525.Az

Ədəbiyyatımıza şöhrət gətirə biləcək əsər


 

Ədəbiyyatımıza şöhrət gətirə biləcək əsər<b style="color:red"></b>

 

 

Nizami CƏFƏROV,

Atatürk Mərkəzinin rəhbəri,

filologiya elmləri doktoru,

millət vəkili 

 

Yazıçı-publisist Yunus Oğuz hələ “Təhmasib şah” romanı ilə bizim ədəbi ictimai mühitə göstərdi ki, ümumtürk tarixi ilə yanaşı səfəvilər tarixini çox dərindən öyrənib. Bu tarixə dərindən nüfuz edib və o böyük tarixin içərisindədir. Səfəvilərdən sonrakı dövrü əhatə edən “Nadir şah” romanı ilə isə isbatladı ki, səfəvilərin tarixinin, taleyinin necə başladığını və necə sona çatdığını, səfəvilərin Azərbaycan tarixinə nə verdiyini və səfəvilərdən sonra Azərbaycan tarixinin necə olduğunu həm bir tarixçi, həm bir yazıçı, həm də bir filosof-mütəfəkkir kimi sistemli şəkildə tədqiq edib. Yunus Oğuz səfəvilər haqqında yəqin ki, bundan sonra da yazacaq. Çünki hiss olunur ki, onun təsəvvüründə xeyli material var və inanmıram ki, o material, maraqlı hadisələr, o dövrün koloriti, o dövrün tarixi fəlsəfəsi Yunus Oğuzu tərk etsin. Bu mənada elə bilirəm ki, onun iç dünyasında səfəvilərlə bağlı çox dolu və dolğun bir dünya yaranıb.

 “Şah arvadı və Cadugər” romanı isə göstərir ki, Yunus Oğuz Səfəvilər dövləti, bu dövlət quruluşunu yaradan xalqın təsəvvürləri, ideyalar, vərdişlər sistemi haqqında zəngin təfəkkürə malikdir. “Təhmasib şah” və “Nadir şah” romanları ilə müqayisə aparsaq görərik ki, “Şah arvadı və Cadugər” romanında Yunus Oğuz daha çox yazıçıdır. O biri romanlarında onun tarixi təsəvvürləri və fəlsəfi analitik mülahizələri daha çox əks olunurdu və bu baxımdan yazıçılıq ikinci planda idi. Amma bu əsərdə biz kifayət qədər güclü bir yazıçı ilə üz-üzəyik. Mən bu əsərin bir neçə qatını, təbəqəsini göstərmək istəyirəm.

Əvvəla, o biri əsərlərində olduğu kimi burada da tarixin xronologiyasına, məntiqinə, tarixi faktlara, rəqəmlərin dəqiqliyinə tam əməl olunub. Buradan da tam bir təsəvvür yaranır ki, Şah Təhmasib artıq qocalıb, dövləti idarə edə bilmir. Elə bu məqamda bir cadugər gücünün təsiri ilə türk olmayan, amma səfəvilərin tərkibində Mazandaranı idarə edən fars əsilli əyanın qızının iddiaları ilə zəhərlənir. Şah Təhmasibin öz yerinə layiqli davamçı qoymaması Səfəvilər dövlətinin sonrakı taleyinə əsaslı təsir edir. Onun buna zamanı çatmır. Nə əsas idarəetmədə olan yerli oğuz bəyləri, nə də dərvişlərlə məsləhətləşə bilmir. Çünki bildiyimiz kimi, Səfəvi şahları həm də Ərdəbildən gələn ənənə ilə ruhani başçıları idilər və ruhanilərdən böyük güc alırdılar. Həm dövlətin idarəsi, həm də şahların təyini zamanı. Bundan sonra hakimiyyət uğrunda mübarizə başlanır və hakimiyyətə Dəli İsmayıl kimi tanınan II İsmayıl gəlir. O dəli, yəni döyüşkən, qoçaq olsa da müdrik deyildi. Beləliklə mürəkkəblik yaranır. Bu da məsələnin tarix hissəsidir. Amma deyim ki, bu tarix hissəsini yazanda da, tarixə tam sədaqətli olmaqla yanaşı Yunus Oğuz yenə də yazıçı kimi yazır, hadisələri təfsilatı ilə qələmə alır. II İsmayıl şah Təhmasib tərəfindən uzun illər Qəhqəhə qalasında saxlanıldığından atası ilə arasında ziddiyyət vardı. Zindana salınmasının səbəbi dövlətin siyasətinə qarşı çıxması idi. O osmanlılarla vuruşmanın tərəfdarı olduğundan müəyyən problemlər çıxarırdı. Beləliklə dövlət idarəçiliyində təcrübəsi, siyasi müdrikliyi olmayan bir şəxs hakimiyyətə gəlir.

Amma anası türk olduğuna, xarakterində türklərə məxsus xüsusiyyətlər olduğuna görə müəyyən nüfuz sahibi idi. Hakimiyyətə gələn II İsmayıl yenə də cadugər və Xeyrənisənin əməlləri ilə səfəvilərin ruhunu parçalayan dağıdıcı siyasətə uymaqla özünün xarakterindəki çatışmamazlıqları ilə çox qəddar bir insana çevrilir. Demək olar ki, xalqı özündən uzaqlaşdırır, dövlətin idarəçiliyinə kömək, dövlətin idarəçiliyində iştirak edə biləcək sədaqətli insanların hamısını məhv edir, qohum-əqrəbalarını qətlə yetirir. Beləliklə dövlətdə dərin bir boşluq əmələ gəlir. Sui-qəsd nəticəsində II İsmayıl öldürülür. Bundan sonra Təhmasib şahın gözü yaxşı görməyən, xəstəhal, ümumiyyətlə dövlət işlərindən başı çıxmayan, heç buna meyli də olmayan oğlu Məhəmməd Xudabəndə hakimiyyətə gəlir. Bu o Məhəmməd Xudabəndədir ki, artıq Xeyrənisənin əridir və onun nəzarəti altındadır. Beləliklə tarixi faktlara tam əməl olunur.Amma tarixi hadisələrin gedişində yazıçı təxəyyülünün məhsulu olan macəraçılıq meydana çıxır. Əslində əsərin faktiki qəhrəmanları Səfəvi tarixini yaradan böyük hökmdarlar olmalı idi. Amma bu bir tarix əsəri yox, bir xronologiya yox, bir bədii əsər olduğuna görə əsas qəhrəman şah arvadı Xeyrənisə olur. Xeyrənisə farsdır. O özü və arxasındakı qüvvələr hakimiyyəti türk səfəvilərin əlindən almağa çalışırlar. Xeyrənisə möhkəm xarakterli, iddialı , hakimiyyəti ələ almaq üçün hər vasitədən istifadə edən dişli bir obrazdır. O kömək üçün atası fars, anası yəhudi olan bir cadugərə müraciət edir. Mən deyərdim ki, Xeyrənisə obrazı dünya ədəbiyyatındakı maraqlı obrazlarla müqayisə oluna biləcək obrazdır. Qadın hikkəsi, qadın hakimiyyətpərəstliyi, qadın şəhvətpərəstliyi. Hətta o hakimiyyət üçün şəhvani hisslərindən də istifadə edir. Və hakimiyyəti ələ keçirməsindən ləzzət alır. Bu insan Səfəvi xanədanını idarə etməyə qədər yüksəlir.

Çox maraqlı obrazlardan biri də vəzir Mirzə Salman obrazıdır. O olduqca bic, hiyləgər birisidir. Mirzə Salman gözə görünmədən, pərdə arxasından Səfəvilər dövlətini farslaşdıran şəxsdir. O Xeyrənisənin emosional, sərt şəkildə irəli sürdüyü ideyaları dırnaqarası müdrik, ağıllı şəkildə həyata keçirir. Çünki o həm də idarəçidir. Xeyrənisə idarəçi deyil. Məhəmməd Xudabəndədən marionet kimi istifadə edən farslar Qəzvində hakimiyyətə gəlirlər. Türklər saraydakı vəzifələrindən uzaqlaşdırılırlar. Hətta qızılbaşlar buna etiraz edən zaman Xeyrənisə aqressivliklə onları”eşşəkbaşlar” adlandıraraq faktiki olaraq farsların hakimiyyətini təmin edir. Beləliklə türk Səfəvi dövlətinin gələcəkdə bir fars dövlətinə çevrilməsi üçün əlindən gələni edir. Xeyrənisə obrazı olduqca istedadla yaradılmış bir obrazdır. Bu obrazı dünya ədəbiyyatında hakimiyyət, mənsəb uğrunda hər şeyini qurban verən obrazlar qalereyasına daxil etmək olar. Üçüncü qəhrəman, yenə qeyd edirəm, ustalıqla yaradılmış Cadugər obrazıdır. Bu cadugər Xeyrənisənin əlində alət olsa da siyasi iddiaları yoxdur. O sözün geniş mənasında öz sənətinin adamıdır. Müəyyən qiymətli hədiyyələr almaqla Xeyrənisənin arzularını yerinə yetirir. II İsmayılın ruhuna daxil olub onu qəddarlaşdırır, Məhəmməd Xudabəndəni kişilikdən məhrum edir. Bir sözlə Səfəvi xanədanını dağıtmaq üçün nə lazımdırsa edir. Amma onun məqsədi bu deyildi. O sadəcə olaraq Xeyrənisənin sifarişlərini yerinə yetirirdi. O ruhlarla işləyən gerçək aləmdən uzaq bir vücuddur. Amma iş elə gətirir ki, Xeyrənisənin onun həyatına daxil olması , onu sarayına gətirməsi, gözəlliyi tədricən Cadugəri insana çevirir və o bu xanıma vurulur. Xanım da bundan istifadə edib qaş-daş əvəzinə öz bədənini verərək hər dəfə yerinə yetirilməsi daha çətin olan işləri ondan tələb edir. Beləliklə Cadugərdə Xeyrənisəyə olan eşq, şəhvani hisslər o qədər güclənir ki, artıq ondan ayrıla bilmir və onun köləsinə çevrilir. Əsərin gedişi boyu Xeyrənisə Cadugərsiz hərəkət edə bilmir. Çünki onun səfəvilərlə bağlı əməlləri müsbət əməllər deyil. Onun tərəfdarları satqınlar, xəyanətkarlar, Səfəvi xanədanını dağıtmaq istəyən qüvvələrdir. Burada da əsas aparıcı qüvvə Cadugərdir, əsas işi o görür. Cadugər-Xeyrənisə münasibətləri əsərin intonasiyasına təsir edir. Beləki son nəticədə Xeyrənisə Cadugərə qarşı da çıxır. Daha doğrusu ona da saymazyana münasibət göstərir.Hakimiyyət iddiaları Xeyrənisənin gözlərini o qədər tutur ki, o keçmişdə ona kömək edənləri, hətta onun taleyinə təsir edə biləcək qüvvə olan Cadugəri belə ayaqlayır. Ona görə də Cadugər Xeyrənisədən dəhşətli intiqam alır.

Beləliklə Cadugər-Xeyrənisə münasibətləri dövrünün tarixi hadisələrinə təsir etməklə faktiki türk Səfəvilər dövlətinin dağılmasına və İranlaşmasına səbəb olur. Bunu bir şeytan əməli kimi də qiymətləndirmək olar. Çünki səfəvilərin inkişaf edərək müasir dövrə qədər gəlib çıxması üçün faktiki olaraq mane ola biləcək bir qüvvə yox idi. Buradan da Yunus Oğuzun bədii təxəyyülü meydana çıxır. Çünki o səfəvilərin tənəzzülünü tarixi hadisələr, onların xarakteri, real gerçək münasibətlərin təzahürünü təhlil etmək şəklində yox, bunun məhz bir şeytan əməli nəticəsində baş verməsini söyləməkdədir. Burada artıq o yazıçıdır. Cadugərin əli ilə Məhəmməd Xudabəndəni kişilikdən salan Xeyrənisə bu yolla hakimiyyəti öz əlinə alır. Beləki bu sirri əlində bayraq tutan Xeyrənisə Məhəmməd Xudabəndə ilə müqavilə bağlayir. Susması qarşılığında o hər nə istəsə şah ona əməl etməlidi. Bu yolla da Səfəvilər dövlətinin farslaşdırılmasına başlanılır. Xeyrənisə tərəfindən tərk edilən Cadugər öz intiqamını alır. Beləliklə də şah öz arvadının qətlinə fərman verir.

Məhəmməd Xudabəndə bir müddət dövləti idarə etsə də, sonda Xeyrənisənin istədiyi baş verir. Xeyrənisənın Məhəmməd Xudabəndədən olan oğlu şah Abbas hakimiyyətə gəlir. Tarixdən də məlumdur ki, şah Abbas paytaxtı Qəzvindən İsfahana köçürməklə, qızılbaşları saraydakı vəzifələrdən uzaqlaşdırmaqla farslaşdırma siyasətini başa çatdırır. Sonda hadisələrin bu nöqtəyə gəlməsində şah arvadı və cadugər münasibətlərinin mühüm rol oynadığı anlaşılır. Bununla da əsərin bədii gücü, bədii imkanları, bədii strukturu yaranmış olur. Bu mənada Yunus Oğuz həqiqətən də çox qüdrətli bir yazıçı kimi çıxış edir. Əsərdə maraqlı obrazlar çoxdur. Məsələn, Məhəmməd Xudabəndənin dövlət başçısı kimi zəifliyi konkret detallar, konkret münasibətlərlə xüsusi sənətkarlıqla təqdim olunub. Onun tam əksi olan II Şah İsmayil qəddarlığı və dəliliyi ilə aydın təqdim olunan bir obrazdır. Burada Təhmasib şahın qızı Pərixan xanım da çox maraqlı obrazdır. Səfəvilərdə qadın müdrikliyinə, saray idarəçiliyində qadının iştirakına hörmət qoyulsa da, təbii ki, həmin dövrdə qadın şah ola bilməzdi. Burada da ikiləşmə, ziddiyyət meydana çıxır. Pərixan xanım da Xeyrənisənin cadugərliyinin qurbanı olaraq tarixi şəxsiyyətə çevrilə bilmir. Dövlət işlərindən uzaqlaşdırılır. Təbii ki, hakimiyyətə can atan qardaşı II İsmayılın əli ilə. Beləliklə əsər tarixi roman üçün maraqlı olan bu kimi mürəkkəb münasibətlərlə zəngindir. Bu da yazıçının ustalığıdır. Buradakı maraqlı bir cəhəti də demək istəyirəm. O biri əsərlərdə, xüsusilə “Təhmasib şah” əsərində olan fəlsəfi ideyalar, motivlər, dövlət idarəçiliyi və saray münasibətləri burada da davam etdirilir, amma daha bədii və daha maraqlı şəkildə. Burada da dərvişlərin, sufilərin səfəvilərin tarixində, taleyində mühüm rol oynaması göstərilir. Amma hökmdarlar öz səlahiyyətlərini normal şəkildə yerinə yetirə bilmədiklərinə, xalqla, müxtəlif tayfa başçıları, yəni dövlətin daxili strukturu ilə münasibətlər lazımi səviyyədə olmadığına görə nəticə etibarı ilə dərvişlər də bir iş görə bilmirlər. Onlar da saraydan uzaqlaşdırılırlar. Bu mənada Ağa Dərviş obrazı da çox maraqlıdır. O yaşlaşmış bir adamdır. Bununla da elə bil səfəvilərin dövlətçiliyi, tarixi yaşlaşır. Hakimiyyətə yeni gələn nəsil o səviyyəyə qalxa bilmir. Maraqlı cəhət bir də odur ki, hadisələrin gedişi, mürəkkəb münasibətlər nə qədər macəra xüsusiyyətləri kəsb edirsə ondan bir neçə dəfə də artıq fəlsəfi məzmun daşıyır. Macəraçılıqda belə olur ki, bəzən hər şey təsadüflər üzərində qurulur. Amma bu əsərdə hətta təsadüflərin özü də nəticə etibarı ilə bir mükəmməl tarixi fəlsəfi məntiqə söykənir. Əsərin üslubunu müqayisə etmək bir qədər çətindir. Amma onu qeyd etməliyəm ki, bu əsər Yunus Oğuzun əvvəlki əsərlərindən daha mükəmməldir. Rahat oxunur, hadisələr oxucunu çəkir. Elə bil xüsusi bir dünyaya düşürsən. Yunus Oğuz bu hadisələr, bu münaqişələr, bu münasibətlər dünyasının tam hakimi və müəllifidir. Yəni mən bunu heç bir tarixi romanlarda görməmişəm. Bu cür rahat və rahat olduğu qədər gərgin. Bu təhkiyəni mən heç yerdə görməmişəm və Yunus Oğuz onun müəllifidir. Müəyyən epizodlar, detallar, təsvirlər var. Olduqca istedadla yazılıb, istedadla yaradılıb. Hətta bu əsərdə elə yerlər var ki, onu ayrıca bir dəyəri olan mətn kimi oxumaq, dərk etmək mümkündür. Bu mənada mən düşünürəm ki, Yunus Oğuz bizim ədəbiyyatımıza yaxşı bir əsər, dəyərli bir əsər verib. İnanıram ki, bu əsər yalnız Azərbaycanda deyil, dünyada oxuna biləcək , özünə oxucu tapa biləcək və bizim ədəbiyyatımıza hörmət, şöhrət gətirə biləcək əsərdir.

 

 





18.07.2013    çap et  çap et