aqil Abbasın bu təklifini yekdilliklə bəyənmək əlaməti olaraq natiqin çıxışını alqışladılar.

Jurnalistlərin VI qurultayından yaddaşlarda qalan daha bir fakt: Bu fakt qurultay yığıncağına əvvəldən axıradək sədrlik edən yazıçı-publisist, “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcidin hər kəsi razı salan fəaliyyəti oldu. Azərbaycan ədəbi-ictimai fikrində təkcə yazıçı, şair, publisist, redaktor kimi deyil,  həm də cəmiyyətlə münasibətlərdə xüsusi xarizması olan bir insan kimi tanınan R.Məcid bu yığıncaqda da özünün zərif yumoru, hamıya xoş gələn zarafatları və atmacaları ilə qurultayın gedişinə xoş ovqat gətirdi.

Bizə elə gəlir ki, Azərbaycan jurnalistlərinin VI qurultayı hesabat məruzəsinin dolğunluğu ilə, çıxış edənlərin səmimiyyəti və səmərəli təklifləri ilə, idarə heyətinə yeni seçilən jurnalistlərin və ictimaiyyət nümayəndələrinin hamını razı salan tərkibi ilə, jurnalistikamıza gətirdiyi yeni ab-hava ilə uzun müddət yaddaşlardan silinməyəcək.

 





17.07.2013    çap et  çap et