525.Az

“Dinamik inkişaf edən Azərbaycan-ABŞ münasibətləri hər iki xalqın maraqlarına cavab verir”


 

“Dinamik inkişaf edən Azərbaycan-ABŞ münasibətləri hər iki xalqın maraqlarına cavab verir”<b style="color:red"></b> ABŞ-da səfərdə olan Milli Məclisin Beynəlxalq Münasibətlər  və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri Sevinc Fətəliyeva və Asim Mollazadə ABŞ-da türkdilli xalqların ən nüfuzlu diaspora təşkilatlarından olan Türk Amerikan Alyansının ABŞ Konqresində təşkil etdiyi iftarda iştirak edib. APA-nın məlumatına görə, tədbirdə eyni zamanda keçmiş senator Riçard Luqar, Konqres üzvləri Şeyla Cekson Li, Devi Devis, Korrin Broun, səfir Elin Süleymanov, Konqresin aparatının çoxsaylı təmsilçiləri və ABŞ yaşayan türkdilli xalqların nümayəndələri iştirak ediblər.
 
Tədbirdə çıxış edən millət vəkili Səməd Seyidov ABŞ-ın türkdilli dövlətlərlə əməkdaşlığının əhəmiyyətindən bəhs edib və son zamanlar bu əməkdaşlığın daha da gücləndiyini vurğulayıb. O, eyni zamanda çoxşaxəli Azərbaycan-ABŞ əməkdaşlığının beynəlxalq və regional təhlükəsizliyə ciddi töhfə verdiyini bildirib.
 
Millət vəkili Asim Mollazadə öz çıxışında Azərbaycan və ABŞ arasındakı tərəfdaşlığının ortaq maraqlarla yanaşı, eyni dəyərlərə söykəndiyini vurğulayıb. O, hər iki ölkənin paylaşdığı dəyərlərin təşviqi edilməsi baxımından  ikitərəfli tərəfdaşlığın əhəmiyyətinə diqqəti çəkib.
 
Səfir E. Süleymanov Türk Amerikan Alyansının və bu Alyans çərçivəsində fəaliyyət göstərən çox saylı diaspora təşkilatlarının ABŞ-da yaşayan türkdilli xalqların mövqeyinin, eləcə də ABŞ-ın türkdilli dövlətlərlə olan münasibətlərinin inkişafı baxımından əhəmiyyətini qeyd edib. O, eyni zamanda hal-hazırda dinamik inkişaf edən Azərbaycan-ABŞ münasibətlərinin hər iki xalqın maraqlarına cavab verdiyini vurğulayıb. E. Süleymanov Vaşinqtonda səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Konqresdə keçirdiyi çoxsaylı görüşlərin ikitərəfli münasibətləri daha da dərinləşdirmək baxımından əhəmiyyətinə diqqət çəkib.
 
Eyni zamanda, tədbirdə senator Riçard Luqar, Konqres üzvləri Şeyla Cekson Li  və Dəni Devis çıxış edib və ABŞ-ın türkdilli dövlətlərlə olan əməkdaşlığının əhəmiyyətini qeyd ediblər. 
 





18.07.2013    çap et  çap et