525.Az

YAP seçki ilə bağlı görüşlər keçirir


 

YAP seçki ilə bağlı görüşlər keçirir<b style="color:red"></b>

Bu gün Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın Qobustan rayon təşkilatının fəalları görüşüb. Partiyanın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev çıxış edərək təşkilatın prezident seçkilərinə hazırıqla bağlı gördüyü işlər haqqında məlumat verib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, belə görüşlərin keçirilməsində məqsəd Yeni Azərbaycan Partiyasının qarşıdan gələn prezident seçkiləri kampaniyasının yüksək səviyyədə keçirilməsinə partiya fəallarını səfərbər etməkdir.

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin birmənalı şəkildə qənaəti bundan ibarətdir ki, ölkəmizin sürətli inkişafı, iqtisadiyyatın yüksəlişi, həyatımızın digər sahələrində baş verən dəyişikliklər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlıdır: «Məhz bu siyasətin nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 10 il ərzində böyük inkişaf mərhələsi keçib. Əlbəttə ki, bu inkişafın kökündə dayanan həqiqət Heydər Əliyev ideyaları ilə əlaqədardır. Bu inkişaf Heydər Əliyev ideyalarından qaynaqlanır və bu ideyalar əsasında həyata keçirilən siyasətin uğurları hesab olunur. Eyni zamanda, 10 ilə yaxındır ki, Azərbaycanda Heydər Əliyev siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Bu illər ərzində Azərbaycanda əsası vaxtilə Heydər Əliyev tərəfindən qoyulmuş islahatların gerçəkləşməsi nəticəsində böyük inkişaf və tərəqqi əldə edilib».

Əli Əhmədovun fikrincə, bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Ona görə də, insanlar növbəti seçkilərdə yenə də cənab İlham Əliyevə səs verəcəklərini bildirirlər.
«Təbii ki, bu amillər Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin nüfuzunu daha da artırır. Hazırki siyasətin uğurlarını insanlar öz rifahlarının yüksəlməsində də görür və bu siyasətin davamlı olmasını arzulayır»- deyə, YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov bildirib ki, seçki ilə bağlı partiyanın yerli strukturları, o cümlədən ilk təşkilatlar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. YAP Sədrinin müavini qarşıdan gələn prezident seçkiləri kampaniyasına hazırlıqla əlaqədar partiyanın Qobustan rayon təşkilatının fəallarına müvafiq tövsiyələr verib.

Tədbirdə həmçinin, Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və rayon ağsaqqalı Ənvər Qayıbov çıxış ediblər. Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə partiya vəsiqələri təqdim olunub.
Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və Milli Məclisin deputatı Ərəstun Cavadov iştirak edib.

 





17.07.2013    çap et  çap et