525.Az

“Kimsə düşünməsin ki, xaricdə görüş keçirən kimi, Azərbaycanda vəziyyəti dəyişməsinə səbəb olacaq”


 

“Kimsə düşünməsin ki, xaricdə görüş keçirən kimi,  Azərbaycanda vəziyyəti dəyişməsinə səbəb olacaq”<b style="color:red"></b>

"Milli Şura rəhbərliyində təmsil olunan şəxslərin xarici səfərləri ilə bağlı ajiotaj yaratmağa ehtiyac yoxdur. Məsələn, Rəsul Quliyev neçə illərdir ki, Amerika və Avropada yüksək səviyyəli görüşlər keçirib. Bunun hansı nəticəsi olub ki?” Belə bir açıqlama ilə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu mətbuatda Milli Şura təmsilçilərinin xarici səfərləri və bunun mümkün nəticələrinə toxunarkən çıxış edib. Özünün də dəfələrlə belə səfərlərdə iştirak etdiyini və çoxlu sayda görüşlər keçirdiyini deyən ADP sədri hesab edir ki, belə səfərlər əsasən, informasiya-təbliğat planında əhəmiyyətli görünə bilər: “Kimsə düşünməsin ki, buradan bir nümayəndə heyəti gedib xaricdə görüş keçirən kimi, bu, Azərbaycanda vəziyyəti dəyişməsinə səbəb olacaq”.
 
S.Cəlaloğlu Milli Şura adından xaricə səfər edən şəxslərin əsasən, Rüstəm İbrahimbəyovun çevrəsindəki insanlardan ibarət olmasına da münasibət bildirib: “Məncə, bu da təbiidir. Etiraf etmək lazımdır ki, artıq Milli Şura bərabərdir. Rüstəm İbrahimbəyov formulu tam oturuşub. Orada qərarların qəbuluna nəzarət də Rüstəm İbrahimbəyovdadır. Ona görə də, Milli Şura adından xaricə səfər edənlər məhz onun yaxın adamlarıdır. Müsavatçıların Milli Şura adından belə səfərlərə cəlb olunmamalarının səbəbi də aydındır. Müsavat prezident seçkilərində iştirak qərarını qüvvədə saxlamaqla, özünü faktiki Milli Şuranın tərkibində görmədiyini nümayiş etdirib”. ADP sədri belə səfərlərdə hansısa kənar çevrələrin maraqlı ola biləcəyini də istisna etməyib: “Sözsüz ki, belə səfərlərin baş tutmasında həmin amillərin də rolu var. Amma bunu hansısa dövlətin münasibəti kimi qəbul etmək yanlışdır. Orada da yəqin ki, belə səfərlərin təşkilində maraqlı olan çevrələr var”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli  isə hesab edir ki, Milli Şuranın üzvləri əsaslı sosial baza yarada bilmədiklərinə görə, xaricdən havadarlar axtarışındadırlar. T.Kərimli vurğulayıb ki, müxalifətin xarici ölkələrə səfərləri təkrar olunan ssenaridir: “Heç bir halda xalq kütləsi Milli Şura və bu qurumda təmsil olunan partiyaların ətrafında birləşməyəcək. Milli Şuranın üzvləri dayaqlarını xaricdə axtarmaqla həm daxilə mesaj vermək, həm də guya onların dünyada tanındığını, nüfuza sahib olduqlarını bəyan etmək istəyirlər. Məhz bu səbəbdən bu yolu tutublar. Amma  Milli Şura da İctimai Palata kimi vaxtından tez qocalaraq sıradan çıxacaq”.

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə isə hesab edir ki, Milli Şuranın rəhbər şəxsləri ABŞ Konqresindəki dinləmələrə dəvət məsələsində də spekulyasiya etdilər. Belə ki, dinləmələrdə iştirakı nəzərdə tutulan gənc fəal Emin Millinin ABŞ-a getməyinə maliyyə yardımı etməyən Eldar Namazov dəvət onun adına dəyişən kimi səfər üçün tələb olunan məbləği asanlıqla tapması əslində, Emin Milli və onun kimi bir çoxlarını Milli Şuraya sadəcə, say və ya görüntü üçün qəbul edildiyini göstərir: “Onları ora ona görə götürməyiblər ki, həmin şəxslərin olan-olmayan çəkilərini bir az da artırsınlar. O adamları nə daxildə, nə də xaricdə qəbul etmirlər. Onların xaricə səfərlərinin də məqsədi göstəriş verənlərindən bir sağ ol eşitməkdir”.

PƏrvanƏ

 





17.07.2013    çap et  çap et