525.Az

Ədəbiyyat tariximizdə yeni ad: Yusif bəy Ustaclu


 

Ədəbiyyat tariximizdə yeni ad: <b style="color:red"> Yusif bəy Ustaclu</b>

Son illərdə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda Səfəvilər dövrü ədəbiyyatımızın nəşrinə və tədqiqinə xüsusi diqqət yetirilir. Həmin dövrə dair Əlyazmalar İnstitutunda, dünyanın bir sıra əlyazma xəzinələrində saxlanan anadilli yazılı abidələrimiz nəşr edilmişdir. Filologiya elmləri doktoru Paşa Kərimovun bu sahədəki fəaliyyətini xüsusilə qeyd etmək lazımdı. O, Səfəvilər dövrü anadilli poeziyamızın görkəmli nümayəndələri – Sadiq bəy Əfşar, Qövsi Təbrizi, Mürtəzaqulu xan Zəfər, Vəhid Qəzvini, Təsir Təbrizinin divanlarını ilk dəfə olaraq tam həcmdə ayrıca kitablar halında geniş ön sözlə nəşr etdirmiş, 2007-ci ildə çap etdirdiyi “XVII əsr Azərbaycan lirikası” antologiyasına Rəhməti, Şah Abbas Kəbir, Şah Abbas Sani, Tərzi Əfşar, Saib Təbrizi, Müsahib Gəncəvi, Məczub, Mövci, Mirzə Saleh Təbrizi, Vaiz Qəzvini, Səfiqulu bəy Səfi, Mürtəzaqulu Sultan Şamlu və başqalarının əsərlərini daxil etmişdir. Tədqiqatçı Kişvəri divanının  Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseyni tərəfindən aşkar edilmiş avtoqraf nüsxəsini müasir əlifbada oxuculara təqdim etmişdir. Bundan başqa, P. Kərimov “XVII əsr anadilli Azərbaycan lirikası” və “XVII əsr anadilli Azərbaycan poeziyası (icmal və portret-oçerklər)” adlı monoqrafiyalarında araşdırmaya çoxsaylı əlyazma materiallarını cəlb etməklə dövrün poeziyasını ən səciyyəvi cəhətlərini nəzərdən keçirmişdir. Tədqiqatçının son araşdırmalarından biri Səfəvi hökmdarından I Şah İsmayıl (1501-1524) və Şah Təhmasibin (1524-1576) dövründə yaşayıb-yaratmış, bir müddət şahzadə Sam Mirzə (1517-1567) ilə dostluq etmiş, şahın əmri ilə 1571-1573-cü illərdə baş vermiş Təbriz üsyanın yatırılmasında iştirak etmiş, qısa müddət ərzində Təbriz valisi olmuş Yüsif bəy Ustaclunun həyat və yaradıcılığına, onu anadilli divanına həsr edilmişdir.

Y. Ustaclunun 755 beytdən, 94 qəzəl, 2 məsnəvi; 2 təxmis, 3 rübai, 1beyt və 1 misradan ibarət kiçik həcmli divanının surəti Əlyazmalar İnstitutuna M. Hüseyinin yardımı ilə gətirilmişdir. P. Kərimovun tərtibi ilə şairin divanı “Elm və təhsil” nəşriyyatında geniş ön sözlə çapdan çıxmışdır. Yusif bəy Ustaclu kimdir?- sualına cavab vermək üçün tədqiqatçı bir sıra orta əsr və çağdaş mənbələrə müraciət edir, maraqlı faktlar üzə çıxarır. Yusif bəylə bir müddət dostluq etmiş I Şah İsmayılın ikinci oğlu Sam Mirzə “Töhfeyi-Sami” adlı təzkirəsində onu şücaətli döyüşcü, sərkərdə, istedadlı şair kimi səciyyələndirir. Sadiq bəy Əfşar “Məcməül-xəvas” təzkirəsində Yüsif bəyin I Şah İsmayılın silahdaşı Məhəmməd bəy Ustaclunun qohumlarından olduğunu, qısa müddət ərzində Təbriz valisi vəzifəsini icra etdiyini, sənətdə Füzulidən öyrəndiyini məlumat verir. Türk alimi İsmayıl Hikmətin “Azərbaycan ədəbiyyatı tarixi” kitabında Yüsif bəyə həsr etdiyi kiçik məqaləni təhlil edən tədqiqatçı buradakı yalnışlıqları da nəzərə çatdırır. Kitabın ön sözündə Ustaclu elinin tarixi, Səfəvilər dövlətinin yaranmasındakı rolu, 1571-1573-cü illərdə baş vermiş Təbriz üsyanı ətraflı nəzərdən keçirilmişdir. Məlum olur ki, dostu Sam Mirzə qardaşına qarşı taxt-tac uğrunda mübarizə aparmasına baxmayaraq I Təhmasib Məhəmməd bəy Ustaclunun qohumu olan Yusif bəy Ustaclunu əhv etmiş, Təbrizdə qalxan üsyanı yatırmaq üçün onu göndərmişdir. XVI əsr tədqiqatçısı İskəndər bəy Munisi, müasir dövrümüzün tədqiqatçıları İ.P. Petruşevski və S. Onullahi üsyançılarla uğurlu danışıqlar aparmış Y. Ustaclunu ağıllı, ehtiyatlı, tədbirli siyasətçi adlandırırlar. Qeyd edilir ki, üsyan yatırıldıqdan sonra qətlə yetirilən əsas günahkarların sayının az olmasında da Yusif bəyin rolu olmuşdur. P.Kərimov divanının əlyazması Əlyazmalar İnstitutunda saxlanan Rəhməti Təbrizinin Təbriz üsyanına həsr etdiyi qırx beytlik qəsidəni ətraflı təhlil etmişdir. Tədqiqatçı belə nəticəyə gəlir ki, qəsidədə qarışıqlığı aradan götürmüş, ədaləti bərpa etmiş yeni hakimin Təbrizə gəlməsindən söhbət gedir: “Burada Yusif bəyin adı çəkilməsə də, məlumdur ki, camaatın Yəqub kimi gəldiyinə sevindiyi şəxsin adı Yusif olmalıdır. Təbrizdə yaşamış, sonralar mühacirət edərək Hindistanın Aqra şəhərində vəfat etmiş Rəhməti Təbriz üsyanından, bu üsyanın yaratdığı qarmaqarışıqlıqdan narazı qalmış, şahın üsyanı yatırmaq üçün göndərdiyi Yusif  bəy Ustaclunun gəlişindən məmnunluğunu bildirmişdir”.

P. Kərimov divandakı şeirlərini nəzərdən keçirərək Yusif bəyin istedadlı şair olduğunu göstərmiş, onun yaradıcılığında Füzuli ilə bərabər böyük özbək şairi Əlişir Nəvainin də kifayət qədər güclü təsiri olduğunu göstərmişdir. Tədqiqatçı yazır: “Şair Füzuli ilə bərabər, Nəvainin də şeirlərinə nəzirə, təxmis yazmışdır. Hətta divanında, v.34 a-34 b-də Nəvainin  “Bəs neyləsün” rədifli qəzəlinin 4 beytini, v.33b-də isə ona cavab olaraq özünün “Neyləsün” rədifli qəzəlini köçürmüşdür.  Divanı oxuduqca Yusif bəyin Nəvainin təsiri ilə yazdığı şeirlərində cığatay sözlərindən (məsələn, köymək, yığlamaq, biş imas və s.) nəzərə çarpacaq dərəcədə geniş istifadə etdiyini görürük”. P. Kərimov XVI-XVII əsr anadilli poeziyamızda Nəvai təsirindən sonra Füzulin təsirini güclü olduğunu ətraflı təhlil edir, Füzuli yaradıcılığının ədəbi dilimizin inkişafındakı rolunu belə dəyərləndirir: “ Ümumiyyətlə, böyük özbək şairi Əlişir Nəvainin XVI-XVII əsrlər poeziyamıza təsirini zaman ardıcıllığı ilə izlədikcə belə bir qanunauyğunluğu müşahidə edirik: Əvvəlcə Əmani və Sadiq bəy Əfşar kimi şairlərin yaradıcılığında Nəvai təsiri özünü daha güclü şəkildə göstərirsə, sonralar Füzulinin ədəbiyyatımızdakı nüfuz, təsir dairəsi daha da artır, bununla bağlı olaraq Nəvai təsiri nisbətən azalır. Bundan belə bir nəticəyə gələ bilərik ki, XVI əsr ədəbiyyatımızda Füzuli kimi dahi bir şair meydana çıxmasaydı, sonrakı dövr poeziyamızda Nəvai təsiri, ədəbi dilimizdə cığatay dili elementləri daha çox ola bilərdi”.

Ön sözdə tədqiqatçı Yusif bəyin əsərlərinin mövzu dairəsini, bədii ifadə vasitələrini,dilini ətraflı təhlil etmiş, göstərmişdir ki, şairin şeirlərində irfani eşqdən daha çox səmimiyyəti real bir gözələ yönəldilmiş dünyəvi məhəbbətin vəsfi vardır. Nəvaidən, Füzulidən gələn incə yumor Yusif bəyin şeirlərində də müşahidə olunur. Qəzəllərdən birində o deyir ki, mənim kimi adı-sanı, müəyyən bir yurdu, Vətəni olmayan adamı,görəsən, qəm necə tapır:

Bilməzəm bu məni-sərgəştəni

qəm necə tapar

Ki, nə bir bəlli adım var,

nə müəyyən vətənim.

Tədqiqatçı qeyd edir ki, Yusif bəy Ustaclınun şeirlərində onun həyata fəlsəfi baxışı, ictimai fikirləri, cəmiyyətdə baş verən haqsızlıqlara qarşı tənqidi münasibəti əksini tapmışdır. P. Kərimov Yusif bəyin şeirlərindəki bədii ifadə vasitələrini ətraflı nəzərdən keçirmiş, belə nəticəyə gəlmişdir ki,o, klassik Şərq poetikasını gözəl bilən, poetik bir sənətkar olmuşdur. Ön sözdə alim Yusif bəyin divanında mükalimə, təşbih, ləffü nəşr, mübaliğə, hüsni-təlil, təlmih poetik fiqurlarından məharətlə istifadə etdiyini nümunələrlə sübut etmiş, şairin ana dilinin incəliklərini, sözlərin məna çalarlarını gözəl bildiyini göstərmişdir.

Tədqiqatçı Y.Ustaclu divanının daha mükəmməl və iri həcmli əlyazma nüsxəsinin (7374beyt) görkəmli Azərbaycan alimi Mirzə Cəfər Sultan əl-Qürainin şəxsi arxivində saxlandığını, lakin hələlik onu əldə etmək imkanının olmadığını qeyd edir. Hər halda, bu nisbətən kiçik həcmli divan nüsxəsinin nəşri də Yusif bəy Ustaclunun XVI əsr Azərbaycan ədəbiyyatındakı  mövqeyini müəyyən etmək üçün kifayət qədər material verir.

Fikrimizcə, Yusif bəy Ustaclunun divanının nəşri bir daha göstərir ki, Səfəvilər dövrü ədəbiyyat tariximizin tədqiqi sahəsində bundan sonra da yeni-yeni mənbələrin üzə çıxarılaraq, tədqiqinə xüsusi fikir vermək lazımdır.

Nailə Mustafayeva
filologiya elmləri
üzrə
fəlsəfə doktoru

 





18.07.2013    çap et  çap et