525.Az

Sürgün olunanların sorağı ilə- IV məqalə


 

Sürgün olunanların sorağı ilə- <b style="color:red">IV məqalə</b>

“Qızıl geyimli şahzadə”nin ziyarətində  

...Almatıya gəlib böyük türk mədəniyyətinin incisi olan “Qızıl geyimli şahzadə” abidəsinin tapıldığı yeri ziyarət etmədən getmək olmazdı. Bu yerə məndə rəhmətlik Mirəli Seyidovun “Qızıl adam” kitabı maraq oyatmışdı. Həmişə qürur duyurdum ki, Mirəli müəllim belə bir kitab yazıb. Ora getmək istəyimizi duyduqda Abbasəli Paxralı oğlu: “Sizi mən aparacam. Talqardan ora 15-20 kilometrdi. O yerlərin indi gözəl vaxtıdır və mən də o yerləri yaxşı tanıyıram”-dedi.

İyunun 14-də, günün ikinci yarısında Abbasəli Paxralı oğlunun maşınında onun yaşadığı Talqar şəhərinə, oradan da Esik çayı vadisinə yollandıq. Almatının təxminən 50 kilometir doğusunda yerləşən vadi indi istirahət mərkəzinə çevrilib. Hər gün bura onlarla insan gəlir. 1969-cu ilədək isə bura heç kimin diqqətini çəkməyən bir yer olub. İsık gölü yaxınlığında, çay vadisində yol çəkərkən qaraj yeri düzəltmək üçün torpağı hamarlamaq istəyirlər. Bu zaman divarları bölgədəki şam ağacından kəsilmiş dirəklərdən olan bir sərdabənin üstü açılır. Sərdabədəki qızıl geyimli adam işçiləri heyrətə gətirir. Nə yaxşı ki, orada çalışanlar hissə qapılıb sərdabəni talan etmirlər. Tapıntı haqqında Qazaxıstan EA Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna xəbər verirlər. Kemal Akişevin rəhbərlik etdiyi arxeoloqlar qrupu burada işləyir və dünyanın ən nadir abidələrindən birinin tapıldığını elan edir. Bu tapıntı yalnız Qazaxıstanın, keçmiş Sovetlər Birliyinin alimlərini deyil, dünyanın ən məşhur arxeoloqlarının, sənətşünaslarının, tarixçilərinin heyrətinə səbəb olur.

Sərdabədə bir gənc şahzadə dəfn edilibmiş.  Onun əynində kaftan da, dar süvari şalvar da, yumşaq çəkmə də xalis qızıldan hazırlanıbmış. Paltarın ipləri də qızıldan olub. Yəni qızıl əyrilərək sapa çevrilib və bu sapla qızıl parçaları bir-birinə tikilib. Gəncin belindəki 16 lövhədən ibarət qızıl kəmər, qızılla süslənmiş xəncərinin qəbzəsi və qını, eləcə də qızıldan hazırlanmış at, aslan, pələng, bəbir, qurd, maral, dağ keçisi, ov quşu fiqurları yalnız arxeoloqları deyil, mədəniyyət tarixini öyrənən dünyanın ən böyük mütəxəssislərini belə mat qoyub. Ümumiyyətlə, qəbirdən tapılan qızıl parçalarının sayının dörd minə yaxın olduğunu yazırlar.

Ən gözlənilməzi isə gümüş təbəqə üzərindəki Göytürk əlifbasına uyğun bir əlifba ilə türkcə yazılmış “Xanın oğlu 23-də öldü” yazısı olub.

Bu tapıntı yüz illərdir “köçəri türklər mədəniyyətdən uzaq olublar” deyənlərə sanki sərt bir şillə kimi dəydi. Miladdan öncə IV yüzilliyə aid edilən bu tapıntı onu göstərir ki, türklər 2500 il öncə qızılı əritməyi baçarmaqla yanaşı, qızıldan sap əyirməyi də bacarıblar. Onların istifadə etdikləri Göytürk əlifbası da miladın 5-7-ci yüzillərində yaradılmayıb. Ondan çox-çox əvvəl yaradılıb. Belə qədim və yüksək mədəniyyətə sahib bir xalqa hələ də əyri gözlə baxanlara nə deyəsən?!

Qızıl geyimli şahzadənin sərdabəsi tapılan yerdə sərdabəni bərpa etməklə yanaşı, şahzadəyə böyük bir heykəl də qoyulub. Təəssüf ki, burada gözəl bir muzey yaradılmayıb, tapıntı haqqında turistlərə bilgi verən olmadığı kimi, kitabçalar, xatirə əşyaları da satılmır. Gələnlər sərdabəyə və heykələ 5-10 dəqiqə baxıb şəkil çəkdirdikdən sonra yaxınlıqdakı qızıl balıq hovuzlarının yanına gedərək orada tutulan balıqları bişirtdirib yeməkdən başqa bir iş görə bilmirlər.

Qazaxıstanda olarkən ikinci bir Qızıl geyimli şahzadə qəbrinin də tapıldığını, geniş araşdırılmadığından haqqında bilgi verilmədiyini söylədilər.

Qazaxıstana səfərim zamanı olduqca xoş qarşılandım və geri dönərkən də uzun müddət xoş duyğuların təsirindən ayrıla bilmədim. Bir daha əmin oldum ki, türklər tarixi yaratmaqla yanaşı, həm də tarixi yazıb və böyük mədəniyyətlərin yaranmasına imza atıblar. Sadəcə son yüzilliklərdə biz öz mədəniyyətimizə, yazımıza sahib çıxıb, onu öyrənərək dünyaya tanıda bilməmişik. Biz mədəniyyətimiz, tariximiz haqqında başqalarının yazdıqlarına, öyrəndiklərinə istinad etməyə alışmışıq.

 

Son söz əvəzi

 

Qazaxıstana səfərim zamanı olduqca xoş qarşılansam da, mənim üçün üzücü olan məsələləri də oxucularla bölüşmədən yazını tamamlamaq istəmədim. Görüşdüyüm  soydaşlarımızın bir çoxunda qazaxlara, xüsusən də ana dilində danışanlara bir soyuq münasibət gördüm. Mədəniyyətimiz, dinimiz bir, dillərimiz yaxın olsa da, soydaşlarımız rus dilində təhsil aldıqlarından və rus-sovet təbliğatının təsirindən ana dilində danışan qazaxlara yuxarıdan aşağı baxırlar.

Qəribəsi budur ki, yaşadıqları bölgədəki dünyanın ən məşhur tapıntısı – Qızıl geyimli şahzadənin sərdabəsi tapılan yerə getməyən, muzeylərdə olmayan, ümumtürk tarixini və ədəbiyyatını oxumayan bu insanlar qazax dilinin rəsmi status qazanmasına sıravi ruslardan daha çox etiraz edirlər.

Onlardan Azərbaycana dönmək fikrində olub-olmadıqlarını, qazandıqları pullardan Azərbaycana yatırım qoyub-qoymayacaqlarını xəbər aldıqda adama çox istehza ilə cavab verir, 5-10 il əvvəl Azərbaycana gələrkən gömrükdə onları necə “hörmət” etməyə məcbur etdiklərini, polislərin onları necə tora saldıqlarını yada salıb gülürdülər. Hətta dəfələrlə eşitdiyim lətifələri öz başlarına gəlmiş hadisə kimi danışırlar. Onlardan biri belə dedi: “Maşınımla gedirdim. Yol polisi məni saxlayıb kəmər bağladığıma işarə edərək “Beş manata görə özünü nə boğursan?!” dedi. Mən də şənimə sığışdırmayıb polisə beş manat verdim və kəməri də açdım. Heç 200-300 metr getməmişdim ki, başqa bir yol polisi məni saxlayıb kəməri bağlamadığıma görə cərimələdi”.

Milli oyanış isə öz işini görür. 1990-cı illərədək Qazaxıstanda qazaxca cəmi bircə orta məktəb vardı. Bu məktəbə də yetərincə şagird gəlmirdi. İndi respublikanın hər guşəsində milli məktəblər açılır, qazax dilini öyrənmək istəyənlər üçün pulsuz dil kursları təşkil edilir. Qazax dilində məktəblərin, televiziya və radio verilişlərinin, qəzet və jurnalların, kitabların  sayı gündən-günə artır.  Hətta rusdilli məktəblərdə qazax dili dərsləri keçilir. Küçələrin, meydanların, elm və təhsil müəssisələrinin adları milliləşdirilir, uzun illər adlarının belə çəkilməsi qadağan olunan vətənsevərlərə  əzəmətli abidələr ucaldılır, məscidlər tikilir.

Lakin hələ də 1986-cı ilin dekabrında Sovet əsgərlərinin, milislərin dinc nümayişçiləri güllələdiyi meydanda Bakının Şəhidlər Xiyabanı kimi bir abidəyə rast gəlmək olmur. Kitab mağazalarında da bu mövzuda münasib bir kitab tapa bilmədim.

Bütün bunlara baxmayaraq bəzilərinin dediyi: “Türklər tarix yaradıblar, amma tarix yazmayıblar” fikrinin əksini gördüm. Qazaxıstandan tapılan abidələr, muzeylərdə nümayiş etdirilən maddi-mədəniyət nümunələri və son illərdə türk dünyasının hər yerində gedən elmi araşdırmalar, yazılan kitablar və məqalələr onu göstərir ki,  türklər tarix yaratmaqla yanaşı, tarixi yazıb və böyük mədəniyyətlərin yaranmasına imza atıblar.

Almatı

07-16.06. 2013

 





18.07.2013    çap et  çap et