525.Az

“Füyuzat”ın ən fəal müəllifi (davamı)


 

“Füyuzat”ın ən fəal müəllifi<b style="color:red"> (davamı)</b>

Müəllifin fikrincə, 1918-ci ildə Antantanın zərbələri altında “İttihad və Tərəqqi” partiyası siyasi səhnədən uzaqlaşdırılandan sonra Bakı pantürkizmin əsas mərkəzinə çevrilmişdi. Hərəkatın başında isə qurucusu Məmməd Əmin Rəsulzadə olan “Müsavat” partiyası dayanmışdı. “Milli Firqə” (Krım), “Milli Şura” (Qazan),  “Azad Türküstan” (Türküstan) siyasi hərəkatları kimi “Müsavat” da ilkin mərhələdə “İttihad və Tərəqqi” partiyasının filialı olmuş, lakin zaman keçdikcə öz təsir qüvvəsini və nüfuzunu artıraraq həlledici mövqeyə yüksəlmişdi. “Bütün bu təşkilatların əsas hədəfi türk-tatar tayfalarını birləşdirərək vahid türk, yaxud tatar dövləti yaratmaq idi” – deyə fikirlərinə yekun vuran Asan Səbri bilərəkdən, yaxud bilməyərəkdən NKVD-yə geniş fəaliyyət meydanı açmış, Volqaboyundan tutmuş Daşkəndə qədər böyük bir ərazidə türk əsilli ziyalıların, siyasi və ictimai xadimlərin, mətbuat nümayəndələrinin həyatını təhlükə qarşısında qoymuşdu.

Bu sırada tatar həmkarından ən böyük zərbə alan “böyük terrorun” qurbanı, yazıçı-diplomat Yusif Vəzir Çəmənzəminli olmuşdu. Asan Səbri əsərinin (təbii ki, “əsər” sözü burada çox yumşaq səslənir, çünki krımlı müstəntiqlər milli hərəkat tarixini sadəcə mütaliə üçün yazdırmamışdılar, əksinə, ondan istintaq materialı kimi yararlanaraq yeni cinayət işləri açmışdılar) “Azərbaycan nümayəndələri Krımda” adlı bölümünü başdan-başa ona həsr etmişdi. “Almanlar Ukrayna və Krımı işğal etdikdən və Tatar Milli Direktoriyasının  bərpasından sonra müsavatçıların nümayəndəsi Yusif bəy Vəzirov Krıma gəldi. Artıq 1917-ci ildən etibarən o, Kiyevdə, Ukrayna Radası yanında Azərbaycan federalistlərinin daimi nümayəndəsi idi. Vəzirovun Krıma hansı tapşırıqlarla gəlməsi, burada bir neçə ay qalması mənə bəlli deyil, çünki həmin vaxt İstanbulda idim” – deyə iz azdırmağa çalışan Asan Səbri əvvəlcə az qala Yusif Vəzirlə tanışlığını da danmağa çalışmışdı. Lakin sonrakı sətirlər bu fikirlə dissonans yaradır və vəziyyətin fərqli olduğunu göstərir:  “Almanlar Krımı işğal etməzdən əvvəl Vəzirov  Azərbaycana çağırılmış, dərhal da məşhur türk ictimai xadimi, Dövlət Dumasının keçmiş deputatı Əli Mərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin sərəncamına göndərilmişdi. Antanta donanması İstanbulu ələ keçirdikdən və gənc türklər hakimiyyəti süquta uğradıqdan sonra Topçubaşov Antanta qüvvələri ilə əlaqə yaratdı. Bir müddət sonra isə Vəzirovu öz yerində qoyaraq Parisə getdi. İstanbuldan çıxarılana qədər Vəzirov da İstanbulda idi (orijinalda belədir – V.Q.), amma sonradan o da Parisə, Topçubaşovun yanına yollandı”. Buradakı məlumatlar tam dəqiqliyi və xroniki ardıcıllığı ilə seçilməsə də, bütünlükdə Yusif Vəzirin 1918-1920- ci illərdəki fəaliyyəti üzərinə işıq salır.

“1926 və 1930-cu illərdə mən Bakıya səfər etmişdim. Lakin o zaman Vəzirov Azərbaycanda deyildi. Görünür, 1930-cu ildən sonra qayıtmışdır” – deyə nədənsə Yusif Vəzirin şəxsiyyəti və ömür yolu üzərində geniş dayanan müəllif  fikrinə davam edərək yazırdı. Əslində isə burada faktları bilməmək, ya da Azərbaycan yazıçısını daha çox qaralamaq niyyəti göz önündədir. Doğrudur, Asan Səbrinin I Türkoloji qurultaya qatıldığı 1926-cı il fevral ayında Yusif Vəzir hələ vətənə dönməmişdi. Yalnız həmin ilin aprel ayında Bakıya qayıda bilmişdi. Təbii ki, hər şeylə bu dərəcədə yaxından maraqlanan Asan Səbrinin mətbuat vasitəsi ilə, eləcə də Bakıda olduğu günlərdə məsələ ilə bağlı məlumatsız qalması inandırıcı görünmür.

Nəhayət, krımlı müəllif Yusif Vəzirlə bağlı heç də xeyirxahlığı ilə seçilməyən, əksinə, onun üzərinə kölgə salmağa xidmət edən fikirlərinə yekun vuraraq yazırdı: “Bir neçə il bundan əvvəl Azərbaycan türk mətbuatında dəfələrlə Vəzirov barəsində məlumatlar yayılmışdı. Onun proletar yazıçıları cəmiyyətinin üzvü olduğu qeyd edilirdi. Yusif bəy Vəzirovun proletar yazıçısına çevrilməsi məni xeyli təəccübləndirdi. Qatı millətçi – müsavatçı, ittihadçı və  Antantanın casusu Vəzirov indi gözlənilmədən proletar yazıçısı  olmuşdu! Onun xaricdən nə zaman və hansı tapşırıqlarla qayıtdığı təbii ki, bəlli deyil, lakin fransız agenti olması faktdır!”

Asan Səbrinin şəxsiyyət və yaradıcılığına, habelə türk sevgisinə yaxşı bələd olduğu azərbaycanlı həmkarı barədə belə qəzəb və hiddətlə danışmasının səbəbləri qaranlıq qalır. Lakin bir məsələni unutmaq olmaz ki, sitat gətirdiyimiz sətirlər NKVD zindanında yazılmışdı. Burada isə yalnız bir janr – donos keçərli sayılırdı. Amma istənilən halda, müəllifin fəaliyyətinə bunca diqqət yönəltdiyi Yusif Vəzir işi başından aşan Krım ÇK-sı üçün o qədər də zəruri obyekt deyildi. Lazımlı sayıldığı təqdirdə Azərbaycan çekistləri də bu məsələ ilə məşğul ola bilərdilər.

Elə isə yersiz canfəşanlığın səbəbi nə idi? Fikrimcə, əslində münasibətlərin gerçək mənzərəsi tatar jurnalistinin təsvir etdiyindən fərqli səciyyə daşıyırdı. Asan Səbri ilə Yusif Vəzir bir-birlərini yaxşı tanıyırdılar. Müstəqil Krım-tatar dövləti ideyasının həyata keçməsi uğrunda birgə mübarizə aparmışdılar. Həmkar və həmfikir olmuşdular. Mövcudluğu bir neçə ay çəkən kiçik türk dövlətinin qurucuları sırasında yer almışdılar. Bolşevik zindanında belə mübarizə yoldaşlarından imtina etmək, yaxud günahı onların üzərinə atmaq zəif də olsa, çıxış yollarından biri sayılırdı. Donosun yazılmasını zərurətə çevirən əsas amil də bu idi. Çox güman ki, azərbaycanlı həmkarını sərt şəkildə ittiham etməklə Asan Səbri müəyyən mənada özünü sığortalamaq, ehtimali zərbələri neytrallaşdırmaq istəyirdi.

Əslində isə hadisələrin məhz belə bir məcrada cərəyan etmədiyini sübuta yetirmək üçün yetərincə dəlil-sübutlar vardı. Burada həmin qəbildən olan  maraqlı bir mənbəyə də diqqəti çəkmək istərdim: Yusif Vəzir diplomatik təyinat alanda “Tavriçeckiy qolos” qəzeti Asan Səbrinin redaktorluğu ilə çıxan “Millət”ə istinadən “Krımlı diplomatın karyerası” adlı məqalə çap etmişdi. Yazıda deyilirdi: “Millət” qəzetinin verdiyi məlumata görə xarici işlər naziri Cəfər Seyid Əhmədin keçmiş müavini Yusif bəy Vəzirov Azərbaycan Respublikasının Krım, Polşa və Ukrayna hökumətləri yanında diplomatik nümayəndəsi vəzifəsinə təyin olunub. Yusif bəy Vəzirov indi Simferopoldadır, Tatar Direktoriyasının ədliyyə müşaviri və milli siyasətə rəhbərlik edən üç şəxsdən biridir”.

Bir müddət sonra Azərbaycanın İstanbulda diplomatik nümayəndəsi təyin edilən Yusif Vəzir Ağməsciddən ayrılanda Asan Səbri da daxil olmaqla Tatar Direktoriyası rəhbərliyi onun şərəfinə qəbul düzəltmişdi. Tədbir yerli mətbuatda, eləcə də  “Millət” qəzetində işıqlandırılmışdı. Yazıçı-diplomatın xarici işlər naziri Məmməd Yusif Cəfərova 12 iyul 1919-cu il tarixli məktubunda bu barədə  deyilirdi: “Krımdan ayrılmamışdan əvvəl tatarlar şərəfimə təntənəli vida yeməyi verdilər. Ziyafətdə parlamentin sədri S.C.Xəttatov, onun müavini S.Özənbaşlı, parlament üzvü Şəfiqə xanım Qasprinskaya, Tatar Direktoriyasının başçısı A.Misgərli, Hərbi Nazirliyin rəhbəri general A.Milkovski, “Millət” (redaktor Həsən Səbri idi – V.Q.) və “Krım” qəzetlərinin redaktorları, Şəhər Dumasının qlasnıları və başqa şəxslər iştirak edirdilər. Nitqlər söyləndi və müstəqil Azərbaycan Respublikasının çiçəklənməsi şərəfinə badə qaldırıldı. Cavab nitqimdə mən Krım tatarlarının və digər soydaşlarımızın gələcək mədəni tərəqqisində bizim respublikanın vacib rolunu qeyd etdim”.

Göründüyü kimi, milli müstəqillik eyforiyasının yaşandığı 1919-cu ilin yayında Asan Səbri Ayvazovun nəzərində Yusif Vəzir qətiyyən “qatı millətçi, müsavatçı, ittihadçı və Antantanın casusu” deyildi, sadiq və səmimi mübarizə yoldaşı idi. Onları birləşdirən kifayət qədər ümumi cəhətlər, ortaq dəyərlər vardı. Lakin nəzərə alaq ki, Asan Səbri hətta olmayan günahlarını “səmimi şəkildə” etiraf edirdisə, millətçi, pantürkist olduğunu, Krım yarımadasını Rusiyadan ayırmaq istədiyini boynuna alırdısa, bu zaman Yusif Vəziri qorumaq haqqında, təbii ki, düşünməyəcəkdi...

Asan Səbrinin Yusif Vəzirlə bağlı donosundan Azərbaycan yazıçısının əleyhinə nə dərəcədə istifadə edilməsi barəsində əlimizdə məlumat yoxdur. Lakin Bakıda professor Bəkir Çobanzadədən işgəncə yolu ilə Krımdakı milli hərəkat və onun tanınmış simalarından biri kimi Asan Səbri haqqında alınan ifadələrin (öz növbəsində sonuncu da “Krımda milli hərəkatın tarixi” qeydlərində Çobanzadə ilə bağlı kifayət qədər sərt ittihamlar irəli sürmüşdü) sonuncunun əleyhinə istifadə olunması müttəfiq respublikaların xüsusi xidmət orqanları arasında intensiv əlaqələrin və məlumat mübadiləsinin mövcudluğundan xəbər verir.

lll

1922-ci ildə Krım siyasi müxalifətinin lideri Cəfər Seyid Əhmədlə sovet hökumətinin nümayəndəsi kimi Türkiyəyə gələn Asan Səbri arasında sonralar ikincinin təfsirində günümüzə gəlib çatan  dialoq olmuşdu. Cəfər Seyid Əhməd keçmiş əqidə dostunu yenidən sovet cəhənnəminə qayıtmaqdan çəkindirməyə çalışmış, onu Krım mübarizəsini Avropada davam etdirməyə çağırmışdı:

“- Siz Krıma qayıtmağı düşünürsünüzmü? Cavabınız müsbətdirsə, nə zaman?

– Əlbəttə, qayıdacağam. Qayıtmalıyam. Amma dəqiq vaxtını bilmirəm.

– Bunu sizə məsləhət görməzdim. Çünki bolşeviklər bir müddət sizdən istifadə edəcək, sonra isə hamınızı qıracaqlar. Odur ki, mənimlə birlikdə İstanbula, oradan da Parisə getməyi məsləhət görürəm. Krım tatarlarının siyasi maraqlarını həmin şəhərlərdə daha yaxşı müdafiə etmək mümkündür.

– Təklifinizə və məsləhətinizə görə təşəkkür edirəm. Lakin mən Krımdan və SSRİ-dən başqa heç yerə getmək, hər hansı təkliflə razılaşmaq niyyətində deyiləm.  1918-ci ildən sonra sovet quruluşuna qarşı heç bir günah işləməmişəm. Ona görə də geri qayıtmaqdan qorxmuram.

– Yəqin siz də bolşevik olmusunuz. Mən bunu hələ 1917-ci ildə, “Millət” qəzetində Leninlə Stalinin Şərq xalqlarına müraciətini çap etdiyiniz zaman anlamışdım. Özünüz bilərsiniz. İstənilən halda bolşeviklər sizi rahat buraxmayacaq.

– Bolşeviklər kimi öldürüb-öldürməməyi yaxşı bilirlər. Sizin bu məsələdə kimisə mühakimə etməyə haqqınız yoxdur. Yaxşısı budur ki, susasınız”.

Hələ on beş il qabaqdan Sovet İttifaqında gələcək siyasi terror və qətllərin anonsunu verən Cəfər Seyid Əhməd haqlı idi. Bolşeviklərin kimi öldürüb-öldürməməyi yaxşı bildiklərini söyləyən Asan Səbri də haqlı idi. Necə deyərlər, hərənin öz həqiqəti, hərənin öz qisməti ...

Cəfər Seyid Əhməd uzun illər Türkiyədə siyasi mühacir həyatı keçirdi, 1960-cı ildə, ömrünün ahıl çağında Krım türklərinin lideri kimi həyatdan köçdü.

1938-ci il aprelin 17-də, 60 yaşının tamamına bir neçə gün qalmış məşhur “Üçlüyün” hökmü ilə Krımda güllənən Asan Səbri Ayvazov isə tale qardaşlarının çoxu kimi adsız məzarda dəfn edildi. Heç bir vərəsəsi olmadığından indiyə qədər formal rəsmi bəraət də ala bilməmişdir.

Xalqın nəzərində isə ümumiyyətlə belə bəraətə ehtiyacı olmayıb. Doğma mədəniyyəti, habelə içərisində Azərbaycanla bağlı həm işıqlı, həm də kölgəli səhifələrin yer aldığı irsi həmişə öz aktuallığını qorumuşdu.

May-iyun 2013,  Budapeşt

 





18.07.2013    çap et  çap et