525.Az

Azərbaycanlı türkoloqun Ukraynada yüksək elmi nailiyyəti


 

Azərbaycanlı türkoloqun Ukraynada yüksək elmi nailiyyəti<b style="color:red"></b>

Dost Ukrayna Respublikasından aldığım xəbər məni ürəkdən sevindirdi.

Uzun illər bu ölkədə türkologiya sahəsində orijinal tədqiqatları ilə seçilən bir həmyerlimiz – Ukrayna vətəndaşı  Fərhad Turanlının “Türk-Osmanlı yazılı mənbələrində XVI–XVIII əsrlərdə Kazak dönəmi Ukrayna tarixi” mövzusunda tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün bir neçə ay bundan əvvəl müdafiə etdiyi dissertasiya işi Ukrayna Elm-Təhsil Nazirliyi yanında Ali Attestasiya Komitəsində təsdiq edilmiş, ona tarix elmləri doktoru elmi dərəcəsinin diplomu təqdim edilmişdir.
 
Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının sədri Fərhad Turanlı elmi tətqiqatını uğurla başa çatdıraraq 2017-ci ildə tarix elmlər doktorluğu disertasiyasını Taras Şevçenko adına Kyiv Milli Universitetinin Xüsusi Elmi Şurasında – tarix yazıcılığı, mənbəşünaslıq və xüsusi tarixi fənlər ixtisası üzrə elmi müdafiə etmişdi. Elmi şuranın iclasında Ukraynanın məşhur alimləri: Prof. Dr. Yaroslav Kalakura, Prof. Dr. Yuriy Koçubey, Prof. Dr. Valeriy Smoliy, Prof. Dr. İvan Patrılyak, Prof. Dr. Ludmila Dyaçenko, o cümlədən Türkiyədən: Prof. Dr. Mustafa Öztürk, Prof. Dr. Azmi Özcan, Prof. Dr. Yücəl Öztürk, Prof. Dr. Məhmət İnbaşı, Prof. Dr. Orhan Kılıç, Prof. Dr.Nuri Kavak və başqa nüfuzlu alimlər F. Turanlının elmi nəticələrini yüksək qiymətləndirmişdilər.

Qeyd edək ki, Fərhad Turanlı 1960-cı ildə Azərbaycanın Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub. 1977-ci ildə Muğangəncəli kənd orta məktəbini bitirib. Ukrayna vətəndaşı olan Fərhad Turanlı 1992-ci ildə Vasil Stefanik adına İvano-Frankivsk (Urayina) Dövlət Pedagoji İnstitutunun tarix fakultəsini bitirib. 1993-1996 illərdə Prikarpattya Dövlət Unsversitetin aspiranturasında (Ukrayna) “Dünya tarixi” ixtisası üzrə oxuyaraq “Türk mənbələrinə görə XVII y. Ukryana Kazak Dövləti–Kırım Xanlığı–Türk-Osmanlı İmperatorluğu münasibətləri” mövzusunda elmi tətqiqat işləri aparmaqala bərabər, 1994-1996-сı (o cümlədən 2001-ci ilin oktyabr ayında) illərdə İstanbul Universitetinə dəvət olunaraq Osmanlı Türkçəsi, ərəbcə, qədim əlyazmalar (paleoqrafiya), tarix, dinşünaslıq, mədəniyyət vs. elmləri üzrə xüsusi dərslər keçərək, elmi tətqiqat işlərini Türkiyənin arxiv və kitabxanalarında davam etdirmişdir.

1997-ci ildə Tarix elimləri namizədliyi üzrə elmi dərəcəyə nail olmaq üçün, Ukrayna Milli Elmlər Akademiyasının Mihaylo Hruşevskiy adına Qədim Əlyazmalar və Məmbəşünaslıq institutunun (Kyiv ş.) xüsusi Elmi Şurasında disertasiyasa müdafiə edib. 2003-cü ildə isə həmin institutun doktoranturasını bitirmişdir. 

2010-2015-ci illərdə Ukraynadakı diplomatik xidmət illərində yaxından tanıdığım və elmi fəaliyyətini yaxından izlədiyim Fərhad Turanlı Ukraynada görkəmli ictimai-siyasi xadimimiz və alimimiz Məhəmməd Sadıq Ağabəyzadənin Ukrayna şərqşünaslığında qoyduğu ənənələri davam etdirən, bu sahədə elmi uğur qazanan ilk həmyerlimizdir. Qeyd etməliyik ki, 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin müavini olmuş, general mayor M.Ağabəyzadənin Cümhuriyyətimizin süqutundan sonrakı taleyi Ukraynanın Lvov universiteti ilə bağlı olmuşdur. Bu universitetdə şərqşünaslıq məktəbinin formalaşmasında müstəsna xidmətlər göstərmiş M.Ağabəyzadə  (1865-1944) ömrünü orada da başa vurmuşdur. Həmin şəhərin fəxri vətəndaşı olaraq şəhərin əsas qəbristanlığında xristian məzarları içərisində müsəlman qaydasıca üzü qibləyə dəfn olunmuş tənha müsəlman qəbiri ona məxsusdur.

Fərhad Turanlı da uzun illər Lvov universitetində çalışmış, onun və Ukraynadakı Azərbaycan diaspor təşkilatının (o zaman Ukrayna Azərbaycanlıları Konqresi adlanırdı) səyi ilə Lvovda M.Ağabəyzadənin yaşadığı  küçəyə onun adı verilmiş, yaşadığı evin divarına barelyefi vurulmuşdur. Lvova səfər etdiyimdə qürurla ziyarət etdiyim yerlərdən bir M.Ağabəyzadənin məzarı idi. Məzarüstü təmir – bərpa işləri üçün o zaman rastlaşdığımız çətinliyin də sonralar dövlətimiz tərəfindən həll edildiyini eşidəndə çox sevindim. Bir sözlə, Ağabəyzadənin mənəvi varisləri olan ziyalılarımızın, müxtəlif elm sahəsində ad qazanmış həmyerlilərimizin xoş sədası Ukraynanın hər tərəfindən gəlir, Fərhad Turanlı da belə dəyərli şəxsiyyətlərimizdəndir. Bu gün Ukraynada tanınmış alimimiz, hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin professoru, Ukraynanın əməkdar müəllimi Arif Quliyevin başçılıq etdiyi  Ukraynanın Azərbaycanlı Alimlər Şuraında 60-dək akademik, elmlər doktoru və elmlər namizədi adını ləyaqətlə daşıyan həmyerlilərimizin demək olar ki, əksəriyyətini tanımaq bir çoxları ilə təmasda olmaq, dostluq etmək mənə nəsib oldu. Yeri gəlmişkən vurğulamaq istərdim ki, bu nüfuzlu içtimai təşkilatın təsis edilməsinə AMEA-nın prezidenti akademik Akif Əlizadənin böyük dəstəyi olmuş, onun tapşırığı ilə akademik Teymur Kərimli həmin yığıncaqda iştirak edərək AMEA prezidentinin xeyir-duasını alim soydaşlarımıza yetirmişdi.

Ümumiyyətlə, iftixarla demək olar ki, Ukraynadakı uzun illər boyu formalaşmış Azərbaycan diasporu sözün tam mənası ilə intellektual işgüzar diaspordur.Ukraynanın tanınmış azərbaycanlıları  sırasında tibb elmləri doktorları, professor Məmməd Bağırov, Aydın Salmanov, Fərman Gülməmmədov, Ukraynanın əməkdar həkimi Cəvahir Cəfərova, texnika elmləri doktorları  Murad Ömərov, Şöhrəddin Əsgərov, fizika-riyaziyyat elmləri doktoru Eldar Vəliyev, hüquq elmləri doktoru Sadiq Tağıyev və onlarla başqaları vardır ki, onların hər birinin fəaliyyəti  ilə fəxr etmək olar. Adını çəkdiyimiz ya çəkmədiyimiz ziyalılarımızın ən dəyərli cəhətlərindən biri onların Vətənimizlə sıx bağlı olmaları, yaşadıqları ölkənin vətəndaşları olsalar da,Vətən övladı olduqlarına daim üstünlük vermələridir. Fərhad Turanlı da bu cərgədən olan soydaşımızdır. 

Fərhad Turanlını  fərqləndirən cəhətlərdən biri onun Ukrayna dilində tədris etməsi, ictimai-siyasi tədbirlərdə Ukrayna dilində səlis çıxış etməsi, bu ölkənin milli ziyalıları ilə qaynayıb qarışmasıdır.

Hazırda, “XVI-XIX yüzillərdə Türk-Osmanlı İmperatorluğu, Ukrayna Kazak Dövləti, Kırım Hanlığı və Şərqi Avropa Dövlətləri arsındaki münasibətlər” mövzusunda elmi tədqiqatını davam etdirir. Burada, yeri gəlmişkən, Ukraynada təhsil alan, yaxud elmi tədqiqat fəaliyyəti ilə məşğul olan soydaşlarımıza, o cümlədən Fərhad Turanlının elmi fəaliyyətlərinə dəstək verilməsi sahəsində ARDNŞ –in Ukrayna nümayəndəliyinin təqdirəlayiq fəaliyyətini ayrıca vurğulamaq istərdim.

Fərhad Turanlı 1997-2000-ci illərdə Prikarpattya Vasil Stefanik Milli Universitetində  elmi-pedagoji fəaliyyət göstərib. 2002-2006-cı illərdə Taras Şevçenko adına Kyiv Milli Universitetinin Filologiya İnstitutunun Türkolgiya kafedrasının dosenti vəzifəsində elmi-pedaqoji fəaliyyət göstərərək, bilavasitə bu universitetdə “Türk Enformasyon və Araştırma Mərkəzi”ni qurub. 2006-2007 illərdə Beynəlxalq İdarəçilik Akademiyasının Averroes adına Ukrayna-Ərəb İnstitutunun Beynəlxalq əlaqələr kafedrasının dosenti vəzifəsində işləyib. F.Turanlı 2007-ci ilən bəri 1615-ci ildə təsis olunan, tanınmış  “Kyevo-Mohılyanska Akademiya” Milli Universitetinin Humanitar Elmlər Fakultəsinin profesoru vəzifəsində elmi-pedaqoji fəaliyyət göstərir. Eyni zamanda 2011– 2012-ci dərs iliundə İvano Franko L`viv Millli Universitetinin Yaroslav Daşkeviç adına şərqşünaslıq kafedrasının müdiri vəzifəsində işləyib; 2012-2014-cü illərdə Beynəlxalq Ukrayna Universitetində özünün qurduğu şərqşünaslıq kafedrasının professoru və müdiri vəzifəsində də fəaliyyət göstərib. Türkologiya, islamşünaslıq, ukraynaşünaslıq, beynəlxalq münasibətlər, politologiya sahələrində bir sıra tədris proqramlarının müəllifidir.

Fərhad Turanlı bütün bu fəaliyyətlərinə görə “Ukraynada Şərqşünaslıq elminin inkişafında xüsusi əməyinə görə” (2002); “Kyevo-Mohılyanska Akademiya” Milli Universitetində şərqşünaslıq elminin inkişafında xüsusi əmyinə görə” (2008) mükafatları ilə təltif olunub. O, eyni zamanda 2010-cu ildə Ukrayna Dini və Milli münasibətlər Dövlət Komitəsinin, Ukrayna Milli Yazarlar Birliyinin mükafatları ilə də təltif olunub.

Azərbaycan diasporunun fəal üzvlərindən olan Fərhad Turanlı 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının Birinci Qurultayında və bir sıra beynəlxalq elmi konfranslarda (Ukraynada, Polşada, Türkiyədə, Azərbaycanda, Rumuniyada vs.) iştirak etmişdir. Azərbaycan-Ukrayna (2001), Türkiyə-Ukrayna (2002) münasibətləri mövzusunda ilk konfranslar təşkil edərək kitablar nəşr etdirmişdir. Ukraynada və xarici ölkələrdə nəşr olunan 150 elmi əsərin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. Ukrayna Azərbaycanlılar Konqresinin və diaspora hərəkatının rəsmi qurucularından və iştirakçılarından biridir.

Ukraynada ictimai  fəaliyyətləri ilə də tanınan Fərhad Turanlı 2006-2008 illərdə Ukrayna Ali Radasının (Parlamentinin) Beynəlxalq Əlaqələr və Millətlər Komitəsinin sədri, beynəlxalq aləmdə tanınmış diplomat, millət vəkili Gennadiy Udovenkonun köməkci və məsləhətçisi, 2014-cü ildə isə Parlamentin Elm və Təhsil Komitısinin sədri millət vəkili Liliya Qırineviçin köməkci və məsləhətçisi olaraq da fəaliyyət göstərmişdir. 

Fərhad Turanlı Azərbaycan xalqının, milli dövlətçiliyimizin təəssübkeşidir.

Qeyd edək ki, o, 2016-cı ildə Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak etmiş, Azərbaycan Ukrayna elmi-mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 2018-ci ildə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibəti ilə təsis edilən ordenə layiq görülmüşdür.

Hörmətli Fərhad Turanlıya elmi tədqiqatlarında və ictimai fəaliyyetində bundan sonra da ugurlar arzulayıram.

 





28.06.2018    çap et  çap et