525.Az

Sürgün olunanların sorağı ilə (davamı)


 

Sürgün olunanların sorağı ilə <b style="color:red">(davamı)</b>

Qazaxıstan Elmlər Akademiyası  Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunda

Almatıda ilk işimiz Qazaxıstan Elmlər Akademiyasının M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutuna getmək oldu. Qazaxlarla bizi mədəniyyət, dil və din birləşdirməkdən başqa orada on minlərlə soydaşımızın yaşaması alimlərimizin, ziyalılarımızın, dövlət adamlarımızın həmişə diqqətində olub. Buna görə də AMEA Folklor İnstitutunun rəhbərliyi Qazaxıstanla əlaqələri genişləndirməyə, orada yaşayan soydaşlarımızdan folklor toplamağa səy göstərirdi. Bölgədəki demokratik mühit də birgə layihələr hazırlayıb həyata keçirməyə, orada işləməyə, elm ocaqları ilə əməkdaşlıq etməyə imkan verirdi.

AMEA Folklor İnstitutunun xarici ölkələrlə folklor əlaqəsi bölməsinin rəhbəri və institut direktorunun müşaviri kimi öncədən Qazaxıstan Elmlər Akademiyası M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun əməkdaşları ilə görüşüb  internetdə yazışaraq bir çox məsələləri razılaşdırmışdım. Qalırdı  bağlayacağımız müqavilənin detallarını üzbəüz müzakirə etmək. İlk görüşdüyüm əlyazmalar şöbəsinin müdiri, filologiya elmləri doktoru Toqtar Əlibekov oldu. Onunla öncədən elmi simpoziumda tanış olmuşdum. O məni rəhbərlik etdiyi şöbənin əməkdaşları, elmi fəaliyyəti ilə tanış etdi və çalışdığı elm ocağının gördüyü işlərdən danışdı.

Toqtar Əlibekovdan eşidəndə ki, 101 cildlik “Babalar sözü” (qazaxlar şifahi xalq ədəbiyyatını babalar sözü adlandırırlar) kitabının son saylarını mətbəəyə göndəriblər heyrət məni bürüdü. Sonra 25 cildlik müəllifi məlum olan folkloru, (bizim aşıq şeirləri adlandırdığımız) akınların şeirlər kitabının bir neçə sayını, eləcə də folklora aid çoxcildlik əlyazmalar kataloqunun 9-cu cildini mənə verəndə özümü saxlaya bilməyib “Kiçik bir kollektivlə bu qədər işi neçə gördünüz?” deyə xəbər aldım. Toqtar Əlibekov gülümsəyərək dedi ki, daha Sovet dövründəki kimi işləmirik. Hökumət qrant ayırır. Biz də o vəsaiti mənimsəmirik, iş görə biləcək insanlara veririk. Kənardan da mütəxəssislər cəlb edir, onların zəhməthaqqını ödəyirik. Üstəlik həmin qrantlar hesabına Çində, İranda, Əfqanıstanda, Özbəkistanda və s. yerlərdə, yəni Qazaxıstandan  kənarda yaşayan qazaxlardan folklor toplayırıq.

Direktor şöbə müdirlərinə tapşırmışdı ki, institutun hər bir əməkdaşı niyyət protokolu ilə bağlı təkliflərini hazırlasın. Həmin gün böyük xəyallar içərisində Ədəbiyyat və İncəsənət İnstitutundan ayrıldım. Razılaşdıq ki, iyunun 14-də direktorun otağında görüşüb elm ocaqlarımız arasında bağlanacaq niyyət protokolunun şərtlərini müzakirə edək.

İyunun 14-də Qazaxıstan Elmlər Akademiyası Ədəbiyyat və İncəsənət İnstitutunda  elm ocaqlarımız arasında bağlanacaq niyyət protokolunun layihəsinin müzakirəsi yüksək işgüzarlıqla keçdi. İnstitutun direktoru, Qazaxıstan Elmlər Akademiyasının müxbir üzvü, Ş.Vəlixanov adına Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru  Uəlimxan Qalimjanov bir neçə dəfə Azərbaycanda olduğunu, Qazax rayonuna getdiyini söyləməklə yanaşı, elm ocaqlarımız arasında əlaqələrin zəifliyinə, günün tələblərinə cavab vermədiyinə təəssüfləndiyini də bildirdi. Əminliklə söylədi ki, başladığımız bu xeyirxah işi elm ocaqlarımız deyil, təhsil müəssisələrimiz də davam etdirəcək. Azərbaycandan Qazaxıstanın ali təhsil ocaqlarına, eləcə də Azərbaycanın təhsil ocaqlarına Qazaxıstandan oxumağa gənclər göndəriləcək. Xüsusən humanitar sahəyə diqqəti artırmaqla indiyədək mövcud olan boşluğu doldurmaq lazım gələcək.

Çıxışının sonunda “Oyköz” kitabını avtoqraf yazaraq mənə bağışladı. Mən də Bakının simvolu sayılan “Qız qalası” tablosunu, uygur, qazauz, Qüzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı, “Kırım sevgisi”, “Axısqalı Xəstə Hasan” “Türkçülüyün qurbanları.(Qazaxıstan)” kitablarımı direktora bağışladım. O, hədiyyələri diqqətlə gözdən keçirdikdən sonra “Qız qalası” tablosunu iş stolunun üzərinə qoydu və bağışladığım kitabların adlarını bərkdən oxuduqdan sonra dedi: “Azərbaycanda türklük sevgisi, soykökə maraq, türk xalqlarını öyrənmək, ortaq cəhətləri ortaya qoymaq və təbliğ etmək istəyi bizdən güclüdür. Folklor İnstitutunun bir əməkdaşı 8 türk xalqının mədəniyyətini, ədəbiyyatını, folklorunu Azərbaycanda tanıdıb. Bizim institutun əməkdaşları böyük işlər görsələr də türk xalqlarını öyrənməkdə və təbliğ etməkdə onlardan çox geridə qalmışıq. İnstitutumuzun elmi işçilərinin hamısının yaradıcılığını gözdən keçirsək 4 türk xalqı haqqında kitab tapa bilmərik”.

Almatıda olarkən Sovet hakimiyyəti illərində Qazaxıstana sürgün olunan soydaşlarımız, onların yerləşdirildiyi kənd və qəsəbələr haqqında da sənədlər toplamağa çalışdım. Almatı vilayətinə Azərbaycandan sürgün olunanların  adları, soyadları, yaşları, yerləşdirildikləri rayon, kənd haqqında bilgilər folklor toplamaga gedəcək əməkdaşlarımıza bələdçi ola biləcək.

Ədəbiyyat və İncəsənət İnstitutunda niyyət protokolunun layihəsini müzakirə edərkən Qazaxıstan Axısqa Türklərinin Milli Mərkəzində olduğumu, Milli Mərkəzin rəhbəri Ziyəddin Kasanov və oradakı iş adamlarının bölgəyə sürgün olunanlardan folklor nümunələri toplanması üçün mütəxəssislər göndərməmizi, birgə elmi toplantılar, şənliklər keçirməyi müzakirə etdiyimizi, Ziyəddin Kasanovaun qarşıdakı illərdə beynəlxalq səviyyədə Xəstə Hasan günlərinin keçirilməsinin vacibliyindən söz açdığını dedim. Uəlimxan Qalimjanov Ziyəddin Kasanovun fəaliyyətini yüksək qiymətləndirdi  və birgə fəaliyyətin vacibliyindən söz açdı.

 

“Axıskalı Xəstə Hasan” kitabı ilə bağlı toplantılar

 

Rövşən Məmmədoğlu Elçin bəyə zəng edərək bizi iyunun 12-də Qazaxıstan Axıska Türklərinin Milli Mərkəzinə dəvət etdi. Saat 19.00-da Axıska Türklərinin Milli Mərkəzində tanışlıq mərasimi başladı. Toplantıya Milli Mərkəzin vilayət, şəhər, rayon və kənd şöbələrinin müdirləri və başqa qonaqlar dəvət edilmişdi. Ciddi rəsmiyyətdən çox uzaq, olduqca səmimi ortamda keçən görüşdə mən Azərbaycandan apardığım kiçik hədiyyəni Qazaxıstan Axıska Türklərinin Milli Mərkəzinə-Ziyəddin Kasanova təqdim etdim. Onlar da Qazaxıstanın rəsmi toplantılarında olduğu kimi mənim əynimə qazax milli xalatını geyindirib, başıma papaqlarını qoyduqdan sonra fikir müəllifləri Fuat Uçar və Rövşən Məmmədoğlunun olduğu, Qazaxıstan Axıska Türklərinin Milli Mərkəzinin fəaliyyətinə həsr olunmuş “Ata yurddan doğan günəş” adlı fotoalbom bağışladılar. Fotoalbomun üzərinə “Sevgi və sayğılarla, ən böyük axıskalı Əli Şamilə. Z.Kasanov. 12.06.2013.” yazılmışdı.

Toplantı gecə saat 2:00- dək davam etdi. Nə mən onların söhbətlərindən doyuram, nə də onlar məndən ayrılmaq istəyirdi. Söhbət zamanı İstanbulun Taksim meydanındakı etiraz mitinqlərinə də münasibət bildirildi. Toplantıda iştirakçılar “Türkiyə hökuməti icazə versə biz gedib orada sakitlik yaradarıq” deyəndə mən onlara təəccüblə baxırdım.  Bunu hiss edən Ziyəddin Kasanov “Orada heç bir güc tətbiq etmək lazım deyil. Etiraz mitinqinin iştirakçilarını ikicə illiyə burada yaşamağa məcbur etmək lazımdı. Onda demokratiya nə olduğunu bilərlər”. 

Söhbətin  mövzusu hərdən dəyişsə də yenə Xəstə hasan üzərinə dönürdü.  Təklif edildi ki, qarşıdakı illərdə Almatıda beynəlxalq Xəstə Hasan günləri keçirilsin. Həmin günlərdə elmi məruzələr dinlənilməklə yanaşı, şeir, saz-söz, milli yeməklər və s. müsabiqəsi də olsun. Ziyəddin Kasanov həmin dəqiqə təklifi yüksək dəyərləndirdi. Mən də təklif etdim ki, Folklor İnstitutu sürgün olunmuş soydaşlarımızdan folklor materialları toplamaq istəyir. Bu iş birgə görülsə daha effektli olar.

Ziyəddin Kasanov və yanındakı iş adamları Azərbaycandan folklor toplamağa gələcək alimlərə hər cür yardım edəcəklərini vəd etməklə kifayətlənməyib onun qısa müddətdə həyata keçirilməsini istədilər. Belə qərara gəldik ki, bu iş üçün ən münasib vaxt sentyabr, oktyabr aylarıdır.

Toplantının sonuna yaxın Rövşən Məmmədoğlunun təşkilatçılıq bacarığı bir daha özünü göstərdi. Onun toplantı zamanı çəkilən şəkillərdən kolleksiya düzəldərək iştirakçılara verməyə, təqdimetmə mərasimində çəkilmiş şəkilləri böyütdürüb, bəzəkli çərçivədə mənə və Ziyəddin Kasanova  verməyə vaxt tapdığına heyran qalmaya bilmədim.

Səhərisi gün isə bizi Xəstə Hasanın nəvə-nəticəsinin yaşadığı Talqara dəvət etdilər. Burada ustad sənətkarın nəslindən olan bir gəncin, Abbasəli Paxralı oğlunun qardaşı oğluna toy edirdilər. Toyla “Axıskalı Xəstə Hasan” kitabının tanıtımını bir araya gətirmişdilər. Toydan öncə axısqalı ağsaqqallarla görüşüb söhbətləşməyimiz məni də, onları da kövrəltdi.

Toplantı ikimərtəbəli “Altun adam” şadlıq sarayında keçirilsə də,  gəlinin gətirilməsi və məclisə təqdim edilməsi uşaqlıq illərimdə gördüyüm kimi idi. 350-400 nəfərin toplaşdığı  məclis son illər gördüyüm toylardan onunla fərqlənirdi ki, burada bəylə gəlin, onların valideyinləri ilə yanaşı, ulu babaları Xəstə Hasan, onun şeirləri və haqqında yazılmış kitab haqqında da söz deyilirdi.

Ziyəddin Kasanov işi olduğundan məclisə nümayəndəsi Rövşən Məmmədoğlunu göndərmişdi.  O da məclisdə gözəl bir çıxış etdi. Ziyəddin Kasanovun qarşıdakı illərdə Xasta Hasan günləri keçirəcəyini söyləyəndə yalnız axısqalılar deyil, qazaxlar, inquşlar, uyğurlar və başqaları da bu gözəl təşəbbüsü alqışlarla qarşıladılar. Rövşən bəy də Ziyəddin bəyin sözçüsü kimi vəzifəsini yerinə yetirmək, çıxış etmək, bəylə gəlinə hədiyyə verməklə yanaşı, qəzetçilik işini də görür, şəkil çəkdirib, məqalə üçün faktlar toplayırdı. Bir sözlə o, həm də ideoloji iş aparırdı.

“Axısqalı Xəstə Hasan” kitabının mətbəə xərclərini ödəmiş Abbasəli Paxralı oğlu İsmayılov isə bu toplantının təşkilatçısı idi. Toplantının təbliği məsələlərinə  yenə Rövşən Məmmədoğlu rəhbərlik edirdi. İdeoloji işdə böyük uğurlar qazanan, Qazaxıstanda olduğu müddətdə “Sürgün”, “Vətənə doğru” və başqa dəyərli kitablar, onlarla məqalələr nəşr etdirən bu işgüzar insan bir neçə dəfə kommersiya sahəsində də bəxtini sınamağa çalışsa da, uğursuzluğa düçar olmuşdu.

Toplantıdan sonrakı gün  Ziyəddin Kasanov və onun dostları olan iş adamları ilə süfrə arxasında geniş söhbət etdik. Söhbətimizin əsas mövzusunu isə iş adamlarının dəstəyi ilə elmi, mədəni, kütləvi toplantıların keçirilməsi  təşkil edirdi.

Almatı
07-16.06. 2013

 





17.07.2013    çap et  çap et