525.Az

“Əmək müqaviləsinin olmaması işçiyə gələcəkdə çoxsaylı problemlər yaşada bilər”


 

 “Əmək müqaviləsinin olmaması işçiyə gələcəkdə çoxsaylı problemlər yaşada bilər”<b style="color:red"></b>

Azərbaycanda işçilərin əmək müqaviləsi bağlamadan, işəgötürənlə işçi arasında şifahi razılıq əsasında işlədilməsi faktları kifayət qədərdir. Müqavilə olmadan insanların işlədilməsi əməyin istismarına və əmək hüquqlarının pozuntusuna gətirib çıxarır.

Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Dünyamin Novruzov “525”ə deyib ki,  əmək müqaviləsinin olmaması işçiyə gələcəkdə çoxsaylı problemlər yaşada bilər. Belə ki, işəgötürən işçinin əməkhaqqının bir hissəsini (və ya bütün əmək haqqını) ödəməsə, istirahət vaxtında işlətsə, əmək müqaviləsində qeyd olunmayan işi görməyi tələb etsə, işçi qarşısında gözləmədiyi öhdəliklər qoysa, işçi bu hallara etiraz edə bilməyəcək və bu pozuntularla bağlı effektiv məhkəmə müdafiəsinə nail ola bilməyəcək. D.Novruzov bildirib ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı razılaşmadır. Müqavilənin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir:

“Müqavilənin məzmununda mütləq işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verildiyi tarix, şəxsiyyət vəsiqəsini verən orqanın adı, iş yeri, vəzifəsi (peşəsi), işəgötürən hüquqi şəxs olduqda onun adı və hüquqi ünvanı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə onun adı, soyadı, atasının adı, ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verildiyi tarix, verən orqanın adı, əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün, əmək müqaviləsinin müddəti, işçinin əmək funksiyası, iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması, tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri, işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması göstərilməlidir. Həmçinin müqavilədə tərəflərin müəyyən etdiyi əlavə şərtlər də qeyd oluna bilər”. Onun sözlərinə görə, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Müqavilədə onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Hüquqşünas qeyd edib ki, əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən qüvvəyə minir: “Müqavilə ən azı iki orijinal nüsxədə tərtib edilməlidir. Bir nüsxəsi işçidə, biri işəgötürəndə olmalıdır”.

D.Novruzov bildirib ki, Əmək Məcəlləsinin 48-ci maddəsi əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədləri müəyyən edir. Belə ki, əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir: “Əgər şəxs ilk dəfə əmək fəaliyyətinə başlayırsa, əmək kitabçası və  dövlət sosial sığorta şəhadətnaməsi tələb edilmir. Eyni zamanda məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olanlar, Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər”.  Hüquqşünasın sözlərinə görə, əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir: “Göründüyü kimi, əgər vətəndaş hüquqşünas qismində hər hansı bir idarəyə işə qəbul olunmaq istəyirsə, bu zaman o, ali hüquq təhsilini təsdiq edən diplomunu təqdim etməlidir. Əks halda, əmək müqaviləsinin bağlanması mümkün olmayacaq”. Əmək qanunvericiliyində əmək müqaviləsi bağlanarkən hansı hallarda işçi tərəfindən sağlamlıq vəziyyəti haqqında tibbi arayışın təqdim edilməli olması təsbit edilib. O bildirib ki, şəxslər insanın immun çatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və vəzifələrə qəbul edilərkən insanın immun çatışmazlığı virusuna mütləq tibbi müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər. Hüquqşünas vətəndaşlara işə qəbul edilən zaman işəgötürənlə yazılı əmək müqaviləsinin bağlanmasını, müqavilədə tərəflərin hüquq, vəzifə və öhdəliklərinin aydın müəyyən edilməsini məsləhət görür. Əks halda, şəxsin pozulmuş əmək hüquqlarının məhkəmədə müdafiəsi və bərpası kifayət qədər çətinləşəcək.

Pərvanə

 





17.07.2013    çap et  çap et