525.Az

Ədalət və inkişaf naminə uğur yoluna davam


 

Ədalət və inkişaf naminə uğur yoluna davam<b style="color:red"></b>

Türkiyədən dünyaya həqiqi demokratiya dərsi  

İyunun 24-də Türkiyə siyasi taleyini müəyyən edən ən mühüm tarixi hadisəni yaşadı.

Eyni gündə Prezident və parlament seçkilərinin keçirilməsi ilə 95 illik Cümhuriyyət tarixində ilkə imza atan Türkiyə Respublikasının vətəndaşları seçkidə yüksək siyasi fəallıq nümunəsi nümayiş etdirərək (fəallıq 90 faizə yaxın olub) Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birgə ittifaqı olan "Xalq koalisiyası"nın qələbəsini təmin etdilər.

Xalq Prezidentliyə namizədlər arasında ən iddialı və inamlı namizəd olan Siyasi lider Rəcəb Tayyib Ərdoğana 52,5 faiz səs verməklə millətətin sevgi və inam məbədi olan dövlətin zirvəsində, millət vəkili seçimlərində isə (AKP 42,5 faiz, MHP 11,6 faiz) “Xalq koalisiyası”na 53,6 faiz səs verməklə ən layiqli namizədləri isə deputat kürsüsündə əyləşməsinə “Bəli”, Ədalət və İnkişafa “Davam” dedi. Bununla da uzun müddətdir ki, ölkənin ictimai-siaysi həyatında baş verən gərginliklərə, narahatlıq və nigarançılıqlara da son qoyuldu. Türkiyə demokratik, hüquqi islahatların davam etdirilməsi yolunda yeni mərhələyə keçid aldı. Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının tarixində yeni siyasi sistemin birinci dövlət başçısı oldu.   

Seçimin zəfəri demokratiya... 

Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğana rəqib olan 5 namizəd -Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə 30, 7faiz, Xalqların Demokratik Partiyasının (HDP) rəhbəri Səlahəddin Dəmirtaş 8,4 faiz, İYİ partiyasının namizədi Maral Akşənər isə 7,3 faiz, Səadət Partiyasının namizədi Təməl Karamollaoğlu 0,9 faiz, HUDA-nın rəhbəri Doğu Perinçik 0,2 faiz səs toplamaqla birlikdə 47,5 faiz səs nisbətilə seçkilərdə məğlub olduqlarını etiraf etdilər. Seçkidən sonra mediaya açıqlama verən müxalifətin əsas lideri Məhərrəm İncənin bəyan etdiyi kimi, Ərdoğan güclü lider kimi seçkiləri təkbaşına qazandı. Digər siyasi liderlər də Rəcəb Tayyib Ərdoğanın Prezident seçilməsini xalqın Ona olan güclü inamının ifadəsi kimi dəyərləndirdilər.

Türkiyə ictimaiyyətini və siyasi analitika mərkəzlərini tərəddüt içində saxlayan əsas məqam parlament seçkilərində hansı ittifaqın üstün olacağı ilə bağlı idi, çünki CHP, “İYİ” və Səadət Partiyasından ibarət blokun, eləcə də, HDP-nin “Xalq koalisiyası”na qarşı birləşərək 50 faizdən artıq səs toplamaqla birgə hökuməti formalaşdırmaq niyyətləri var idi. Amma  “Xalq koalisiyası” 53,6faiz səs toplamaqla onların bu planını da alt üst etdi. Seçkilərin əsas favoriti olan AKP təkcə 42,5 faiz səs toplamaqla (293 millət vəkili mandatı, MHP ilə birlikdə 343 mandat) “Millət İttifaqı”nın birgə 34faiz-lik (190 millət vəkili mandatı) səs nisbətini də geridə qoydu.

Bununla da Türkiyənin yeganə siyasi qüvvəsi, həlledici və idaredici təşkilatı olduğunu bir daha təsdiq etdi. Maraq doğuran məqamlardan biri də xarici ölkələrdə yaşayan türklərin səsverməsinin nəticələridir. AKP-nin Avropadakı türklərlə siyasi təşviqatına, seçicilərlə görüşünə mane olan Avropa CHP və HDP-yə geniş meydan verərək AKP-nin səs qazanmaq şanslarına mane olmaq istədi. Ancaq Avropa başa düşmədi ki, Ərdoğan sevgisi qəlblərdədir, küçə və meydanlarda PKK və onun tərəfdaşlarını AKP-yə, iqtidara qarşı yönəltməklə millətsevər türklərin azad iradəsinin qarşısını almaq qeyri-mümkündür. Bunun nəticəsidir ki, Hollandiya, Almaniya, Fransa, Belçika, Avstriya, Norveç, Danimarka və digər ölkələrdə yaşayan türklər Ərdoğana və AKP-yə səs verdilər.

Türkiyə xalqı 16 illik iqtidarı dövründə ölkədə iqtisadi və sosial sıçrayışlara səbəb olan, regional geoiqtisadi möcüzələrə yaradan AKP-yə və partiyanın döyünən qəlbi hesab edilən Rəcəb Tayyib Ərdoğana etimad göstərməklə yeni hədəflərə daha inamla, inadla və imanla irəliləyişlərə möhür vurdular. Türkiyə Prezidenti, AKP-nin qurucusu Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi ölkə tarixində ən mühüm siyasi hadisədən alnıaçıq, şərəf və qürurla çıxdı. Huber köşkündə və Ankarada AKP-nin mərkəzi qərargahında göstərdiyi böyük etimada görə, xalqa dərin sevgi və minnətdarlığını bildirən Ərdoğan vurğulayıb ki, səsvermə bir daha xalqın öz ölkəsini, öz gələcəyini müdafiə etdiyini göstərdi. “Bu seçkinin qalibi demokratiyadır, milli iradədir. Türkiyə demokratiya imtahanını bütün dünyaya nümunə olacaq şəkildə göstərdi. Bu, bizim hamımızın ümumi qələbəmizdir. Seçkinin nəticələri Türkiyə dövləti və xalqının rifahına xidmət edəcək. Bu ölkədə mənsubiyyətindən, siyasi əqidəsindən, həyat tərzindən və ya hər hansı bir fərqli baxışından asılı olmayaraq hər bir kəsin azadlığının azaldılmasına imkan verməyəcəyik. Ölkəmizi daha da gücləndirmək, zənginləşdirmək və millətimizin rifahını artırmaq üçün ədalətli şəkildə çalışmağa davam edəcəyik”.  

AKP-nin qələbə möcüzəsinin sirri...  

Türkiyə son illər ərzində əldə etdiyi iqtisadi uğurlar da AKP hökumətinə etimadı möhkəmlindirib. Ölkə son illər ərzindəəldə etdiyi yüksək iqtisadi nailiyyətlər, siyasi, ictimai, hərbi, sosial uğurlara imza atıb, ixracın həcmi 2 dəfədən çox artıb, milli istehsalın rəqabətliliyi yüksəlib, yeni iri regional enerji və nəqliyyat layihələri gerçəkləşdirilib, sənaye, kənd təsərrüfatı, turizmin inkişafına görə, Türkiyə Avropanın ilk beşliyində yer alır. Ölkə iqtisadiyyatı 7,4 faizlik iqtisadi artımla OECD ölkələrində 1-ci, G-20 ölkələri qrupunda 2-cidir.

Türkiyə AKP hökumətinin rəhbərliyi ilə ötən illərdə bu illərdə hərbi sənaye sahəsində də möhtəşəm uğurlara imza atıb. Ölkənin “Altay” tankları son illərin ən mükəmməl hərbi sənaye axtarışlarının nəticəsi olmaqla türk ordusunun qüdrətini artıran faktorlardan birinə çevrilib. Hərbi gəmi istehsalı reallaşdırılıb, “ATAK” hərbi helikopterləri, “Əjdər Yalçın” zirehli maşınları, “İgla” və “İgla-S” raketləri ölkənin müdafiə qüdrətinə güc qatıb. Hərbi sənaye markası sayılan “Aselsan” şirkəti hərb sənayedə dünya nəhəngləri ilə yarışda baş ucalığı gətirməkdə davam edir. Ölkənin vertolyot parkı, “M 60t” tanklarının modernləşdirilməsi, yeni zirehli texnika və silah sistemlərinin istifadəyə verilməsi Türkiyənin möhtəşəm müdafiə qüdrətini daha da möhkəmləndirir. Türkiyə dünya hərbi təyyarə sənayesində inqliab sayıla biləcək layihəni – “TF-X” bombardmançı təyyarənin hazırlıqlarını sürətləndirib. 2023-cü ildə havaya qalxacaq türk şahinləri bununla dünya arenasında öz gücünü nümayiş etdirəcək. Saymaqla bitməyən bu iqtisadi və sosial hadisələr mühüm siyasi amil olmaqla AKP-nin seçkilərdən alnıaçıq və qalibiyyətlə çıxmasına səbəb olub.

Ərdoğan Türkiyədə vətənpərvərliyin, dövlətə sevginin, milli iradənin hədsiz dərəcədə yüksəlişində əvəzolunmaz xidmətlərə malikdir. Son 3 ildə regionda “əzələ nümayiş etdirən” qlobal güclərin qarşısına çıxaraq Türkiyənin özünün güc olduğunu təsdiq etmək, prosesləri idarə etmək məharətini göstərmək, ölkə sərhədlərinin kənarındakı separatizmi məhv etmək üçün cəsarətli və məqsədyönlü antiterror hərəkatını genişləndirmək və istənilən nəticəyə nail olmaq AKP iqtidarının nüfuzunu daha da yüksəltdi. Suriya ərazisindəki terrorçulara qarşı aparılan “Firan qalxanı” və Afrində keçirilən “Zeytun budağı” əməliyyatların uğurla tamamlanması vətənsevər türki xalqının hökumətə olan məhəbbətini gücləndirib, insanlarda milli əhvali-ruhiyyənin yüksəlişinə səbəb olub. AKP hökumətinin milli vətənpərvərlik ruhunun güclənməsində və terrorla mübarizədə möhtəşəm qalibiyyəti seçkiöncəsi siyasi dividentlərin faiz nisbətinin yüksəlməsində və qələbənin təmin olunmasında də təkanverici rol oynayır. 

Seçkilərdən sonra siyasi idarəetmədə hansı dəyişikliklər olacaq?  

Dəyişikliklərə əsasən, məhkəmə sisteminin neytrallığı və tərəfsizliyin təmin olunacaq, parlamentdə deputatların sayı 550-dən 600 nəfər qaldırılacaq, parlament seçkilərində iştirak etmək üçün yaş həddi 25-dən 18-ə endiriləcək. Parlamentin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırılıb. Parlament və prezident seçkiləri hər 5 ildən bir, eyni gündə keçiriləcək. Silahlı Qüvvələrə aidiyyatı olan şəxslərin seçkilərdə namizəd olmalarına tətbiq edilən qadağa ləğv olunub. Parlamentin nazirləri sorğu-sual etmələri, hökumətin cavabdehliyi ilə bağlı xüsusi araşdırmalar aparmaq səlahiyyətləri olmayacaq. Nazirlərin parlamentin suallarına şifahi cavab verməsi qaydası ləğv ediləcək. Prezidentliyə namizəd olmaq üçün hər bir şəxs azı 5faiz səs toplamış partiyanın dəstəyini qazanmalıdır. Prezidentin siyasi partiyada üzvlüyünün dayandırılmasına qoyulmuş qadağa da aradan qalxacaq.

Parlament sisteminin prezidentlik üsul-idarəsi ilə dəyişdirilməsi Türkiyə Böyük Millət Məclisinin iştirakı olmadan güclü bir mərkəzi idarəçilik institunun yaranmasına səbəb olacaq. Prezident dövlətin başçısı kimi nazirləri və vitse-prezidentləri təyin etmək, yaxud vəzifədən azad etmək səlahiyyətlərinə malik olacaq. Həmçinin, prezidentə referendum təşkil və fövqəladə vəziyyət elan etmək hüquqları da verilir. Prezidentin səlahiyyətlərinin artırılması o demək deyil ki, onun fəaliyyətini təftiş etmək mümkün olmayacaq. Dövlətin birinci şəxsi kimi prezident yürütdüyü daxili və xarici siyasətə məsuliyyət daşıyacaq, ölkənin milli maraqlarına zidd siyasət həyata keçirildiyi və hüququn aliliyinə qarşı addımlar atdığı halda Türkiyə Böyük Millət Məclisinin üzvlərinin beşdə üçünün səs çoxluğu ilə məsuliyyətə cəlb olunacaq. Parlament prezidentin əməlləri ilə bağlı cinayət işinin başlanmasına qərar verəcək. Hərbi məhkəmələr ləğv ediləcək, mülki məhkəmələrdə də islahatlar aparılacaq. Hakim və prokurorluq institutu Ədliyyə Nazirliyi ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.  

Yeni uğurların başlanğıcı... 

Prezident Rəcəb Tayyib Ərdoğan seçki zəfərindən sonra Türkiyənin geosiyasi və iqtisadi zəfərlərinə çatmaq üçün yorulmaz fəaliyyətini davam etdirəcək. AKP ölkənin 2023-cu il hədəfləri yolunda daha yeni bir məsuliyyətli və şərəfli vəzifəni çiyinləri üzərində daşıyacaq. Seçkidən sonra ilk mesajları verən Ərdoğanın bəyan etdiyi kimi “artıq seçki dövründə baş verən mübahisələri, gərginlikləri arxada qoyub ölkəmizin gələcəyinə 2023-cü il hədəflərinə çatmaq zamanıdır. Ötən 16 ildə çətin və ağır proseslərlə üzləşməyimizə baxmayaraq demokratiyanın, iqtisadiyyatın inkişafında böyük yol qət etdik. Sabahdan millətimizə verdiyimiz sözün icrasına başlayırıq. Türkiyənin inkişafı, tərəqqisi, zənginləşməsi, dünyada etibarlı və söz sahibi olan ölkəsi olması üçün gecə-gündüz yorulmadan var gücümüzlə çalışacağıq”.

Türkiyə Ərdoğanla yeni demokratik, hüquqi və iqtisadi islahatların davam etdirilməsi yolunda yeni mərhələyə daxil olacaq. 2023-cü il hədəflərinə çatmaq üçün əsas prioritetlər iqtisadi güc mənbələri demokratik iqtisadi islahatlara söykənən siyasətin dərinləşdirilməsi və şaxələndirilməsi, təbii maddi qaynaqların dünya bazarlarına geniş tranziti, yaxşı hazırlanmış peşəkar insan resursları sayəsində kreativ idarəetmənin gücləndirilməsidir. Türkiyə adambaşına düşən milli gəlir baxımından yüksək gəlirli dövlətlər qrupuna yüksəlmək üçün 2023-cü il hədəflərində israrlı, iddialı və nikbindir.  

Dostlar və qardaşlar sevinir, düşmənlər məyus olur... 

AKP-nin qələbəsini izdihamla, sevinclə qarşılayan təkcə Türkiyə Respublkisının vətəndaşları və Avropa yaşayan türklər olmadı, Azərbaycan vətəndaşları gecə saatlarında küçələrə axışaraq Ərdoğanın möhtəşəm qalibiyyətini qeyd etdilər. Bu, Azərbaycan və Türkiyə qardaşlığnın növbəti bariz nümunəsi idi, demokratiyanın və ədalətin təntənəsinə sevinən hər iki qardaşın sevinc payı idi. Hər zaman olduğu həmin gün də Azərbaycan Türkiyənin yanında oldu, Yaxşı günlərdə də, pis günlərdə də qardaşlar daim bir yerdədir.

Rəcəb Tayyib Ərdoğanı qələbə münasibətilə ilk təbrik edən Azərbaycan Prezidenti İlham Əliyev yeni seçilmiş dövlət başçısının rəhbərliyi altında Türkiyənin daha da inkişaf edəcəyinə, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənəcəyinə, iki qardaş ölkənin sarsılmaz qardaşlığı sayəsində qarşıda daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.

Azərbaycan və Türkiyə ötən 25 ildə çox mühüm əhəmiyyət kəsb edən ən mühüm regional layihələrin gerçəyə çevrilməsinə töhfə verib. Bu gün daha da möhkəmlənən Azərbaycan -Türkiyə qardaşlığı regionda faydalı və geniş şaxəli əməkdaşlığın platformasına, sülh və təhlükəsizliyin, əmin-amanlığın təminatçısına çevrilib. Hazırda Türkiyə və Azərbaycan bölgənin xəritəsini çızan qətiyyətli addımlar atırlar.

Dayanmadan irəliləyən və güclənən Türkiyənin iqtidarının növbəti qələbəsi üzdə özünü dost kimi təqdim etsə də, əslində xain və kinli, anti-Türkiyə fəaliyyəti ilə seçilən Avropanın bəzi ölkələrinin siyasi qüvvələrini məyus edib. FETO və PPK ünsürlərini qoruyan qüvvələr təlimatlandırdıqları şəxslərin vasitəsilə seçki prosesində bir sıra təxribatlara cəhd etdilər, müxtəlif ərazilərdə saxta seçki bülletenleri şousu təşkil etməyə çalışdılar. Amma əməlləri ifşa olundu. Seçkilərin ikinci tura qalacağını və həmin müddətdə Türkiyədə siaysi gərginliklərin, bəzi iğtişaşların olacağına ümid edənlər də növbəti faciələrini yaşamağa məhkum oldular. Onları təşvişə salan bir həqiqət var: Türkiyə bundan sonra daha da qətiyyətli, əzmkar regional siyasət yürüdəcək və bölgədə heç kimə güzəşt etməyəcək. Ərdoğanın dediyi kimi, qoy düşmənlər narahat olsunlar, Türkiyə öz yolunda davam edəcək.

 





25.06.2018    çap et  çap et