525.Az

Məzunlara qızıl və gümüş medalların verilməsi bərpa edilib


 

Məzunlara qızıl və gümüş medalların verilməsi bərpa edilib<b style="color:red"></b> Bu il Azərbaycanda orta məktəbi qızıl və gümüş medalla bitirən şagirdlərin sayı açıqlanıb. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2012-2013-cü tədris ilində orta məktəbin 11-ci sinfini 248 nəfər qızıl və gümüş medalla bitirib. Builki məzunların 238-i qızıl medala, 10-u isə gümüş medala layiq görülüb. Məzunlara medallar hələ təqdim edilməyib.

Azərbaycanda şagirdlərə qızıl və gümüş medallar Nazirlər Kabinetinin 2010-cu il yanvarın 14-də təsdiqlədiyi "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"na əsasən verilir. Bu qaydalara uyğun olaraq, tam orta təhsil səviyyəsində təhsil alan şagirdlərin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin irəli sürülməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılıb müvafiq qərar qəbul edilir.

Qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilən təhsil alanlardan attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görülürlər. Bununla yanaşı, həmin namizədlər nümunəvi davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlər olmalıdır.

Qızıl medal alanların sayı ötən tədris ili ilə müqayisədə artıb.

2011-ci ildə Azərbaycanda 53 şagird qızıl və gümüş medal almışdı. Onların 37-si qızıl, 16-sı gümüş medala layiq görülmüşdü. 2012-ci ildə isə 138 nəfər orta məktəbi xüsusi nailiyyətlərlə başa vurmuşdu. Onların 118-i qızıl, 20-si gümüş medal almışdı.

Qeyd edək ki, 1990-cı illərin əvvəllərindən Azərbaycanda orta məktəb məzunlarına qızıl və gümüş medalların verilməsi dayandırılmışdı. Uzun fasilədən sonra - 2011-ci ildən məzunlara qızıl və gümüş medalların verilməsi bərpa edilib.
 





17.07.2013    çap et  çap et