525.Az

Altmış yaşın portret cizgiləri


 

Altmış yaşın portret cizgiləri<b style="color:red"></b>

Xalq sözünün müdrikliyi min illərin sınağından keçib gəlir və hər dəfə hansısa bir münasibətlə yada düşəndə bu sözün qiymətini yenidən dərk edirsən. 

"Qardaşın necə adamdır?" sualına xalqın belə bir müdrik cavabı var: Yoldaş olmamışam! Həqiqətən də, insanı yaxşı tanımaq, necə adam olduğunu bilmək üçün heç bir kənar informasiya, heç bir bioqrafik məlumat axıradək köməyə gəlmir. Bircə yol var: gərək yoldaşlıq etmiş olasan. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində - digər fakültələrə nisbətən kiçik bir fakültədə çalışırıq. Fakültə müəllimləri içərisində ən yaxşı tanıdığım birisi var: Zaur Babayev. Zaur müəllim fakültəni bitirən vaxtdan burada fəaliyyət göstərir. Bizim çoxumuzdan fərqli olaraq, o, birbaşa müəllim ştatına gəlib və gəldiyi çağdan da özünü elmi, praktik, pedaqoji mühitdə doğruldub.

Yaşlı müəllimlər içərisində Zauru daha çox və yaxından tanıyanlardanam. Ona görə ki, bu Zaur Babayev fakültənin rus bölməsində oxuyub və bugünkü yaşlı nəsil içərisində həmin o rus bölməsində ancaq mən dərs demişəm. Zaur hələ tələbə vaxtından çoxumuzun diqqətini cəlb etmişdi. Rusca, azərbaycanca eyni səviyyədə danışıb-yazırdı, rus ədəbiyyatının, rus jurnalistikasının klassik nümayəndələrini elə ən mükəmməl moskvalı tələbə qədər dərindən bilirdi. Yeri gələndə, hətta azərbaycanca şeirləri, belə rus dilinə tərcümə edirdi. Bəlkə elə buna görə idi ki, fakültəmizin jurnalistika sahəsində ilk elmlər doktoru, professor, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, şair Famil Mehdi Zauru kafedrada saxladı. Onun kafedraya gəlişi ilə atmosfer xeyli dəyişdi. Zaur Babayev fakültənin tələbələri ilə çox doğma, yaradıcı ünsiyyət qurmağı ilk çağlardan bacardı. Digər müəllimlərdən fərqli olaraq, o, tələbələrlə müəllim-dost tandemi qurdu və tələbələrin sevgisini qazandı. Bir az keçdi və dünyaya yeni informasiya texnologiyası gəldi. Qərb ölkələrindən komputer texnologiyasının, internetin səsi gəldi. Zaur Babayev təkcə universitetdə, fakültədə deyil, bəlkə Azərbaycanda bu texnologiyanı ilk tətbiq edən jurnalistlərdən oldu. Bu gün onun dərs apardığı auditoriyalarda bütöv tədris prosesi informasiya texnologiyası üzərində qurulur. Bu mənada yeniliyə meyli güclü olan Zaur müəllimdən çox şey öyrənmək olar.

Zaur Babayev hər şeydən əvvəl və hər kəsdən əvvəl tələbə adamdır. Yuxarıda qeyd etdiyim müəllim-tələbə dostluğu təkcə fakültədə deyil, onun təşəbbüsü ilə baş tutan səfərlərdə, Azərbaycanın gözəl güşələrində də özünü göstərir. Fakültə kollektivi içərisində belə bir fikir var: Zaur müəllim yaxşı yol yoldaşıdır, onunla səfərə çıxmaq çox böyük ləzzət faktıdır.

Tale elə gətirib ki, mən hələ otuz il bundan əvvəl otuz yaşlı Zaur müəllimlə Moskva Dövlət Universitetində müəllimləri təkmilləşdirmə kursunda olmuşam. Həmin o 3 aylq kursda mən Zaur müəllimi  daha yaxından tanıdım: yoldaşlıq səmimiyyətinə görə, MDU qarşısında biliyinə və bacarığına görə o zamankı Sovet respublikalarından gələn və birgə dərslərdə iştirak etdiyimiz çoxsaylı müəllimlərin ona olan rəğbətinə görə Zaur Babayev həmin o çoxsaylı müəllimlərin və birgə dərs deyən MDU professorlarının qaşısında həm rus dilində son dərəcə mükəmməl nitqinə görə, həm də sovet və dünya jurnalistikasına yaxından bələd olduğuna görə MDU Jurnalistika fakültəsinin o zamankı dekanı, dünya şöhrətli nəzəriyyəçi Y.M.Zasurski bütün problemlərin həllində Zaur Babayevlə məsləhətləşməyi vacib bilirdi... Doğrusu, o vaxtdan neçə illər keçib, amma mən hələ də Zaurla Moskva yoldaşlığımızın təəssüratlarını unuda bilmirəm.

Zaur Babayev bir müəllim kimi polifonik pedaqoji fəaliyyəti ilə diqqəti cəlb edir. Məlumdur ki, informasiya texnologiyasının indiki çağırışları ən çox media aləmində özünü göstərir. Bununla bağlı fakültədə  fəaliyyət göstərən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi  və Televiziya və Radio Jurnalistikası kafedraları tədris planına yeni fənlər daxil edir. Belə Zaur müəllim ən yeni fənləri tədris etməyi öz üzərinə götürür və bunun öhdəsindən bacarıqla gəlir. Təsadüfi deyil ki, onun tərtib etdiyi proqramlar, hazırladığı dərs vəsaitləri ilk növbədə zamanın yeni çağırışlarına hesablanır. Onun müdafiə etdiyi mövzunun özü də tamamilə yeni aspektdə olub, aktuallığı ilə müdafiə şurasının diqqətini xüsusi cəlb etmişdir.

Zaur Babayev ictimai adamdır, o, fakültə həmkarlar təşkilatının sədridir və bu işdə gösdərdiyi fəallıq  hamımıza yaxşı məlumdur. O, həmkarlar təşkilatının sədri kimi müəllimlərin istirahətinin təşkilinə xüsusi diqqət yetirir. İlin yaz və payız  aylarında Zaur müəllimin təşəbbüsü ilə  və tələbələrin Quba səfərləri həm də müntəzəmliyi ilə maraqlıdır. Niyə Quba səfərləri? Çünki Bakı Dövlət Univeristetinin Quba rayonunda - 2-ci Nügədi kəndində inşa etdiyi tədris və istirahət mərkəzi öz gözəlliyi ilə, gözəl mənzərədə qərar tutması ilə univeristetimizin iftixar faktlarından biridir. Bu mərkəzdə istirahət üçün hər cür şərait var. Amma bununla belə,  Zaur müəllimin əlavə təşəbbüsləri bu istirahəti daha maraqlı edir.

Jurnalistika fakültəsində müəllim olub da bu sahədə şəxsi yaradıcılıq sahibi olmamaq doğru deyil. Auditoriyada klassik və müasir jurnalistlərin yaradıcılığından misallar gətirib, tələbələri peşəkarlığa hazırlayan müəllimin öz yaradıcılıq nümunəsi yoxdursa, tələbənin onun nəzəri fikirlərinə inamı azalır. Zaur Babayev nəinki əməkdaşı olduğu nəzəriyyə və təcrübə kafedrasının istiqamətində, habelə televiziya və radio ətrafında da maraqlı yazıları ilə yadda qalır. Onun Azərbaycan teleməkanında fəaliyyət göstərən televiziyaların peşəkarlıq xüsusiyətləri barədə maraqlı araşdırmaları var. Yəqin elə buna görədir ki, Zaur müəllim vaxtaşırı olaraq TV efirinə qonaq dəvət olunur və əsasən yeni informasiya texnologiyası ilə bağlı ekspert rəyləri ilə çıxış edir.

Zaur müəllimin region səfərləri həm də onun Azərbaycan sevgisinə bağlıdır. Bu səfərləri çox vaxt haçansa tələbəlik illərini birlikdə keçirdiyi, yaxud haçansa universitet auditoriyasında dərs dediyim məzunların rəhbərlik etdiyi rayon qəzetlərinin yubiley tədbirlərinə həsr edir. Biz onunla bir çox rayon qəzetinin yubiley mərasimlərində bir yerdə iştirak etmişik. Bu səfərlərdən biri Zaqatala qəzetinin yubileyinə düşdü. Biz ayrıca dəvət olunduğumuz bu tədbirə Zaur müəllimlə bir sutka tez çıxdıq. Zaur müəllim yol boyu keçdiyimiz rayonlarda - Şamaxıda, İsmayıllıda, Oğuzda ...dayanmağı, bu yerlərdəki jurnalistlərlə ayaq üstə də olsa, mütləq görüşməyi vacib sanır. Zaqatala səfərimizin bu anları və Zaqatalada möhtəşəm təşkil olunmuş yubiley tədbirlərində Zaur müəllimin təbrik çıxışı yadımda möhkəm iz salıb.

Məlumdur ki, bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi sərəncamı ilə ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilib. Cümhuriyyətin 100 illik yubiley təntənəsi bu il bu Cümhuriyyətin müqəddəs yadigarı olan Bakı Dövlət Universtetin 100 illik yubileyi isə gələn il tamam olur. Biz lap bu yaxınlarda Zaur Babayevin açıq dərsində iştirak edirdik. Zaur müəllim dərsinə Xalq Cümhuriyyətinin 100 illiyi ilə başladı və sonda mühazirəsini universitetimizin 100 illik yubileyi ilə bitirdi. İlk baxışda çap texnikası fənni ilə bu məsələlərin necə uyuşacağını təsəvvür edə bilməyənlər üçün Zaur müəllim çox maraqlı bir mühazirə qurmuşdu: Azərbaycanın müstəqilliyinə bağlı olan mediamızın bugünkü inkişafı  100 il bundan əvvəlki dövr ilə müqayisə edildi...

Cümhuriyyətin təməl prinsiplərinə,  müstəqilliyimizin yeni çağının arxitektoru, Ümumilli liderimiz Heydər Əliyevin demokratik mətbuat konsepsiyasına bağlılığının elmi təhlili onun dərsini  yüksək qiymətləndirməyə əsas verdi .

... Zaur müəllimin 60 yaşı tamam olur. Dünənin auditoriyasında tələbə kimi yadaşımda qalan, bu günün auditoriyasında tələbələrin sevgisini qazanan, bütün fəaliyyətini Bakı Dövlət Universitetinə, müqəddəs müəllim peşəsinə həsr edən dostumu ömrünün daha müdrik çağına qədəm qoyması münasibətilə təbrik edirəm.

 





22.06.2018    çap et  çap et