525.Az

Erməni terroru etnopsixoloji müstəvidə


 

Erməni terroru etnopsixoloji müstəvidə<b style="color:red"></b>

Etnopsixologiyadakı traybalistik və probabilistik özünəməxsusluqların və onlardan törənən yardımçı elementlərin etnik terrorçu düşüncə formalaşdırması məsələlərinin terrorşünaslıq müstəvisində də geniş oxucu auditoriyasına təqdim olunmasına ehtiyac var.

Çünki kənar qüvvələrin müxtəlif dövrlərdə Azərbaycan üçün Dağlıq Qarabağ problemini yaratması və regionda cərəyan edən siyasi oyunlarda əsas rol alan erməniliyin etnik terrorçuluğa bağlantısını həm də etnopsixologi müstəvidə göstərmək zərurəti gündəmdədir. Həm də ona görə ki, Azərbaycanın erməni etnik terroru ilə mübarizəsi davam edir...

Tarixən fantaziya və xəyali təsəvvürlərlə "icma və kilsə"nin siyasi vəhdətini yaradıb, milli dövlətçilik iddiasına qapanmaq və onun həyata keçməsi yolunda hətta düşmənçilik, qisasçılıq, xəyanət və süni qarşıdurma yaratmaqdan da çəkinməmək, öz hərbi-siyasi problemini nüfuzlu üçüncü tərəfin fəaliyyəti hesabına həll etmək erməni xarakterinin əsasını təşkil edir. Qafqazşünas V.L.Veliçkonun məşhur "Kavkaz... " əsərində ermənlik və onu səciyyələndirən elementlərin geniş panoramı ilə tanış olmaq mümkündür. Onun yaratdığı erməni portreti kompleks olaraq traybalizm (cəmiyyətdə mənsub olduğu etnosun xüsusiliyi və dominantlığına, "birinci biz olmuşuq" iddiasına əsaslanaraq tarixdə digər etnik qruplara qarşı düşmənçilik, milli qisas, eqoizm və qısqanclıq münasibətləri ilə yanaşmaq) və probabilizm (doğruya oxşarlıq, həqiqətə bənzərlik fikri, ehtimallara əsaslanmaq və ehtimallarla əsaslandırmaq) əlamətləri ilə zəngindir. Azərbaycan dünyagörüşündə erməni portreti barədə Veliçkonun təsvirini qətiləşdirəcək əlavələrin sırası genişdir. Ona görə də erməniliyin tarixin müxtəlif mərhələlərində, xüsusilə də XVIII əsrdən başlayaraq fikrin geniş mənasında "milli iradə azadlığı" haqqında təsəvvürləri bu tip dünyaya baxışlar üzərində qurması, məhz öz məqsədinə cavab verən səbəb axtarışında olması, yezuit əxlaqı və davranış qaydalarına asılılıqdan irəli gəlir. 

Erməni xarakterində kompleks olaraq yuvalanmış traybalistik və probabilistik özünəməxsusluqların və onlardan törəyən yardımçı elementlərin ən əsas göstəricisi odur ki, ermənilik, adətən, dövlət və vətən tarixini deyil, mənsub olduğu etnik mənşəyin tarixini öyrənməyə və bu bazadan çıxış edərək xüsusilik, birincilik və nəhayət özəl milli iradə azadlığı, xüsusi din və dövlət maraqları amilini təbliğ və təşviq etməyə aludədir. Yeri gəlmişkən qeyd edək ki, erməni düşüncəsindəki xüsusilik başqa xalqlara qarşı milli-dini mənsubiyyət ölçüsü ilə yanaşaraq onları qətlə yetirmək, zor gücünə yaşayış yerindən qovaraq yeni ərazilərə sahib olmaq və s. bu tip üsullardan faydalanmaq, zorakılığı təbliğ-təşviq-təşkil etmək işini aparmaq xarakteri formalaşdırmışdır. Bu formatda fəaliyyət beynəlxalq hüquqi sənədlərin tələbinə əsasən genosid hesab olunur. Beləliklə, erməniliyin ictimai-siyasi həyata tətbiq etdiyi fəaliyyət üsulu qarşı tərəfi genosidə məruz qoymaq yoldur.

Problemin ümumi ponaramından bir daha aydın olur ki, erməni elitasının israrla haqq qazandırmağa çalışdığı "erməni terroru özünümüdafiə formasıdır və milli-azadlıq hərəkatıdır" - iddiasının elmi əsası yoxdur. Erməniterroru - etnopsixoloji kompleksdir.

Ermənilikdə formalaşmış konyunkturalı seperatçılıqla dünyaya baxış sistemi XVIII - XIX əsrlərdən başlayaraq daha da təkmilləşməkdədir. Bu səbəbdən də mövzunun ənənəvi erməni siyasi partiyalarının və gizli silahlı birləşmələrinin fəaliyyəti müstəvisində deyil, etnopsixoloji kontekstdə diqqətə çatdırılması aktuallıq daşıyır. Həm də ona görə ki, Azərbaycana qarşı erməni terrorunun son əsrlər tarixi göstərir ki, həmişə Azərbaycan ictimai mühitində sistem dəyişiklikləri baş verərkən ermənilikdə traybalizm və probabilizm elementləri  daha qabarıq və sərt formatda fəallaşır.

Bu onu göstərir ki, ermənilikdə seperatçılıq xarakteri klassik əlamətdir. XVIII əsrdən başlayaraq ictimai-siyasi hadisələrin inkişaf tendensiyasını dini mənsubiyyət mövqeyindən həll etməyi qətiləşdirən erməniliyin XX əsrin əvvəllərində, xüsusilə də Rusiyada inqilablar dövründə müxtəlif məsləkli siyasi dairələrə sızaraq məhz etnik-dini toplum halında təşkilatlanması, siyasi məqsədlərinin qanunsuz silahlı təhdidlərlə həll olunmasını israrla davam etdirməsi separatçılıq xarakterindən irəli gəlirdi.

Ermənilikdə traybalizm psixologiyası həm də ondan irəli gəlir ki, hətta muxtariyyət aldıqdan, respublikaya nail olduqdan sonra da erməni terroru davam etmişdir və davam etməkdədir. Çünki onun "türksüz Ermənistan" ideyası, ictimai fikrə "erməni soyqırımı" termini ilə total təzyiq edib qisas almaq yanğısı, növbə ilə gah "meds yegern" (böyük fəlakət), gah da "miatsum" (ilhaq) ifadələrini beynəlxalq dövriyyəyə qataraq, ən qəddar üsullarla yeni ərazilərin işğalı planları və bu planların dünya ictimaiyyətində zavallı erməninin terror yolu ilə özünümüdafiə və özünütəsdiq məcburiyyətində qalması fikri ilə sığortalanması ("sərt qüvvə" və "yumşaq qüvvə"nin vəhdətində)   beynəlxalq siyasi psixologiyaya tarixin ədaləti kimi qəbul etdirilməsi klassik erməni terror fəlsəfəsinin əsasıdır. Başqa sözlə, erməni terrorunda "sərt qüvvə" formatı traybalizmin, "yumşaq qüvvə" isə probabilizmin yetirməsidir.

Göründüyü kimi, erməni traybalizmində separatçılığa xüsusi önəm verilir. Çünki tarixən siyasiləşmiş erməni mənəviyyatı xəyali prinsiplərlə fəaliyyət göstərir. Buna görə də ermənilik öz müqəddəratını həll etməni ictimai, demokratik istiqamətdə aparmaqda israrlı deyil, çünki obyektiv tarixi yaddaşın üzə çıxmasında maraqlı deyil, keçmişə münasibət müstəvisində ciddi düzəlişlərə meyilləndiyi üçün parlamentariliyi deklarativ formada dəstəkləyib, sərt gücə üstünlük verməkdə maraqlıdır. Bu, etnik xarakterdəki traybalizmin göstəricilərindən biridir.

Böyüklərin və qədimlərin yanında böyük və qədim görünmək etnik erməni həvəsidir, probabilizmdən doğulan özəl milli-mənəvi dəyərə malik xalq iddiasını qoruyub saxlamaq və daha da dərinləşdirmək ehtirasıdır. Dünya ictimai fikri tərəfindən dəstəklənməyən və dəfələrlə tənqid olunan bu tip mövqelər ancaq hərbi-siyasi konyunktura ilə müdafiə edilir ki, bundan da erməni terroru məharətlə faydalanır. Bu gün Azərbaycanın Dağlıq Qarabağ probleminin, həmçinin, Türkiyə Respublikası ilə 1915-ci il hadisələrini dinc yolla, beynəlxalq qanunlar, tarixi faktlar və arxiv sənədləri çərçivəsində həll edilməsinə etməniçi etirazlar da birbaşa erməni psixologiyasındakı traybalistik və probabiliastik amillərlə bağlıdır. 

Məlumdur ki, XVIII əsrin əvvəllərindən başlayaraq çar Rusiyasının cənub-şərq geosiyasətində "erməni amili" mühüm rol oynamağa başlamışdır. Həmin dövrədək nə Rusiyanın, nə də Qərb dövlətlərinin siyasətində etnik ermənilərin əhəmiyyətli yeri olmamışdır. Köçkün taleyinin hökmü ilə Kiçik Asiyanın getdikcə güclənən qüvvələrinə, az sonra müsəlman dövlətlərinə sığınaraq inkişaf edən, hətta Osmanlı imperiyasında "milləti sadika" epiteti ilə fərqləndirilən hay törəmələrinin dünyagörüşündə məhz Avropa ictimai-siyasi mühitindən gələn müxtəlif cərəyanlar və xəfiyyə-missioner təzyiqləri radikal dəyişikliklər etməyə başlamışdı. Traybalizm elementi olan "təsir altına düşmək" xarakterinin kökü qədim dövrlərə, ermənilərin növbə ilə gah Parfiyanın, gah da Romanın və sonra xronologiya üzrə dövrün digər güc dövlətlərinin təsiri altında "komfortlu həyat" arzuladıqları vaxtlara təsadüf edir.

Azərbaycana qarşı "sərt qüvvə" ilə erməni terror təhdidlərinin hazırlıqlarının ilk sistemli əlamətlərinə, əsasən,  XVIII əsrin əvvəllərində rast gəlinir. Hazırlıq işlərinin ideya mənbəyi dini mənsubiyyət üzərində yuvalanmışdı. Həmin vaxtlar missioner-katoliklərin ermənilərin yaşadıqları ərazilərə ayaq açmaları, onları Roma Papasının təsir altına salmaq planları Avropa dövlətləri tərəfindən qəyyumluq tədbirləri ilə dəstəklənirdi, dövrün nüfuzlu dövlət başçıları şaha və sultana qayğılı məktublar yazırdılar. Məktubların ruhu xristian ermənilərin avropalılar tərəfindən himayəyə götürüldüyü anlamını ifadə edirdi. Beləliklə, İ. Orinin separatçı-yalvarıcı fəaliyyəti ilə regionda erməni amili formalaşdırılmağa və ciddiləşdirilməyə başlanılmışdı. (Yaqub Mahmudov, Kərim Şükürov. Azərbaycan:Beynəlxalq münasibətlər və diplomatiya tarixi. 1639 - 1828. Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları. Dörd cilddə, I cild. B.: 2009, c.138; Gzov Q. A. Snoşeniya Petra Velikoqo s armyanskim narodom. SPb, 1898q, s. XIII - XVII.)  Bu ondan irəli gəlir ki,  tarixən, erməni azlığı yaşadıqları dövlətdə tez-tez üsyan etməkdə, titullu xalqla dinc yanaşı yaşamaq prinsiplərini pozmaqda həvəslidir. Türk xalqlarının cazibə dairəsinə düşəndən sonra onların uzun illər ərzində formalaşan etibarlılıq səviyyəsi sürətlə də aşağı düşmüşdür, çünki həmin etibarlılıq səmimi deyildi, təbii etnoxarakterdən qaynaqlanmırdı, ictimai-siyasi konyunktura ilə əlaqədar idi. 1844-cü ildə İstanbuldakı erməni patriarxlığının çar Rusiyası imperiyasının hüdudlarında fəaliyyət göstərən Eçmiədzin katolikosluğunun tabeliyinə keçməsi ermənilərin bu dəfə Rusiyanın təsiri altına düşməsi prosesini sürətləndirmişdi. Erməni siyasi mütiliyinin bağlandığı digər xristiançı Avropa ünvanları da var idi.

XVII əsrdən başlayaraq Avropada bu və ya digər dərəcədə özünü büruzə verən iqtisadi-siyasi dəyişikliklər Şərqdə, Afrika regionunda ilk növbədə traybalizm problemi olan etnik-dini azlıqların potensialından istifadə edərək, forpostlar yaratmağı yeni hərbi taktika və siyasi təsir vasitəsi kimi dövrün qabaqcıl hərbi-diplomatik strategiyasına çevirmişdi. Bu cəhətdən traybalizmli xalqlar, xüsusilə də regionun xristian xalqları ən münasib variant idi. Bu yanaşma dövrün gərginliyini daha da yüksəldən əlavə bir amili formalaşdırırdı, yəni traybalizmli regional xalqlar hərbi-siyasi sistemdə özlərinin "vacibliyini" dərk etməyə başlamışdılar, buna görə də onların özəl milli-mənəvi dəyərə malik xalq eqoizmi realist və obyektiv düşüncəni üstələdiyindən, daha radikal mövqe tutmağın zamanı yetişmişdir qənaəti ilə yaşamaq tərzi önə keçmişdir. Erməni terrorunun keçdiyi yol bunun klassik nümunəsidir.

Regionda erməni traybalizminin oyanışında Avropa səyyahlarının və missionerlərinin xüsusi rolu olmuşdur. Dövrün həm ziyarət, həm ticarət vəzifəsinə, həm də siyasət anlayışı əlavə edilmişdi:  Azərbaycan  da artıq dünya səyyahlarını ancaq ekzotik ölkə qismində özünə çəkmirdi. Regionda gedən hərbi-siyasi proseslərdə, məsələn, "Azərbaycan amili"ni də hərtərəfli öyrənmək üçün buraya səyyahlar və missionerlər göndərmək sınaqdan çıxarılmış taktika idi. Lakin dövrün hərbi-diplomatik oyunlarında Azərbaycan xalqı xarici təsirlərə uymadı, çünki onun mənəviyyatıda traybalizm və probabilizm elementlərinə yer yoxdur.

XVII əsrdə fransalı Rafael dö Man,  Jan Batist Tavarniye, holland Yan Streys  və b. buralarda olmuşlar.  Guya Azərbaycanda kənd təsərrüfatının inkişaf səviyyəsinə xüsusi diqqət yetirmişlər, hətta burada dörd növ taxıl yetişdirildiyini qeyd etmişlər... Ancaq "Tokatdan Təbrizə qədər olan torpaqlarda" (Övliya Çələbi) yaşayan əhalinin etnik-dini tərkibində xristian amilini "öyrənib" vurğulamaqla Avropa ictimai fikrinə müəyyən  sızdırmalar etməyi də unutmamışlar.

Çünki bu "xırdalığa" dair məsələlər xeyli vaxt idi ki, Xristian dünyasını rahatsız edirdi;  gələcəyin böyük strateji niyyəti həmin amildən çox asılı idi. Rusiya tarixçisi N. Karamzinin bu fikrin kökü barədə belə bir qeydi var: "...İngiltərə ilə danışıqlarda Boris (XVI əsr rus çarı Boris Qodunov. - E.C.) arzusunu bildirmişdi ki, bütün Xristian dünyası hamılıqla Osmanlılara qarşı üsyana qalxmalıdır. O, Yelizavetaya (ingilis kraliçası. - E.C.) məktubunda yazırdı:  "İmperatorun və Romanın səfirlərindən əlavə digər xarici səyyahlar da bizi əmin edirlər ki, sən sultanla sıx əlaqədəsən: biz heyrətə gəldik və inanmadıq. Yox, sən heç vaxt xristianlığın düşməni ilə dostluq edə bilməzsən və, əlbəttə, kafirin hörmətini alçaltmaq üçün Avropa dövlətlərinin ümumi ittifaqı cərgəsində yer tutacaqsan: həm sənin üçün, həm də bizim hamımız üçün ləyaqətli məqsəddir". (Karamzin. N. M. İstoriya Qosudarstva Rossiyskoqo:V XII t. V 3 kn. Kn. 3, t. IX - XII - M.:OOO "İzdatelstva AST": ZAO NPP "Ermak", 2004, str.452.)

Kilsə əlaqələri çərçivəsində bu tipli xəbərlərin sürətlə yayılması Yaxın Şərqdə, xüsusilə də Türkiyə və İranda yaşayan erməniləri müsəlman dövlətlərindən torpaq qoparmağa təhrik edir, muxtariyyət barədə düşünməyə səsləyir, bu müstəvidə tez-tez üsyan və təxribatlar törətməklə terrora kökləyirdi. Onlar sıx toplum halında yaşamadıqları üçün muxtariyyət almaq iddiaları zəif və əsassız idi. Çar Rusiyasının regiona hücum planı da bu niyyətə təsirsiz qalmamışdır. Bu səbəbdən də Osmanlı sultanı və İran şahı çar Rusiyasının regionla bağlı planlarının az ziyanla həlli üçün erməni təbəələrini öz arzuları ilə birlikdə rus imperiyasının cənub hüdudlarına yaxın ərazilərdə sığınmasına maneçilik törətməmişlər.

Azərbaycanda terror mühitinin yaranmasında bu amil əsas rol oynamışdır. Erməni düşüncəsindəki traybalizm elementləri isə bu hərbi kampaniyanın həyata keçirilməsində mühüm vasitə olmuşdur. Tarix elminə Azərbaycana hərbi müdaxilə ərəfəsində erməni arxiyepiskopu İosifin knyaz Q.A.Potemkinə və general poruçik A.V.Suvorova region, o cümlədən, Qarabağ məlikləri barədə kəşfiyyat xarakterli məlumatlar ötürməsi faktları məlumdur (erməniliyin Rusiyaya agentlik etməsi faktları I Pyotrun vaxtında da olmuşdur). Ezov yazır ki, məhz arxiyepiskop İosif kilsə mənsublarının beyninə yeritmişdi ki, erməni xalqının həqiqi maraqları Rusiyanın maraqları, onun Şərqə olan ali istəkləri ilə üst-üstə düşür (Gzov Q. A. Naçalo snoşeniy Gçmiadzinskoqo patriarşeqo prestola s russkim pravitelstvom. İstoriçeskoe issledovanie po neizdannım dokumentam. Tiflis, 1901, s. 52.) Bax elə o dövrdən də başlayaraq çar Rusiyası erməni muxtariyyatının yaradılması fikirini siyasi dairələrdə hallandırmağa başlamışdı. Məhz rus çarının yüksək rütbəli məmurları, xüsusilə də Q.A.Potemkin ermənilərin müsəlman dövlətlərindən azadlığı məsələsinin Rusiyanın tələbi kimi deyil, Eçmiədzinin təşəbbüs göstərib rus çarından xahiş etməsi formasında olmasını  erməni şüuruna yeritmişd (həmin əsər, s.28).

Rus çarının Qafqaz siyasəti və Xəzər dənizinə sahib olmaq ehtirası Rusiya - İran, Rusiya - Türkiyə, Rusiya - İngiltərə münasibətlərində rəqabəti və müharibə sindromunu daha da gücləndirmişdi. Bu kontekstdə erməni dünyagörüşündəki traybalizm və probabilizmdən irəli gələn xarakterik xüsusiyyətlər ən tutarlı hərbi-siyasi silahlardan biri idi.

1917-ci ildə Rusiyada Böyük oktyabr çevrilişi, ondan üç il sonra regionda sovetləşmə prosesi ermənilikdəki traybalizm və probabilizmə məxsus xarakter xüsusiyyətlərdə fərqli əlavə elementlər yaratmışdır; mübarizəni əsasən siyasi təxribatçılıq müstəvisinə keçirərək bu dəfə terrorda "yumşaq qüvvə" ilə təhdidlərə başlamış, "sərt qüvvənin" tətbiqi üçün sosial-siyasi səbəblər formalaşdırmışdır

I Cahan müharibəsindən sonra yeni dünya nizamından razı olmayan dövlətlərdən biri Rusiya idisə, xalqlardan biri də ermənilər idi. Buna görə də "erməni məsələsi"nin öz istəklərincə həll olunmadığını duyan erməni ideoloqları paralel olaraq qisasçılıq və revanşizmə meyillənmiş, azərbaycanlılara qarşı soyqırımı siyasətini planlı şəkildə və daha qəddar formada davam etdirməyə başlamışdılar.

1918-ci ilin mart ayında geniş Azərbaycan coğrafiyasında minlərlə azərbaycanlı vəhşicəsinə öldürülmüşdü. Daşnakların "Könüllülər" hərəkatının əməllərini xarakterizə edən erməni müəlliflərinin özləri də traybalizm göstəricisi olan etnik lovğalıqlarını törətdikləri qətllərin qəddarlıq dərəcəsi ilə vəsf etməkdən çəkinməmişlər. Həmin xarakterik əlaməti 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda törədilən erməni vəhşətinin icrasında və mətbu ifadəsində də görmək mümkündür (bax: Zori Balayan: "Ruhumuzun dirçəlişi", David Herdiyan: "Xaç uğrunda"). Göründüyü kimi, erməniçi  etnopsixologiyasındakı qəddarlıqdan zövq almaq elementi yaşamaqdadır.

Rus imperiyasının hüdudlarında cərəyan edən inqilab və əks-inqilabçı hərəkatların inkişaf meyillərində yanılmamaq üçün erməniliyin bir qolu  bolşeviklər, digər qolu isə ağ qvardiya ilə əməkdaşlığa girərək hansı qalib gəlsə, onunla birgə olmaq taktikasını seçmişdilər. Traybalizmə xas yeni elementlərdən olan bu xarakter xüsusiyyət - riyakarlıq region sovetləşəndə erməni amilinə mərkəzlə yaxşı əlaqələr yaratmaqda, vəzifə bölgüsündə müəyyən üstünlüklər qazanmaqda həlledici rol oynamışdır. Sovet dövründə Azərbaycana və azərbaycanlılara qarşı total gizli müharibədə erməni lokal qələbələri buradan da güc almışdır. Hadisələrin xronologiyası göstərir ki, II Dünya müharibəsinin gedişində və ondan sonra SSRİ-də bərpa dövründə də erməni traybalizmi alman faşizminin, yaxud sovet dövlətinin qələbəsinə hesablanmış iki variantlılığa üstünlük vermiş və hər iki variantda da Azərbaycan SSR-dəki titullu xalqın bir nəfər kimi Cənubi Qafqazdan ya Sibirə, ya da Orta Asiyaya sürgün edilməsi məsələsini gündəmdə saxlada bilmişdi. Xaricdəki ermənilərin indiki Ermənistan SSR-ə köçürülməsi məsələsinə prinsipial razılıq alındıqdan sonra isə Qərbi Azərbaycan ərazisində yaşayan vətəndaşların Azərbaycan SSR ərazisinə deportasiya edilməsi öncə siyasi rəhbərlik səviyyəsində həll edilmişdi, yəni Ermənistandan azərbaycanlıları Azərbaycan ərazisinə köçürmək, Türkiyə və Suriyada, eləcə də digər ölkələrdə yaşayan erməniləri isə boşaldılmış bölgələrdə yerləşdirmək. O dövrdə erməni elitasının sovet dövlətinin əli ilə Türkiyədən ərazi qoparmaq iddiası puç olduqdan sonra planın bu variantının icrasına start verilmişdi. Bu, erməni etnosiyasi traybalizminin formalaşdırdığı yeni tipli dövlət terroru idi.

Erməni etnosiyasi traybalizm və probabilizmində belə bir element də formalaşmışdır: öz problemini "üçüncü tərəflərin" əli ilə həll etmək. Bu formadan 1945-ci ildə də istifadə etməyə cəhd olunmuşdu. Qarabağın Ermənistana verilməsi barədə həmin ilin noyabr ayındakı məktuba Azərbaycan SSR-dən arqumentləşdirilmiş cavab, yəni alternativ variant kimi Azərbaycandan alınacaq torpaqların əvəzinə, Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan (RSFSR) ərazilərində Azərbaycan əsilli insanların yaşadığı torpaqların Azərbaycan SSR-ə verilməsi məsələsi gündəmə gətirildiyindən ermənilər və onların havadarları müvəqqəti olaraq geri çəkilmiş və daha avantürist üsula əl atmışlar. 130 min xarici erməninin "öz tarixi vətənlərinə" köçmək arzusunu icra etmək məqsədilə növbəti köç prosesinə başlanılmış, onların yerləşdirilməsi imkanlarının və şəraitinin olmaması bəhanəsilə yerli azərbaycanlıların Azərbaycan SSR-ə deportasiya edilməsi, onların yerinə isə gəlmələrin məskunlaşdırılması fikri irəli sürülmüşdür. İ. Stalinin ölümünədək bu amansızlıq davam etmişdi. SSRİ-də N. Xruşşovun hakimiyyəti illərində müəyyən "yumşalmalar" hiss olunsa da, erməniliyin traybalizm və probabilizmdən irəli gələn fəaliyyət prinsiplərindən əl çəkdiyini demək olmazdı. Bu dövr xronoloji baxımdan 1915-ci il hadisələrinin yenidən siyasi-ictimai gündəmə gətirilməsi, ona abidə qoyulması, bəzi ölkələrdə "erməni soyqırımı”nın tanınması, onun 50 illiyi ərəfəsində "ağır dərd" və ərazi iddiaları kampaniyalarının birgə aparılmasına əlverişli şərait yaratmışdır. Sovet hakimiyyətinin ilk illərində spesifizm, bir müddət sonra isə vahid axın mürtəce cərəyanlarının təsiri altında erməni elitası yeni tipli erməni şovinist dünyagörüşü formalaşdırmağa başlamışdı. Özəl milli-mənəvi dəyər eqoizmi yeni siyasi ab-hava daxilində özünü büruzə verməyin formalarını işləyib hazırlayırdı. Lakin sovet dövründə də erməni terrorçuluğuna qarşı ikili standartlar hökm sürürdü.

Görkəmli dövlət xadimi H.Ə. Əliyevin Azərbaycan xüsusi xidmət orqanına rəhbərliyi dövründə erməni ictimai fikrindəki şovinizm, revanşizm, regionun siyasi-coğrafi xəritəsinin dəyişdirilməsi  və yeni ərazilərin işğalı planları barədə hazırladığı operativ arayışlara mərkəzi hakimiyyət lazımınca diqqət yetirmirdi. Ermənistan SSR-nin siyasi rəhbərliyi, hüquq-mühafizə orqanları isə bu siqnallara, ümumiyyətlə, əhəmiyyət vermirdilər, əksinə, neodaşnakçı-terrorçularla əhalinin görüşlərini təşkil edir, terroçuların "milli qəhrəman" kimi sevilməsinə şərait yaradır, ziyanlı məqalə və kitabların müxtəlif dillərdə nəşrinə qayğı göstərirdilər (bu gün Monte Melkonyan, Vazgen Sislyan, Qrant Markaryan və Qaragen Njde kimi beynəlxalq terrorçuların və faşist agentlərinin Ermənistanda "milli qəhrəman" kimi dəyərləndirilməsi erməni probabilizminin dövlət səviyyəsində hazırda da dəstəkləndiyini təsdiq edir).

Keçən əsrin 70-ci illərinin II yarısından daha qəddar formalarda yayılmağa başlayan  erməni etnik terroruna qarşı Ermənistan SSR-nin rəhbərliyi seyrçi mövqe nümayiş etdirirdi. 8 yanvar 1977-ci ildə Moskvada törədilən və "Partladıcılar" kod adı ilə icraata götürülən terror əməllərinin istintaqına müqavimət göstərən Ermənistan tərəfinin mövqeyi bu gün rusiyalı müəlliflər tərəfindən tənqid edilməkdədir. Ancaq bütün bunlar gecikmiş etirafdan başqa bir şey deyildir.

Sovet hakimiyyəti illərində azərbaycanlılara qarşı erməni terroru "qapalı" formatda idi, yəni Azərbaycana qarşı sosial-siyasi təbliğat respublikanın və onun vətəndaşlarının mənfi imicini formalaşdırmağa, azərbaycanlıları məskunlaşdıqları yerlərdən sıxışdırıb çıxarmağa, erməni mənşəli milislər tərəfindən təhdid olunmağa, silahlı zorakılıqlarla qorxudulmağa istiqamətləndirilmişdi və s.  probabilizm dəsti-xətti ilə aparılırdı.

1988-ci ildən başlayaraq erməni terrorunun növbəti mərhələsi bu istiqamətdə cərəyan etmişdir. Həmin terrorçular hazırlıq prosesini, əsasən, sovet məkanında, ancaq xarici kəşfiyyat orqanlarının təsir agentləri vasitəsilə keçmişdilər. Ona görə də Azərbaycan həmin vaxtlar Ermənistan ilə informasiya müharibəsində qapalı duruma düşmüşdü. Həmin dövrdə erməniçi "yumşaq qüvvə" "gerçək tarixi saxtalaşdıraraq saxta erməni tarixinin yaradılması, azərbaycanlıların vəhşi, barbar bir millət kimi təqdim edilməsi istiqamətində müxtəlif səpkili əsərlərin yazılması, bu yalanların ... orta məktəb dərsliklərinə salınmasının təşkili, bununla da planlarının növbəti mərhələsini həyata keçirmək məqsədilə erməni gəncləri arasında ifrat millətçiliyin və düşmənçiliyin təbliğ olunması təşkil edirdi. Azərbaycan isə bu xain niyyətlərdən xəbərsiz kimi bütün səviyyələrdə erməni xalqı ilə qardaşlığı tərənnüm edən təbliğatın aparılmasına məcbur edilirdi". (Vaqifli A. "Heydər Əliyevin 1960 - 1970-ci illərdə erməni-daşnak qüvvələrinin Azərbaycan əleyhinə yönəlmiş məkrli planlarına qarşı qətiyyətli mübarizəsi" // "Respublika" qəzeti, 30 aprel və 1 - 2 may 2014-cü il.)

SSRİ-də yenidənqurma və aşkarlıq siyasətinin ilk illərində erməniliyə xidmət edən ictimai və humanitar sahə müəlliflərinin probabilizm tərbiyəsi ilə yaydığı radikallıq müasir erməni terrorunun mənəvi qaynaqlarına çevrilmişdir.  Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və terror əməllərinin bu mərhələsi daha nümayişkəranə və vəhşətli keçmişdir. (İsmayıl Öməroğlu (Vəliyev). Dünya susur, tarix susmur. B.: "Gənclik", 1994). O dövrün Ümumittifaq mərkəzi mətbuatında, o cümlədən, "Pravda", "İzvestiya" qəzetlərində, "Oqonyok" jurnalında Azərbaycan SSR-nin DQMV-a aid şəhər və rayonlarında hətta təsərrüfat işlərinin gedişini işıqlandıran yazılarda da coğrafi vahid kimi "Ermənistan SSR" göstərilir, Şuşanın, Gəncənin, Naxçıvanın və b. qədim Azərbaycan şəhərlərinin real tarixini saxtalaşdıran elmi-publisistik yazılar dərc olunur, "yumşaq qüvvə" ilə Azərbaycan cəmiyyətində total psixoz yaradılaraq, kortəbii xalq hərəkatına təhrik edilərək, "sərt qüvvə" terroru üçün bəhanə formalaşdırılırdı.

Göründüyü kimi, traybalizm və probabilizm tərbiyəsi hətta "etnopsixoloji özünümüdafiə və düşmənçilik" qarşıdurmasına da özünəməxsus "yeniliklər" gətirmişdir.

... Xristofor Vermişev adlı tanınmış bir Bakı ermənisi hələ yüz il öncə Azərbaycan paytaxtında ictimaiyyət qarşısındakı çıxışlarından birində deyirdi: "Qafqaz müsəlmanlarının (azərbaycanlıların. - E.C.) azadlıqsevər iradəsi onları haralara aparırsa-aparsın, ermənilər həmişə onlarla birgə olacaqlar,  çünki hər bir erməninin qəlbində heç zaman əyilməyən müsəlmanlarla (azərbaycanlılarla. - E.C.) birgəliyə ehtiyac yaşayır". İndiki Ermənistan rəhbərliyi bunu yaxşı dərk etməli və bilməlidir ki, onun hər iki xalqın dinc yanaşı yaşamaq istəyindən məhrum olduğunu iddia edən traybalist düşüncəli siyasətinin iflasa uğrayacağı labüddür.  Özünü "İsa məsih münatür formada" iddiası ilə təqdim etməkdən zövq alan ermənilik son min ilin tərbiyəvi əhəmiyyətini, həmçinin, mövcud geosiyasi konsepsiyaların transformasiyaya uğraması tendensiyasının Azərbaycana meyilli siyasi mühit yaratmasını olduqca tez dərk etməsi və dövlət terrorundan əl çəkməsi ilk növbədə məhz erməni xalqı üçün çox vacib və faydalıdır.

Beləliklə, Azərbaycan xalqının erməni traybalizmindən və probabilizmindən irəli gələn təcavüzkarlıqlara qarşı mübarizə tarixi göstərir ki, ermənilərlə qonşuluğun məsuliyyətini və bundan irəli gələn vəzifələri unutmaq olmaz. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənovun bu barədə fikirləri xüsusilə dəyərli və perspektivli əhəmiyyətə malikdir: "Ermənilərlə qonşuluq Azərbaycan xalqına bir çox məsələlərdə əlavə məsuliyyət yaradıb. Bütün ötən dövrdə biz ermənilərin fiziki, mənəvi, informasiya və digər basqılarına məruz qalmışıq... 200 ildən artıq bir müddətdə Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirilib. Bu ... siyasəti təkcə azərbaycanlıları fiziki cəhətdən yox etmək deyil, onların malik olduğu əraziləri ələ keçirmək və onları dünyada biabır etmək və dünyanın gözündə Azərbaycan xalqının mədəniyyətinin, milli adət-ənənələrinin dəyərini aşağı salmaqdır". (http://az.trend.az/azerbaijan/politics/2222154.html) Professor Əli Həsənov vurğulamışdır ki, məhz buna görə də bizim nəslin qarşısında sözün əsl mənasında ciddi bir vəzifə dayanır: "Bu vəzifə ondan ibarətdir ki, ermənilərlə qonşu olduğumuzdan onlardan gələn ziyanları, basqıları, millətimizə qarşı olan təhdidləri heç vaxt unutmamalıyıq və mütəmadi olaraq onlara qarşı mübarizə aparmalıyıq..."

Elçin CABBAROV
Filologiya elmləri namizədi

 





22.06.2018    çap et  çap et