525.Az

Azərbaycanı tanı və tanıt


 

Azərbaycanı tanı və tanıt<b style="color:red"></b>

Ölkənin dünyada tanıdılmasının 2 üsulu var – böyük həcmdə pul xərcləməklə müxtəlif layihələr həyata keçirmək və sadə insanlar vasitəsilə milli-mədəni özəllikləri əcnəbilərə nümayiş etdirmək. Bu yazıda ikinci üsuldan danışacayıq.

İndi xaricə getmək asanlaşıb. Statistik məlumatlara əsasən, Azərbaycanda hər 3 nəfərdən biri ildə bir dəfə xarici ölkəyə gedir. Bunlar arasında işləməyə gedənlər də var, oxumaq, ixtisasını yüksəltmək və ya sadəcə dincəlmək məqsədi güdənlər də. Hərə bir məqsədlə dünyanı gəzir, lakin onları birləşdirən bir amil var – Azərbaycan. Hara və hansı məqsədlə getməyindən asılı olmayaraq, hər bir kəs iradəsindən asılı olmayaraq xaricdə Vətənimizin təbliğatçısıdır. Hər bir miqrantın və ya səyyahın adicə nəqliyyat vasitəsində özünü aparması ətrafda onun Vətəni, mənsub olduğu millət haqqında fikir formalaşdırır. Başqa sözlə, sərhədi keçən hər bir şəxs Azərbaycanın canlı “reklam plakatıdır”. Özümüzü tanıtmaq üçün Vətənimiz haqqında məlumat veririk, hətta bunun üçün pul da xərcləyirik – əcnəbiyə ölkəmizi xatırladan simvollar bağışlayırıq, broşüralar, şəkillər veririk, milli süfrəyə dəvət edirik. Bütün bunlar əslində təbliğatdır. Bəs necə etmək lazımdır ki, Vətənimizi tanıtmaq üçün sərf etdiyimiz vaxt və pul maksimum fayda versin? Bunun üçün getdiyimiz ölkənin və orada yaşayanların xüsusiyyətlərini bilmək vacibdir.

Başlayaq keçmiş sovet ölkələrindən.

“Moldovada el şənliklərində Qafqaz rəqslərini çox sevirlər, aparıcıya Azərbaycan rəqsini elan etdirib ortaya girəndə hər tərəfdən qarışıq Azərbaycan dilində alqış sədaları eşidə bilərsən” – bu sözlər Moldovada yaşayan bir soydaşımızın xatirələrindəndir. Slavyan respublikalarında yaşayan soydaşlarımız deyirlər ki, bu ölkələrdə müsbət ruhlu əcnəbi adət-ənənələrə, mədəni tədbirlərə maraq böyükdür. Məsələn, soydaşlarımızın sayının çox olduğu Ukraynada Azərbaycanın şou-biznes nümayəndələrinin konsertləri, rəsm sərgiləri izdihamlı keçir. Başqa sözlə, Azərbaycanı slavyan respublikalarında sevdirmək üçün yeyib-içməyi, maraqlı söhbətlər etməyi, hərdənbir də mahnı oxumağı bacarmaq lazımdır.

Bizə ərazi və  ya milli-dini mənsubiyyət baxımından daha yaxın ölkələrin sakinlərini isə Azərbaycanın tarixi və ya mədəniyyəti o qədər də maraqlandırmır. Gürcülər, özbəklər, qazaxlar, iranlılar, eləcə də ermənilər Azərbaycanın inkişaf yolunu diqqətlə izləyirlər. Onlar Azərbaycanın, xüsusilə, paytaxtın müasirləşməsinə, rayonlardakı abadlıq işlərinə, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə qibtə hissi ilə yanaşırlar, bizneslərini bura ilə əlaqələndirməyə çalışırlar. Müasir Azərbaycan haqqında məlumatlı olmaqla bu ölkələrdə maraqlı həmsöhbətə, daha doğrusu Vətənimizin təbliğatçısına çevrilmək mümkündür.

Avropa ölkələrində isə təbliğat aparmaq çətin məsələdir. Dünyanın hər üzünü görmüş qoca Avropanı nə təbiət gözəllikləri, nə də memarlıq inciləri ilə təəccübləndirmək olar. Soydaşlarımız deyir ki, burda ölkən haqqında saatlarla istədiyin yerdə istədiyin qədər danışa bilərsən, sənə diqqətlə qulaq asacaqlar, amma arxayın ol, səndən ayrılan kimi danışdıqlarını yaddan çıxaracaqlar. Ancaq onları da cəlb edən xüsusiyyətlərimiz var. Xaricdə oxuyan tələbələrimizdən biri yazır ki, bizim Vətəndə olan valideynlərimizlə tez-tez telefonla danışmağımız əcnəbi qonşularımızın təəccübünə səbəb olmuşdu. Onlar heç bir səbəb, hadisə olmadan niyə tez-tez zəngləşdiyimizi soruşanda biz öz mentalitetimiz, istiqanlığımız barədə geniş məlumat verməli olduq. Bu hadisədən sonra hiss etdik ki, onlar internet vasitəsilə Azərbaycanla maraqlanmağa başlayıblar. Başqa sözlə, ekzotik görünə bilən milli xüsusiyyətlər qoca Avropanın soyuq qanını isidə bilər.

İnkişaf etmiş ölkələrin bir xüsusiyyətini də nəzərə almaq lazımdır. Qərbi Avropa ölkələrində, ABŞ-da yerli sakinlərin kütləvi müraciətlərinə xüsusi diqqət verilir. Məsələn, onların müraciəti əsasında hansısa parka, küçəyə və ya əraziyə istənilən ad vermək mümkündür. Rumıniya paytaxtındakı Heydər Əliyev parkı bu üsulla adlandırılmış məkanlardan biridir. Ekspertlər deyir ki, elə də çox əziyyət və vəsait tələb etməyən təşəbbüskarlıq göstərməklə bir çox nüfuzlu ölkələrdə Azərbaycanla bağlı adlandırılan məkanların sayını artıqmaq olar. Təkcə məkan yox, müxtəlif qurumları, təşkilatları da Azərbaycanla əlaqələndirmək mümkündür. Məsələn, İngiltərənin mini futbol çempionu “Baku United” komandasıdır. Bir neçə yerli komandanın konsolidasiyası nəticəsində formalaşan və “Odlar Yurdu” təşkilatının təşəbbüsü ilə “Baku United” adlandırılan komanda indi Avropada Böyük Britaniyanı təmsil edir. Daha bir nümunə ABŞ-dadır. Monterey şəhərində bir azərbaycanlı ailənin qonşular, dostlar arasında apardığı təbliğat nəticəsində yerli sakinlər Lənkəranla qardaşlaşmaq haqqında şəhər rəhbərliyinə müraciət ediblər və bu, müsbət qarşılanıb. Artıq bu şəhər Azərbaycanın tərəfdarıdır.

Bir sözlə, Vətənimizi xaricdə tanıtmaq hər birimizin vəzifəsidir. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün isə təkcə Azərbaycanı yox, həm də getdiyin ölkəni tanımalısan. Necə deyərlər, tanımalısan ki, damarını tuta biləsən. Əvvəlcə Vətənimiz haqqında müsbət fikir yaradaraq əcnəbilərlə dostlaşmaq, sonra isə dərdimizi anlatmaq – xaricdə yaşayan soydaşlarımızın təcrübəsi belə deyir.

Aysel YAŞARQIZI

Yazı “Odlar Yurdu” təşkilatının “Azərbaycanı necə tanıdaq”

mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

 





18.07.2013    çap et  çap et